14 Aprel 2020 00:53
3242
SİYASƏT
A- A+

İlham Əliyevdən növbəti qlobal təşəbbüs


Azərbaycan Prezidenti Türk Şurasının fövqəladə Zirvə görüşündə dünyanı pandemiyaya qarşı mübarizədə həmrəyliyə, birgə əməkdaşlığa çağırdı


Dünyanın koronavirus təhlükəsi ilə üzləşdiyi vaxtda türkdilli dövlətlərin daha sıx həmrəylik nümayiş etdirmələri bir çox ölkələrə, təşkilatlara nümunədir.

Qətiyyətli qərarları, qlobal təşəbbüsləri ilə hər zaman örnək olan Prezident İlham Əliyev bu dəfə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti tarixində, həm də beynəlxalq təşkilatların tarixində yenilik olaraq videokonfrans vasitəsi ilə fövqəladə Zirvə toplantısı keçirməklə daha bir ilkə imza atdı. Bu, həmrəylik, birlik üçün dünya dövlətlərinin rəhbərlərinə bir mesaj idi.


Azərbaycan etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi


Türk Şurası dövlət başçıları səviyyəsində qlobal pandemiyaya həsr olunmuş toplantı keçirən ilk beynəlxalq təşkilat oldu. Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi idi.

Ümumiyyətlə, koronavirus pandemiyasının geniş yayıldığı çətin bir dövrdə prezidentləri bir araya gətirmək və Zirvə görüşünün Bəyannaməsini qəbul edərək dünya dövlətlərini, beynəlxalq təşkilatları infeksiyaya, çətinliklərə, fəlakətlərə qarşı birgə mübarizəyə səsləmək cənab İlham Əliyevin xalqların birliyinə, həmrəyliyinə olan inamının ifadəsidir.

Türk Şurasının sədri kimi cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə görüşü indiki çətin şəraitdə milli səviyyədə təcrübəni bölüşmək, ölkələr tərəfindən bir-birinə dəstək göstərmək baxımından çox mühüm əhəmiyyət daşıyır. Koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığa və dialoqa daha çox ehtiyac duyulduğu bir dövrdə Azərbaycan etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi.

Prezident bildirdi ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir: "Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünə qapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır”.

Ümumiyyətlə, Türk Şurasına sədrliyi dövründə Azərbaycan üzv dövlətlər arasında əməkdaşlığın və həmrəyliyin daha da genişlənməsinə daim öz töhfəsini verib. Ölkəmiz eyni zamanda təşkilatın beynəlxalq nüfuzunun artması yönündə mühüm addımlar atıb.


Koronavirusla mübarizədə Azərbaycan nümunəsi


Videokonfrans zamanı Türk Şurasına üzv dövlətlərin rəhbərləri çətin dövrdə Azərbaycan Prezidentinin atdığı qətiyyətli addımları alqışladıqlarını, pandemiya ilə mübarizədə dövlətimizin qabaqlayıcı tədbirlər həyata keçirərək çoxlarına nümunə olduğunu diqqətə çatdırdılar.

Digər əlamətdar məsələ isə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru doktor Tedros Adhanom Gebreyesusun bu Zirvə görüşünə qatılması idi. Bu da Azərbaycanın dəvəti ilə baş tutmuşdu və Türk Şurasının toplantısına həm də digər bir beynəlxalq təşkilatla birgə fəaliyyət, əməkdaşlıq keyfiyyəti qazandırır. ÜST-ün baş direktoru ölkəmizlə əməkdaşlıqdan məmnuniyyətini dilə gətirərək Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirdi və bundan sonrakı mərhələdə koronavirusa qarşı mübarizədə daha yeni vasitələrlə birgə mübarizənin əhəmiyyətindən danışdı.

Azərbaycanın pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayan dövlət başçısı ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər barədə geniş məlumat verdi. Hər kəs Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynadığının bir daha şahidi oldu.

Zirvə görüşündə həmçinin pandemiyanın yaratdığı sosial-iqtisadi problemlərə də toxunuldu. Dövlət başçıları iqtisadi itkilərin minimuma endirilməsi məsələsini gündəmə gətirdilər. Prezidentlər Azərbaycanın həyata keçirdiyi qlobal tranzit layihələrinin hazırkı iqtisadi kommunikasiya sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər. Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi bir daha vurğulandı və qarşılıqlı iqtisadi mənafelərin təmin edilməsi baxımından olduqca yüksək qiymətləndirildi.

Bütövlükdə isə Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Şurasının Zirvə toplantısı həm şura üzvlərinin həmrəyliyi və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı kontekstində, həm də hazırkı vəziyyətdə qlobal təhlükəyə qarşı birgə mübarizə səylərində vacib və əhəmiyyətli tarixi bir hadisə kimi yadda qaldı.


Pandemiya dövründə Azərbaycan vasitəsi ilə 180 min tondan artıq yük daşınıb


Prezident İlham Əliyevin və quruma üzv olan digər ölkə liderlərinin çıxışlarından bir daha bəlli oldu ki, üzv ölkələrinin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görür.

Hətta pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsi ilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur.

Bir sözlə, bütün çıxışlardan bəlli oldu ki, dostluq və qardaşlıq təməlləri əsasında qurulan Türk Şurasına sədrliyi dövründə Azərbaycan dünyada təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində əlindən gələni əsirgəmir.

Prezident İlham Əliyev çıxışı zamanı həmçinin bildirdi ki, mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir: "Səhiyyə xidmətləri sahəsində əməkdaşlığımız, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi, birgə tibbi komissiyaların yaradılması üçün yaxşı imkanlar vardır. Bundan əlavə, sərnişin nəqliyyat daşımalarının müvəqqəti bağlanmasına görə ölkələrimizin ərazisində qalan bir-birimizin vətəndaşlarına dəstək və yardım göstərməyimiz vacibdir. Bizim gördüyümüz bu tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatlarımızın davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır. Ümid edirəm ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcəkdir.”

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video