02 May 2019 00:43
1546
SİYASƏT
A- A+

İlham Əliyevin yeni hədəfləri


Və Azərbaycanın növbəti inkişaf modeli


Prezidentin sədrliyi ilə keçirilən hökumətin son iclası ənənəvi mahiyyətindən bir qədər fərqləndi. Yəni hər zaman olduğu kimi, ötən rübün hesabatı və qarşıda duran vəzifələr barədə danışıldı, amma İlham Əliyevin bəyan etdiyi bir məqam - Azərbaycanın yeni iqtisadi inkişaf modelinin hazırlanması xəbəri Nazirlər Kabinetinin hesabat tədbirinə mühüm əlahiddəlik gətirdi.

Ən əsası isə, Prezident bu dəfə yalnız qarşıdakı bir rübün, bir ilin hədəflərini deyil, ümumilikdə uzun müddəti əhatə edəcək yüksəliş strategiyasının - yeni iqtisadi modelin müəyyən istiqamətlərindən bəhs etdi.

"İnkişafın Azərbaycan modeli” - ilk milli yüksəliş proqramı

Azərbaycanın inkişaf modelinin hazırlanması informasiyası yeni olduğundan və modelin geniş məzmunu barədə hələ müfəssəl məlumat verilmədiyindən onun haqqında geniş şərh vermək mümkün deyil. Ancaq nəzərə alaq ki, hazırlanan model, əslində, əvvəlki modelin və inkişaf proqramlarının məntiqi davamıdır, həmçinin dövrün çağırışları ilə təkmilləşdirilmiş, daha da modernləşdirilmiş, ən müasir hədəfləri ehtiva edəcək yeni mərhələsidir.

Əvvəlki model - İnkişafın Azərbaycan modeli adı ilə tanınan və İlham Əliyevin müəllifi olduğu strategiya Heydər Əliyevin iqtisadi kursunun əsasında təşəkkül tapmışdı. Müstəqilliyin ilk illərində dağıdılmış, tam böhran içində olan iqtisadiyyatı 1993-cü ildən etibarən yeni düzənə yönləndirən, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi”ni iqtisadi siyasətinin lokomotivinə çevirən, 1995-ci ildən isə bu sahədə artıq genişmiqyaslı islahatlara başlayan ulu öndər nəticə etibarilə məmləkəti tənəzzüldən hərtərəfli tərəqqiyə çıxartdı və Azərbaycanı Qafqazın iqtisadi gücü kimi təsbit etdi.

Bu möhkəm təməl üzərində 2003-cü ildən yeni iqtisadi siyasət həyata keçirilməyə başlandı. İlham Əliyevin müəyyənləşdirdiyi hədəflər əsasında hazırlanan yeni iqtisadi kurs nəticəsində ölkəmiz,

- "Qafqazın lideri” hüdudlarından çıxaraq, MDB və Şərqi Avropa məkanında ən güclü iqtisadi inkişaf göstəricilərinə yiyələndi;

- dünya səviyyəsində tanınan səmərəli və etibarlı partnyorlardan birinə çevrildi;

- yeni enerji siyasətinin konturlarını müəyyənləşdirən ölkə kimi Qərbin əsas təchizatçılarından biri oldu;

- qitələrarası ən səmərəli logistika-nəqliyyat qovşağı yaradaraq, Çindən İngiltərəyədək böyük bir regionda tranzit mərkəzlərindən biri kimi qəbul edildi;

- mükəmməl iqtisadi qanunvericilik bazası və güclü sahibkarlıq sinfi formalaşdırdı, iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi sahəsində müsbət nəticələr əldə etdi, qeyri-neft sektorunun inkişafının dayanaqlığı təmin olundu;

- yeni istehsal müəssisələrinin işə düşməsi ölkənin iqtisadi potensialını artırdı, regional tərəqqi milli inkişafın əsas göstəricilərindən birinə çevrildi, "Made in Azerbaijan” dünyada nüfuzlu brend kimi tanındı;

- iqtisadiyyatın bütün sahələrinin modernləşməsinə nail olundu, genişmiqyaslı islahatlar proqramı qəbul edildi və uğurla həyata keçirildi;

- inkişaf etməkdə olan ölkəyə çevrilən Azərbaycan postsovet məkanında bazar iqtisadiyyatına keçidi başa vuran ilk dövlət oldu və s.

Bütün bunlar İnkişafın Azərbaycan Modelinin əsas mahiyyəti, istiqaməti və gerçəyə çevrilən hədəflərinin bir qismidir.

"Qlobal böhranda milli inkişaf strategiyası” - Azərbaycanı ümumdünya iqtisadi təlatümlərindən qoruyan islahatlar konsepsiyası

2010-cu ildən etibarən dünyada başlayan yeni maliyyə böhranı onlarla dövlətdə ciddi iqtisadi-sosial böhrana, hətta bəzi ölkələrin iqtisadi sisteminin iflasına səbəb oldu. Məhz İnkişafın Azərbaycan Modelinin uğurla tətbiqi səbəbindən ölkəmiz uzun dövr üçün bu zərərli meyillərdən qorundu. Lakin 2014-2015-ci illərdə dünya bazarında neftin qiymətlərinin birdən-birə 4 dəfə aşağı düşməsi respublikamızda büdcə daxilolmalarına ciddi problemlər yaratdı.

Şübhəsiz, böhran Azərbaycana da sirayət etdi. Ancaq uğurlu model ölkəmizi ciddi sosial təlatümlərdən, iqtisadi böhranlardan qorudu. Baş verən çətinliklər birbaşa xarici təsirlərlə bağlı olduğundan, onların hamısını zərərsizləşdirmək mümkün deyildi. Lakin düzgün iqtisadi-sosial siyasət Azərbaycanı böhrana təslim olan dövlətlər cərgəsinə salmadı, hələ üstəlik inkişafın dayanaqlığı təmin olundu.

İlham Əliyevin iqtisadiyyatda yeni dövrün çağırışlarına, tələblərinə uyğun həyata keçirdiyi islahatlar geniş miqyas aldı. Bu dövrdəki tədbirlər proqramını "Qlobal böhranda milli inkişaf strategiyası” adı altında ümumiləşdirmək olar.

Yeni iqtisadi model - möhkəm təməl, real hədəflər

2016-cı ildə iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin hazırlanması, 2017-ci ildə iqtisadi modernləşmənin yeni mərhələsinə başlanılması, 2018-ci ildə yeni islahatlar kursunun tətbiqi, 2019-cu ildən isə yeni sosial paketin elanı, əslində, İlham Əliyevin yeni iqtisadi modelinin ilkin konturlarını və fəaliyyət hədəflərini əks etdirirdi.

İndiyədək bu sahədə əldə olunan nəticələr genişmiqyaslıdır, olduqca əhəmiyyətlidir. Dünyada maliyyə, iqtisadiyyat, sosial sahələrdə böhranın tüğyan etdiyi, sabitləşmənin gözlənmədiyi son illərdə ölkəmiz istisnasız olaraq bütün istiqamətlərdə müsbət göstəricilər əldə edib. Elə sadəcə son üç ilin göstəriciləri timsalında Azərbaycanın iqtisadi mənzərəsini təsvir etmək olar. Məsələn, bu illərin müqayisəsində,

- minimum əməkhaqqı, pensiya, müxtəlif sosial kateqoriyalara verilən təqaüdlər, müavinətlər 2 dəfəyə yaxın artırılıb; illik inflyasiya göstəricisi 12,4 faizdən 2,3 faizə qədər enib; strateji valyuta ehtiyatları 37,9 milyard dollardan 46,7 milyard dollara qalxıb; büdcə xərcləri 17 milyard 800 milyon manatdan 25 milyard 200 milyon manata qədər yüksəlib; qeyri-neft məhsullarının ixracında bir milyard dollarlıq artıma nail olunub; ümumi daxili məhsulun göstəricisi 54 milyard manatdan 80 milyard manatadək artıb; Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan 63-cü yerdən 25-ci yerə yüksəlib və s.

Prezident bu göstəriciləri mühüm uğur kimi səciyyələndirir, lakin arxayınlaşmağa əsas görmür. Onun təbirincə desək, bu sahədə yeni, daha təkmil addımlar atılmalı, tədbirlər həyata keçirilməli və dünyanın ən mütərəqqi təcrübəsi Azərbaycana gətirilməlidir. Bütün bunlar isə daha da uğurlu inkişaf modelinin ərsəyə gəlməsinə təminat verəcək.

"Yeni inkişaf modelinin əsas mahiyyəti nədən ibarət olacaq” sualına indidən cavab vermək mümkün olmasa da, onun nəticəsinin necə olacağını elə bu gün tam arxayınlıqla söyləmək olar:

Müəllifinin İlham Əliyev olduğu bütün islahatlar, proqramlar, layihələr kimi iqtisadiyyatın yeni inkişaf strategiyası da uğurla hazırlanacaq, layiqincə tətbiq ediləcək və daha böyük inkişafın təməlinə çevriləcək!

İxtiyar HÜSEYNLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video