12 Oktyabr 2021 01:19
1181
SİYASƏT
A- A+

İlham Əliyevdən erməni revanşistlərinə xəbərdarlıq: “Ağlınızı başınıza yığın”

 

Prezident İlham Əlitevin bu il oktyabrın 3-4-də Bərdə, Tərtər və Cəbrayıl rayonlarına səfəri digər bölgələrə bu günədək olan səfərlərə zahirən bənzəsə də, mahiyyət etibarilə fərqli idi.

Dövlət başçısı Suqovuşandakı çıxışında dövlətin xarici və daxili siyasətinin ana xəttinin mahiyyyətinin, inkişaf istiqamətlərinin, iqtisadi və müdafiə prinsiplərinin başlıca istiqamətlərini müəyyən etməklə yanaşı, məğlub edilən Ermənistanda dingildəyən, yeni müharibə ssenariləri cızan revanşist qüvvələrə sərt mesajlar göndərdi, “Dəmir yumruğ”un növbəti zərbəsinin daha sərt və amansız olacağını bəyan etdi.

Prezident qəsəbənin bir il əvvəl işğaldan azad edilməsini əlamətdar hadisə kimi qiymətləndirdi, bunun strateji baxımdan çox böyük əhəmiyyət kəsb etdiyini vurğuladı: “Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, birinci azad edilmiş kəndlərdən sonra, - birinci kəndlər sentyabrın 27-də müharibənin ilk günündə azad edilmişdi - 6 kənd, - oktyabrın 3-nə qədər hər hansı bir yaşayış məntəqəsi azad edilməmişdi”.

Azərbaycan Prezidentinin böyük qələbənin birinci ildönümü ərəfəsində işğaldan ilk azad edilən ərazilərə gəlməsini, bu yaşayış məntəqələrinin düşməndən azad edildiyi günü yerli sakinlərin nümayəndələri ilə birlikdə qeyd etməsini həm iqtidar-xalq birliyinin gücü, həm də hədələr və hiylələrlə revanşizmə can atan erməni siyasi elitasının üzünə çırpılan sillə kimi qiymətləndirmək mümkündür. Çünki bu gün regionda qalib Azərbaycanın və darmadağın edilən işğalçı Ermənistanın hansı hədəflərə can atdıqlarını aydın görmək mümkündür. Prezident bu səfər çərçivəsində müxtəlif tədbirlərdə iştirak etdi. “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlini qoydu, peşə liseyinin, su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışlarını etdi, avtomobil yollarını istifadəyə verdi və s. Ən başlıcası isə Suqovuşanda, Talış kəndində dövlət başçısı Azərbaycan bayrağını ucaltdı.

Son zamanlar regionda baş verən gərginliklərə və real təhlükələrə baxmayaraq, Azərbaycan dövləti xarici və daxili siyasətində dəyişməz qalır, sülhə, əmin-amanlığa və iqtisadi tərəqqiyə, bütün qonşu ölkələrlə qarşılıqlı əlaqələrin inkişafına can atır. 

Böyük qələbənin ildönümünə sayılı günlər qalsa da, Ermənistan hələ də sülh müqaviləsini imzalamamışdır. İşğalçı dövlətin siyasi elitası və Ermənistan diasporu danışıqlar masasına can atmaqdansa, Qarabağda məğlubuyyətlərini erməni xalqının faciəsi kimi təqdim edir, regional qüvvələri münaqişəyə cəlb etməyə çalışırlar. Rusiyanı Qarabağ müharibəsinə cəlb edə bilməyən erməni siyasi elitası və diasporu indi də İranı münaqişəyə təhrik etməyə, yeni gərginlik ocağı yaratmağa cəhd edirlər. Amma alınmayacaq. Azərbaycan Prezidentinin Suqovuşandan verdiyi mesajlar da nüfuzunu itirən, amma müharibə ritorikasından əl çəkə bilməyən siyasi liderlərə bu barədə xəbərdarlıq idi.

Prezident Suqovuşandakı çıxışında müharibə zamanı Ermənistan ordusunun məruz qaldığı dərin mənəvi-psixoloji sarsıntılardan danışdı: “Onların gözü qorxmuşdu və əlbəttə, bundan sonrakı dövrdə - oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Görürdülər ki, onların hakimiyyəti onlara yalan danışır, onları ölümə göndərir”.

İlham Əliyev həmişə qalib pozasında köpüklənən Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın düşdüyü acınacaqlı vəziyyəti də təhlil etdi, onun özünün fərari olduğunu dilə gətirdi: “Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir”.

Dövlət başçısı onu da xatırlatdı ki, Serjikin yetişdirməsi və sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda oğurluğa görə həbs edilmişdir. Serjik, əslində, ondan əvvəl həbs edilməli idi. Xocalı soyqırımını şəxsən törədən bütün oğurluqlarda və yüzlərlə cinayətdə əli olan bir caninin və qatilin azadlıqda gəzməsi elə erməni xalqının özü üçün ən böyük təhqirdir. Xocalıda dinc əhaliyə divan tutan bu qatilin azadlıqda gəzməsi kimə başucalığı gətirir? Azərbaycan Prezidenti Serjikin özünün bu cinayətləri etiraf etdiyini  deyir: “Bunun da izahatını vermişdi ki, azərbaycanlılar bilməlidirlər, Ermənistan ordusu dinc əhaliyə qarşı silah qaldıra bilər. Bu qanlı cinayətkar Serjik Sarkisyandır”.

Prezident Suqovuşandan bütün dünyaya bəyan etdi ki, müharibədə uduzan tərəf Serjik Sarkisyan və onun kimilərdir: “Serjik Ermənistanda müdafiə naziri olub. Serjik Ermənistanda baş nazir olub. Prezident Administrasiyasının rəhbəri olub, Təhlükəsizlik Nazirliyinin rəhbəri olub. Prezident olub 10 il ərzində. Bu ordunu yaradan Serjik deyil, kimdir? Biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik. Qoy o, bu məğlubiyyəti Paşinyanın üstünə atmasın. Paşinyan nə edib, o başqa məsələdir. Ancaq biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq. O, bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çöküb. Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm”.

İlham Əliyev bir daha bildirdi ki, bu sözləri deməklə naftalin qoxusu verən bir ünsürə yox, bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara xəbərdarlıq edir: “Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video