23:50 04 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İLHAM ƏLİYEVİN QƏLƏBƏLƏRİ

ANA SƏHİFƏ / SİYASƏT
01:10 11.04.2021

 

Böyük nəhrlər kiçik çaylardan yaranır!

Çaylar isə arxlardan formalaşır!

Zəfər də belədir: çoxsaylı qələbələr məcmusundan ibarət olur!

Kifayət qədər ciddi hazırlıq görmədən birbaşa, bir həmləyə qələbə çalmaq mümkün deyil!

Yeni dövr, yeni reallıqlar yaradan parlaq zəfərə isə illər boyu hazırlaşmaq, bu zirvəyə dayanmadan, yorulmadan dırmaşmaq lazım gəlir!

Müzəffər Ali Baş Komandan İlham Əliyev də iki əsrlik münaqişəyə son qoyan, beş əsrdə ilk dəfə itirilən torpaqların qaytarılması ilə nəticələnən möhtəşəm zəfərə dövlətə rəhbərlik etdiyi on yeddi il ərzində sarsılmaz iradə, dönməz qətiyyət, yorulmaz və məqsədyönlü fəaliyyət nəticəsində çoxsaylı qələbələri ilə nail oldu!

Bu minvalla həm də müstəqil Azərbaycanın yeni inkişaf dövrünün əsasını qoydu!

***

Böyük zəfərin tərkib hissəsi olan, əslində mühüm nailiyyətlər sayılan “kiçik qələbə”lər deyəndə nələri nəzərdə tuturuq.

Müharibə həm də böyük iqtisadi resurslar tələb edir.

Başqa sözlə, müharibənin hər günü on milyonlarla vəsait xərclənməsi deməkdir.

Bütövlükdə, iqtisadi gücü və böyük maddi imkanları olmayan dövlət nə müharibə apara, nə də qələbə çala bilər!

Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev yeni neft strategiyasının yaratdığı imkanlardan bacarıqla istifadə edərək uzun illər Azərbaycanın dünya üzrə ən yüksək iqtisadi artım sürətinə nail oldu.

Neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinin inkişafı üçün lokomotiv rolunu oynaması, iqtisadiyyatın şaxələndirilməsi, habelə qeyri-neft sektorunun inkişafı digər uğurların təməlinə çevrildi.

Bir qədər geriyə baxaq:

1992-ci ildə, AXC-Müsavat cütlüyünün iqtidarı dövründə Azərbaycanın dövlət büdcəsi təsdiqlənmədi.

Çünki belə bir büdcə yox idi və onun haradan, necə formalaşacağı bilinmirdi.

Yeni yaranan məcburi köçkünlər ordusunu nə yerləşdirən, nə yardım göstərən, nə də halına qalan vardı...

“Cəbhəçilər” problemdən çıxış yolunu yurd-yuvasını itirmiş insanları Bakıya buraxmamaqda görürdülər...

Əvvəlcə Ulu Öndər Heydər Əliyev, sonra isə Prezident İlham Əliyev belə vəziyyətdə olan ölkəni ayağa qaldırmaq üçün yorulmadan, dayanmadan çalışdılar.

Əslində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi transmilli layihələrin həyat vəsiqəsi qazanması, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin işə düşməsi böyük qələbələr sayılır.

Üstəgəl Azərbaycanın və paytaxt Bakının başdan-başa yenidən tikilib qurulması, yol infrastrukturunun yaranması, ölkənin enerji, nəqliyyat, ərzaq təhlükəsizliyinin təmin edilməsi, işsizliyin, yoxsulluğun minimum həddə endirilməsi, xalqın sosial rifahının və həyat səviyyəsinin əsaslı şəkildə yüksəldilməsi və daha nələr-nələr...

Bütün bunların hər biri özlüyündə çox mühüm iqtisadi qələbələrdir.

***

Cənubi Qafqazın liderinə, söz sahibinə çevrilmək üçün təkcə iqtisadi qüdrət azdır, yüksək siyasi nüfuza da sahib olmalısan!

Prezident İlham Əliyev bunu da bacardı!

Azərbaycanı dünyanın sayılıb-seçilən, öndə gedən, bütün növ reytinq cədvəllərində qabaqcıl yer tutan müstəqil dövlətə çevirdi.

Bu gün hamı Azərbaycanı daim müstəqil siyasət yürüdən, maraqlı, səmərəli ideya və təşəbbüslərlə çıxış edən, əməkdaşlıq etdiyi ölkələrə də fayda gətirən dövlət kimi tanıyır və hörmət edir.

Əslində İlham Əliyev Azərbaycanı, Azərbaycan isə İlham Əliyevi ucaldıb!

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrliyi zamanı, habelə Qoşulmama Hərəkatına, Türk Şurasına rəhbərliyi dövründə üzv dövlətlərin maraqlarına xidmət edən məsələlərin müzakirəyə çıxarılması, faydalı təşəbbüslərin irəli sürülməsi, ədalətlilik, obyektivlik prinsiplərinə dönmədən əməl edilməsi, ehtiyacı olan dövlətlərə təmənnasız yardımlar göstərilməsi sayəsində böyük hörmət qazandı.

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq miqyasda keçirilən bütün tədbirlərin və forumların ən sevilən qonağı, maraqlı və səmərəli ideyalar irəli sürən çıxışçılarından biridir.

Azərbaycanın iqtisadi və siyasi cəhətdən tam müstəqil olması, daim dünyaya və əməkdaşlıq etdiyi ölkələrə fayda gətirən transmilli layihələrin təşəbbüsçüsü və icraçısı qismində çıxış etməsi, bərabər hüquqlu və qarşılıqlı maraqların təmininə əsaslanan mövqe ortaya qoyması dövlətimizin siyasi nüfuzunun özəyini təşkil edir.

***

İlham Əliyev iqtisadi və siyasi sahədəki qələbələrini diplomatiya sahəsindəki qələbəsi ilə tamamladı.

Yüksək hazırlığı, sinədəftər, məntiqli və təkzibedilməz faktlarla zəngin maraqlı nitqi, bir neçə dildə sərbəst danışması, sözünün sahibi olması və dediklərinə daim əməl etməsi, qarşılıqlı maraqları təmin edərək əməkdaşlığın mühüm prinsiplərini dönmədən yerinə yetirməsi dövlət başçımızın diplomatiya sahəsindəki qələbələrinin təminatçısıdır.

Qardaş Türkiyə ilə dostluğu və sıx əməkdaşlığı tarixinin ən yüksək səviyyəsinə qaldırması, yaxın qonşularla mehribanlığa və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurması, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə dil tapması, bütün məqamlarda ölkəmizin milli maraqlarını qoruması və təmin etməsi İlham Əliyevin diplomatik məharətinin bəhrəsi, son nəticədə isə qələbəsidir.

...Maraqlı bir fakt:

Otuz il ərzində qəbul etdiyi dörd məlum qətnaməsinin yerinə yetirilməsinə əhəmiyyət verməyən BMT-nin Təhlükəsizlik Şurası Azərbaycana dost münasibəti bəsləməyən dövlətlərin təşəbbüsü ilə yeni qətnamə qəbul etməyə cəhd göstərdi. Həm də budəfəki sənəd əvvəlki qətnamələrə istinad etmədiyindən və Azərbaycanın Qarabağ probleminin hərbi yolla həllini qadağan etdiyindən yeni müharibədə böyük uğurlar qazanan ölkəmizə əngəl yarada bilərdi.

Müzakirələrin gedişində Qoşulmama Hərəkatına üzv olan dövlətlər bu ədalətsizliyin qarşısını almaq üçün təsirli addımlar atdılar.

Nəticədə yeni, ziyanlı qətnamə qəbul olunmadı!

Bu həm də Azərbaycanın və İlham Əliyevin böyük qələbəsi idi.

Belə ki, xalqımızın dostları onun xeyirxahlığını unutmayaraq vacib məqamda öz borclarını şərəflə yerinə yetirdilər!

***

İlham Əliyevin möhtəşəm qələbələrindən biri müstəqillik dövrünün bilikli, öz xalqına və dövlətinə, milli-mənəvi dəyərlərinə sadiq yeni nəsil vətənpərvər gəncləri yetişdirməsidir.

Biz bu nəslin nümayəndələrini 14 iyul 2020-ci ildə Bakıda kütləvi yürüş keçirərkən gördük və qürur duyduq.

Minlərlə gənc hayqıraraq erməni işğalına və Vətəninə qarşı haqsızlıqlara etiraz edir, torpaqların işğaldan azad edilməsi uğrunda döyüşə hazır olduqlarını, bu yolda canlarından və qanlarından belə keçəcəklərini bildirdilər.

Hadisələrin sonrakı inkişafında, habelə 44 günlük Vətən müharibəsi dövründə azərbaycanlı igidlərin vədlərinə sadiq qaldıqlarının, hərbi əməliyyatlarda hünərlə iştirak edərək qəhrəmanlıqlar göstərdiklərinin şahidinə çevrildik.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan gənclərinin vətənpərvərliyini və şücaətini yüksək qiymətləndirərək deyir: “Gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canın fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq”.

 Yeni gənclər nəslinin tərbiyəsinə İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildiyi ilk günlərindən başlamışdı. O zaman ölkədə idman tamamilə unudulmuş, idman qurğuları, stadionlar, zallar acınacaqlı vəziyyətə düşərək dağıdılmış, yaxud da təyinatları üzrə istifadə edilmirdilər. Məşqçilər xarici ölkələrə getmiş, idmançılarımız vəsait yoxluğundan yarışlarda iştirak edə bilmir, ən yaxşı halda isə başqa ölkələrin komandalarında yarışırdılar.

Cənab İlham Əliyev qısa müddətdə bu sahədə ciddi dönüş yaratdı. Gedənlər geri döndü, Azərbaycanda çoxsaylı olimpiya idman qurğuları, arenalar, idman meydançaları tikildi, köhnələri yenidən qurularaq müasir vəziyyətə gətirildi, gənclər həvəslə idmanla məşğul olmağa başladılar.

İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi, paytaxt Bakının beynəlxalq idman yarışlarının təşkili məkanına çevrilməsi ölkəmizin nüfuzunun yüksəlməsinə, dünyaya yeni imicdə təqdiminə şərait yaratmaqla yanaşı, idmanın kütləviləşməsinə, bütün növlər üzrə güclü idmançıların yetişməsinə, yeni nəslin sağlam ruhda tərbiyəsi prosesinə də töhfəsini verdi.

Dünyanın hər yerində dövlət bayrağımızı qaldıraraq himnimizi səsləndirən Azərbaycan gəncləri Qarabağı azad edərək onun bütün guşələrində, o cümlədən Şuşada zəfər bayrağımızı ucaltdılar!

***

Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün dünya tərəfindən qəbul edilən ən böyük uğurlarından biri də yeni, müasir Azərbaycan Ordusunu yaratmasıdır!

Məhz İlham Əliyevin yaratdığı və silahlandırdığı ordu Ermənistan ordusunu diz üstə qoydu, belini sındırdı!

Məhz İlham Əliyevin yaratdığı və silahlandırdığı ordu Ermənistanın 30 il ərzində istehkamlar, səngərlər qurduğu, bunkerlər tikdiyi müdafiə xətlərini sürətlə ələ keçirərək düşmən ordusunu qorxaq və fərarilər dəstəsinə çevirdi!

Məhz İlham Əliyevin yaratdığı və silahlandırdığı ordu Ermənistanı məğlubiyyətini etiraf etməyə, kapitulyasiya sənədinə qol çəkməyə, Azərbaycanın bütün şərtləri ilə razılaşmağa məcbur etdi!

Əslində ordu quruculuğundakı qələbə hərb meydanındakı zəfərin əsası oldu!

Əslində aprel müharibəsindəki qələbə böyük zəfərin başlanğıcı oldu!

Azərbaycan yeni əsrin yeni müharibəsini apardı!

Azərbaycan yeni silahların və yeni strategiyasının tətbiqi ilə yeni nümunə yaratdı!

Azərbaycan həm də Qarabağ münaqişəsinin yalnız hərbi yolla həllinin mümkünlüyünü əyani şəkildə nümayiş etdirdi!

Bu gün dünya İlham Əliyevin hərb təcrübəsindən öyrənir!

Bu gün dünya Azərbaycanın 44 günlük müharibəsini təhlil edərək özünə dərs götürür!

Bu gün güclü ordusu olan dövlətlər Qarabağ müharibəsi təcrübəsini əsas tutaraq yenidən silahlanır, ordularında və hərbi əməliyyatların aparılmasında zəruri dəyişikliklər edir!

İlk dəfə müharibə aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev bu sahədə də hamının qəbul etdiyi və öyrəndiyi yeni nümunə, yeni model yaratdı!

***

Lakin İlham Əliyevin qələbələri bunlarla da bitmir!

İlham Əliyev dünya erməniliyinin t

əşkilatçılığı və dünya KİV-in iştirakı ilə Azərbaycana qarşı aparılan informasiya müharibəsində təkbaşına çarpışaraq 30-dan çox “həmləni” dəf etməklə mühüm qələbə qazandı!

Beləliklə, eyni vaxtda iki döyüş cəbhəsində zəfər çalmış oldu!

***

İlham Əliyevin qələbəyə bərabər möhtəşəm uğurları da vardır!

* İlk dəfə olaraq möhkəm milli birliyimiz yarandı, hamı düşmənə qarşı mübarizəyə səfərbər oldu!

* Xalqın milli qüruru, özünəinamı geriyə qayıtdı!

* Dünya Azərbaycan xalqının cəsur, döyüşkən, qalib xalq olduğunun şahidinə çevrildi!

* Azərbaycan əsgəri 44 gün ərzində öz hünərini, döyüş əzmini və məharətini dünyaya təqdim etdi!

* Azərbaycan hərbi əməliyyatların aparılmasında çox mühüm dəyişikliklərə və yeniliklərə imza atdı!

***

Ordusu məhv, özü biabırcasına məğlub edilən Ermənistan isə miskin və acınacaqlı duruma, hərbi siyasi, iqtisadi və mənəvi iflasa salındı!

Ermənilər hələ də məğlubiyyətlərinin ağrı-acısını yaşayır, özlərinə gələ bilmirlər:

* Hələ də Azərbaycan ərazisində qoyub qaçdıqları leşlərini axtarıb tapırlar;

* Hələ də qorxaq, fərari əsgərlərini mühakimə edirlər;

* Hələ də məğlub və qorxaq zabitlərini, hərbi hissə komandirlərini həbsxanalara atırlar;

* Hələ də erməni valideynləri öz övladlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsindən qorxaraq etiraz aksiyaları keçirirlər;

* Erməni gənclər isə Qarabağa göndərilməkdən it kimi qorxurlar!

***

Kiçik qələbələri böyük zəfərə çevirən cənab İlham Əliyev Qarabağa dalbadal səfərlər edərək dirçəliş proqramına şəxsən rəhbərlik edir, zəruri göstəriş və tapşırıqlarını verir, zəfər təntənəsini yaşayır!

Azərbaycan xalqı Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin tezliklə minalardan təmizlənərək yenidən tikilib-qurulacağına, cənnətə çevriləcəyinə əmindir!

Xalq sevimli Prezidentinin bu dəfə də verdiyi vədi yerinə yetirəcəyinə və daha bir qələbəyə imza atacağına inanır!

 

 

Bəxtiyar SADIQOV



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM