29 Avqust 2021 00:49
2032
SİYASƏT
A- A+

İlham Əliyevin yeni əməkdaşlıq formatı təqdir edilir

 

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyət dəyişib və regionun gələcək inkişafı üçün nadir imkanlar yaranıb. Bu imkanlar xüsusən də yeni kommunikasiyaların açılmasını, nəqliyyat dəhlizlərinin yaradılmasını şərtləndirir. Region ölkələrinin birgə əməkdaşlığı sayəsində həyata keçiriləcək müştərək layihələr əlbəttə ki, ilk növbədə bölgənin sürətli inkişafı üçün real zəmin yarada bilər.

Yeni reallıqları dəyərləndirən Prezident İlham Əliyev də məhz bu prinsipləri nəzərə alaraq regionda yeni “3+3” əməkdaşlıq formatının yaradılması təklifini irəli sürüb. Bu, Azərbaycan, Türkiyə, Rusiya və İran, Gürcüstan, Ermənistan əməkdaşlığını nəzərdə tutan platformadır.

Artıq xeyli müddətdir ki, Azərbaycan Prezidentinin təklifi geniş müzakirə mövzusuna çevrilib. İqtisadçılar, siyasətçilər də birmənalı olaraq qeyd edirlər ki, bu format ilk növbədə bölgənin gələcəkdə təhlükəsizliyini gücləndirə bilər.

 

Ermənistan Azərbaycanla hesablaşarsa...

 

Bəllidir ki, Azərbaycan məğlub Ermənistan istisna olunmaqla qonşu ölkələrlə hər zaman əməkdaşlıqda maraqlı olub və indiyə qədər müxtəlif layihələr həyata keçirib. Ölkəmizin Türkiyə, Rusiya, İran və Gürcüstanla birlikdə reallaşdırdığı müxtəlif beynəlxalq layihələr ilk növbədə Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Məhz bu layihələr iqtisadiyyatımızın sürətli inkişafında mühüm rol oynayıb.

Prezident İlham Əliyev müharibədən sonrakı bütün çıxışlarında bəyan edir ki, regionun inkişafı naminə icra ediləcək hər bir layihə özündən sonra digər layihənin reallaşmasına real zəmin yarada bilər. Ona görə də ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsinə imza atmalıdır. Belə olan təqdirdə “3+3” formatı reallaşa bilər. Bu formatın reallaşması ilk növbədə Ermənistanın düşdüyü acınacaqlı durumdan qurtuluşu ola bilər.

Prezident İlham Əliyev də vurğulayır ki, Ermənistan Azərbaycanla hesablaşarsa, yeni formatın yaranması ilə bağlı danışıqlar aparmaq olar. Bu gün artıq nikbinliyə səbəb olan digər amil odur ki, qonşu dövlətlər də Azərbaycanla eyni mövqeni bölüşür. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı fikir ayrılığı yoxdur. İlham Əliyev deyir ki, əgər təkcə Zəngəzur dəhlizinə fikir versək, bunun Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstanın maraqlarına cavab verdiyini aydın şəkildə görə bilərik. Yəni bu dəhlizin yaradılması, işə düşməsi ilə Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.

Bu yaxınlarda amerikalı mütəxəssis Endryu Korıbko da İlham Əliyevin təklifini dəyərləndirərkən vurğulamışdı ki, Azərbaycan-Rusiya-Ermənistan və Türkiyə-İran-Gürcüstan “3+3” prinsipi, xüsusilə, münaqişədən sonrakı regional ssenarinin formalaşdırılmasında çox təsirli ola bilər.

Onun fikrincə, Naxçıvan dəhlizi münaqişənin son həllinə görə misilsiz bir inkişaf və inteqrasiya imkanları təmin edərək, bölgənin coğrafi-iqtisadi potensialında inqilab edəcək. Buna görə, Ermənistanın atəşkəsə hörmət etməsini və məsələnin hərtərəfli həll olunmasını təmin etmək üçün birlikdə çalışmaq hər bir regional tərəfin maraqlarına cavab verir: “Hər iki tərəf üçün qazanclı ola biləcək bu ssenarini pozan yeganə əngəl İrəvandakı ultra-milliyyətçilərdir və bütün regional tərəfdaşlar, xüsusən də Moskva onlara deməlidir ki, gələcək problemləri qızışdırmaq tamamilə qəbuledilməzdir”.

Təəssüf ki, Ermənistandakı təxribatçı qüvvələr bu formatın reallaşmaması üçün əllərindən gələni edirlər.

İlham Əliyev isə vurğulayır ki, əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən qəbul edilən ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda, əlbəttə, bölgəyə uzunmüddətli sülh gələcək. Buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi iki ölkənin də maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi Ermənistanın da maraqlarına xidmət edəcək. Belə ki, dəhliz fəaliyyətə başlayandan sonra Ermənistan dəmir yolu vasitəsilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada biləcək. Bu günə qədər bu əlaqə yoxdur. Əgər dəhliz açılarsa, Ermənistan üçün yeni fürsətlər ortaya çıxacaq.

 

Regionda iqtisadi əməkdaşlıq və təhlükəsizlik güclənəcək

 

Mütəxəssislər hesab edirlər ki, İlham Əliyevin təklif etdiyi “3+3” əməkdaşlıq formatının ideyası, əsasən, Azərbaycan, Türkiyə və Rusiya əməkdaşlığını nəzərdə tutur. Amma İran, Gürcüstan və Ermənistanın bu əməkdaşlıqda iştirakı bölgənin perspektiv təhlükəsizliyini gücləndirə bilər. Bu həm də iqtisadi əməkdaşlığın işğaldan, bir-birinə qarşı ərazi iddiasından perspektivli olduğunu ortaya qoya bilər. Çünki Azərbaycan, Türkiyə, Gürcüstan arasında regional əməkdaşlıq öz bəhrəsini verib.

“CNN Türk” kanalına müsahibəsində Prezident İlham Əliyev bu formatın perspektivini dəyərləndirərkən ümid etdiyini vurğulayıb ki, digər ölkələr də buna qoşulacaqlar. Ancaq reallıq budur ki, Gürcüstan tərəfi hələ buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil: “Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, - çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, - bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi. Yəni bütün bunlar çox önəmli məsələlərdir. Çünki biz artıq öz tarixi missiyamızı yerinə yetirdik. Bizə yeni müharibə lazım deyil”.

Qonşu İran İslam Respublikasının da bu formatda iştirakı müzakirə mövzusudur. İlham Əliyev “CNN Türk” kanalına müsahibəsində bu məsələyə də toxunaraq qeyd etmişdi ki, İranda indi yeni rəhbərlik hakimiyyətə gəlib və hazırda onların bölgə ilə bağlı siyasəti formalaşmaqdadır. Əlbəttə ki, həm Azərbaycanla, həm də qonşu ölkələrlə bağlı ilkin bəyanatlar müsbətdir. Ancaq yeni rəhbərliyə bu məsələ və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoyması üçün vaxt lazımdır. Yaxın zamanlarda İranın mövqeyi bəlli olduqdan sonra məsələ gündəmə gələcək.

 

Yeni format “Zəngəzur dəhlizi” də daxil olmaqla, nəqliyyat arxitekturasını dəyişmək gücündədir

 

Postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, qeyri-müəyyən bir dövr sayılır. Çünki heç kim əvvəlcədən bu dövrdə proseslərin necə inkişaf edəcəyini müəyyənləşdirə bilməzdi.

Amma bütün çətin dövrlərdə verdiyi qərarlarla, həyata keçirdiyi islahatlarla Azərbaycanın qurtuluşunu təmin edən İlham Əliyev bu dövr üçün də hədəflər müəyyənləşdirmişdi. İndi Azərbaycan öz iqtisadi qüdrətindən yararlanmaqla postmüharibə dövrünün reallıqları əsasında inkişafını davam etdirir. Yəni İlham Əliyevin müharibədən sonra gələcək addımlarla bağlı müəyyənləşdirdiyi “yol xəritəsi” ilə Azərbaycan Cənubi Qafqazdakı mövqeyini getdikcə daha da gücləndirir. Zəngəzur dəhlizinin açılması isə ölkəmizin iqtisadi qüdrətini daha da yüksəldəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının fikrincə, “3+3” formatı ölkələrinin kəsişmə coğrafiyası - özəyi Cənubi Qafqaz, kənar halqası isə Rusiya, Türkiyə və İrandır. Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla, bu formatın həm özəyində, həm də kənar halqasında həlledici mövqeyə malikdir. Azərbaycan Qarabağ münaqişəsini uğurla həll etməklə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və “3+3” formatına əsaslar yaradıb.

İlham Əliyevin təklif etdiyi yeni format iqtisadi baxımdan böyük potensial vəd edir. Xüsusən də qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları genişdir. Bu format “Zəngəzur dəhlizi” də daxil olmaqla, nəqliyyat arxitekturasını dəyişmək gücündədir. Xüsusən də Azərbaycanın su, hava, avtomobil və dəmir yolu nəqliyyat infrastrukturu altılıq ölkələrinin inteqrasiyasında mərkəzi mövqeyə malik ola bilər. Çünki Azərbaycanın regionun cənub və şərq hissəsində mövqelənməsi nəqliyyat infrastrukturunun həm meridianlar, həm də en dairələri üzrə şaxələnməsini təmin edir.

Beləliklə, İlham Əliyevin irəli sürdüyü və Rusiya, Türkiyə tərəfindən dəstəklənən yeni əməkdaşlıq platforması Ermənistan qarşısında artıq qurulu olan regional iqtisadi əməkdaşlıq sisteminin qapılarını açır. Əslində, Ermənistanın başqa bir alternativi də yoxdur. Reallıq ondan ibarətdir ki, əgər Ermənistan iqtisadiyyatını dirçəltmək və ölkə əhalisini acınacaqlı durumdan qurtarmaq istəyirsə, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə qurulan platformaya qoşulmalıdır. Əks təqdirdə, yenə də uduzan tərəf Ermənistan olacaq.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video