03 Oktyabr 2020 01:01
2466
SİYASƏT
A- A+

İlham Əliyev tarixi ədaləti sərkərdə qətiyyəti ilə bərpa edir


Qarabağda beynəlxalq hüququn norma və prinsiplərini bərpa edən Azərbaycana qarşı bəzi xarici şəbəkələr tərəfindən aparılan kampaniya qərəzli və əhəmiyyətsizdir


Ermənistanın uzun müddətdir ki, Azərbaycana qarşı həyata keçirdiyi siyasi və hərbi təxribatlar bumeranq effekti ilə onun özünə dəyməkdədir. Sentyabrın 27-də işğalçı ölkənin növbəti hərbi təxribatının qarşısını alan Azərbaycan Silahlı Qüvvələri bu dəfə düşmənə gözünü açmağa belə imkan vermədi.

Artıq bir neçə gündür ki, Ermənistan tarixinin ən böyük faciəsini yaşamaqdadır. Ölkənin hər yerinə ordumuzun məhv etdiyi erməni əsgərlərinin meyitləri daşınır, xəstəxanalarda yaralılara yer tapılmır. Bəli, Azərbaycan torpaqlarında olan hər bir erməni əsgərinin aqibəti belə olacaq.


Azərbaycan Ermənistanı peşman etdi


Bu faciəni Ermənistana illərdir torpaqlarını işğal altında saxladığı Azərbaycan dövləti yaşadır və yaşadacaq. Belə bir fürsəti isə elə Ermənistanın özü yaratdı. Keçən ilin avqustunda Paşinyanın "Qarabağ Ermənistandır” deməsi, bu ilin iyulunda Tovuz rayonuna hücum olunması, könüllü hərbi birliklərin yaradılmasına başlanılması, rəsmi Yerevanın və separatçı rejim təmsilçilərinin sərsəm bəyanatları Ermənistanda Azərbaycana qarşı hazırlanan yeni işğal planlarından xəbər verirdi.

Təbii ki, bu kimi narahatlıq doğuran məsələlər Azərbaycan tərəfindən zamanında beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərin diqqətinə çatdırılmışdı. Prezident İlham Əliyev Ermənistanın son hərbi təxribatından 6 gün əvvəl - sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında demişdi: "Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik”.

BMT Baş Assambleyasının 75-ci sessiyasının sentyabrın 24-də keçirilən ümumi debatlarında da Prezident İlham Əliyev bir daha diqqəti Ermənistanın son dövrlərdə artan təxribatlarına və yeni müharibə planlarına yönəltdi.

Dövlət başçısı qeyd etdi ki, Ermənistan rəhbərliyinin Azərbaycanofob bəyanatları və edilən təxribatlar bu ölkənin Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Buna görə İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət etdi.

Sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən də Prezident İlham Əliyev son dövrlərdə baş verən bütün prosesləri, Ermənistanın iyul təxribatını, Azərbaycana diversiya qrupu göndərdiyini, könüllülərdən ibarət qoşun yaratdığını, Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasiminin keçirildiyini və digər təxribatçı hərəkətləri detallı şəkildə onun diqqətinə çatdırdı. "Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir” deyən İlham Əliyev başqa bir xəbərdarlığını da etdi ki, əgər Ermənistan hücum etsə, peşman olacaq.

Beləliklə, Azərbaycan Prezidenti xüsusilə son günlərdə davamlı şəkildə Ermənistanın yeni hərbi əməliyyatlara başlamaq niyyəti ilə bağlı beynəlxalq ictimaiyyəti yetərincə məlumatlandırmışdı. Eyni zamanda Ermənistanın özü də xəbərdar edilmişdi. Lakin nə beynəlxalq təşkilatlar, nə də Ermənistan bu xəbərdarlıqdan nəticə çıxarmadı. Ona görə sentyabrın 27-də Ermənistanın təxribatının qarşısını layiqincə alan Azərbaycan işğalçı dövləti, sözün əsl mənasında peşman etməkdədir.


Makronun mövqeyi Fransanın Minsk qrupunun həmsədri kimi mandatına ziddir


Zamanında fəallıq göstərməyən, Ermənistana qarşı kəsərli təsir mexanizmlərini tətbiq etməyən, işğalçıya "dur” deməyən təşkilatlar və bir sıra dövlətlər son günlər atəşkəsdən, sülh danışıqlarından dəm vurmağa başlayıblar. Lakin Azərbaycan zamanında onları xəbərdar etmiş, Ermənistanı işğalçı siyasətdən çəkindirməyə, Dağlıq Qarabağ problemi ilə bağlı BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsinə çağırmışdı. Bütün bunlara laqeyd yanaşıldığından, Ermənistanın işğalçı əməllərinə göz yumulduğundan Azərbaycan işğal olunmuş ərazilərində beynəlxalq hüququn normalarını özü bərpa edir. Ona görə indi hansısa təşkilatın və ya dövlətin danışıqlara çağırışı artıq gecdir.

Bu sırada xüsusən Fransanın nümayiş etdirdiyi mövqe diqqətdən yayınmaya bilməz. Çünki Fransa prezidenti Emmanuel Makronun hərbi əməliyyatlar başlayandan bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. Çünki ATƏT-in mandatına uyğun olaraq vasitəçilik edən dövlət münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə, tərəflərə yanaşmada balansı nümayişkarcasına poza bilməz. Lakin Fransa prezidenti açıq şəkildə ermənipərəst mövqe ortaya qoymaqla məhz bu yolu tutub.

Əlbəttə, Fransanın dövlət başçısının ermənipərəst mövqeyinin, çağırışlarının, bəyanatlarının hərbi əməliyyatlara təsiri baxımından Azərbaycan üçün əhəmiyyətsizdir. Onun heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən mövqeyi sadəcə Fransada qarşıdan gələn seçkilərlə bağlıdır və bu ölkədə yaşayan erməni diasporunun səslərinin qazanılmasına yönəlib. Bu gün Makron münaqişənin nizamlanması üçün vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğuldur. Makron Cənubi Qafqazda sülh uğrunda deyil, Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır.

Ümumiyyətlə, Makronun davranışı və açıqlamaları göstərir ki, o, Fransa dövlətinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil. Aşağı səviyyəli sarı mətbuatın yaydığı feyk xəbərlərin Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, fransız xalqı üçün başucalığı gətirmir. Vaxtilə De Qoll kimi şəxsiyyətin lideri olduğu ölkəyə bu gün sarı mətbuatın xəbərlərinin təbliğatçısı səviyyəsinə enən Makronun rəhbərlik etməsi təəssüf doğurur.

Azərbaycanın daim Fransa ilə dostluq münasibətləri yüksək səviyyədə olub, ölkəmizdə fransız dilli orta və ali məktəb var, Fransa şirkətləri Azərbaycandakı neft müqavilələrinin iştirakçıları olub, Prezident Heydər Əliyev 1993-cü ildə prezident kimi ilk səfərini məhz Fransaya etmişdi. İlham Əliyev də 2003-də ilk səfərini Fransaya edib. Azərbaycan Fransadakı tarixi abidələrin bərpa və yenidənqurması prosesində fəal iştirak edir. Bütün bunların fonunda Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur və ilk növbədə, Fransanın maraqlarına ziddir.


Azərbaycanla müharibə fonunda Ermənistanda antisemitizm güclənir


Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərlə əlaqədar olaraq indiyə qədər bir sıra ölkələrlə, o cümlədən Türkiyə, Rusiya və İsraillə bu çərçivədə sıx əməkdaşlıq qurub. Ordumuzun arsenalında bu ölkələrin hərbi sənayesinin istehsalı olan müasir silahlar yer alır.

Hərbi əməliyyatlar başlayandan sonra cəbhədə ciddi itkilər verən Ermənistan Azərbaycana silah satışını iddia edərək öz səfirini İsraildən geri çağırdı. Qeyd etdiyimiz kimi, Azərbaycan həm də Rusiyadan silah alır və bu məntiqlə Ermənistan bu ölkədəki səfirini də geri çağırmalı idi. Ona görə də Ermənistanın öz səfirini İsraildən geri çağırması və bunu guya bu ölkə tərəfindən Azərbaycana silah satışı ilə əlaqələndirməsi antisemitizm siyasətini pərdələmək cəhdindən başqa bir şey deyil.

Məlum olduğu kimi, Ermənistanda antisemitizm və İsrailə qarşı nifrətin dərin kökləri var. Belə ki, ermənilər Birinci Dünya müharibəsi dövründə guya özlərinə qarşı olan "qeyri-insani” münasibətin beynəlxalq səviyyədə tanıdılması məsələsində İkinci Dünya müharibəsi dövründə yəhudi xalqının soyqırıma məruz qalmasını əsas maneə kimi görürlər.

Bu gün Ermənistanda antisemitizmdən siyasi rəqibləri ləkələmək və onları nüfuzdan salmaq üçün istifadə olunur. Məsələn, "WikiLeaks” ABŞ-ın Dövlət Departamentinin 2008-ci ilə aid "Ermənistan mətbuatı müxalifəti pisləmək üçün antisemitizmdən istifadə etməyə davam edir” başlığı altında bir məlumatını ifşa edib yaymışdı. Hətta həyat yoldaşının yəhudi olduğu iddia edilən Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da antisemit tənqidlərdən qaça bilməmişdi.

1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Ermənistana xoşməramlı səfərlər edən Amerika-Yəhudi təşkilatları da Ermənistan mediasında antisemit tənqidlərə məruz qalmışdılar. Ermənilər özləri də yəhudilərlə qarşıdurmalarının tarixi kökləri olduğunu bildirir və bunu semitlərlə arilərin qarşıdurması kimi qələmə verirlər.

Ötən əsrin əvvəllərində Azərbaycan ərazisində tüğyan edən erməni quldur dəstələrinin əsas hədəflərindən biri də yəhudilər olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının protokollarında yəhudilərin ermənilər tərəfindən kütləvi qətlə yetirilməsinə dair faktlar əksini tapıb. ASALA kimi terror təşkilatlarının da hədəfi türklərlə yanaşı, həm də yəhudilər olub. 1980-ci ildə ASALA-nın başçısı olan Akop Akopyan 1972-ci ildə Münxendə Olimpiya Oyunlarında iştirak edən İsrail milli komandası üzvlərinin qətlə yetirilməsində fəal iştirak edib.

Göründüyü kimi, bu gün Ermənistanın İsrailə qarşı atdığı addımların kökündə hazırkı dövrdə siyasi motivlər deyil, tarixi gerçəklik amili dayanır. Təbii ki, Ermənistanın bu hərəkətləri yəhudi xalqı və İsrail dövləti üçün tamamilə əhəmiyyətsizdir. Necə ki, Qarabağda beynəlxalq hüququn norma və prinsiplərini bərpa edən Azərbaycana qarşı bəzi xarici şəbəkələr tərəfindən aparılan qərəzli kampaniya da tamamilə əhəmiyyətsizdir. Əsas odur ki, İlham Əliyev tarixi ədaləti sərkərdə qətiyyəti ilə bərpa edir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video