26 Yanvar 2021 00:28
2552
SİYASƏT
A- A+

“İlham Əliyev Qarabağa yolumuzu açdı”

 

Ağdamlılar qayıdış gününü səbirsizliklə gözləyirlər

 

- Bala, 28 ildir bu günü gözləyirdim, ümidimi bir gün də itirməmişdim...

İlham Əliyevə qurban olum, Qarabağı, Ağdamı yenidən bizə qaytardı. Günlərdir ki, sevincimdən gözümün yaşı qurumur. İndi gözləyirəm ki, deyəcəklər hazırlaşın, sabah Xaçındərbəndə qayıdırsınız. Vallah, dizin-dizin sürünərək gedərəm. Təki şəhid oğlum Maisin qəbir yerini tapıb torpağının ətrini içimə çəkim, ondan sonra Allah canımı alsın, bəsimdi...

27 il öncə doğma el-obasından didərgin düşmüş 79 yaşlı Güləbəst nənənin bu diləyi təkcə onun yox, bütün ağdamlıların arzusudu. Artıq onlar məcburi köçkün deyillər və doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

 

“Bilirdim ki, bir gün İlham Əliyev Qarabağı qaytaracaq”

 

Ağdamın Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayan Güləbəst nənə 1942-ci ildə Sırxavənd kəndində anadan olub. Xaçındərbəndə gəlin köçüb. 20 il bu kənddə südçülük sovxozunda çalışıb. Oğlu Mais Hüseynov 1992-ci ildə Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb. Ağdamın Şəhidlər xiyabanında dəfn olunub.

İndi 79 yaşlı ağbirçəyin arzusu ilk olaraq oğlunun məzarını tapmaq və sonra Xaçındərbəndə - 27 il öncə tərk etdiyi yurd yerinə qayıtmaqdır. “Şükürlər olsun ki, bu günü görmək mənə nəsib oldu. Vallah, İlham Əliyevə inanırdım. Ona canım qurban olsun. Bilirdim ki, o, bir gün Qarabağı əsl sahiblərinə qaytaracaq. Allaha yalvarırdım ki, o günü görməyi mənə nəsib etsin. Allah Prezidentimizə, xanımı Mehriban Əliyevaya uzun ömür versin. Mən artıq ömrümü yaşamışam. Bundan sonra balalarımın, nəvələrimin Ağdamda keçirəcəyi xoş günlərə görə sevinirəm. İlham Əliyev Qarabağı necə azad etdisə, eləcə də onu yenidən gözəlləşdirəcək, Ağdam həmişəki kimi Qarabağın gözü olacaq. Ağdamlılar həmişə Prezidentimizin, Mehriban xanımın dəstəyini görüb, onlara inanıblar. Allah onları min budaq etsin, nə qədər alqış etsək azdı”.

 

“Ayaqyalın gəzdiyim küçələrə elə ayaqyalın da geri qayıdacam”

 

Güləbəst nənənin oğlu Ramin Hüseynov deyir ki, 27 ildir doğma kəndə, el-obaya həsrət qalıblar: “Hər zaman yuxularımda görürdüm kəndimizi. Ayılıb deyirdim ki, bircə dəfə xəlvəti yolla kəndimizə gedib qoxusunu ala bilsəydim, xoşbəxt olardım. Amma gör, zaman necə dəyişdi, xəyal etdiklərim reallığa çevrildi. İndi nəinki kəndimizin qoxusunu alacam, hətta ayaqyalın gəzdiyim küçələrlə elə ayaqyalın da geri qayıdacam. Qar, şaxta, boran da olsa, yenə də sözümü tutacam. Orada uşaqlığım, ən əziz illərim keçib. İndi o xoş xatirələrim gerçəkliyə çevrilir. Ağdamdan çıxanda subay idim, indi övladlarımla doğma yurduma qayıdacam. Özü də bu torpaqlar uğrunda savaşan igid oğlumla geri dönəcəyik”.

Ramin Hüseynovun oğlu Xanlar Hüseynov Vətən müharibəsinin iştirakçısıdır. Könüllü olaraq savaşda iştirak edib. Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Bu gün Hüseynovlar ailəsinin hər bir üzvü Xaçındərbənd kəndinə qayıtmaq üçün səbirsizlənir. Doğma kəndə qayıdacaqları günü gözləyirlər.  

 

“Bu gün desinlər qayıdırsınız, yüyürə-yüyürə qayıdaram”

 

Qəsəbədə olarkən şahidlik etdiyimiz mənzərə, həqiqətən də, bizi çox qürurlandırdı. Sevinc hissi yaşayan hər kəs böyük qayıdışla bağlı təəssüratlarını bizimlə bölüşürdü. Həmsöhbət olduğumuz insanların hamısının fikri demək olar ki, birdir: “Var olsun Ali Baş Komandanımız! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!  Hər zaman olduğu kimi, bu gün də Ağdamı bizə qaytaran İlham Əliyevə duaçıyıq...” 

Qonağı olduğumuz Əhmədovlar ailəsi də səbirsizliklə doğma yurdlarına qayıdacaqları günü gözləyir. Onlar Ağdamın Saybalı kəndindəndirlər. Evin ağsaqqalı, 63 yaşlı Eldar Əhmədov deyir ki, kənddən çıxarkən 35 yaşı olub. Əli Bayramov adına Üzümçülük Sovxozunda sürücü işləyirmiş.

Saybalı kəndindən məcburi köçkün düşdükdən sonra bir müddət İmişli rayonunda məskunlaşıblar. 1994-cü ildə isə Quzanlı qəsəbəsində salınan şəhərçikdə yerləşiblər: 

- 27 il ağrı-acı içərisində yaşamaq çox çətindir. Hələ üstəlik də övladının biri Vətən uğrunda şəhid ola. Oğlum Qaryağdı (1992-ci il təvəllüdlü) 2014-cü ildə şəhidlik zirvəsinə ucalıb. Ağdamda yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirdi. Düşmənin diversiya qrupunun hücumunun qarşısını alarkən şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Şəhid atası kimi bu gün ikiqat sevinc hissi yaşayıram. Həm torpağımız işğaldan azad olub, həm də oğlumun qanı yerdə qalmayıb. Ali Baş Komandan İlham Əliyevin qüdrətli Ordusu Qaryağdımın qisasını alıb bizi doğma yurdumuza qaytarır. Dünən özümü yaxşı hiss etmirdim. Allaha yalvardım ki, kəndimizə qayıdanadək mənə möhlət versin. O torpağı qucaqlayım, ondan sonra nə baş verir versin...

İndi bəziləri bizdən soruşur ki, qayıdacaqsınızmı kəndinizə? Bunu heç soruşarlar? İllərdir torpaq həsrəti ilə alışıb-yanırıq, necə qayıtmamaq olar. Bu gün desinlər ki, qayıdırsınız, yüyürə-yüyürə gedəcəyik yurdumuza. Elə bilirəm ki, o yerlərə qayıtmaq istəməyən olmaz. Əks halda atalarımızın, babalarımızın ruhları bizi bağışlayarmı?”

Şəhid anası Məzəli Əhmədova da həyat yoldaşı ilə eyni fikirdədir. Deyir ki, torpaqlarımızın azad edilməsindən sonra bütün şəhidlərimizin ruhu rahatlıq tapdı: “İndiyədək fikirləşirdik ki, həm dədə-babalarımızın, həm də şəhid olan övladlarımızın ruhları bizi bağışlamayacaq. Biz hansı üzlə o dünyaya gedəcəyik. Amma İlham Əliyev bu hissi üzərimizdən götürdü. Tanrı Prezidentimizə uzun ömür versin. Mən bir şəhid anası kimi inanıram ki, İlham Əliyev Qarabağı necə aldısa, elə də onu yenidən dünyanın ən gözəl diyarına çevirəcək. Allah Prezidentimizin yardımçısı olsun! Tezliklə dədə-baba yurdumuza qayıdıb xoşbəxt günlərimizi yaşayacağıq”.

 

“Ağdamı bizə qaytaran İlham Əliyevə ömürboyu minnətdarıq”

 

Ağdamın Boyəhmədli kənd sakini, 74 yaşlı Nizami İslamov da 27 il sonra arzusuna çatanlardan biridir. 1993-cü ildən məcburi köçkün həyatı yaşayan İslamovlar ailəsi də böyük sevinc içərisindədir.

1996-cı ildən Quzanlıda inşa edilən şəhərcikdə məskunlaşan İslamovlar ailəsinin hər bir üzvü Boyəhmədliyə qayıtmaq üçün hazırdır. “Kənddən çıxarkən 3 övladım var idi. Bu gün hamısı ailə qurub. 7 nəvəm var. Nəvələrimin hamısına kəndimizlə bağlı xoş xatirələrimi danışmışam. Onlar da bu gün Boyəhmədlini görmək üçün çox darıxırlar. Allah Prezideti var etsin. Bizi elimizə-obamıza qovuşdurdu. Odur ki, İlham Əliyevə ömürboyu minnətdarıq”, - deyə Nizami İslamov bildirdi.

Nizami İslamovun qardaşı oğlu Alim İslamov artıq kəndlərinə iki dəfə baş çəkib. 17 yaşında Boyəhmədlini tərk edən Alim deyir ki, ermənilər kənddə daşı-daş üstündə qoymayıblar: “Xüsusi nümayəndə heyəti ilə iki dəfə kəndimizə baş çəkdim. Xatirələrim yenidən oyandı. 11-ci sinfi bitirib kəndimizdən çıxmışdım. Ən gözəl günlərimi keçirmişdim Boyəhmədlidə. 27 ildən sonra qayıdıb ürəkağrısı ilə seyr etdim doğma yurdumuzu. Qəhər boğdu məni, özümü saxlaya bilmədim. Amma ürəyim dağa dönmüşdü. Axı illərlə həsrətini çəkdiyim kəndimizə qayıtmışdım.

O qədər sevincliyəm ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bu sevinci bizə yaşadan Prezident İlham Əliyev var olsun. İnşallah tezliklə Ağdamın kəndlərində bütün infrastrukturlar qurular, həyat yenidən qaynayar, bizlər də doğma yurdumuzda yaşayıb yaradarıq”.

 

İlham Əliyev ağdamlıların həyatında ən müqəddəs dövrün müəllifinə çevrildi

 

Quzanlıda həmsöhbət olduğumuz “Qarabağ Qaziləri” İctimai Birliyinin Ağdam rayon şöbəsinin rəhbəri Şamil Əbilov Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Şamil deyir ki, 1992-93-cü illərdə ölkə rəhbərliyində təmsil olunan şəxslərin xəyanəti nəticəsində işğal edilən torpaqlarımızı Ali Baş Komandan İlham Əliyev 27 il sonra güc yolu ilə, qan bahasına düşmən tapdağından azad etdi. İşğalçı Ermənistan cəmi 44 günə Azərbaycan qarşısında diz çökdü. Buna görə də Azərbaycan xalqı tarixboyu İlham Əliyevə minnətdar olacaqdır.

“Bu gün Qarabağ bizimdir deyəndə insanın gözləri sevincdən dolur. Axır ki, düşmənə yerini göstərə bildik. Bir də ki, dünya Azərbaycanın qüdrətini gördü. Ali Baş Komandan İlham Əliyev bir daha sözünün üstündə durdu və necə demişdisə, elə də etdi. 27 illik həsrətdən sonra qüdrətli Ordumuzun Ağdam rayonunun işğal edilmiş ərazilərinə daxil olması həyatımızın ən xoşbəxt, ən qürurlu günləri oldu. Ali Baş Komandanımız isə ağdamlıların həyatında ən müqəddəs dövrün müəllifinə çevrildi”, - deyə o bildirdi.

Ağdamın Seyidli kəndindən olan Şamil də doğma kəndinə qayıdacağı günü gözləyir və əmindir ki, tezliklə dövlətimiz Qarabağı yenidən qurmaqla el-obalarına qayıdacaq insanların layiqli yaşayışını və məşğulluğunu ən yüksək səviyyədə təmin edəcək.

 

Ağdam daha “ruhlar şəhəri” yox, düşmənə gözdağı olan möhtəşəm qalaya çevriləcək

 

Ağdamda gördüklərimiz, eşitdiklərimiz çox qürurverici idi. Məşəqqətlərə düçar olan, həyatlarını sıfırdan qurmağa məcbur qalan, respublikanın 62 şəhər və rayonunda yataqxanalarda, vaqonlarda, yarımçıq tikililərdə məskunlaşan ağdamlılar sevinc içərisində böyük Qayıdış gününü gözləyirlər.

Həmsöhbət olduğumuz hər bir kəs əminliklə vurğulayırdı ki, Qarabağı 44 günə düşməndən geri alan Ali Baş Komandan İlham Əliyev tezliklə bu diyarı Gülüstana çevirib Azərbaycanın qüdrətini növbəti dəfə dünyaya göstərəcək. İşğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə həyat yenidən öz axarına dönəcək, onların əvvəlki şöhrəti bərpa olunacaq. 

Ali Baş Komandan İlham Əliyevin qələbədən sonra Ağdama səfəri zamanı söylədiyi kimi: “Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik...”.

 Məhz bu diqqət və qayğı ilə Ağdam daha “ruhlar şəhəri” yox, düşmənə gözdağı olan möhtəşəm qalaya çevriləcək.

 

Rəşad BAXŞƏLİYEV,

Lazım QULİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video