28 Yanvar 2020 01:43
3189
SİYASƏT
A- A+

İlham Əliyevin islahatları Davosda yüksək qiymətləndirildi


50-ci dəfə keçirilən Dünya İqtisadi Forumu Azərbaycan üçün uğurlu oldu


Yanvarın 21-24-də İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu keçirildi. Bu dəfə "Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçirilən foruma 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılmışdı. O cümlədən 50-dən çox ölkə prezident və baş nazir səviyyəsində bu ənənəvi tədbirdə təmsil olundu.


Davosda Azərbaycana maraq böyükdür


Davos Forumunun keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri birliyə cəlb etmək, onların arasında əlaqə yaratmaq və dünyada yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. Davos İqtisadi Forumunun əhəmiyyətini artıran mühüm göstəricilərdən biri də burada dünyanın birillik iqtisadi gündəliyinin müəyyən edilməsidir. Hazırda dövlət-özəl tərəfdaşlığına çalışan Dünya İqtisadi Forumu müstəqil və tərəfsiz beynəlxalq ictimai təşkilatdır. İllik toplantılarda bütün sektorları təmsil edən iştirakçılar məsələlərin həllinə yönəlmiş müzakirələr aparırlar.

Beynəlxalq medianın iştirakı, televiziya və veb-yayımları sayəsində Davos İqtisadi Forumu geniş ictimaiyyətin diqqət mərkəzində olur. Forumun rəsmi saytında yerləşdirilən Prezident İlham Əliyevin "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsində bununla bağlı deyilir: "Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir”.

Təbii ki, bu işə Azərbaycan da öz töhfəsini verir. Çünki ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Forumun sessiyalarında müzakirə olunan məsələlərin təməlində Azərbaycanın mövqeyi və onun qazandığı uğurlar da var. Ona görə artıq neçə illərdir ki, Dünya İqtisadi Forumunda uğurla təmsil olunan Azərbaycana maraq həmişə böyükdür. Bu maraq 50-ci Forumda iştirak edən Prezident İlham Əliyevin keçirdiyi görüşlərdən də hiss olundu. Xatırladaq ki, indiyədək İlham Əliyev 14 dəfə Davos İqtisadi Forumunda iştirak edib.


Forumun Azərbaycanda regional mərkəzi yaradılacaq


Əsas diqqətçəkən məqamlardan biri foruma qatılan ölkələrin Azərbaycanın dünyada və regionda rolunu yüksək qiymətləndirməsi və bəşəriyyəti narahat edən risklərin aradan qaldırılmasında ölkəmizin mövqeyi ilə hesablaşılmasıdır. Bu baxımdan forum rəhbərliyi hər il yanvar ayında keçirilən toplantılarda Azərbaycanın da təmsil olunmasında maraqlıdır. Çünki ölkəmizin malik olduğu iqtisadi güc bu marağı şərtləndirən əsas amildir. Məhz ölkəmizə olan marağın nəticəsidir ki, bir neçə il əvvəl Bakıda Dünya İqtisadi Forumu keçirilmişdi.

Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması barədə razılıq isə beynəlxalq səviyyədə ölkəmizə olan etimadın növbəti təzahürüdür. Bununla bağlı Davosda Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende niyyət protokolu imzaladılar. Qeyd edək ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir. Regional mərkəzin yaradılması Azərbaycanla Davos Forumu arasında əlaqələri yeni mərhələyə qaldıracaq.


Azərbaycanın təqdimatına və yeni əlaqələrinə xidmət edən görüşlər


Prezident İlham Əliyevin "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsində deyilir: "Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir”.

Azərbaycan Prezidentinin forum çərçivəsində keçirdiyi görüşlər, iştirak etdiyi panel iclasları ölkəmizin təqdimatı, Azərbaycana xarici sərmayələrin cəlb edilməsi, yeni siyasi və iqtisadi əməkdaşlığın qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Davosa gələn yüzlərlə iş adamı Azərbaycan barədə ən ali səviyyədə təqdimatı görür və bununla ölkəmiz haqda müsbət fikir formalaşır, ölkəyə sərmayə cəlbi stimullaşdırılır. Hər il Davosda keçirilən görüşlərin ardından yüksək texnologiyalara sahib olan şirkətlər Azərbaycana gəlir və sərmayə yatırırlar. Bu baxımdan Davos Azərbaycan məhsullarının tanıdılması və ixrac imkanlarımızın artması üçün də əlverişli platformadır.

İlham Əliyevin Davosda bu il 3 dövlətin prezidenti, 3 dövlətin baş naziri, 3 beynəlxalq təşkilatın və dünyanın tanınmış 11 şirkətinin rəhbərləri ilə görüşləri yüksək səmərəliliyi ilə diqqəti cəlb edir.


"Procter and Gamble Europe” regional mərkəzini Bakıda yaradacaq


Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı iqtisadi islahatlar, biznes mühitinin daha da yaxşılaşdırılması, biznesə başlama prosedurunun sadələşdirilməsi son dövrlərdə xüsusən qeyri-neft sektorunun daha sürətli inkişafına böyük təkan verib. Azərbaycanda baş verən bu cür keyfiyyət dəyişiklikləri beynəlxalq iqtisadi dairələrin də diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Davos İqtisadi Forumunun açıqladığı "Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan "Biznesə başlama üçün tələb olunan günlərin sayı” üzrə 8-ci yerdə qərar tutub.

Təbii ki, Azərbaycanda özəl sektorun fəaliyyətinə yaradılan imkanlar xarici biznes dairələrinin də diqqət mərkəzindədir. Elə buna görə də fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətində olan tanınmış "Procter and Gamble Europe” şirkəti regional mərkəzini məhz Bakıda yaradacaq. Bu barədə şirkətin prezidenti Loik Tassel Davosda Prezident İlham Əliyevlə görüşdə məlumat verib. O, son illərdə Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə biznes sahəsində mühasibatlılığın və şəffaflığın artırılması, vergi və gömrük sahələrində islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirib. Azərbaycanın bugünkü biznes mühitinin bütün xarici investorların öz fəaliyyətlərini genişləndirmələri üçün çox əlverişli imkan yaratdığını deyən Loik Tassel bildirib ki, bütün bunlar "Procter and Gamble Europe” şirkətinin də ölkəmizdəki fəaliyyətinin inkişafı üçün çox önəmli amildir.


"Carlsberg” şirkəti Azərbaycana sərmayə qoyuluşunu artıracaq


Azərbaycanda həyata keçirilən iqtisadi islahatları diqqətlə izləyən xarici şirkətlərdən biri də "Carlsberg Group”dur. Təsadüfi deyil ki, şirkətin baş icraçı direktoru Cees't Hart Prezident İlham Əliyevlə görüşdə Azərbaycanda son illərdə aparılan uğurlu islahatlardan, əlverişli biznes və investisiya şəraitindən məmnunluğunu ifadə etdi, bu tədbirlərin biznes və rəqabət mühitinin sağlamlaşdırılması, həmçinin şəffaflığın artırılması üçün geniş imkanlar yaratdığını vurğuladı. Baş icraçı direktor "Carlsberg Group” olaraq xarici investor kimi bu islahatlara hər zaman dəstək verdiklərini və bu dəstəyin yenə də davam etdiriləcəyini bildirdi. Cees't Hart bu imkanlardan faydalanaraq Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətində olduqlarını da qeyd etdi. O, həmçinin aidiyyəti hökumət qurumları ilə şəffaflığın, hesabatlılığın və mühasibatlılığın daha da yüksək səviyyəyə qalxması üçün əməkdaşlıq etdiklərini söylədi.

Bu ildən başlayaraq "Carlsberg Group” şirkəti kənd təsərrüfatı sektoruna da investisiya qoyuluşunu həyata keçirəcək və bu istiqamətdə artıq pilot layihələrin icrasına başlanılıb.


AYİB islahatları təqdir edir


Azərbaycanda son illərdə aparılan islahatların artıq müsbət nəticələr verməsi, xüsusilə şəffaflığın artırılması beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşündə bu barədə söz açıldı. Görüşdə Azərbaycanda mövcud investisiya mühitinin son dövrlərdə daha da yaxşılaşdığı məmnunluqla vurğulandı, vergi və gömrük sahələrində aparılan uğurlu islahatlar, inzibatçılığın asanlaşması, "ASAN xidmət”in və DOST agentliyinin fəaliyyəti, dövlət tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması prosesi xüsusi qeyd edildi.

Söhbət zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizdə həyata keçirilən layihələri və prioritet sahələrin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparıldı. Bankın Azərbaycanda mövcud əlverişli investisiya mühitindən yararlanaraq fəaliyyətini daha da genişləndirmək üçün böyük imkanlarının olduğu bildirildi.

Bu il 50-ci dəfə keçirilən Davos İqtisadi Forumu Azərbaycan üçün uğurlu oldu. Çünki toplantı Azərbaycanın dünya birliyindəki və regiondakı yerini və mühüm rolunu bir daha beynəlxalq ictimaiyyətə təqdim etdi. Dünya bir daha gördü ki, sabit ölkə kimi Azərbaycanın inkişafı davamlıdır. Ən əsası Azərbaycan hakimiyyəti böyük imkanlar yaradan və hazırda həyata keçirilən geniş islahatlar gündəliyinə malikdir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video