04:33 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyevin qətiyyəti - Azərbaycanın Zəfəri

ANA SƏHİFƏ / SİYASƏT
00:46 01.10.2021

 

“...Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu”.

Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 2021-ci il sentyabrın 27-də, Vətən müharibəmizin başlanmasının bir il tamamında, müqəddəs şəhidlərimizin Anım günündə xalqa müraciətində qürurla səsləndirdi bu fikirləri.

 

Qələbəyə inamla

 

2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün sürən Vətən müharibəsi Azərbaycanın ulu tarixinə şanlı Zəfər kimi həkk olundu. Düz 30 ildir ki davam edən, xalqımızın həyatında olmazın ağrı-acılarla müşayiət olunan Qarabağ münaqişəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, mükəmməl hərbi taktikası sayəsində Qələbə ilə başa çatdı. 

Yenilməz baş sərkərdənin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən tapdağında qalan dədə-baba torpaqlarımızı işğaldan azad etdi, “Dəmir yumruğ”un sayəsində düşməni qarşısında baş əyməyə, təslimçilik bəyanatına imza atmağa məcbur etdi.

Əslində, Azərbaycan dövləti qətiyyətli lider İlham Əliyevin ötən 18 il ərzində məharətlə qurduğu güclü iqtisadiyyat, qüdrətli ordu, malik olduğu yüksək beynəlxalq nüfuz sayəsində Böyük Qələbəyə doğru hər gün inamla irəliləyirdi.

Qarabağın qurtuluşunu qarşısına prioritet məqsəd kimi qoyan Prezident İlham Əliyev bu müqəddəs məqsədə çatacağımızın yaxın olduğunu, Azərbaycan xalqına, keçmiş məcburi köçkünlərə, hələ 2016-cı il Lələtəpə zəfəri zamanı bəyan etmişdi: “...Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq”.

2019-cu ildə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında Azərbaycan Prezidentinin səsləndirdiyi “Qarabağ Azərbaycandır!” qələbə nidalı bəyanat isə 30 ildir torpaqlarımızı işğal altında saxlayan mənfur düşmənin bağrına qan saldı...

Öz doğma yurd-yuvasından didərgin düşən yüzminlərlə vətəndaşımızın göynəyən yurd yarasının üzərinə su səpdi. İlham Əliyevin onları öz doğma torpaqlarına qovuşduracağı xoşbəxt günlərin lap yaxında olduğunun sevincini yaşadılar...

 

Qarabağa doğru Zəfər yürüşünün qələbə müjdələri

 

2020-ci ilin 27 sentyabrında Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı və birbaşa mülki əhalini hədəfə alması isə səbrimizin son həddi oldu.

Ali Baş Komandan İlham Əliyevin Vətən uğrunda “İrəli!” əmri ilə mərd igidlərimiz mənfur düşmənə həddini bildirməyə, murdar ayaqlarını torpaqlarımızdan vurub atmağa yollandılar.

Elə ilk gündən düşmənin ön müdafiə xətti yarıldı, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəklik işğaldan azad edildi. Qələbəyə doğru əzmlə irəliləyən cəsur döyüşçülərimiz hər gün yeni-yeni yaşayış məntəqələrimizi azad etməyə, Qarabağı qarış-qarış, addım-addım düşməndən təmizləməyə başladılar.

Qarabağa doğru Zəfər yürüşünün qələbə müjdələrini isə Azərbaycan xalqına Müzəffər Ali Baş Komandan İlham Əliyev özü çatdırırdı...

Noyabrın 8-də isə şanlı Ordumuz Qarabağın baş tacı Şuşa şəhərini erməni tapdağından azad etdi. Və elə bu tarixi hadisə ilə də düşmənin beli qırıldı...

  Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu düşmənin belini qıraraq qarşısında diz çökdürdü, onu yalvarmağa, təslim olmağa məcbur etdi.

10 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük Zəfər xəbəri ilə müjdələdi, müharibənin, 30 illik Qarabağ münaqişəsinin bitdiyi şad xəbərini verdi.

Bu tarixi qələbədən bir ay sonra Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradında Ali Baş Komandan bir daha bəyan etdi ki, bu zəfər tarixi zəfərdir: “Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir “dəmir yumruq” yaradıb düşmənin başını əzdik”.

 

“...Hər zaman mənim gözlərimin önündə onlar idi...”

 

27 sentyabr 2021-ci ildə - Anım Günündə xalqa müraciətində Prezident İlham Əliyev bəyan etdi ki, müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim qələbəmizlə razılaşıb, bunu qəbul edib: “Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır”.

 Dövlət başçısı həmin gün xalqa müraciətində Azərbaycanın 44 gün ərzində erməni faşizminin başını əzdiyini bildirərək, bir daha qətiyyətlə vurğuladı ki, erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün: “Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

Ötən il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan tarixi ərazilərini bərpa etdi və indi o yerlərə həyat qayıdır, sürətli tikinti-quruculuq, bərpa işləri görülür.

Bu il sentyabrın 28-də Prezident İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsi zamanı da söylədi ki, burada həyata keçirilən bütün layihələr vətəndaşlarımız üçündür: “...Təbii, biz bunu, ilk növbədə, öz vətəndaşlarımız üçün edirik ki, bu bölgəni yenidən quraq və keçmiş məcburi köçkünlər tezliklə oraya qayıda bilsinlər...”

Bəli, bu illər ərzində yüzminlərlə məcburi köçkünün hər biri inanırdı ki, İlham Əliyev mütləq onları öz doğma yurdlarına qaytaracaq. Bu qəti inam isə hər zaman Prezidentdən gördükləri birbaşa diqqət və qayğıdan doğurdu. “Anadolu” Agentliyinə müsahibəsi zamanı Prezident İlham Əliyevin özünün də keçmiş məcburi köçkünlərlə bağlı duyğulanaraq ifadə etdiyi kimi: “...Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!”

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM