22 Oktyabr 2019 00:49
2605
SİYASƏT
A- A+

İlham Əliyev dünyanı yenidən Bakıya toplayır


Azərbaycan Qoşulmama Hərəkatının timsalında beynəlxalq miqyasda lider mövqeyə çıxır


Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə sayılı günlər qalır. Qeyd edək ki, bu müstəqillik dövründə Azərbaycanda keçirilən ən böyük beynəlxalq siyasi tədbirlərdən biri olacaq. Oktyabrın 25-26-da keçiriləcək zirvə görüşü "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusuna həsr olunacaq.


137 dövlət, 10 beynəlxalq təşkilatı birləşdirən hərəkat


Xatırladaq ki, bir sıra dövlətlərin soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün 1961-ci ildə təsis etdiyi QH qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilib. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Xüsusən BMT-nin islahatı üzrə illərdən bəri aparılan proseslərdə irəliləyişin əldə olunmaması alternativ format kimi Qoşulmama Hərəkatının beynəlxalq önəmini daha da artırıb. Bu baxımdan, "Soyuq müharibə”nin başa çatmasına baxmayaraq hərəkat öz aktuallığını qoruyub saxlayıb və sıralarını daha da genişləndirib.

QH üzvlərinin sayına görə BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Hazırda onun sıralarında 120 dövlət birləşib. Daha 17 dövlət və 10 beynəlxalq təşkilat isə müşahidəçi statusunda hərəkatda təmsil olunur. Bu fakt QH-nın müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən bir mühüm çoxtərəfli platforma olmasını göstərir. Eyni zamanda bu qədər çox sayda üzv dövlətin təmsil olunması təsdiq edir ki, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirməyib və bu qurum beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən biridir.


Azərbaycana tam dəstək


Beynəlxalq təşkilatların üzvü olmaq, onun işində yaxından iştirak etmək hər bir dövlətin qarşıya qoyduğu mühüm hədəflərdir. Bu baxımdan respublikamızın da xarici siyasət prioritetlərindən biri beynəlxalq və regional təşkilatlarla sıx əlaqələr yaratmaq, onlarla əməkdaşlıq etməkdir. Ona görə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan beynəlxalq aləmə inteqrasiya kursunu seçərək qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla əməkdaşlığa daim önəm verib. Bu gün dövlətimiz BMT ilə yanaşı, ATƏT, Avropa Şurası, İƏT, QDİƏT kimi təşkilatların üzvüdür. Həmçinin ölkəmizin Avropa İttifaqı, NATO kimi mötəbər beynəlxalq təşkilatlarla sıx əlaqələri formalaşıb və dərinləşib. Bunun nəticəsidir ki, xarici siyasətdəki müvəffəqiyyətləri Bakının regionda və bütün dünyada mövqelərini möhkəmlədib.

Digər təşkilatlarla müqayisədə Azərbaycanın Qoşulmama Hərəkatındakı üzvlüyü nisbətən yenidir. Belə ki, respublikamız Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub.

Qoşulmama Hərəkatına üzvlük Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə daha çox dəstəyin əldə edilməsinə öz töhfəsini verib. Qoşulmama Hərəkatı çərçivəsində keçirilmiş bütün toplantıların yekun sənədlərində BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında nizamlanmasının vacibliyi birmənalı və aydın şəkildə ifadə edilib.


Uzaqgörən siyasətin məntiqi nəticəsi


Qoşulmama Hərəkatına üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan Respublikası özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb.

Buna görə 2016-cı ilin sentyabrında Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul edilib.

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə evsahibliyi üçün Azərbaycanın paytaxtının seçilməsi Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Bu siyasət Azərbaycan xalqının milli mənafeyinə, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqa, dünyada sülh və sabitliyin bərqərar olunmasına töhfə verməklə dövlətlərarası qarşılıqlı hörmət və anlaşmanın, habelə əməkdaşlığın təşviq edilməsi üzərində qurulub.

XVIII Zirvə Görüşünə evsahibliyi Azərbaycan həqiqətlərinin, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasındakı üzvlüyündən irəli gələn üstünlüklərdən istifadə etməklə sədrlik dövründə üzv dövlətlərlə birlikdə Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə rolu və nüfuzunun artırılması, beynəlxalq sülh və təhlükəsizliyin qorunması və möhkəmlənməsi, habelə Hərəkatın beynəlxalq münasibətlərin müasir dövrdə üzləşdiyi qlobal çağırışların öhdəsindən gəlməsi üçün səylərini əsirgəməyəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video