03:24 18 May 2021
ONLINE XƏBƏR LENTİ
00:45 18.05.2021

Qarabağın MEHMANDARLARI


00:33 18.05.2021

Qarabağın zirvə tacı


00:32 18.05.2021

Şuşa, sən azadsan!


00:31 18.05.2021

Şuşanın Bülbülü…


00:29 18.05.2021

BİLDİRİŞ


00:28 18.05.2021

BİLDİRİŞ


00:27 18.05.2021

BİLDİRİŞ


00:26 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyevin növbəti siyasi-diplomatik qələbəsi

ANA SƏHİFƏ / SİYASƏT
01:40 13.01.2021

 

Moskvada keçirilən üçtərəfli görüş, imzalanan bəyanat Azərbaycanın milli maraqlarına cavab verən növbəti hadisə oldu

 

Ötən ilin ən böyük hadisəsi olan İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi-siyasi qələbəsi ilə başa çatdı.  28 il idi danışıqlar prosesində destruktiv mövqe tutan, işğal etdiyi torpaqları azad etmək istəməyən Ermənistan güc yolu ilə buna məcbur edildi, cəzalandırılaraq Azərbaycan torpaqlarından qovuldu. Tarixə həm də Vətən müharibəsi kimi həkk olunan bu savaş Prezident İlham Əliyevin  əməliyyatların ilk günündən diktə etdiyi şərtlərlə başa çatdı.

 

Ermənistanın başqa yolu yoxdur

 

Noyabr ayının 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycanın parlaq qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin hüquqi-siyasi təsdiqi oldu. Ali Baş Komandan İlham Əliyevin şərtlərinə uyğun olaraq öhdəlik götürən Ermənistanın Ağdam, Kəlbəcər və Laçından ordusunun qalıqlarını çəkməsi hərbi kapitulyasiya idi. Rayonların döyüşsüz azad olunması ilə yanaşı, bəyanatın digər bəndləri  də Azərbaycanın mənafelərinə uyğundur.

“Dağlıq Qarabağ problemi” anlayışı artıq yoxdur, çünki müharibə başa çatıb. Ermənistan müxalifəti bəyanatla razılaşmaq istəməsə də, onun vəziyyətdən başqa çıxış yolu yoxdur. Ermənistanda iqtidarda Nikol Paşinyanın və ya qeyrisinin olmasından asılı olmayaraq, hakimiyyət üçtərəfli razılaşmaya əməl etməyə məcburdur. Rusiya Prezidenti Vladimir Putin də ötən ilin noyabrında müsahibəsində bildirdi ki, Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ölkə üçün intihar olar. Bəli, artıq Ermənistanın, dünya erməniliyinin Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağda ikinci erməni dövləti yaratmaq planlarına birdəfəlik son qoyuldu. Dağlıq Qarabağdakı ermənilərin isə vəziyyətin tədricən normallaşmasından sonra Azərbaycanın qanunları ilə yaşamaqdan başqa yolları yoxdur. Öz növbəsində Ermənistan gələcəyini fikirləşməli, işğal siyasətini kənara qoyaraq region dövlətləri ilə sivil əməkdaşlığa başlamalıdır. 10 noyabr bəyanatı da Ermənistana bu deyilənlərdən savayı başqa bir imkan vermir.

Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşün də məqsədi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması idi. Bütün bunlar isə regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət edəcək tədbirlərin həyata keçirilməsini özündə ehtiva edir ki, bu da Azərbaycanın maraqlarına, Dağlıq Qarabağ və regional əməkdaşlığa dair siyasətinin məzumununa uyğundur.

 

Nəqliyyat kommunikasiyalarının bərpasına başlanılır

 

Moskvada aparılan üçtərəfli danışıqlardan sonra Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri bəyanat imzaladılar. Bu sənəd bir daha ona dəlalət etdi ki, Ermənistanın işğal siyasətindən əl çəkməkdən, regional əməkdaşlıq etməkdən başqa yolu yoxdur. Çünki bəyanat 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması ilə bağlıdır. Həmin bənd bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını, Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması məqsədidə yeni nəqliyyat kommunikasiyalarının inşasını nəzərdə tutur.

Bu məqsədilə Azərbaycanın və Ermənistanın  baş nazirlərinin müavinlərinin, eləcə də Rusiya hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılacaq. İşçi qrup bu il yanvarın 30-dək ilk iclasını keçirəcək. Bu iclasın nəticələrinə görə bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək. Həmçinin razılaşma əsasında digər istiqamətlər müəyyən olunacaq.

İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan və Ermənistan ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan və Ermənistan tərəfindən həyata keçirilən və  yerinə yetirilməsi zamanı bu ölkələrin ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini yüksək səviyyədə təsdiqlənmək üçün təqdim edəcək.

Beləliklə, bu bəyanatla götürülən öhdəliklər Ermənistanı işğal siyasətindən əl çəkməyə məcbur edən növbəti mühüm siyasi-hüquqi razılaşmadır. Mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev bildirdi ki, nəqliyyat kommunikasiyalarının bərpası regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər: “Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”.

 

İlham ƏLİYEV: “Heç bir status haqqında söhbət gedə bilməz”

 

Bu gün Ermənistanda müxalifət bu bəyanata qarşı çıxış etsə də, baş nazir Nikol Paşinyanın başqa yolu da yox idi. Çünki Ermənistan müxalifətinin variantı əvvəldə qeyd edildiyi kimi, intihardan başqa bir şey deyil.

N.Paşinyanın mətbuata bəyanatla çıxışında toxunduğu məsələlərə gəldikdə Dağlıq Qarabağın statusu məsələsi artıq müzakirə mövzusu deyil. Ona görə ki, müharibənin qalibi olan Azərbaycan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasın xülyasına birdəfəlik son qoydu. “Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq”, - deyə Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı deyib.

Ermənistanın baş nazirinin iddialarından biri 10 noyabr Bəyanatının 8-ci bəndinin yerinə yetirilməməsi barədə oldu. Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycan Ermənistan arasında əsirlərin mübadiləsi həyata keçirildi. Noyabrın 10-na qədər Azərbaycan Ordusunun əsir götürdüyü bütün erməni əsgərlər ölkələrinə qaytarıldı.

Noyabr ayının 10-dan sonra işğaldan azad edilmiş Azərbaycan ərazilərində əsir götürülən erməni silahlıları isə əsgər sayıla bilməz. Məlum olduğu kimi, noyabr və dekabr aylarında işğaldan azad edilmiş Azərbaycan ərazilərində erməni silahlıları əsgərlərimizə hücumlar təşkil ediblər. Əsgərlərimizin sayıqlığı və peşəşəkarlığı nəticəsində bu hücumların qarşısı dərhal alınıb və silahlı ermənilər əsir götürülüb. Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə dediyi kimi onlar terrorçudur, diversantdır: “Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz”.

N.Paşinyanın mətbuata bəyanatında xüsusilə bununla bağlı toxunduğu məsələlərin heç bir  hüquqi əsası yox idi. Ermənistan baş nazirinin təkidlə qeyd etdiyi məqamlar müxalifətin onun əleyhinə iddialarından qaynaqlanırdı. Lakin heç bir əsası olmadığından Moskva görüşünün gündəliyinə bu cür məsələlərin müzakirəsi salınmamışdı və təsadüfi deyil ki, Vladimir Putin də bu barədə heç bir fikir işlətmədi. Bu baxımdan Rusiya paytaxtında keçirilən üçtərəfli görüş, imzalanan bəyanat Azərbaycanın milli maraqlarına tam cavab verən növbəti siyasi hadisə oldu.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM