25 Yanvar 2020 01:23
2881
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV diplomatiyasının növbəti təntənəsi


Azərbaycan Prezidenti Davosda dünyanın diqqətini bir daha ölkəmizə yönəltdi


Yanvarın 21-dən İsveçrənin Davos şəhərində öz işinə başlayan Dünya İqtisadi Forumu başa çatdı. "Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçirilən 50-ci Forumda 117 ölkənin nümayəndələri, o cümlədən 53 ölkənin dövlət və hökumət başçıları iştirak etdilər. Həmçinin dünyanın hər yerindən 119 milyarderi bir araya gətirən forumda 400-dən çox açıq və qapalı iclas keçirildi.

2007-ci ildən bütün iclaslara dəvət edilən Prezident İlham Əliyev sayca 14-cü dəfə Davos Forumunda iştirak edərək bir daha Azərbaycan həqiqətlərini dünya liderlərinin diqqətinə çatdırdı. Dövlət və hökumət başçıları, şirkət rəhbərləri ilə keçirilən görüşlərdə Azərbaycanın xeyrinə mühüm razılaşmalar əldə edildi. Davos Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında niyyət protokolu imzalandı və bu sənədə əsasən qurumun ölkəmizdə afilə edilmiş regional mərkəzi yaradılacaq.


Dünyanın nüfuzlu platformasında Azərbaycan həqiqətləri


Göründüyü kimi, Davos Forumu Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri və şirkətləri ilə daha yaxından əməkdaşlığına real zəmin yaradır. Cənab İlham Əliyev ölkədə həyata keçirilən mütərəqqi islahatları, Azərbaycanın Xəzər regionunda malik olduğu böyük tranzit imkanlarını, mövcud potensialını, respublikamızın həyata keçirdiyi strateji layihələri dünyaya təqdim edir. Əlbəttə ki, Prezidentin Davos Forumunda iştirakı, keçirdiyi görüşlərdə xarici şirkətlərin Azərbaycanla əməkdaşlığa dəvət edilməsi ölkəmizin iqtisadi inkişafına təkan verəcək.

Budəfəki forum çərçivəsində olduqca aktual məsələlər müzakirə olundu. Onlardan biri dünyanın ekoloji problemləri, dördüncü sənaye inqilabı ilə bağlı müzakirələr idi. Elə Davos Forumu ilə Azərbaycan arasında imzalanan sənəd də dördüncü sənaye inqilabının inkişafı istiqamətində birgə əməkdaşlığı şərtləndirir.

Son illərdə Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasındakı rolunu görən bir çox dövlətlər əlbəttə ki, ölkəmizlə əməkdaşlıqda çox maraqlıdırlar. Yəni Azərbaycan regionun əsas söz sahibi kimi bir çox Avropa dövlətinin maraq obyektinə çevrilib. Ölkəmizin beynəlxalq tranzit imkanları genişləndikcə isə bu əlaqələr daha da genişlənir.

Prezident İlham Əliyev də iştirak etdiyi bütün beynəlxalq toplantılarda Azərbaycanın real imkanlarını təqdim edir və bütün bunların son 16 ildə yaradıldığı hər kəsdə böyük maraq doğurur. Bu da Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların hər il artmasına səbəb olur.


Qəribə suala maraqlı cavab


Yanvarın 22-də isə Prezident İlham Əliyevin Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirakı, Avrasiya məkanındakı mövcud durumla bağlı səsləndirdiyi fikirlər və moderatorun sualına diplomatik cavabı çoxlarının diqqətini bir daha Azərbaycana, Bakıya yönəltdi.

Panelin moderatorunun - "Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz - Moskvaya, yoxsa Pekinə?” sualına cavabında cənab İlham Əliyev qısa və konkret cavab verdi - Bakıya.

Bunun ardınca Prezident vurğuladı ki, Azərbaycan qonşularına qarşı mehriban siyasət yürüdür. Lakin milli maraqlar həmişə birinci yerdə olub.

Buna görə də müstəqillik illəri ərzində əldə edilən bütün nailiyyətlər xalqın müstəqilliyə sadiq olmasına görə əldə edilib. Bu nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapıb. Çünki Azərbaycanda infrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib, yolların inşası və keyfiyyətinə gəldikdə, ölkəmiz dünyada 27-ci yerdə qərarlaşıb.

Moderatorun sualına Prezidentin məhz belə cavab verməsini şərtləndirən əsaslar mövcuddur.

- Bu cavab Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər şeydən uca tutulduğu siyasət yürütdüyünü əyani şəkildə təsdiq edir;

- Azərbaycanın qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır;

- Azərbaycan üçün onun milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir;

- müstəqillik illərində əldə olunmuş bütün nailiyyətlər Azərbaycan xalqının müstəqillik amalına sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirilməsinə görə əldə olunub;

- Azərbaycanın əldə etdiyi nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik hesabatlarında yüksək qiymətləndirilib.


İyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz


Prezident İlham Əliyev moderatorun ölkəmizdə həyata keçirilən sosial-iqtisadi, eləcə də struktur və kadr islahatları, gənclərə siyasi meydanın verilməsi ilə bağlı sualına da cavabında dəyərli fikirlər səsləndirdi.

"İyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz” - deyən cənab İlham Əliyev vurğuladı ki, ölkədə hökumət dəyişib, yüksək vəzifələrə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunub: "Yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir. Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan verməkdir. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır”.

Azərbaycanın son 16 ildə əldə etdiyi sosial-iqtisadi uğurlar barədə geniş məlumat verən cənab İlham Əliyev qeyd etdi ki, əvvəllər dövlət əsasən infrastruktur layihələrinə sərmayə yatırıb. Buna görə yenə də Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Ölkədə qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir, son 16 ildə 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa edilib.

Bütün bunlar verilən vədlərin vaxtında yerinə yetirilməsinin əyni təzahürüdür. Sözünə və əməlinə sadiq olan lider kimi cənab İlham Əliyev dünyanın ən mötəbər forumunda da bəyan etdi ki, heç vaxt yerinə yetirə bilməyəcəyi məsələləri dilə gətirmir və ölkəmizdə insanların həyat standartları ildən-ilə daha da yaxşılaşır: "Prezident olaraq mənim hədəflərimdən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək idi. Başqa sözlə, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqillik üçün bünövrədir”.

Bu gün cənab İlham Əliyev Azərbaycana tarixinin ən qüdrətli dövrünü yaşadır. Heç vaxt Azərbaycan indiki qədər güclü olmayıb. Həyata keçirilən məqsədyönlü siyasət, iqtisadi, siyasi islahatların uğurları isə onu deməyə əsas verir ki, Azərbaycan 2020-ci ildə də Prezidentin söylədiyi kimi, uğurla inkişaf edəcək və daha güclü dövlətə çevriləcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video