20:26 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyevin islahatlar kursuna müxalifətdən tam dəstək

ANA SƏHİFƏ / SİYASƏT
00:26 11.04.2021

 

Üç il öncə, 2018-ci il aprelin 11-də ölkəmizdə tam demokratik şəraitdə və beynəlxalq standartlara uyğun, azad və ədalətli şəkildə keçirilən prezident seçkilərində xalqımız İlham Əliyevə növbəti dəfə etimad göstərərək Prezident seçdi. Seçicilərin 86,02 faizinin səsini qazanan İlham Əliyevin ötən üç il müddətindəki fəaliyyəti ictimaiyyət tərəfindən təqdir edilir.

Prezidentin fəaliyyəti barədə müxalifət partiyalarının rəhbərlərinin də fikirlərini öyrəndik.

 

Azərbaycanda sivil və etimadlı siyasi münasibətlər sistemi formalaşıb

 

Qüdrət HƏSƏNQULİYEV,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini:

- 2018-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərindən sonra Prezident Administrasiyasında aparılan struktur islahatları nəticəsində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı və qısa müddət ərzində dialoq və əməkdaşlıq mühitinin formalaşması istiqamətində önəmli addımlar atıldı.

Qənaətimə görə, siyasi partiyalar arasında dialoq və əməkdaşlıq mühitinin yaradılması, siyasi partiyaların fəaliyyətinə real məzmun verilməsi çoxpartiyalı sistemin inkişafına töhfə verməklə yanaşı, sivil və etimadlı siyasi münasibətlərin təşəkkül tapmasına, partiyaların cəmiyyətdəki rolunun və funksionallıqlarının artmasına müsbət təsirini göstərdi. Bu struktur islahatlarından sonra ölkəmizdə parlament seçkilərinin keçirilməsi, Milli Məclisdə təmsil olunan müxalifət və digər partiyaların nümayəndələrinin vitse-spiker, komitə sədrləri və komitə sədrlərinin müavinləri vəzifələrinə seçilmələri parlamentdaxili demokratiyanın və plüralizmin inkişafı baxımından müsbət nəticələrin əldə edilməsinə imkan yaratdı, ölkəmizdə yeni, sivil və etimadlı siyasi münasibətlər sisteminin formalaşması ilə bağlı cəmiyyətə önəmli mesajlar verdi.

Ötən 3 il ərzində ölkəmizdə həyata keçirilən iqtisadi islahatların tərkib hissəsi olaraq atılan ən önəmli addımlardan biri də, şübhəsiz ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması, holdinqin idarəetməsinə verilən dövlət müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirilən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.

Ötən prezident seçkilərindən sonra məhkəmə-hüquq sistemində həyata keçirilən kompleks islahatlar, bu xüsusda  Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında imzaladığı fərman bu sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılmasına, dövlətin ədalətinin istisnasız olaraq təmin edilməsinə xidmət göstərir.

Prezident seçkilərindən və bütövlükdə dövlət müstəqilliyimizin bərpasından sonra əldə etdiyimiz ən böyük nəticə 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızın Azərbaycan Ordusunun rəşadəti nəticəsində azad olunması, işğalçı ordunun darmadağın edilməsi, sərhədlərimizin toxunulmazlığının təmin edilməsidir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitlərinin fədakarlığı sayəsində əldə olunan Zəfər Azərbaycan tarixinin ən önəmli hadisələrindən biridir. Bu Zəfər xalqımızın özünəinam hissinin geri qaytarılması, milli qürurumuzun yenidən dirçəlməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

2020-ci il bütün bəşəriyyəti, o cümlədən Azərbaycanı yeni növ koronavirus pandemiyası təhlükəsi qarşısında qoysa da, özü ilə yanaşı çoxsaylı problemlər gətirsə də, dövlətimizin COVID-19 virusuna qarşı mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlər, Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində Azərbaycanın qlobal məsuliyyəti dərk edən ölkələr arasında ön sıralara yüksəlməsi olduqca önəmli faktdır. Azərbaycanın koronavirusa qarşı mübarizə məqsədilə insanlığı birliyə, humanizmə səsləyən təşəbbüsləri, ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına nail olması, Azərbaycan Prezidentinin təşəbbüslərinin qlobal miqyasda böyük dəstək qazanması təkcə son 3 ilin deyil, daha geniş bir zaman kəsiyinin ən böyük nailiyyətlərindən biridir.

 

Xalqın doğru seçimi onun tarixi qələbəsinin təminatı oldu

 

Fazil MUSTAFA,

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini:

- 2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Bu tarixdən iki il öncə Aprel döyüşləri olmuşdu və Azərbaycanda sağlam düşünən hər kəs anlayırdı ki, bu döyüşlərdə azad olunmuş Vətən torpağının kiçik bir parçası sadəcə təsəlli üçün abadlaşdırılmırdı...

Şuşa məscidinin modelində Cocuq Mərcanlıda ibadət yeri boşuna ucaldılmırdı. Həm də Prezident İlham Əliyev birbaşa Şuşada Gövhər Ağa məscidinin bərpa olunacağını Cocuq Mərcanlıdan yüksək səslə və böyük inamla bəyan edirdi. Və keçirilən referendum nəticəsində böyük missiyanı yerinə yetirmək üçün prezidentlik müddətinin beş ildən yeddi ilədək artırılmasına vətəndaşların müsbət səs verməsi ölkəmizin tarixində yeni bir mərhələnin başladığının anonsunu verirdi. Çünki qarşıda dövləti və milləti gözləyən böyük savaşda ölkənin bütün resurslarının səfərbər olunması və dəmir intizamın yaradılması ən vacib şərtlərdən biri idi. Üstəlik 2003-cü ildə ilk dəfə prezident seçildiyi tarixdən başlayaraq İlham Əliyev müdafiə xərclərinin dinamik artımını təmin edərək ordu quruculuğunu prioritet məsələ olaraq diqqətdə saxlayırdı.

Üç il öncə aprelin 11-də seçki oldu və Prezident İlham Əliyev dördüncü dəfə xalqın etimadını qazanaraq yüksək səs çoxluğu ilə ölkənin ən ali kürsüsünə yenidən  seçildi. Bu tarix həm də Azərbaycan dövlətinin və xalqının növbədənkənar, təxirəsalınmaz və inanılmaz dərəcədə mümkünsüz görünən bir probleminin çözülməsi üçün başlanğıc oldu. Qarabağın azad olunmasının ilk anonsu məhz xalqın, cəmiyyətin 11 aprel 2018-ci ildə Prezidentə yenidən etimadı, inamı oldu.

Maraqlıdır ki, 11 apreldə prezident seçilən İlham Əliyevin ilk fərmanı da istisnasız olaraq şəhid ailələrinə 11 min manatlıq birdəfəlik müavinətin verilməsi barədə oldu. Böyük Vətən savaşına hazırlıq məhz şəhid ailələrinə verilən dəyərdən başlamalıydı və bu addım 44 günlük Vətən savaşının ilk günündən səfərbərlik idarələrinin qarşısına axın edən Azərbaycan gənclərinin simasında öz effektini göstərdi. Hər bir sağlam ruhda böyüyən Azərbaycan insanı ölkə prezidentinin səfərbərlik çağırışı ilə könüllü şəkildə şəhidliyi və qaziliyi şərəf mərtəbəsi kimi anlayaraq torpaqlarımızın işğaldan azad olunması mübarizəsinə qoşuldu. Bu mübarizədə Ali Baş komandan kimi İlham Əliyevin həm hərbi, həm diplomatik, həm də təbliğat sahəsində göstərdiyi möhtəşəm performans milli ruhun yenidən dirilişi üçün ən vacib amilə çevrildi.

11 aprel seçkilərindən ötən üç il bəlkə də Azərbaycan tarixinin ən gərgin və taleyüklü bir dövrü kimi yaddaşlarda yer alacaq.

COVID-19 pandemiyasının dəhşətli nəticələrini çevik zərərsizləşdirərək ölkə vətəndaşlarının can güvənliyini qoruya bilmiş Prezidentin nə qədər böyük sıxıntılara sinə gərdiyinin hamımız şahidi olmuşuq. O, ölkəni bu bəladan ən az itkilərlə çıxarmaq üçün mobil bir səfərbərlik təşkilatçılığı göstərməklə yanaşı, istər Tovuz hadisələrində, istərsə də 44 günlük savaşda vəhşi düşmən qarşısında qələbəmizi təmin edən böyük Sərkərdə iradəsi və Lider qətiyyəti göstərdi. Xalqın doğru seçimi onun tarixi qələbəsinin təminatı oldu.

Bu gün Prezident İlham Əliyev haqlı olaraq dünya siyasətində söz sahibi olan bir lider olaraq qəbul olunur və işğaldan azad olunmuş ərazilərimizin bərpası üçün Böyük Qayıdış missiyasına uğurla rəhbərlik edir. Millətini zəfərə daşıyan liderin əsas dayağı qələbə ruhu yenidən canlanan böyük Azərbaycan xalqının birliyidir.

 

İlham Əliyevin adı əbədi olaraq tariximizə qızıl hərflərlə yazılıb

 

Tahir KƏRİMLİ,

Vəhdət Partiyasının sədri,

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini:

- Son illər Azərbaycan tarixində çox mühüm nailiyyətlər əldə edilib. Baş verən proseslər, qazanılan uğurlar müstəqillik tariximizdə qızıl hərflərlə qeyd edilib.

2018-ci ildə keçirilən prezident seçkilərindən dərhal sonra cənab İlham Əliyevin özünün islahatlar proqramını təqdim etməsi və 9 istiqamət üzrə yol xəritələrinin müəyyənləşdirilməsi ən mühüm hadisə oldu. Ölkədə institusional islahatlara start verildi. Sosial-iqtisadi, siyasi, struktur, məhkəmə-hüquq islahatları çərçivəsində böyük dəyişikliklər baş verdi.

Bu islahatların tərkib hissələrindən biri olan Milli Məclisə keçirilən növbədənkənar seçkilər də yeniliklərlə yadda qaldı. Parlamentin rəhbərliyi dəyişdi, Milli Məclisin və onun komitələrinin rəhbərliyində müxalifət partiyalarının nümayəndələri təmsil olundular.

Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı və mütəmadi olaraq partiya sədrləri ilə görüşlər keçirilir. Bu görüşlərdə partiyalar və dövlət münasibətləri, siyasi partiyalar və parlament fəaliyyəti ətrafında səmərəli və işgüzar söhbətlər aparılır. Bu görüşlərlə hökumətlə partiyalar arasında koordinasiya yaranıb. Ümummilli məsələlərlə bağlı birgə bəyanatlar qəbul edilib.

Eyni zamanda ölkədə ciddi kadr islahatları aparıldı. Prezident İlham Əliyev gənclərə meydan verdi. Müasir düşüncəli kadrların irəli çəkilməsi də müsbət qiymətləndirildi. Nazirlər Kabinetində, Prezident Adminstrasiyasında aparılan struktur və kadr islahatları da daxil olmaqla bütün bunları son 30 ilin ən böyük islahatları adlandırmaq olar.

Prezidentin həyata keçirdiyi iqtisadi islahatlar isə Azərbaycana böyük uğurlar qazandırdı. Bu islahatlarla korporativ idarəetmə mexanizmləri, vahid mərkəzdən idarəetmə sistemləri formalaşdı, müşahidə şuraları yaradıldı. Hazırda da bu istiqamətdə işlər davam etməkdədir və yaxın gələcəkdə bu müsbət effektini verəcək.

Ən nahayət, bütün bu proseslərin kulminasiya nöqtəsi 2020-ci ildəki 44 günlük Vətən müharibəsində əldə edilmiş böyük qələbəmiz oldu. Xalqımızın arzusunu İlham Əliyev gerçəkliyə çevirdi. Prezident kimi diplomatik gedişləri, Ali Baş Komandan kimi qətiyyəti ilə İlham Əliyev Qarabağı düşmən tapdağından azad etdi. Müzəffər Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu. Bu son 200 illik tariximizdə qazandığımız ən böyük qələbə oldu. İlham Əliyev Ali Baş Komandan, Baş Sərkərdə kimi də özünün bacarığını, qabiliyyətini göstərdi. Bu da ordumuzda, xalqımızda qələbəyə inam hissini daha da artırdı. Hamımız çəkici bir zindana vurub Prezidentimizin ətrafında yumruq kimi birləşdik. Bu mütəşəkkillik, möhkəm birlik qələbəmizi şərtləndirdi və bütün bunlara əsasən deyə bilərəm ki, İlham Əliyevin adı əbədi olaraq tariximizə qızıl hərflərlə yazıldı.

 

Əldə edilən uğurlar birbaşa İlham Əliyevin adı ilə bağlıdır

 

Fərəc QULİYEV,

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri:

- Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlara nəzər salsaq görərik ki, istər daxili, istərsə də xarici siyasətdə böyük nailiyyətlər əldə edilib. Son üç ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar davamlı xarakter daşıdı. Bu islahatlar ilk növbədə Azərbaycanın qüdrətinin daha da artmasına xidmət etdi.

Prezidentin son üç ildəki fəaliyyəti əslində ondan əvvələ qədər nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıya qoyulan məqsədlər idi. Yəni bu, əvvəlki illərin məntiqi sonluğu, məntiqi davamı idi. Hesab edirəm ki, bu dövrdə çox mühüm işlər həyata keçirildi və uğurlar əldə edildi. Bəzən bunu siyasi rəqiblər qərəzli şəkildə qeyd etmək istəmirlər. Amma siyasi rəqabət reallığı danmaqdan ibarət deyil, yaxşı alternativlər təklif etməkdən ibarətdir. Bizim məqsədimiz Azərbaycanın rifahının yaxşılaşdırılması, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün təmin olunmasıdır. Ərazimizin təmin olunması məsələsini ona görə xüsusi vurğulayıram ki, əslində aparılan bütün siyasi proses işğal altında olan torpaqlarımızın geri qaytarılmasına yönəlmişdi. Çünki 30 il ərzində Azərbaycan əraziləri işğal və talan olunmuş ölkə idi. Bu ərazilərin xilas olunması üçün müxtəlif variantlar təklif olunurdu. Ancaq sonucda müharibə variantı seçildi və Azərbaycan Prezidentinin prinsipial qərarları, siyasi-diplomatik bacarığı və Ali Baş Komandan qətiyyəti ilə işğal altında olan torpaqlarımız geri qaytarıldı.

Bəzən bütün prosesləri 44 günlük Vətən müharibəsinə bağlayırlar. Ancaq İkinci Qarabağ müharibəsi sadəcə nəticə idi. Çünki buna qədər çox ciddi hazırlıqlar görülmüşdü. Əldə edilən uğurlu nəticələr bu günə qədər Prezident İlham Əliyevin apardığı siyasi-iqtisadi islahatlardan çox asılı oldu. Buna qədər milli birliyin yaranması, 50 siyasi partiyanın birlikdə ortaya mövqe qoyması, birlik nümayiş etdirilməsi, kənar güclərin burdakı maşalarının neytrallaşdırılması mühüm məsələ idi. Bununla yanaşı, iqtisadiyyatımızın dirçəldilməsi və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, yaxşı ordu quruculuğu, gənclərimizin vətənpərvərlik ruhunda hazırlanması bunun məntiqi ardıcıllığını təşkil edirdi.

Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da uğurlu islahatların tərkib hissəsi idi. Bu şöbənin rəhbəri Ədalət Vəliyevin fəaliyyəti nəticəsində Prezidentin ortaya qoyduğu istəklərin reallaşması mümkün oldu. Bütün siyasi güclərlə əlaqələrin qurulması, dialoq mühitinin yaradılması çox əhəmiyyətli oldu. Çünki savaş zamanı dialoqun nəticələri özünü göstərdi, 50 siyasi partiya ortaq mövqedən çıxış etdi.  Hər kəs bu savaşda əsgər kimi iştirak etməyə hazır olduğunu bəyan etdi və bu da dünyada bir nümunə kimi qiymətləndirildi.

Böyük uğurlara imza atan Prezident İlham Əliyev adını tariximizə əbədi yazdırdı və bu, onun haqqıdır. Cünki cənab İlham Əliyev məhz bu dövrdə xalqın 30 il həsrətlə gözlədiyi məsələyə son qoyub. Əminliklə deyə bilərəm ki, Prezidentin yürütdüyü siyasi kurs xalqın istəyinə uyğundur və bundan sonrakı fəaliyyətində də dövlət başçısına uğurlar arzulayırıq.

 

İlham Əliyev Azərbaycanı regionun liderinə çevirib

 

Arzuxan ƏLİZADƏ,

Azərbaycan Milli İstiqlal Partiyasının sədri:

- Prezident İlham Əliyevin növbəti dəfə dövlət başçısı  seçilməsindən ötən üç il ərzində ölkəmizdə və dünyada baş verən hadisələri analiz etdikdə görürük ki, çox mürəkkəb tarixi bir mərhələdən  keçmişik. Dövlətlərarası münasibətlər  sistemində ciddi siyasi proseslərlə müşayiət olunan bu illər ərzində Azərbaycanın iqtisadi və siyasi baxımdan güclənməsi ilə həm də yerləşdiyimiz regionda yeni və fərqli bir ortam formalaşıb.

Azərbaycan artıq regionun şəriksiz liderinə çevrilib. Bununla yanaşı, qardaş Türkiyənin də regionda siyasi mövcudluğu Azərbaycan Prezidentinin bu istiqamətdə yürütdüyü siyasətin uğuru kimi dəyərləndirilməlidir.

Son üç il ərzində əldə olunmuş bir sıra uğurlarla yanaşı, 2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını da qeyd etməmək mümkün deyil.

Ötən ilin əvvəllərindən başlayaraq dünyanı ağuşuna alan koronavirus pandemiyasına qarşı mübarizə sahəsində də Azərbaycanda bir çox ölkələrə örnək ola biləcək addımlar atıldı ki, bu da təqdirəlayiqdir. Ötən il Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 4 may tarixində videoformatda keçirilən zirvə görüşünə təşkilatçılıq etdi. Həmin toplantının praktik nəticəsi olaraq, COVID-19 ilə mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və digər tələblərinə dair məlumat bazasının yaradılması üçün İşçi Qrupunun təsis edilməsi qərara alındı. Daha sonra İlham Əliyevin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci tarixində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı xüsusi sessiyası keçirildi.

Prezident İlham Əliyev 2018-ci il seçkilərindən sonra ölkədə bir sıra sferalarla yanaşı, ciddi siyasi islahatların da həyata keçiriləcəyi anonsunu vermişdi və biz həqiqətən də reallıqda ölkədə yeni siyasi münasibətlərin, yeni siyasi konfiqurasiyanın formalaşdığının şahidi olduq. Bu, ilk növbədə siyasi partiyalara münasibətdə özünü göstərdi. Ölkədə bir ilk olaraq Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi formalaşdırıldı və bu şöbə vasitəsilə istisnasız olaraq bütün qeydiyyatdan keçən siyasi təşkilatlarla əlaqələr quruldu.

Bunun ardınca korrupsiya və rüşvətə qarşı kampaniyaya start verildi və bir sıra mərkəzi və yerli icra strukturlarının rəhbərləri cəzalandırıldılar ki, bu da ictimaiyyət tərəfindən olduqca müsbət qiymətləndirildi. Çünki korrupsiya, rüşvət, məmur özbaşınalığı, iqtisadi sferada monopoliyanın mövcudluğu istənilən ölkənin inkişafına, dövlətin güclənməsinə və insanların maddi rifah halının yüksəlməsinə ciddi maneədir və bu səbəbdən də sadalanan neqativ hallara qarşı davamlı mübarizə aparılması həm də bir sosial sifarişdir.

Nəhayət, İlham Əliyevin hazırkı prezidentlik fəaliyyətinin ən uğurlu və Azərbaycanın tarixi yaddaşından heç zaman silinməyəcək hadisəsi 30 ilə yaxın bir müddət ərzində işğal altında olan torpaqlarımızın azad edilməsidir. Məlumdur ki, bu Qələbəyə çatmaq üçün dövlət olaraq uzun bir yol keçmişik və artıq heç kimə sirr deyil ki, buna dövlətimizin iqtisadi gücünün siyasi, diplomatik və hərbi sahədə maddiləşməsi yönündə aparılan uğurlu siyasət sayəsində nail olmuşuq. Bununla yanaşı, hesab edirəm ki, dövlət və millət olaraq bizi bu böyük zəfərə daşıyan başlıca amillərdən biri də ölkədə bir barış mühitinin formalaşmasıdır. Ən azından son bir il ərzində bu istiqamətdə görülən işlər də Prezident İlham Əliyevin hazırkı dönəm prezidentliyinin əsas uğurlarından biri kimi qiymətləndirilməlidir.  

 

İlham Əliyevin adı tarixə Müzəffər Sərkərdə kimi yazıldı

 

Əlisahib HÜSEYNOV,

Milli Həmrəylik Partiyasının sədri:

- 11 aprel prezident seçkilərindən artıq üç il keçir. Üç il böyük tarixin ümumi mənzərəsi kontekstində əslində çox kiçik bir zaman kəsimidir. Lakin bu üç il ərzində Azərbaycanın ictimai-siyasi həyatında olduqca böyük tarixi hadisələr baş verib, mühüm proseslər yaşanıb. Bu baxımdan son üç ili Azərbaycan üçün Böyük Tarix, epoxa kimi də dəyərləndirmək olar.

Bu epoxa 11 aprel seçkilərində İlham Əliyevin Azərbaycan seçicilərinin 86 faizindən çoxunun səsini qazanaraq yenidən ölkə prezidenti seçilməsi ilə başladı. Bu, olduqca yüksək göstərici idi. Yəni, bununla 4 milyondan çox potensial seçici elektoratının timsalında Azərbaycan xalqı əvvəlki 15 il ərzində həyata keçirilən siyasi kursu dəstəklədiyini nümayiş etdirdi və yeni dövrdə görüləcək böyük işlər üçün Prezidentə etimad göstərdi. Bu mənada son üç il Prezidentin özü üçün də, Azərbaycan xalqı üçün də böyük sınaqlar və uğurlar mərhələsi kimi səciyyələndirilə bilər.

Bu gün əvvəlki 15 il ərzində düzgün təməli qoyulan effektiv xarici və daxili siyasət sayəsində qazanılan böyük uğurlarımızın hamısı göz qabağındadır. Əgər ümumiləşdirmə aparsaq, Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son üç ildə  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət üçün yenə də prioritet təşkil edib. Biz bu gün dövlət başçısının hələ seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və siyasi sahədə köklü islahatların aparılacağı ilə, yeni siyasi konfiqurasiyanın qurulacağı ilə bağlı vədlərinin son üç il ərzində ardıcıl olaraq yerinə yetirildiyinin şahidi oluruq. Ötən üç il ərzində Prezident İlham Əliyev xalqla təmasları daha da artırdı və vətəndaşları narahat edən məsələləri,  problemləri birbaşa onların öz dilindən dinləməyə üstünlük verdi.

Mən son üç ildə İlham Əliyevin dörd mühüm məsələdə əldə etdiyi uğurları xüsusilə qeyd etmək istəyirəm. Struktur islahatlarının və kadr dəyişikliklərinin həyata keçirilməsi, iqtisadi sferada islahatların gerçəkləşdirilməsi; Siyasi islahatlara start verilməsi, yeni siyasi konfiqurasiyanın təşəkkül tapması, siyasi dialoq prosesinin dərinləşdirilməsi; COVID-19 pandemiyasına qarşı səmərəli mübarizənin təşkili; Siyasi qüvvələrin həmrəyliyinə nail olunması və torpaqlarımızın işğaldan azad edilməsi. 

Hakimiyyətdə olduğu illər ərzində Dağlıq Qarabağ probleminin həlli İlham Əliyevin yürütdüyü siyasətin daim ana xəttini təşkil edib. Lakin son 3 il ərzində İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasətin getdikcə daha da intensivləşməsi nəticəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün tam əlverişli zəmin yarandı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandanımızın çevik siyasəti və sərkərdəlik məharəti ilə azad olundu. Ordumuzun gücü, qüdrəti qarşısında Ermənistan diz çökdü, kapitulyasiya aktına imza atdı. 30 ilin ədalətsizliyinə və nisgilinə son qoyuldu.

Beləliklə, Ali Baş Komandanımız İlham Əliyevin adı tarixə Müzəffər Sərkərdə kimi, Azərbaycan xalqı yenilməz xalq kimi, Ordumuz isə qalib ordu kimi düşdü.

44 gün davam edən Vətən müharibəsi zamanı ölkəmizin siyasi mühitində də əvvəllər heç vaxt müşahidə olunmayan tarixi prosesin şahidi olduq. Belə ki, ölkədə fəaliyyət göstərən 50 siyasi partiya siyasi konsensus və milli birlik mövqeyindən çıxış edərək birgə bəyanat imzaladı və siyasi partiya sədrləri müharibənin ilk günlərindən Ali Baş Komandanın yanında olduqlarını, ordumuzun haqq işi uğrunda apardığı mübarizəsini dəstəklədiklərini bildirdilər, bəyan etdilər. Bu həqiqətən də misli görünməmiş bir hadisə idi və eyni zamanda yeni siyasi mədəniyyət nümunəsi idi. 44 günlük müharibə dövründə siyasi partiyaların başlatdığı bu birlik, həmrəylik prosesində sədri olduğum Milli Həmrəylik Partiyasının da yer aldığını xüsusi qürur hissilə qeyd etmək istəyirəm. Biz də bu prosesə bacardığımız qədər öz töhfəmizi verdik.

Bu gün dövlət başçısı tərəfindən milli maraqlarımıza cavab verən siyasət yürüdülürsə, bu siyasət istər-istəməz həm bölgənin lider dövləti statusunu qorumağımıza yardımçı olacaq, eyni zamanda da ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasını stimullaşdıracaq.

Bir sözlə, İlham Əliyevin son üçillik fəaliyyəti tarixçilər üçün ayrıca bir araşdırma mövzusu olmaqla bərabər, həm də Azərbaycanın gələcək uğurları üçün əlverişli zəmin rolunu oynayacaq.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM