06:42 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


00:42 06.08.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyevin yaradacağı Ağdam daha möhtəşəm, daha qüdrətli olacaq

ANA SƏHİFƏ / SİYASƏT
01:23 22.06.2021

 

...O gün mavi ənginliklərdəki ağ buludlar birdən-birə qara paltar geyindi. Səmadan quşlar da yox oldu, həyat əlaməti olan nə vardısa, dayandı. O gün düşmən Çörək muzeyini də yandırdı. Bərəkət rəmzi məscidin minbərindən qalxan ilahi naləyə qoşulub göylərə doğru yol aldı...O yol 28 il çəkdi...

“Qarabağ söhbətləri”nin budəfəki qonağı Prezident İlham Əliyevin Ağdamda şəhərin təməl daşının qoyulması mərasimində iştirak edən Hafiz Əliyevdir. Ağdam Çörək Muzeyinin keçmiş direktoru ilə ağdamlı günlərindən, çörək muzeyindəki fəaliyyətindən danaşacayıq.

Hafiz Əliyev 1963-cü ildə Ağdamda dünyaya gəlib.

1 nömrəli orta məktəbdə təhsil alıb. Bakıda ovaxtkı Lenin adına APİ-nin (Pedaqoji Universitetin) Tarix fakültəsini bitirib. 1984-cü ildə təyinatla Ağdamın Xındırıstan kənd orta məktəbində müəllim işləməyə başlayıb.

1986-cı ildə Ağdam Çörək Muzeyində elmi işçi kimi işə qəbul edilib. Bir il sonra, 1987-ci ildə həmin muzeyin direktoru təyin olunub. 1992-ci ilin avqustuna qədər...

Hazırda 18 ildir Asəf Zeynallı adına Musiqi Kollecində direktor müavinidir.

 

30 yaşımda tərk etdim, 58 yaşımda qayıtdım

 

- Dədə-baba yurdunu işğaldan azad edilmiş görmək, gedib orda yenidən təməlqoymanın şahidi olmaq xoşbəxtliyi sözlə ifadə ediləsi deyil.

Ağdamla məni bütöv bir nəsil bağı bağlayır, uşaqlığım, əslim-köküm... Atam sənətkar idi. Orta məktəbi yaxşı oxumuşam, həmişə şəklim şərəf lövhəsində olub. Dayılarım, xalalarım hamısı oxumuş, ziyalı adamlar idi, onların mühitində böyümüşəm. Dayım Şahin Quliyev uzun müddət mətbuatda çalışıb.

Ağdam Qarabağın mədəniyyət, ticarət mərkəzidir. Mayın 28-də Ağdamda təməlqoyma mərasimində iştirak etdim. Təhsil aldığım 1 nömrəli məktəbin təməli qoyuldu. Onu da deyim ki, o məktəb Azərbaycana çox böyük ziyalılar bəxş edib. Xudu Məmmədov, Rafiq Əliyev bu məktəbin məzunlarıdır. Təməlqoyma mərasimində Ağdam Arxitektura idarəsinin əməkdaşı dedi ki, Ağdam dünyanın azsaylı şəhərlərindəndir ki, Romada olduğu kimi, bütün küçələr planlı şəkildə paralel salınmışdı. Doğrudan da elə idi.

Ağdamda yaşayanda o qədər fikir verməmişdim, bu, sən demə, çox gözəl imiş. Ətrafına sarılan dağlar necə əzəmətlidir. Hamısını qarış-qarış gəzmişəm, amma bilməmişəm, duymamışam, bəlkə, uşaq olduğum üçün anlaya bilməmişəm. İndi şəhər mənə çox maraqlı gəldi. Həsrət bunu bizə anlatdı. Ağdamdan çıxanda 30 yaşım vardı, 58 yaşımda qayıtdım ora. Elə bil yenidən həyata gəldim.

 

Ağdam Çörək Muzeyi unikal məkan idi

 

- Uzun illər Ağdam Çörək Muzeyində işləmişəm. Çörəyin süfrəyə gəlib çıxmasına qədərki bütün emal prosesi muzeydə nümayiş olunurdu. Xış, vəl, kotan, yabalar, bir sözlə, çörək hazırlamaq üçün bütün əmək alətlərinin hamısı vardı bu muzeydə. Yeri qazıb, buğdanı ora səpməkdən tutmuş çörəyin süfrəyə nəyin içində gətirilməsinə qədər bütün proseslər nümayiş etdirilirdi.

Muzeydə dünyanın, o cümlədən keçmiş SSRİ-nın bütün ölkələrinin çörək nümunələri sərgilənirdi. Muzeydə təndir üçün yer ayrılmışdı. Təndirdən istifadə olunurdu, istifadəyə yararlı eksponat idi. Muzeyi ziyarətə gələn xarici ölkə vətəndaşları çörəyin təndirdə, sac üstündə bişirilmə qaydası ilə yerində tanış olur və həmin təndir, yuxa çörəklərindən dadırdılar. Xüsusi işçilərimiz vardı, onların fəaliyyəti sac asıb yuxa salmaq, təndir çörəyi bişirməkdən ibarət olardı. Ağdama gələn qonaq hökmən o muzeyə gələrdi, çünki çox məşhur idi. Muzey yaradılanda bu qədər məşhur və geniş aspektli olacağı bəlkə də heç onu yaradanların ağıllarına da gəlməzdi. Zaman keçdikcə muzey fəaliyyətini genişləndirib ona olan marağı daha da artırdı.

1983-cü ildə fəaliyyətsiz qalan dəyirman əsasında yaradılmışdı Çörək Muzeyi. Belə bir unikal hadisə ətraf rayonlara necə səs-küy saldısa, eksponatları yığmaqda heç bir çətinlik yaranmadı. Kimin evində xurcun, palaz, qədim vedrə, ləyən, teşt, ərsin, sərnic, səhəng, başqa mis əşyalar vardısa, gətirib verdi muzeyə. Ona görə də rəsmi qeydiyyatda 1500 eksponat vardı. Anbarda olan eksponatlar hələ araşdırılıb kitaba salınmamışdı. Qeyri-adi muzey idi. Binanın özünün qədim arxitekturası vardı. XIX əsrin ortalarında tikilmişdi. Uzun müddət, yüz ilə yaxın bu dəyirman Ağdamı və ətraf rayonları çörəklə təmin etmişdi. Ona görə də ən gözəl eksponat elə dəyirmanın özü idi. Bu od dəyirmanı idi, qurğuları Rusiyadan gətirilmişdi, həm də mazutla işləyirdi. Gündə 8-10 ton dən üyütmək qabiliyyəti vardı ki, o dövr üçün çox böyük rəqəmdir.

 

Dəyirman öz bildiyin edər...

 

- Dəyirman ən çətin günlərdə əhalini aclıqdan qurtarmışdı. İkinci Dünya müharibəsində insanların ən çox köməyinə çatan yer olub. Düzdür, ətraf kəndlərdə su dəyirmanları vardı. Məsələn, Seyidli kəndində dəyirman işləyirdi. Ağdamın özündəki dəyirmanın gücü çox olduğu üçün əsas işi o görürdü. Yük od dəyirmanın boynuna düşürdü. Dəyirmançılar isə çox hörmətli adamlar olub o dövrdə. Çörəyə təlabat çoxdu, onun da əsası dəyirmanda hazırlanırdı, yəni buğda üyüdülüb un halına salınırdı. Adamlar günlərlə dəyirmanda növbə gözləyirdilər. Ona görə də çörəyin hər loğmasının qiyməti bilinirdi. İndiyə qədər uşaqlığımda yediyim o çörəyin ətri burnumdadır. Kənddə nənəmin təndirdə bişirdiyi çörəyin ətri xeyli ətrafa yayılırdı. Sonralar çox axtardıq o ətri, tapa bilmədik. Anam 1991-ci ildə rəhmətə getdi. Onun əli ilə bişən çörəyin dadını daha tapmıram.

Gün ərzində kənardan, daxildən o qədər qonaqlar qəbul edib, yola salırdıq. Çox qonaq-qaralı yer idi Ağdam, xüsusən də Çörək Muzeyi.

Muzey kimi fəaliyyət göstərdiyi vaxtlarda dəyirmanı da işlətdik. Dedik qoy, muzeyin baş eksponatı elə dəyirmanın özü olsun və işləsin. Ağdamda böyük Dəzgahqayırma Zavodu vardı. Ordan dostları dəvət etdim, gəldilər, baxdılar, dedilər bərpa etmək mümkündür. Bacarıqlı mütəxəssislər idilər. Rusiyadan gətirilmiş həmin tökmə hissələri təmir edə bildilər, biz də düyməsini sıxıb dəyirman işlətdik.

Qarabağın ağır günlərində yenə əhalinin köməyinə çatdı bu dəyirman. Bir dəfə muzeydə işçi gəlib dedi ki, müəllim, Cəbrayıldan bir maşın buğda gətiriblər, orda vəziyyət ağırdır, bunu üyütmək lazımdır. Artıq müharibə gedirdi, hamımız eyni vəziyyətdəydik. Dedim borcumuzdur, üyüdərik. Dəni üyütdük, yüklədik maşına, getdilər. Dəyirmanı Aslan kişi işlədirdi, sənətinin ustası idi. Atamla bir yerdə orta məktəbdə oxumuşdular, müharibə veteranı idi. Bir işi yox idi, xəstə düşmüşdü. Görəndə ki, dəyirmanı bərpa edilir, ona ikinci nəfəs gəldi, işə başladı. Təəssüflər olsun ki, 1992-ci ildə dəyirmanı raketlə vurdular, ondan əvvəl bir dəfə də may ayında muzeyə raket düşmüşdü, amma partlamamışdı. Hərbçiləri çağırdım, zərərsizləşdirdilər.

İkinci dəfə avqustun 12-də Əsgəran tərəfdən məhz şəhərin mərkəzini vurdular. Muzey də mərkəzdə yerləşdiyindən raket onu da tutdu,  söndürmək mümkün olmadı, yandı. Binanın əsas hissələri taxtadan idi, köhnə, qurumuş taxta da yanğına həssasdır, odur ki, kül oldu hamısı. O gün 1992-ci ilin avqust ayının 12-si idi. 

 

“Xarıbülbül” festivalı İmarətdə başlayıb, Şuşada tamamlanardı

 

- 1988-1990-cı illərdə Qarabağda, Ağdamda “Xarıbülbül” festivalı keçirilirdi. Əvvəl Ağdamda olurdu, yekun konserti Cıdır düzündə təşkil edilirdi. Birinci il SSRİ-dən qonaqlar oldu, ikinci, üçüncü dəfə isə xarici ölkələrdən də qonaqlar gəldi. Qonaqların hamısı da Çörək Muzeyində olub çay içirdilər, motal pendiri ilə təndir çörəyinin, şorla yuxanın dadına baxırdılar.

Yəni festival Ağdamın İmarətində başlayıb, Şuşanın Cıdır düzündə yekunlaşırdı. Ümumiyyətlə, İmarət təkcə Qarabağ üçün yox, bütün Azərbaycan üçün önəmli yerdir. Qarabağın bünövrəsini qoyan Qarabağ xanlarının hamısı İmarətdə uyuyur. Şuşada yaşayırdılar, amma Ağdamda dəfn edilirdilər. İmarətdə xanlıq dövründən qalma çınarlar vardı. Bu məkan tarixin şahidləri idi. O vaxt müharibə gedəndə “Ağdam” qəzetinə bir yazı yazmışdım, qeyd edirdim ki, kaş, bu çinarlardan biri olaydım, məni yerimdən heç bir qüvvə tərpədə bilməyəydi. Bunlar kökləri ilə bizdən daha çox torpağa bağlıydılar. Hamısını kəsiblər.

Qarabağın cins atlarının şöhrəti bütün dünyaya yayılıb. O qədim kişilər, xan babalarımız yetişdirmişdilər onları. Bu gün elm, texnika nə qədər inkişaf edib, amma elə bir cins yetişdirmək olmur. Atçılıq zavodu yaradılmışdı, o da didərgin düşdü. Qarabağ atları yenə öz yurdlarına qayıdacaqlar. İngiltərə kraliçasına bağışlanan “Şimşək” adlı atı İngiltərədə hər axşam çıxardıb London küçələrində gəzdirirmişlər, camaat yığışıb atın gözəlliyinə baxırmış. Təəssüf ki, o mühitdə yaşaya bilməmiş, atın ürəyi partlamışdı. At belə bizdən vəfalı çıxdı, Qarabağsız yaşamadı, biz 30 ilə yaxın Qarabağsız necə yaşadıq, bilmirəm...

 

Ağdam bazarı adla deyilirdi

 

- Ağdam özünəməxsus rayondur. O vaxtlar Ağdamda olan gözəl evlər başqa rayonlarda yox idi. Bəlkə də var idi, amma Ağdamdakı kimi deyildi. Ağdamın küçələri, xiyabanları, parkları, havası, suyu, torpağı bir başqa aləm idi. Çox yerlərdə olmuşam, amma Ağdam kimi şəhər görməmişəm. Süfrə açmaq mədəniyyəti, qonaqpərvərlik Azərbaycanda yüksək səviyyədədir, Ağdamda da gözəl idi.

Ağdam bazarı adla deyilirdi. Quş südü, can dərmanı vardı bu bazarda. Ən gözəl maşın ustaları Ağdamda idi. Usta Sərdar var, indi də yaşayır, Allah ömür versin, bütün respublika maşınının rəngini dəyişdirməyə onun yanına gəlirdi. Gözüylə baxıb istənilən rəngi alırdı. İndi o işi kompüter görür. Bazarda bir dəmirçixana vardı. Yanından keçəndə miskərlərin taqqıltısı, çəkiclərinin səsi adama musiqi kimi gəlirdi. Elə bil ki, xüsusi ritmlə səslənirdi, olduğu kimi qalıb qulaqlarımda.

Ağdam bazarına gələn boş qayıtmazdı. Oğlan evləndirən, qız köçürən, ev tikən, bağ salan-hamı bu bazada özünə lazım olanı tapardı.

 

Kötəlinin suyu

 

- Ağdam məscidi Azərbaycanın ən gözəl memarlıq binalarından idi. Əvvəl bir minarəli olub, sonra Seyidli kəndindən bir imkanlı şəxs ikinci minarəni inşa etdirib. Sovet dövründə məscidlərin söküldüyü vaxtlarda Ağdam məscidi işləyirdi. Məhərrəmlikdə ayinlər yerinə yetirilirdi. Qarabağ müharibəsində orda nə qədər şəhid kəfənləndi, məzara verildi...

Xocalı faciəsinin şahidlərindəndir. Nə qədər insanı, yaralını, şəhidi yola salıb. Yerlə göy birləşmişdi o gün, dünyanın sonu idi. Ağdamda məscid çox idi. Ağdamın “Çay evi” də adla deyilərdi. Xudu Məmmədovun təşəbbüsü ilə inşa edilmişdi. Gözəl bir məkan idi. Çin memarlığı üslubunda tikilmiş dördmərtəbəli bina idi. Mən Xudu Məmmədovu da şəhid hesab edirəm. O da Qarabağ yolunda şəhid oldu, çox böyük ziyalı idi. Ümumiyyətlə, bilmirəm, Kötəlinin suyundan idi, yoxsa nə idisə. Ağdam böyük ziyalılar və sənətkarlar yetişdirib. Kötəl çayı Qarqarın bir qoludur, Ağdam, Hacılı, Seyidlidən keçirdi. Arif Babayev deyir ki, o sudan içən hər kəsin məlahətli səsi olurdu. Bağlarımızı da o su ilə suvarırdıq. Dağlardan gələn bu su həm içməli idi, həm də suvarmada istifadə edilirdi. Təbii ki, hava, su ilə bərabər genetik faktor da var.

 

Ağdam haqqında film də yandı

 

- Ağdam haqqında 15 dəqiqəlik sənədli film çəkmişdim, dövlət televiziyasında montaj etdirmişdim. O qədər heyifsilənirəm ki, Çörək Muzeyi ilə birlikdə o lent də yandı. İndi keçmiş Ağdam haqqında ən böyük tarix o film olardı. Şahbulaq tərəfdə dağın başında daş karxanasından başlayıb düşmüşdüm İmarətə, Ağdamı gəzib gəlmişdim Çörək Muzeyinə. Nə bilim belə olacaq, bir neçə nüsxə çıxardardım. Bütün Ağdam vardı o filmdə.

Ağlımıza gəlməzdi ki, çörəyimizi yeyənlər bu cür xəyanət edər bizə...

Köhnə Ağdama nə qədər nostalgiyamız, həsrətimiz olsa da, mən yeni Ağdamı gözləyirəm. Dövlət o yurdları yenidən quracaq. Dağıdılmış Ağdamın mərkəzi açıq səma altında canlı muzey olacaq. Dram teatrının qarşısında Fərhadın heykəli bərpa ediləcək. Müasir texnologiya ilə Ağdamın keçmişi də, dağıdılmış vaxtı da nümayiş olunacaq. Mən də istəyərdim ki, köhnə, uşaqlığımın Ağdamı olsun, amma mümkün deyil.

Kinoteatrın arxasında Ağdamın bulvarı var idi, hər gün işdən sonra babam məni orda gəzdirərdi. Bulvarda elə bitkilər, güllər vardı ki, sanki cənnətin özü idi. Suyundan içdikcə doymaq olmurdu. Daha o olmayacaq, amma ondan gözəli olacağına inanıram. Meşə salınacaq şəhərin kənarında. Çox xoşuma gəldi, dağdağan ağacları əkiləcək. Möcüzəli ağacdır. Prezident ilk iki dağdağan ağacını öz əlləri ilə əkdi. O ağacın yurdudur Ağdam. Hər evin xarabalığında bir dağdağan ağacı qalxıb. Kimsə yaxşı düşünüb, görüb ki, dağdağan ağacları özü bitir, deyib ki, bu ağacı burda artırmaq lazımdır.

Ağdamda təməlqoyma mərasimdə çox böyük fəxarət hissi yaşadım. Xalqımızla, Prezidentimizlə fəxr etdim. Qarşı-qarşıya gəlməyə qalsaq, biz erməniləri tapdayıb keçərdik. Burda böyük səbir və siyasət lazım idi, onu da Prezidentimiz bacardı. Şükürlər olsun, 28 mayda yenidən doğuldum, elə bil 28 il yaşamamışam.

Yeni Ağdamın təməlini qoyanlardan biri oldum. Həm siyasətdə, həm mədəniyyətdə əsgərəm. Hansı qismdə olursa olsun, təki Ağdamın quruculuğunda iştirak edim.

...28 il sonra ağappaq lopa buludlu səmanın ənginliklərində quş dəstəsi göründü. Onlar doğma yurda qayıtmış sənətkarların - miskərlərin dəmirlərə dəyən çəkiclərindən çıxan musiqinin ahəngi ilə qanad çalır, gah aşağı enir, gah da ənginliklərə qalxırlar... Obanı isti təndir çörəyinin ətri bürüyüb. Haqqın nahaqqa qalib gəldiyi torpaqlarda həyat ritmi beləcə davam edir.

 

Ramilə QURBANLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM