18 Dekabr 2018 00:40
1010
SİYASƏT
A- A+

İlham Əliyev Yerevana növbəti xəbərdarlığını etdi


"Nə vaxta qədər ki bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq”


Cənubi Qafqazda hadisələrin inkişaf axarını müəyyən edən əsas dövlət qismində çıxış edən Azərbaycan işğalçı Ermənistana getdikcə daha böyük zərbələr vurmaqdadır. Belə vəziyyət, öz növbəsində, Ermənistanın üzləşdiyi problemlərin miqyasının daha geniş xarakter almasına gətirib çıxarır.

Digər tərəfdən, o da məlum həqiqətdir ki, Ermənistanda uzun illər hakimiyyətdə olan kriminal xunta rejiminin çökməsində Azərbaycan Prezidenti İlham Əliyevin bu işğalçı ölkəyə qarşı tətbiq etdiyi təcrid siyasəti də mühüm rol oynayıb. Söhbət ondan gedir ki, məhz bu təcrid Ermənistanı regionda həyata keçirilən transmilli layihələrdən kənarda qoymaqla Azərbaycan təcavüzkar ölkəni böyük sosial-iqtisadi problemlər məngənəsinə yuvarlaya bilib. Nəticədə yaranmış durumdan bezən xalq Serj Sarkisyan iqtidarının devrilməsində mühüm rol oynayıb.

Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bu xüsusda bildirib: "Bildiyiniz kimi, bu il Ermənistanda çox ciddi dəyişikliklər baş vermişdir. İyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çökdü və bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq. Bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib”.

Həqiqətən də, Azərbaycanın həyata keçirdiyi regional layihələr işğalçı Ermənistanın təcridinin daha da dərinləşməsini, ölkədə sosial-iqtisadi müstəvidə vəziyyətin ağırlaşmasını sürətləndirib. Ermənilərin narahatlığını artıran digər məqam həyata keçirilən bu cür layihələrin Azərbaycanın müttəfiqlərinin sayını artırdığı halda, işğalçı ölkənin yanında heç kimin yer almamasıdır.

Bütün dünya dövlətlərinin ölkəmizin ərazi bütövlüyünü tanıması və dəstəkləməsinə toxunan Prezident bildirib: "Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olmuşdur. İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək öz həllini tapmışdır. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun Zirvə görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapmışdır. İkitərəfli imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır. Mən deyəndə ki bizim beynəlxalq nüfuzumuz artır, bunu nəzərdə tuturam. Eyni zamanda, Azərbaycan xalqı bunu yaxşı bilir ki, hətta Ermənistanın üzv olduğu, bizim üzv olmadığımız təşkilatlarda da bizim mövqeyimiz üstünlük təşkil edir və bu, Ermənistanda isterikaya səbəb olur”.

Xatırladaq ki, Avropa İttifaqı və Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri Sənədində Avropa İttifaqı tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə dəstək ifadə olundu. NATO-ya üzv ölkələrin liderlərinin Brüsseldəki sammitinin yekunlarına dair bəyannaməsində yer alanlar da Ermənistan üçün daha bir diplomatik zərbə oldu. NATO-nun Brüssel sammitində qəbul edilən Yekun Kommunikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının xüsusi olaraq qeyd edilməsi ölkəmizin yeni diplomatik uğuruna çevrildi.

Bununla yanaşı, o da aydındır ki, işğal siyasətinin davam etməsi fonunda Azərbaycanın gördüyü tədbirlər Ermənistanın iflasını daha sürətli vəziyyətə gətirəcək. Bu isə Ermənistanda çoxsaylı problemlərin miqyasını bir qədər də genişləndirəcək. Elə 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejimin hakimiyyətdən qovulmasını təmin edən məqamlardan biri də məhz Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti oldu. Eyni zamanda ordumuzun vurduğu zərbələr də burada öz rolunu oynadı.

Yuxarıda qeyd olunan tədbirdə çıxışı zamanı Prezident İlham Əliyev bununla bağlı qeyd edib: "İşğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olmuşdur. O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni, bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik”.

Qeyd olunduğu kimi, bütün bunlara görə məsuliyyət də birbaşa Ermənistanın və onun hazırki rəhbərliyinin üzərinə düşür. Lakin görünən odur ki, işğalçı ölkənin siyasi-diplomatik başbilənləri müasir geosiyasi proseslərin sürətli yeniləşməsi qarşısında reallığı qəbul etməkdə acizdirlər. Bu səbəbdən də hələlik rəsmi Yerevan heç bir konstruktiv qərar qəbul edə bilmir. Belə vəziyyət öz növbəsində sürətlə Ermənistanın əleyhinə işləyərək onun üzləşdiyi problemlərin miqyasını daha da dərinləşdirir.

Ekspertlər isə hesab edirlər ki, yaxın zamanda Ermənistan rəhbərliyi münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında əməli addımlar atmasa, onda Azərbaycanın işğalçı ölkə üçün aprel dərslərini təkrarlaması qaçılmaz olacaq.

Rəsmi Bakı bildirir ki, Ermənistanın yeni hökuməti bunu yaxşı başa düşməli, əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır. Amma hələlik yeni Ermənistan iqtidarı bu məsələdə birmənalı mövqe sərgiləmir. Belə vəziyyətdə isə Bakı Ermənistanı sarsıdan addımlar atmaqda davam edəcək. İşğalçı ölkə bilməlidir ki, bütün regional layihələrdən, inteqrasiya proseslərindən kənarda qalan Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər istənilən hakimiyyət dəyişikliyi bu ölkədəki problemləri aradan qaldırmaq iqtidarında olmayacaq.

İndi seçim qarşı tərəfindir. Ermənistan rəhbərliyi bundan əvvəl iqtidarda olan səhra komandirlərinin siyasətini davam etdirsə, onda ordumuz tərəfindən sərt zərbələrə məruz qalacaq. Bu, işğalçı ölkə üçün həm də əlavə yeni problemlər deməkdir. Qarabağ münaqişəsinin dinc yolla həlli isə Ermənistanın bu gün üçün yeganə xilas yoludur və bunu əslində, işğalçı ölkədə də görənlərin sayı kifayət qədərdir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video