15 Oktyabr 2021 00:45
2097
CƏMİYYƏT
A- A+

İlham Əliyevin “ASAN” modeli dünyada ən mükəmməl nümunələrdəndir


Bu gün cənab İlham Əliyevin Prezident seçilməsindən 18 il ötür. Bu müddət Azərbaycan tarixinin ən möhtəşəm inkişaf dövrü olmaqla yanaşı, həm də vətəndaş-dövlət münasibətlərinin ən möhkəm olduğu mərhələdir. 
İlham Əliyev fəaliyyətə başladığı ilk gündən dövlət orqanları qarşısında əhalinin problemlərinin operativ öyrənilməsini və səmərəli həllini ən vacib vəzifə kimi müəyyənləşdirib. Özü bu sahədə ən mükəmməl nümunəni yaratmaqla rəsmi strukturların və şəxslərin məhz xalqın xidmətçisi funksiyası daşıdıqlarını daim təbliğ edib.


“ASAN xidmət” sisteminin yaradılması da Prezidentin bu siyasətinin real təcəssümüdür. Dünyada bu sahədə ən təkmil örnək kimi qəbul edilən “ASAN” modeli Azərbaycanın daha doğrusu, məhz Prezident İlham Əliyevin yaratdığı brenddir. 

 

İctimai xidmətlər sahəsində inqilabi dəyişiklik edən Azərbaycan brendi

Ümumiyyətlə, sirr deyil ki, İlham Əliyevin müəllifi olduğu “ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsində inqilabi dəyişiklik sayılır. Eyni zamanda bu, yeni davranış qaydalarının tətbiq edilməsidir. 
Əvvəllər xidmət sektoru problemli sahə idi. Həm qanun pozuntuları olurdu, həm diqqətsizlik, vətəndaşlara bir çox hallarda hörmətsizlik edilirdi, həm də laqeyd münasibət göstərilirdi. Vətəndaşlar onlara çatacaq sənədləri, arayışları günlərlə, həftələrlə ala bilmirdilər, yaxud da onlardan nə isə istənilir, qanunsuz tələblər irəli sürülürdü. Ona görə də Prezidentin söylədiyi kimi, ictimai xidmətlər sahəsində “ASAN xidmət”in xətti ilə aparılan islahatlar nəinki bu sahəni nümunəvi sahəyə çevirdi, eyni zamanda, cəmiyyətdəki münasibətlərə də çox müsbət təsir göstərdi.
Azərbaycan Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb.
Hazırda 21 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə fəaliyyət göstərir. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir. “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir. Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 597 mindən çox vətəndaşın 47 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.
Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 444 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Bu konsepsiyanın bir komponenti də könüllülərdir. Prezidentin söylədiyi kimi, “ASAN xidmət” həm də gənclər mərkəzidir. Fəaliyyətə başladığı ilk gündən bu prosesə 27000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 3000-dən çox təlim, 650-dən çox layihə keçirilib və 2700-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

 

Vətəndaşa ünvanında xidmət göstərən səyyar “ASAN”

Sözün həqiqi mənasında, Azərbaycanın intellektual məhsulu olan bu mərkəzlər vətəndaş məmnunluğunun qazanılmasına xidmət edir. Artıq vətəndaş üçün vaxt itkisi yoxdur. Hələlik “ASAN xidmət” mərkəzləri olmayan rayon və qəsəbələrdə vətəndaşlara səyyar formada xidmət göstərilir. “ASAN qatar” və ya səyyar “ASAN xidmət” avtobusu vətəndaşın ünvanına gedir. 
Azərbaycanı qarış-qarış gəzən səyyar avtobusun bu günlərdə dayanacağı Cəlilabad şəhəridir. Səyyar “ASAN xidmət” avtobusu oktyabrın 
5-dən etibarən Cəlilabad Şəhər Bələdiyyəsinn qarşısında vətəndaşlara xidmət göstərəcək. 
Rayon sakinləri çox rahatlıqla xidmətə müraciət edərək istədikləri sənədləri bir neçə dəqiqənin içərisində ala bilirlər. Cəlilabada təşkil olunan media-tur zamanı biz də bu proseslərə bir daha şahidlik etdik. 
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyir ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus və “ASAN qatar” səyyar formada əhaliyə xidmət göstərir. Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Ümumilikdə Cəlilabadda səyyar xidmət 13 dəfə gerçəkləşib. Səyyar “ASAN xidmət” avtobusları vasitəsilə mərkəzə 34 minə yaxın vətəndaş müraciəti daxil olub.
 Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
Cəlilabad şəhərində fəaliyyət göstərən səyyar “ASAN xidmət” avtobusunun növbəti dayanacağı Astara rayonu olacaq.
 Elnur Niftəliyevin sözlərinə görə, 2013-cü ildən həyata keçirilən səyyar “ASAN xidmət” vasitəsi ilə mərkəzə ümumilikdə 2 milyon 500 minə yaxın, 2021-ci il ərzində isə 108 minə yaxın vətəndaş müraciəti daxil olub.


 
İşlər ASAN olanda vətəndaş məmnun qalır  

Rayon sakini Həbib Əzimov etibarnamə almaq üçün səyyar xidmətə müraciət etmişdi. Sənədləri hazır olana qədər bizimlə söhbətində maraqlı fikirlər səsləndirdi. Onun sözlərinə görə, “ASAN xidmət” yaranandan hər kəsin işi rahatlıqla qaydasına düşüb. Çünki kənd və rayon əhalisinin daim işlə-güclə, təsərrüfatla məşğul olduğu üçün hansısa sənəd almağa çox vaxtı olmur. Amma bu xidmət vətəndaşları tam məmnun edib: 
“Etibarnamə almağa gəlmişəm. 10-15 dəqiqəyə sənədləri qaydasına salıb təqdim edirlər. Səyyar avtobus Cəlilabada tez-tez gəlir və biz də rahat şəkildə çatışmayan, vaxtı ötən sənədlərimizi yeniləyirik. Sağ olsun dövlət başçımız ki, ölkə vətəndaşlarının rahatlığı üçün belə bir nümunəvi xidmət yaradıb. Əvvəllər qapılarda saatlarla gözləyirdik. Bir möhürdən ötrü günlərlə idarələrin qabağında qalırdıq. İndi 5-10 dəqiqə içərisində istənilən məsələ həll edilir. Bundan yaxşı xidmət nə ola bilər ki? Bu, əladı və xalq da çox razıdır”.
Ağsaqqal Həbib Əzimov da xidmətdən razılıq edir. Deyir ki, “ASAN xidmət” yaranmadan öncə hər hansı bir sənədi almaq üçün Lənkəran şəhərinə üz tuturdular. Bu da həm vaxt itkisi, həm də çox xərc aparırdı. İndi isə dövlət elə bir xidmət yaradıb ki, o, özü vətəndaşın ünvanına gəlib nə lazımdırsa həll edir: “Əvvəllər çox çətinlik çəkirdik, amma indi işlər çox asanlaşıb. Rayonumuzda belə xidmət yox idi. Banklarda, poçtlarda növbə gözləyirdik. İndi nə işimiz oldu səyyar avtobus gələndə tez bir zamanda həll edirik. Dövlətmizə, Prezidentimiz 
İlham Əliyevə təşəkkür edirik ki, rayonlarda yaşayan əhalinin işinin asanlaşması üçün mütəmadi olaraq qərarlar verir, yeni xidmətlər yaradır. Səyyar “ASAN xidmət” avtobusu da onlardan biridir. Hamıya eyni münasibət, eyni diqqət göstərilir. Növbə ilə hər kəs istədiyi məsələni çox rahatlıqla həll edib sevinə-sevinə evinə qayıdır. Belə xidmət heç bir yerdə yoxdur. Allah Prezidentimizdən razı olsun”.
Göründüyü kimi, xidmətə müraciət edən hər bir kəs məmnunluq ifadə edir. Çünki siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan Prezident İlham Əliyev 18 ildə xalqın rahatlığı üçün nə mümkündürsə edib. 
Dövlət agentliyinin “ASAN”ı və onun səyyar xidmətləri bir daha təsdiq edir ki, cənab İlham Əliyevin vətəndaşlara daim diqqət və qayğı göstərilməsi ilə bağlı tapşırığı, habelə bir sıra tövsiyələri effektiv üsullarla yerinə yetirilir. Milli brendimiz olan “ASAN xidmət” fəaliyyətini getdikcə daha da şaxələndirir. Bu isə o deməkdir ki, tezliklə vətəndaşın məmnunluq əmsalı birmənalı şəkildə 100 faiz təşkil edəcək.

 

Rəşad BAXŞƏLİYEV,
Elçin CƏFƏROV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video