08 May 2019 03:04
1272
SİYASƏT
A- A+

İlham Əliyev yeni inkişaf strategiyası üçün çox mühüm tələblər müəyyən edib


"Strateji yol xəritələrinin iki il ərzində icrası 52 faiz təşkil edir. Bu, deməyə əsas verir ki, bu önəmli proqram 2020-ci ilin sonuna qədər icra ediləcək və beləliklə, biz bütün sahələrdə irəliləyişə nail olacağıq. Çünki artıq məruzə edilən məsələlər göstərir ki, hər bir sahə üzrə çox ciddi addımlar atılır. Büdcə gəlirlərimiz artır, makroiqtisadi vəziyyət sabitdir, islahatlar öz nəticəsini verir, biznes mühiti yaxşılaşır. Yəni, biz bütün sahələrdə islahatların uğurlu nəticələrini görürük”.

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında strateji yol xəritələrinin icrasına toxunan Prezident İlham Əliyev bu sənədlərdə nəzərdə tutulan bütün istiqamətlər üzrə layihələrin uğurla sonuclanmasından sonra 2021-2025-ci illəri əhatə edən yeni proqramın hazırlanacağını vurğuladı. Bəlli oldu ki, hökumət iqtisadiyyatın yeni inkişaf strategiyası üzərində işləyir.

Ümumiyyətlə, 2016-cı ildə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi, eləcə də milli iqtisadiyyat və 11 sektor üzrə strateji yol xəritələrinin hazırlanaraq qəbul edilməsi ölkədə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşdirilməsinə və sistemli xarakter almasına xidmət edib.

2020-ci ilin sonuna qədər, yəni strateji yol xəritələrinin icrası üçün cəmi 20 ay qalıb və bu dövr ərzində dövlət və hökumət qurumları qarşısında çox mühüm tələblər, tapşırıqlar durur. Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov qeyd edib ki, bu müddət ərzində biznes mühiti və rəqabət məcəlləsinin qəbulu ən əhəmiyyətli məsələlərdəndir. Dövlət başçısının tapşırığına əsasən bu iki il ərzində rəqabət məcəlləsinin qəbulu prosesi başa çatmalıdır. Ortamüddətli xərclər çərçivəsinə keçid təmin edilməli, korporativ idarəetmə standartları təsdiq olunmalı, özəl investisiyaların cəlbi artırılmalıdır.

Yol xəritələrinin icra prosesinin hansı durumda olduğuna gəldikdə isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilən monitorinqin nəticələrinə nəzər yetirmək kifayətdir. Belə ki, monitorinqə əsasən strateji yol xəritələrinin ümumi icrası nəzərdə tutulan 50 faizə qarşı 52 faiz təşkil edib ki, bu da icra qrafikini qabaqlamaqla icranın sürətləndirilməsi anlamına gəlir. Yəni ayrı-ayrı qurumların fəaliyyətinə nəzər yetirdikdə bütövlükdə bütün qurumlar 50 faiz üçün nəzərdə tutulan həddə çatıb.

Ancaq Biznes Mühiti və Beynəlxalq Reytinq üzrə Komissiya, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Vergilər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi strateji yol xəritələrində onlar üçün müəyyən edilmiş tədbirlərin icrasını, demək olar ki, tam şəkildə həyata keçiriblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin növbəti monitorinq və qiymətləndirmə nəticələrinə əsasən yol xəritələri üzrə fəaliyyətlərin 43 faizi icra edilib, 9 faizi qismən icra olunub və 48 faizinin icrası isə gözlənilir.

Ayrı-ayrı strateji yol xəritələrinin icra vəziyyəti:

- Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin 47 faizi icra edilib, 8 faiz qismən icra edilib və 45 faizin icrası gözlənilir;

- Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin 64 faizi icra edilib, 8 faiz qismən icra edilib və 28 faizin icrası gözlənilir;

- Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin 50 faizi icra edilib, 8 faizi qismən icra edilib və 42 faizin icrası gözlənilir;

- Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin 52 faizi icra edilib, 11 faizi qismən icra edilib və 37 faizin icrası gözlənilir;

- Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin 47 faizi icra edilib, 16 faiz işlər qismən icra edilib və 37 faizin icrası nəzərdə tutulur;

- Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan işlərin 37 faizi icra edilib, 7 faiz qismən icra edilib və 56 faizin icrası gözlənilir;

- Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin 27 faizi icra edilib, 10 faizi qismən icra edilib və 63 faizin icrası gözlənilir;

- Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin 66 faizi icra olunub, 16 faizi qismən icra edilib və 18 faizin icrası gözlənilir;

- Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin 33 faizi icra edilib, 12 faizi qismən icra edilib və 55 faizin icrası gözlənilir;

- Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin 47 faizi icra edilib, 8 faizi qismən icra edilib və 45 faizin icrası gözlənilir;

- İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin 30 faizi icra edilib, 7 faizi qismən icra edilib və 63 faizin icrası gözlənilir.

Strateji yol xəritələrində əsas icraçı qurumların performansı da faiz nisbəti ilə göstərilib. Belə ki, icranı Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya 100 faiz, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 100 faiz, Vergilər Nazirliyi 95 faiz, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 93 faiz, "Azərişıq” ASC 81 faiz, Mənzil İnşaatı Dövlət Agentliyi 79 faiz, Dövlət Statistika Komitəsi 75 faiz, Maliyyə Bazarlarına Nəzarət Palatası 68 faiz, SOCAR 68 faiz, "Azərsu” 63 faiz, Maliyyə Nazirliyi 55 faiz, Əmlak Məsələləri Dövlət Komitəsi 53 faiz, Mərkəzi Bank 52 faiz, İqtisadiyyat Nazirliyi 46 faiz, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 44 faiz və digər qurumlar isə ortalama 47 faiz həyata keçirib.

Onu da əlavə edək ki, strateji yol xəritələrinin əsas tədbirlərinin təqribən 40 faizi İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin payına düşür ki, bu məsələlərə sistemli yanaşılması, çoxsaylı komissiyaların, əlaqələndirici qrupların monitorinq qurumları ilə birgə fəaliyyəti həm hər iki nazirliyin, həm də digər qurumların birgə fəaliyyəti ilə xəritələrdə bu uğura imza atmağa imkan verib.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video