01 Noyabr 2019 02:44
1241
SİYASƏT
A- A+

İlham Əliyevin növbəti siyasi qələbəsi


Beynəlxalq Astronavtika Konqresinin yarıməsrlik fasilədən sonra yenidən Bakıda keçirilməsi haqqında qərar Azərbaycanın yüksələn nüfuzunun təzahürüdür


1973-cü il 7-13 oktyabr, Bakı şəhəri. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan həmin günün böyük rəmzi mənası var. Beynəlxalq Astronavtika Konqresi növbəti iclasının hansı ölkədə keçirilməsi ilə bağlı qərar qəbul edərkən məkan keçmiş Sovet İttifaqının ərazisi seçilir. O zaman uzaqgörən şəxsiyyət, Ulu Öndər Heydər Əliyev bu toplantının məhz Azərbaycanda, Bakı şəhərində baş tutması üçün böyük təşəbbüs göstərir və dahi liderin istəyi reallaşır.

Keçmiş Sovetlər birliyində yalnız bir dəfə və məhz Bakı şəhərində dünyanın 17 ölkəsindən gələn 1500-dən çox nümayəndə, eləcə də kosmonavtlar 7 gün paytaxtımızda geniş müzakirələr aparırlar. Konqresdə Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Luici Gerardo Napolitano, Beynəlxalq Astronavtika Akademiyasının prezidenti Çarlz Stark Draper, amerikalı astronavt Tomas Stafford, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış kosmonavtlar Vladimir Şatalov, Vitali Sevastyanov, Georgi Bereqovoy və həmin dövrün kosmik sahədə fəaliyyət göstərən bir çox tanınmış simaları iştirak edib, kosmosun elmi və ümumbəşəri əhəmiyyəti barədə bəyanatlar verirlər.


50 ildən sonra yenidən Azərbaycanda


Bu tarixi hadisədən 46 il sonra, 25 oktyabr 2019-cu ildə ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı 2022-ci ildə keçiriləcək konqresə evsahibliyi etmək istəyən şəhərlər sırasında Bakı şəhərinin də namizədliyi irəli sürüldü.

Bu mötəbər tədbirə evsahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu Dehli şəhərləri də yer alırdı və Azərbaycan paytaxtı adları çəkilən həmin şəhərləri geridə qoyaraq Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək hüququnu qazandı.

Əlbəttə ki, növbəti konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi ölkəmizin siyasi nüfuzunun təzahürü, etibarlı tərəfdaş kimi tanınan Azərbaycana olan inamın nəticəsidir. Bu qərar həm də islahatçı lider kimi tanınan Prezident İlham Əliyevin son 16 ildə həyata keçirdiyi müstəqil siyasətinin növbəti təntənəsidir.

Xatırladaq ki, məhz həmin mötəbər konqresin Bakıda keçirilməsindən 6 ay sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə kosmik sənayenin əsasları qoyuldu və Azərbaycan mütəxəssisləri bu sahədə tədqiqatlara, kosmik cihazlar hazırlamağa başladılar. Sonradan o cihazlardan "Salyut” və "Soyuz” kimi peyklərdə istifadə olundu.

Bu uğurlu yolu davam etdirən cənab İlham Əliyev isə müstəqil Azərbaycanı dünyanın kosmik üzvü olan ölkələr sırasına çıxardı. Azərbaycanın müasir kosmik sənayesinin inkişafının keyfiyyətcə ikinci mərhələsinə dövlət başçısının 4 noyabr 2008-ci ildə ölkədə kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında imzaladığı sərəncamı ilə start verildi. 2013-cü ildə "Azerspace-1” telekommunikasiya peyki, 2014-ci ildə "Azersky” Yerin məsafədən müşahidəsi peyki, 2018-ci ildə isə "Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu gün Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir. Oktyabrın 25-də Vaşinqtonda verilən qərar isə bu uğurların davamıdır.


68 ölkənin, 398 təşkilatın üzv olduğu federasiya, 6 mindən çox nümayəndə


Beləliklə, 3 ildən sonra Bakıda növbəti möhtəşəm konfrans keçiriləcək. 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu həmin federasiya kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır.

1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Bu konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin 6000-dən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid olan aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə edir.

Oktyabrın 29-da Prezident İlham Əliyev bu böyük uğurla əlaqədar olaraq "Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevi qəbul edib. Azərbaycana göstərilən həmin yüksək etimadı dəyərləndirən dövlət başçısı bunu böyük qələbə adlandırıb: "Bu konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Növbəti konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi, əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun təzahürüdür, Azərbaycana olan inamın nəticəsidir”.

Prezident bildirdi ki, 2022-ci ildə - təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt Azərbaycan müstəqil olmasa da, Ulu Öndər Heydər Əliyevin böyük səyləri nəticəsində keçmiş Sovet İttifaqında məhz Bakı Astronavtika Konqresinin məkanı kimi seçilib. İndi isə Azərbaycan müstəqil dövlət kimi bu böyük tədbirə evsahibliyi edəcək.

Son illər ərzində ölkəmizdə müasir texnologiyaları, kosmik sənaye sahələrində əldə edilmiş uğurları gənc müstəqil dövlət üçün böyük nailiyyət hesab edən cənab İlham Əilyev vurğuladı ki, Azərbaycan artıq bir neçə ildir kosmik klubun üzvüdür və ölkəmizdə müasir texnologiyaların inkişafı qarşıda duran əsas məsələlərdən biridir. Çünki bu gün dünyanın inkişafı müasir texnologiyaların imkanından asılıdır: "O ölkələr ki bu texnologiyaları icad edir, yaxud da ki onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar. XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır. Məhz buna görə Azərbaycan yüksək texnologiyaları inkişaf etdirən ölkələrdən biridir. Bundan sonra da kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində əlavə addımlar atılacaq”.


Nədən məhz Bakı?


Öncə onu vurğulayaq ki, bu konqresin Bakıda keçirilməsi ilə bağlı verilmiş qərar ölkəmizdə mövcud olan siyasi və iqtisadi sabitliklə bağlıdır. Eyni zamanda ölkələrin götürdüyü öhdəliklərin 3 ildən sonra yerinə yetirilməsi əsas şərtlərdən biridir. Digər tərəfdən, ölkəmizdə yaradılmış infrastrukturun xüsusi rolu, önəmi olub.

Cənab İlham Əliyev bu uğuru dəyərləndirərkən bildirdi ki, konqresin keçirilməsi üçün 4 şəhər səy göstərirdi. Beynəlxalq astronavtika aləmi bu dörd şəhərdən məhz Bakını seçib: "Yəni həm təcrübə, həm də əhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədə qələbə əldə etməyimiz, əlbəttə ki, bizim nüfuzumuzdan xəbər verir. Bizə inanırlar, bizim siyasətimizə böyük dəstək göstərilir, Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbət var. Təkcə bu ayın ərzində həm Türk Şurasına, eyni zamanda, dünyanın BMT-dən sonra ən böyük təşkilatına - Qoşulmama Hərəkatına sədrliyimiz bunun əyani sübutudur. Azərbaycanla birlikdə 120 ölkə yekdil qərarla Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçibdir və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi növbəti böyük qələbəmizdir. Mən bu hadisəni çox önəmli siyasi qələbə kimi qəbul edirəm”.

Bu gün Azərbaycan həqiqətən genişmiqyaslı forum, konfrans və simpoziumlar, mədəniyyətlərarası dialoqlar, eləcə də mötəbər qurumların tədbirlərinin yüksək səviyyədə keçirilməsi ilə beynəlxalq aləmdə müsbət imicə sahibdir. Bakının gündən-günə müasirləşməsi, ultra-modern infrastrukturun qurulması sayəsində Azərbaycan regionda biznes tədbirlərin keçirildiyi unikal mərkəzə çevrilib. Həmçinin regionda cərəyan edən hadisələr fonunda ölkəmizdə bərqərar olan sabitlik beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə mühüm zəmin yaradır. Bu baxımdan yarıməsrlik sükutdan sonra Beynəlxalq Astronavtika Konqresinə MDB məkanında yenə də Bakı şəhərinin evsahibliyi etməsi heç də təsadüfi hal deyil.

Onu da vurğulayaq ki, Bakı şəhərinin namizədliyinin uğur qazanmasında bir sıra qurumların - Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Konqres Bürosu, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin məsuliyyətli və gərgin əməyinin xüsusi payı var. Namizədliyinin elan edildiyi ilk gündən etibarən aparılan uğurlu təbliğat işi, şəhərimizin turizm və təşkilatçılıq imkanlarının peşəkar şəkildə təqdimatı yekunda Bakının digər namizəd şəhərlər üzərində qələbəsi ilə nəticələnib.


Prezident təşkilati işlərin aparılması ilə bağlı tapşırıqlarını verdi


2022-ci ildə paytaxtımızda "Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda konqresin keçirilməsi bu sahədən olan şirkət və təşkilatlarla daha sıx əlaqələrin qurulması, ölkəmizə kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsi, eləcə də Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş nüfuzunun daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək. 6000-dən çox nümayəndəni bir araya toplayan qlobal konqresə evsahibliyi edəcək Azərbaycanın uğurları sırasına daha biri əlavə olunacaq.

Prezident İlham Əliyev konqresin keçirilməsi ilə bağlı tapşırıqlarını verərək dedi ki, növbəti 2-3 il ərzində böyük təşkilati işlər aparılmalıdır: "Biz təqribən 6-7 min xarici qonaq gözləyirik. Bu qonaqlar dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir. Ona görə vaxt gələndə konqresin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılacaq və əlbəttə ki, əsas hazırlıq işlərini "Azərkosmos” öz üzərinə götürəcək. Beləliklə, biz növbəti böyük uğura imza atdıq”.

Dövlət başçısı tapşırdı ki, konqresdə iştirak edəcək dünyanın aparıcı biznes strukturlarının rəhbərlərinin bu müddətdə Azərbaycan haqqında geniş məlumata malik olmaları ilə bağlı işlər görülməlidir. Konqresə hazırlıq dövrü elə olmalıdır ki, ölkəmizə gələcək qonaqlar artıq Azərbaycanla müəyyən müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazır olsunlar.

Cənab İlham Əliyev konqresdən sonrakı dövrdə də görüləcək işlərin istiqamətini müəyyənləşdirdi: "Konqresin keçirilməsi çox önəmli hadisədir. Ancaq Konqresdən sonrakı dövr də az əhəmiyyət daşımır. Çünki konqresdən sonrakı dövr Azərbaycanda yeni texnoloji inkişaf dövrü olmalıdır. Əlbəttə ki, genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində son illər ərzində əldə edilmiş təcrübə bizə imkan verəcək ki, konqres ən yüksək səviyyədə keçirilsin”.

Dövlət başçısı əminliklə vurğuladı ki, konqres Azərbaycanda ən yüksək səviyyədə keçiriləcək, minlərlə xarici qonaq ölkəmizə səfər edəcək. O qonaqlar ki onlar bu gün dünyanın texnoloji gündəliyini müəyyən edir. Əlbəttə ki, bu həm Azərbaycan üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyət və bununla bərabər böyük fürsətdir. Ölkəmiz bu konqresin Azərbaycanda keçirilməsindən çox böyük dividendlər əldə etməlidir. O mənada ki beynəlxalq əməkdaşlıq daha da geniş vüsət almalıdır.

Bütün bu uğurlar Prezident İlham Əliyevin ölkəmizdə kosmik sənayenin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının əyani göstəricisidir desək, yanılmarıq. 3 il sonra Bakıda keçiriləcək konqres ölkəmizin tarixi-mədəni ənənələrini, multikultural dəyərlərini və turizm potensialını dünyaya nümayiş etdirməklə bərabər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da böyük əhəmiyyət daşıyır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video