05 Sentyabr 2021 14:30
534
İDMAN
A- A+

İlqar Rəhimov: Azərbaycan paralimpiyaçıları Tokio Oyunlarını görünməmiş, möhtəşəm qələbələrlə başa vurdular    

Azərbaycan paralimpiyaçıları sentyabrın 5-də başa çatacaq XVI Tokio Paralimpiya Oyunlarını görünməmiş, möhtəşəm qələbələrlə başa vurdular.

Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məxsusi müsahibəsində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib. Komitə prezidenti bildirib ki, bu gün başa çatmaqda olan Paralimpiya Oyunlarında Azərbaycan yığması öz çıxışını uğurla yekunlaşdırıb. Qeyd edib ki, bu, idmançılarımız üçün tarixi bir paralimpiada idi. Biz Tokioda Azərbaycan idmanının, paralimpiyaçılarımzın gücünü göstərdik, tarixi qələbə qazandıq. Bu, Azərbaycanın 25 illik paralimpiya tarixində ən uğurlu Paralimpiya Oyunları oldu.

Əvvəlki Oyunlarda da Azərbaycan idmanının adını şərəflə qoruduqlarını bildirən İ.Rəhimov, paralimpiyaçılarımızın “Rio-2016” Oyunlarında uğurla çıxış etmələrini xatırladıb. Həmin vaxt komandamızın 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazandığını qeyd edən komitə prezidenti, gümüş medalların bizim idmançıların məhz finalda uduzduqlarını təsdiq etdiyini bildirib. Qeyd edib ki, “Rio-2016”dan sonra bu məsələlər hamısı – idmançılarımızın qızıl medalları əldən vermələrinin səbəbləri, onların psixoloji durumu komitədə ciddi təhlil olunub. Psixoloqların və məşqçi heyətin iştirakı ilə idmançılarla ciddi iş aparılıb. Məqsəd final mərhələsində qələbənin əldə edilməsinin yollarını tapmaq idi.

Tokioya gəlmək üçün lisenziya əldə edən 36 idmançının çox yüksək səviyyədə hazırlaşdığını bildirən İ.Rəhimov onların qələbəyə hazır olduqlarını bir daha qeyd edib. Həmin idmançılardan ikisinin COVID-19-a yoluxduğuna görə Oyunlardan kənarda qaldığını təəssüf hissi ilə bildirən komitə prezidenti deyib: “Onlar Paralimpiya çempionu Ramil Qasımov (cüdo) və Dünya çempionu Aynur Məmmədova (taekvondo) idilər. Yarışlara çox yüksək səviyyədə hazırlaşsalar da bu idmançılar Oyunlarda iştirak edə bilmədilər. Komanda 34 idmançı ilə iştirak etməyə məcbur oldu. Bu idmançılarla biz 14 qızıl, 1 gümüş və 4 bürünc – ümumilikdə 19 medal qazandıq. Oyunların başa çatmasına artıq bir neçə saat qaldığı məqamda Azərbaycan yığması medalların sayına görə komanda hesabında 9-cu yerdədir. Ümid edirik ki, yarışların ümumi nəticələrinə görə biz bu yeri saxlaya biləcəyik. Bu, idmanımızın gücünü, Azərbaycan rəhbərliyinin sosial siyasətinin, idman siyasətinin nə qədər güclü olduğunu göstərir. Prezident İlham Əliyevin bu sahələrdə həyata keçirdiyi düzgün siyasət, gördüyü işlər, idman sahəsindəki böyük layihələr artıq öz nəticələrini verir. Biz bununla bütün dünyaya sübut elədik ki, balaca ölkə olsaq da, çox güclüyük. Biz müharibədə qalib gələn, torpaqlarımızı qaytarmağa qadir olan ölkəyik. Biz o, ölkəyik ki, şəhidlər verərək böyük Zəfər qazandıq. Hesab edirəm ki, məhz bu Qələbə idmançılarımıza böyük ruh verdi, onlar bu möhtəşəm zəfərdən ruhlandılar. Prezident İlham Əliyevin Ali Baş Komandan olaraq, bu müharibədə qazandığı böyük Qələbə bizim idmançılarımzı da qələbələrə ruhlandırdı. Həmin Qələbə yürüşünü biz Tokioda davam etdirdik”.

Azərbaycanın bir neçə idmançısının qızıl medal qazanmaqla yanaşı, yeni dünya və paralimpiya rekordu müəyyən etdiyini xatırladan komitə prezidenti, ilk dəfə olaraq bir idmançının üçqat Paralimpiya çempionu olduğunu da vurğulayıb. Azərbaycanın lisenziya qazandığı bütün idman növlərində ölkəmiz layiqincə təmsil olundu. Misal olaraq üzgüçülüyü qeyd edən İ.Rəhimov bildirib ki, 12-ci təsnifat qrupunda cəmi dörd üzgü məsafəsi var və bizim idmançılar bu yarışların hamısında qızıl medal qazandılar.

“Həmçinin, cüdo yarışında Azərbaycan yığması 6 qızıl medal qazanaraq birinci yerdə qərarlaşdı. Cüdonun yarandığı, onun ana vətəni sayılan Yaponiyada bizim idmançılar bütün rəqiblər üzərində qələbə çaldılar. Bu barədə bütün Yaponiya mətbuatı yazır, yapon ictimaiyyəti danışır. Bu münasibətlə mən idmançılarımızı və bütün xalqımızı təbrik edirəm. Bir daha bütün idmançılarımızın adından Prezident İlham Əliyevə təşəkkür edirəm. Həm dövlətimizin başçısı, həm də Mehriban xanım Əliyeva hər gün bizim idmançılarımızın çıxışlarını izləyirdilər, onların hər bir uğuruna bizimlə birlikdə sevinirdilər. Özlərinin təbriklərini göndərirdilər. Bu, əlavə olaraq bizim üzərimizə böyük məsuliyyət qoyurdu. Əlavə olaraq idmançılarımızı daha da ruhlandırırdı. Bu qayğıya, diqqətə görə biz cənab Prezidentə, Mehriban xanıma təşəkkür edirik. Şadıq ki, onların bizə göstərdiyi böyük etimadı doğrulda bildik. Çox şadıq ki, biz Vətənə böyük qələbə ilə dönürük. Şadıq ki, biz Azərbaycan idman tarixində böyük bir səhifə yazdıq və sübut etdik ki, Azərbaycan idmanı çox güclüdür. Azərbaycan çox güclü dövlətdir. İstənilən səviyyəli yarışlarda bizim idmançılar ön sıralarda gedə bilərlər və gedirlər”, -deyə İ.Rəhimov deyib.

Azərbaycan paralimpiya komandasının Tokioda bir sıra əlavə tədbirlərə qatıldığını qeyd edən komitə prezidenti Oyunlar çərçivəsində bir neçə layihənin gerçəkləşdirildiyini də bildirib. Belə ki, yaranmış imkandan istifadə edərək, bir çox beynəlxalq idman federasiyalarının rəhbərləri ilə işgüzar görüşlər keçirilib. Gələcəkdə həmin idman növlərinin Azərbaycanda inkişafı ilə bağlı müzakirələr aparılıb.

Ən qiymətli addım kimi isə, Azərbaycan mədəni irsinin yayılması, bütün dünyada tanıdılması məqsədilə xüsusi layihəni həyata keçirdiklərini bildirən İ.Rəhimov deyib: “Bizə diaspor təşkilatı tərəfindən Yaponiyanın Hamamatsu şəhərində Dünya Musiqi Alətləri Muzeyinin olması və həmin muzeydə bütün dünya xalqlarının musiqi alətlərinin nümayiş etdirilməsi barədə məlumat verilmişdi. Təəssüflə qeyd edilmişdi ki, orada Azərbaycan milli alətləri yoxdur. Biz bu çatışmazlığı aradan qaldırmaq üçün Tokioya gələrkən özümüzlə tar, kamança və qaval gətirərək həmin muzeyə təqdim etdik. Həmçinin bu alətlər barədə geniş informasiyanı özündə əks etdirən pasportlar hazırlanaraq muzeyə verildi. Həmin məlumatlarda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu alətlərin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısına Azərbaycan milli musiqi alətləri kimi salındığı xüsusi olaraq öz əksini tapıb. Milli alətlərimizi təqdim etmək üçün əməkdaşlarımız Azərbaycanın Yaponiyadakı səfirliyinin, Yaponiyadakı diaspor təşkilatının nümayəndələri və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə birlikdə Hamamatsu şəhərinə getdilər. Bu münasibətlə təşkil edilən xüsusi təqdimat mərasimində həmin alətlər muzeyə verildi. Çox sevindirici haldır ki, dünya xalqlarının musiqi alətlərinin nümayiş etdirildiyi muzeydə bundan sonra Azərbaycan musiqi alətləri də sərgilənəcək”.

Komitə prezidenti qeyd edib ki, bu, həm də bütün dünyada Azərbaycan mədəniyyətinin carçısı, əvəzolunmaz qayğıkeşi Mehriban xanım Əliyevanın musiqi alətlərimizi tanıtmaq istiqamətində irəli sürdüyü ideyaların davamıdır. Paralimpiya Komitəsi ilə Heydər Əliyev Fondu arasında həyata keçirilən birgə layihələr bundan sonra da uğurla davam edəcək və mədəniyyətimizi, idmanımızı bütün dünyaya tanıdacaq. Təbii ki, bu bir tarix, bir izdir və paralimpyaçılarımız tərəfindən Yaponiyada gerçəkləşdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video