19 Iyun 2019 17:12
1211
SİYASƏT
A- A+

İlham Əliyevin sosial inqilabı davam edir


Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amilinin dayandığı bir daha təsdiqlənir


Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir. Prezident İlham Əliyevin yeni sərəncamları ilə minimum əməkhaqqının, eləcə də bir sıra sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılması bunun daha bir təsdiqidir.

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, bu inkişafın nəticəsində əldə olunan gəlirlər ölkədə sosial məsələlərin uğurlu həllinə imkan yaradır. Elə cari ilin əvvəlindən bu sahədə atılan addımları qeyd etmək kifayətdir. Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev həmin məsələdən geniş bəhs edərək demişdir: "İlin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Bu prosesə hazırlığı biz keçən ildən başlamışdıq və prezident seçkilərindən sonra andiçmə mərasimində, əslində, görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi. Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla iki dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri həll edək”.

İlin əvvəlində Prezidentin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlər üçün 1,5 milyard manat ayrıldı.

Önəmli bir məsələ də problemli kreditlərin həlli idi. Azərbaycan dövləti bu məsələni də yüksək səviyyədə həll etdi. Dövlətin iqtisadi və maliyyə imkanları artdıqca vətəndaşları narahat edən problem aradan qaldırıldı.

Bu qəbildən olan çoxsaylı tədbirləri misal gətirmək mümkündür. Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı növbəti sərəncamlar da ölkədə sosial islahatların davamlı olduğunun təsdiqidir. Minimum aylıq əməkhaqqının, eləcə də bir sıra ayrı-ayrı sahələrdə çalışan əməkçilərin aylıq vəzifə maaşlarının artırılması Azərbaycan vətəndaşının yaşayış səviyyəsinin yüksəldilməsi, güzəranının daha da yaxşılaşdırılması istiqamətində atılan mühüm addımdır. Belə ki, sözügedən sərəncamların biri ilə minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib. Yəni sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılıb. Bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artmasına səbəb olacaq.

Daha bir sərəncamla dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqı 20 faiz artırılıb. Bu həcmdə artım, eləcə də dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqqına aiddir.

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının orta hesabla 40 faiz artırılması haqqında da sərəncam verilib. Bu təşkilatlara AMEA-nın Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycan Atatürk Mərkəzi, respublikanın dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu, Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu daxildir. Sərəncama əsasən, Nazirlər Kabineti dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçuları olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması da təmin edəcək.

Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılmasını haqqında da sərəncamlar imzalanıb.

Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə (tarif) maaşları orta hesabla 40 faiz həcmində artırılıb. Aylıq pul təminatının və maaşların bu həcmdə artımı Fövqəladə Hallar Nazirliyinin, eləcə də Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərini də əhatə edib.

Daha bir sərəncam Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqındadır. Bu sənədlə Prezidentin 22 yanvar 2007-ci il sərəncamında dəyişiklik edilib.

Dövlət başçısının imzaladığı yeni sərəncamların hamısı sözügedən sahələrdə çalışan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədi daşıyır. Həmin təşkilatlarda çalışan işçilərin əməkhaqqının cari il sentyabrın 1-dən artırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını bir daha təsdiqləyən həmin sərəncamlar ümumilikdə 2 milyona yaxın insanı əhatə edir. Beləliklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan əməkçilərin maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılır. Dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bilavasitə vətəndaşların sosial rifahına yönəldilməsi ölkənin kompleks iqtisadi inkişafı fonunda dövlət-vətəndaş etimad mühitini dərinləşdirməklə yanaşı, aparılan sosial siyasətin alternativsiz olduğunu sübut edir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video