21 Noyabr 2021 00:45
748
SİYASƏT
A- A+

İlham Əliyev Qarabağın yüksəlişinin baş memarıdır

 

Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın nüfuzunu, siyasi və iqtisadi çəkisini daha da artıracaq

 

“Biz Qarabağı dirçəldəcəyik, onu dünyanın ən inkişaf etmiş regionlarından birinə, Şərqi Zəngəzuru isə cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”.

Vətən müharibəsindəki şanlı Zəfərdən sonra işğaldan azad edilən torpaqlarımıza səfəri zamanı, eləcə də iştirak etdiyi beynəlxalq toplantılarda bu fikirləri qətiyyətlə söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev cəmi bir il ərzində gördyü işlərlə sözünə, əməlinə sadiq lider olduğunu bir daha isbatladı. Bu gün Qarabağın inkişafı, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar, ümumilikdə Böyük qayıdış planının icrasına başlanması istiqamətində görülən işlər bir daha təsdiq edir ki, Qarabağı 44 günə düşməndən təmizləyən qüdrətli Sərkərdə indi onun yüksəlişinin baş memarı kimi xarüqələr yaradır.

 

Qarabağda böyük tikinti bumu yaşanır

 

Qarabağ böyük tikinti meydanına çevrilib. Yol-nəqliyyat infrastrukturu, su və elektrik enerjisi stansiyaları, hava limanları, dəmir yolu, yaşayış evləri, müəssisə və sənaye zonaları, bir sözlə, Qarabağın dirçəlişi naminə bütün layihələr sürətlə icra olunur.

Düzdür, bu layihələr böyük vəsait tələb edir. Amma iqtisadi qüdrəti getdikcə güclənən Azərbaycan böyük işlərin həyata keçirilməsi prosesini heç kimdən yardım istəmədən öz hesabına reallaşdırır. 2022-ci ilin dövlət büdcəsində bu proseslərin həyata keçirilməsi məqsədi ilə 2,2 milyard manat vəsaitin ayrılması planlaşdırılıb.

Amma buna baxmayaraq Prezident müxtəlif modern layihələrin reallaşdırılması işində dost və qardaş ölkələrin investorlarına da müraciət edib. Bu müraciətə cavab olaraq dost ölkələrin böyük şirkətləri öz təkliflərini irəli sürüblər və hazırda Qarabağda yeni layihələrin icrasında Türkiyə, İtaliya, İsrail, Belarus və digər ölkələrin şirkətləri iştirak edirlər.

Prezidentin göstərişi ilə işğaldan azad edilən bütün şəhər və rayonların baş planları hazırlanıb. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış yurd yerlərimiz ən müasir texnologiyalara əsaslanan layihələr üzrə bərpa olunur.

Təbii ki, Qarabağda tikinti proseslərinin reallaşdırılması üçün ən mühüm mərhələ ilk olaraq yol-nəqliyyat infrastrukturunun bəpası idi. Bu proses demək olar ki, çox sürətlə reallaşır. Təkcə İlham Əliyevin “Zəfər” yolu adlandırdığı 101 kilometrlik Füzuli-Şuşa yolunun 11 aya hazır olması bunu təsdiq edir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda uzunluğu 700 kilometrə yaxın bir neçə yol infrastrukturu layihəsi icra olunur. Bunlar Əhmədbəyli-Füzuli Şuşa (81,6 km), Toğanalı-Kəlbəcər-İstisu (80,7 km), Kəlbəcər-Laçın (72,8 km), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123 km), Talış-Tapqaraqoyunlu-Qaşaltı (22 km), Xudafərin-Qubadlı-Laçın (83 km), Şükürbəyli-Cəbrayıl-Hadrut (43 km), Füzuli-Hadrut (13 km), Bərdə-Ağdam (45 km) yollarıdır. Füzuli-Ağdam (64,8 km) avtomobil yolu isə hələlik təməli qoyulan sonuncu layihədir.

Yeni avtomobil yollarının çəkilməsi elektrik və su təchizatı ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzura qayıdışın əsas mərhələlərindən biridir və təsadüfi deyil ki, bu istiqamətlərdə bütün layihələr paralel şəkildə həyata keçirilir. Eyni zamanda bu yolların bir qismi Zəngəzur dəhlizinin tərkib hissəsini təşkil edəcək.

Pezidentin aprelin 26-da Zəngilanda təməlini qoyduğu ilk “ağıllı kənd” layihəsi 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. İlham Əliyevin ilk olaraq təsdiq etdiyi Ağdamın Baş Planına uyğun olaraq şəhərdə çox böyük işlər görülür. “Qarabağın hava qapısı” sayılan Füzuli Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib, Zəngilan Hava Limanının təməli qoyulub.

 

Zəngəzur dəhlizi Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanı əlaqələndirəcəkdir

 

Oktyabrın 26-da Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməli qoyulan Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi davam edir.

Əlbəttə ki, Zəngəzur dəhlizi Azərbaycan üçün yalnız siyasi əhəmiyyət kəsb etmir. Bu dəhliz, ilk növbədə, daxili iqtisadi proseslər baxımından yüksək əhəmiyyətə malikdir. Naxçıvanla birbaşa əlaqə imkanı ölkə daxilində iqtisadi inteqrasiyanı gücləndirəcək, bu bölgədə sənayeləşməni sürətləndirəcək. Digər tərəfdən isə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin sosial-iqtisadi inkişafına təkan verəcək. Dəhliz boyu infrastrukturun işləməsi əlavə iş yerlərinin açılması, bölgənin inkişafı deməkdir.

Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın qalan bölgələri arasında nəqliyyat imkanlarının açılması deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsidir.

Göründüyü kimi, postmüharibə dövrü, doğrudan da, yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, Prezidentin söylədiyi kimi, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir. Digər qonşu ölkələrin də maraqlarına cavab verən bu proseslə Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.

Bir sözlə, İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyası əsasında Azərbaycan gələcək yüksəlişinin gündəliyini qəbul edib və indi bütün proseslər bu gündəlik əsasında davam etdirilir. Prezident də xüsusi olaraq qeyd edir ki, Azərbaycan həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyinə nail olub və bu gün də bütün sahələrin yüksəlişi üçün konseptual yanaşma mövcuddur. Düşünülmüş, ölçüb-biçilmiş addımlar atmaqla Azərbaycan daha böyük uğurlara doğru inamla addımlayır.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video