07:44 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyev Qafqazın ən qüdrətli ordusunun gücünə güc qatır

ANA SƏHİFƏ / SİYASƏT
00:57 11.09.2021

 

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri birliyin, qardaşlığın növbəti təzahürüdür

 

Vətən müharibəsindəki şanlı qələbədən aylar ötməsinə baxmayaraq, qüdrətli Azərbaycan Ordusunun parlaq qələbəsinin sevincini hələ də qürurla yaşamaqdayıq.

Ordumuzun yeni müharibə modeli, yəni aparılan əməliyyatlar və savaşın nəticəsi bu gün də dünyanın hərbi analitikləri tərəfindən müzakirə olunmaqdadır. Bəzi mütəxəssislərin “smart müharibə” adlandırdıqları bu savaşda çox düzgün hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edilib. Pilotsuz uçuş aparatları isə yeni müharibə formatının bünövrəsini qoyub. Ordumuzun həyata keçirdiyi müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsl savaşı kimi dəyərləndirilir.

Ali Baş Komandan İlham Əliyev isə bu müharibəni XXI əsrin yeni savaşı adlandırıb.

 

Strateji əhəmiyyətə malik təlimlər

 

Vətən müharibəsinin bitməsinə rəğmən, ordumuzun beynəlxalq standartlara uyğun daha da gücləndirilməsi, modernləşdirilməsi prioritet olaraq qalır. Bu baxımdan, qardaş Türkiyə ilə birgə təlimlər vasitəsilə bu sahədə əməkdaşlığın genişləndirilməsi mühüm strateji əhəmiyyətə malikdir.

2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də iki ölkənin ordusunun iştirakı ilə keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır.

İki qardaş ölkə arasında bağlanan hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, hazırda həm Türkiyədə, həm də ölkəmizdə təlimlər keçirilir. İki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri və işğaldan azad edilmiş Laçın rayonunda birgə döyüş atışlı taktiki təlimlər davam edir.

Konyadakı təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyətin və fərqli xüsusiyyətlərə malik döyüş təyyarələri arasında rabitə əlaqəsinin uzlaşdırılması imkanları öyrənilir. Eyni zamanda havadan zərbələr endirməklə şərti düşmənin hava hücumundan müdafiə vasitələri və hərbi təyinatlı strateji obyektlərin məhv edilməsi, o cümlədən yaxın hava döyüşü və digər tapşırıqlar müvəffəqiyyətlə icra olunur.

Təlimlər sentyabrın 17-dək davam edəcək.

Laçında keçirilən təlimdə isə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilir.

Göründüyü kimi, iki ölkə arasında birgə təlimlərin sayı kifayət qədər artıb. Bütün bunlar Azərbaycanla Türkiyə arasında 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişinə əsasən həyata keçirilir. Bundan başqa, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizatdan tutmuş müdafiə sənayesi sahəsinə qədər yeni birgə əməkdaşlıq məsələləri daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.

Birgə təlimlər hər zamankı kimi Ermənistanda ciddi narahatlıq doğurub. Guya bu təlimlər hərbi-siyasi təzyiq vasitəsidir. Lakin  məğlub ölkə bilməlidir ki, təlim keçirilən ərazi Azərbaycan torpaqlarıdır və buna görə də ölkəmiz öz ərazisinin istənilən nöqtəsində, o cümlədən, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə əməliyyatlar keçirmək hüququna malikdir.

Əgər Azərbaycan Ermənistana hansısa hərbi təzyiq göstərmək istəsə, buna Ali Baş Komandan İlham Əliyevin yaratdığı Müzəffər Ordunun bircə həmləsi yetər. Necə ki, 44 günlük savaşda olduğu kimi. 

Təlimlərə gəldikdə, ümumiyyətlə, müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib genişləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən iki ölkə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. sahələrdə uğurla inkişaf etməkdədir. Hər iki ölkə dünyanın bir sıra mühüm geosiyasi və geoiqtisadi proseslərinin cərəyan etdiyi mürəkkəb regionda etibarlı strateji tərəfdaşlar kimi münasibətlərin daim inkişafında və daha da gücləndirilməsində maraqlı olduğunu əməli addımlarla nümayiş etdirir. Bu təlimlər də birliyin, qardaşlığın təzahürüdür.

 

Dünyanın ən güclü orduları sırasında

 

Müharibə bitsə də, Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğı, döyüş hazırlığı, maddi-texniki bazanın daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksəkliyi hər zaman prioritet olaraq qalır.

Çünki Vətən müharibəsi göstərdi ki, güclü ordunun yaradılması, Silahlı Qüvvələrimizin ən müasir döyüş vasitələri ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, ordu ilə xalqın vəhdətinin təmin edilməsi möhtəşəm qələbənin kökündə dayanan reallıqlardır. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə hazırkı dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik olan orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirib.

Prezident  İlham Əliyev hərbi quruculuq sahəsində islahatlar aparmaqda davam edir. İşğaldan azad edilmiş torpaqlarımızda yeni hərbi birləşmələr yaradılır və onlar ən müasir hərbi texnikalarla təchiz edilir. Bütün hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülür.

Hazırda Cənubi Qafqazın ən qüdrətli hərbi gücünə malik olan Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Vətən müharibəsindən 11 ay ötməsinə baxmayaraq, dünyanın inkişaf etmiş ölkələrinin hərbi ekspertləri hələ də Azərbaycan Ordusunun müasir döyüş taktikasından, Şuşa əməliyyatlarından danışırlar.

Qarşıda dayanan əsas vəzifələrdən biri ordunun daha da gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Hazırda Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var. Ölkəmizin inkişaf etmiş hərbi sənaye kompleksi də bu gücə güc qatır. Son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Nazirliyin 23-dən çox müəssisəsində ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılıb. 2200-dən çox müxtəlif təyinatlı dəzgah, 10 minlərlə cihaz, alət və tərtibatlar alınaraq istismar üçün müəssisələrə verilib.

Xüsusi olaraq vurğulayaq ki, Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir. Bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. Qazanılan nailiyyətlər istehsal edilən rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaradır və bunlar silahlı qüvvələrimizlə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir.

Bir sözlə, Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Bütün bunlar göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Həm ordunun arsenalına ən modern silahlar daxil edilir, həm qoşun növlərinin döyüş qabiliyyəti artırılır, həm də hərbçilərin sosial şəraiti yüksəldilir. Bütün bunlar isə İlham Əliyevin Ali Baş Komandan kimi əzmkar fəaliyyətinin daha bir əməli nəticəsidir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM