18 May 2021 00:42
928
Təhsil
A- A+

İlham Əliyev Qafqazın ilk dünyəvi məktəbini dirçəldir

 

Şuşada tarixi binalardan olan 1 nömrəli ümumtəhsil məktəbi də vandallar tərəfindən darmadağın edilib. Məktəb binasının yeni təməlini qoyarkən Prezident İlham Əliyevə məlumat verildi.

Bildirildi ki, 1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin bünövrəsi məhz burada qoyulub. 1980-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd olunub. İşğala qədər 1 saylı məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağını da erməni vandalları tamamilə dağıdıblar.

Xatırladaq ki, 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

Azərbaycan ərazisində ilk qəza məktəbinin təntənəli açılışı 1830-cu il dekabr ayının 30-da Şuşada olub. Açılışda məktəbin müdiri N.Mixaylovski Zaqafqaziyada tədris müəssisələri təsis etmək üçün 1829-cu il nizamnaməsindən çıxarışı oxuyub və qəza məktəbinin təsisini elan edib. Həmin gün I sinif açılmaqla, 19 şagirdlə təlimə başlanılıb. Bununla da Azərbaycanda ilk dövlət məktəbi sisteminin bünövrəsi qoyulub.

Şuşada qəza məktəbi Azərbaycanda ilkin olaraq yaradıldığı kimi, fəaliyyət göstərdiyi bütün illərdə təlim-təhsil keyfiyyətinə görə də birinci yerdə gedib. Şagirdlərin bədii zövqünü təmin etmək və sinifdənxaric oxunu təşkil etmək üçün məktəbdə kitabxana da yaradılıb. 1845-ci ilin məlumatına görə, məktəbin kitabxanasında 301 adda ədəbiyyat və digər tədris vəsaiti olub.

Məktəbdə 1868-ci ildən tədris planına latın və Avropa dilləri daxil edilib. Sonra qəza məktəbində fransız dilinin də tədrisi tətbiq olunmağa başlayıb. Azərbaycanda ilk ümumtəhsil ocağı olan Şuşa qəza məktəbi 1874-cü ildə Zaqafqaziyada şəhər məktəblərinin qaranquşu hesab edilib. Bundan  sonra o, şəhər məktəbinə çevrilib. Beləliklə, xeyli şagirdi, kitabxanası, tədris-maddi bazası olan Şuşa şəhər məktəbi 1874-cü ildə fəaliyyətə başlayıb.

Məktəbin ana dili müəllimləri Mirzə Həsən Əmirov və Aslan bəy Əmirov tanınmış simalardan olublar. 1880-ci ildən məktəbin nəzdində xüsusi musiqi sinifləri açılıb. Buranı daha yaxşı qiymətlərlə bitirənlər imtahan verərək ibtidai məktəb müəllimi adını ala biliblər. Onlardan biri də yüksək pedaqoji təcrübəyə malik Əbdüləli Muxtarov idi. Yüksək hazırlığını nəzərə alaraq onu 1896-cı ildə Qori Müəllimlər Seminariyası nəzdindəki Azərbaycan ibtidai məktəbinə müdir təyin etmişdilər.

Şuşa şəhər məktəbinin ilk buraxılışından bir neçə nəfər 1879-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olmuşdu. Əliş bəy Tahirov, görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli, tanınmış maarif xadimi Səfərəli bəy Vəlibəyov, Nəcəf bəy Vəzirov və bir çox məşhur simalar ilk təhsillərini məhz Şuşa (qəza) şəhər məktəbində almışdılar.

Məktəbin fəaliyyəti 1920-ci ilədək davam edib, ona görə də onun ölkəmizin ictimai həyatında öz nüfuzları ilə sayılıb-seçilən xeyli məzunu olub.

Şuşa şəhər məktəbi 1927-1928-ci dərs ilindən yeddiillik məktəbə çevrilib. 1933-cü ildən təhsil ocağı Şuşa yeddiillik nümunəvi məktəb adını alıb. Azərbaycanın görkəmli şairlərindən Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm bu təhsil ocağının sevimli qonaqlarından olub. Süleyman Ələsgərov, Əşrəf Abbasov, Aftab Kazımova və başqaları həmin təhsil ocağının yetirmələri idi.1937-1938-ci dərs ilindən isə bu tədris ocağı 1 nömrəli şəhər orta məktəbinə çevrilib. Bir ildən sonra 110 yaşlı məktəbin orta təhsilli ilk buraxılışı olub.

Məzunları olmuş Əməkdar müəllimlərdən Zəhra Məmmədova, Məmməd Zöhrabov, Nisə Şəfiyeva, Gülarə Məmmədova həm də uzun müddət bu məktəbdə çalışıblar. Sovetlər dövründə məktəbin yetirmələrindən akademiklər - Lətif İmanovun, Səttar Əsədovun, Paşa Rüstəmovun, Cəlal Allahverdiyevin, elmlər doktorları - Validə Yusifzadənin, Sabir və Əbülfət Rüstəmovların, Cəlal Şükürovun, Sayalı Tağıyevanın, Əkbər Ağayevin, Kamran Məmmədovun, eləcə də Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmmədov və başqalarının adları iftixarla çəkilib.

1 nömrəli orta məktəb yarandığı vaxtdan 1992-ci ilin may ayınadək Şuşa şəhərində öz fəaliyyətini fasiləsiz olaraq davam etdirib. Məktəbdə hər cür avadanlıqla təmin olunmuş 24 fənn, 2 linqafon, maşınşünaslıq, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, laboratoriyalar, zəngin kitabxana, geniş idman, akt zalı, yeməkxana... fəaliyyət göstərib.

Ümummilli Lider Heydər Əliyev hələ 1982-ci ilin yanvarında Şuşa şəhər 1 nömrəli orta məktəbin 150 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan KP MK Bürosunun qərarını imzalayıb. Bu qərar əsasında təhsil ocağının yubileyi təntənəli şəkildə keçirilib.

Şəhərin ermənilər tərəfindən işğalından sonra məktəbin şagird və pedaqoji kollektivi də respublikamızın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmağa məcbur oldular. 1992-ci ildən 2015-2016-cı tədris ilinə qədər Bakı şəhərinin Yasamal rayonu, 38 nömrəli orta məktəbin binasında, onun maddi-texniki bazasından istifadə etməklə, ikinci növbədə fəaliyyətini davam etdirib. Bu məcburi köçkün təhsil ocağının məzunlarının xeyli hissəsi respublikanın nüfuzlu ali və orta-ixtisas məktəblərinə yüksək ballarla qəbul olunublar. 2010-cu ilin dekabr ayında məktəbin 180 illik yubileyinin dövlət səviyyəsində təntənəli surətdə keçirilməsi ilə bağlı dövlət başçısı sərəncam imzalayıb. Yubileylə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə Sevil Babayevaya Əməkdar müəllim fəxri adı verilib. Gülşən Allahverdiyeva ilə Bahar Kərimova isə “Tərəqqi” medalı ilə təltif ediliblər.

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il sentyabrın 14-də imzaladığı sərəncama uyğun olaraq Bakı şəhərinin Yasamal rayonu, Yeni Yasamal, 2 yaşayış massivində inşa edilən Şuşa şəhər 1 nömrəli tam orta məktəbi 2015-2016-cı tədris ilində bütün təhsil infrastrukturu ilə həmin ərazidə yaşayan məcburi köçkün və yerli sakinlərin övladlarının istifadəsinə verilib.

2015-ci ilin dekabr ayında təhsil sahəsində həmişə öz ənənəsi ilə seçilən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 185 yaşı tamam olub.

Bəli, bu ilin may ayının 12-də təməli qoyulan 191 yaşlı məktəb tezliklə öz sevimli kollektivini doğma qucağına səsləyəcək. Burada  “ilk zəng” çalınanda birinci sinfə qədəm qoyacaq fidanlar deyəcəklər: “Şuşam, sən azadsan!”

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video