24 Dekabr 2020 02:28
2069
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV dedi və etdi


"Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm”.

İlham ƏLİYEV


* Biz bir qarış torpağımızı belə düşmənə güzəştə getməyəcəyik!

* Biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına yol verməyəcəyik!

* Biz işğal olunmuş torpaqlarımıza qayıdacağıq!

* Biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik!

Bu sözləri cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 17 il ərzində müxtəlif məqamlarda dəfələrlə, dönə-dönə demişdir!

Budur, dedi və etdi!

Erməni hərbi birləşmələri Azərbaycan torpaqlarından qovuldu!

Azərbaycanın hər bir yaşayış məntəqəsində üçrəngli bayrağımız dalğalandı!

***

Dövlətsiz ermənilərə Azərbaycan torpaqları hesabına dövlət yaradılması xalqımızın faciəsinə çevrildi.

XX əsrdən start verilən bu proses günümüzədək davam edir.

Qədim Azərbaycan şəhəri İrəvan Ermənistana paytaxt kimi verildi.

1948-1953-cü illərdə soydaşlarımız dədə-baba torpaqlarından deportasiya edilərək onlara məxsus yaşayış məntəqələrində xaricdən gətirilən ermənilər yerləşdirildi.

Ötən əsrin 90-cı illərində SSRİ-nin süqutu dövründə yaranan fürsətdən bəhrələnən ermənilər havadarlarının köməyi ilə yeni torpaqların işğalına başladılar.

Həmin vaxtlar Dağlıq Qarabağı və ətrafdakı yeddi rayonu ermənilərin işğal etmələrinin bir neçə səbəbi də vardı:

Əvvəla, Ulu Öndər Heydər Əliyev Siyasi Büro üzvlüyündən kənarlaşdığından daha onlara Moskvada kimsə mane ola bilmirdi.

İkincisi, həmin dövrdə Azərbaycana mərkəzi rəhbərliyə mütilik göstərənlər, maymaqlar, qorxaqlar, qətiyyətsizlər, habelə səriştəsizlər və vəzifə hərisləri başçılıq edirdilər.

Üstəlik nə vaxtında ordu yaradıldı, nə torpaqların müdafiəsi təşkil olundu, nə də beynəlxalq qurum və təşkilatlarla iş aparıldı.

İşğal faktı başa çatdıqdan sonra isə BMT-nin 4 məlum qətnaməsinin icrası bu məqsədlə yaradılan ATƏT-in Minsk qrupuna həvalə edildi.

28 il ərzində bir santimetr belə torpağın qaytarılmasını təmin etməyən Minsk qrupunun mövqeyi "Münaqişənin hərbi yolla həlli variantı yoxdur, yalnız sülh danışıqları vasitəsilə torpaqlar azad oluna bilər” oldu.

Hələ bu harasıdır, ATƏT-in Minsk qrupu:

* Bir dəfə də Ermənistana "işğalçı”demədi;

* İşğalçı ilə işğala məruz qalanı fərqləndirmədi, daim tarazlaşdırmağa çalışdı;

* Ermənistana "işğal etdiyin ərazilərdən çıx” (BMT-nin 4 qətnaməsinə uyğun olaraq) söyləmədi;

* Heç bir sanksiya tətbiq etmədi!

* Bütün fəaliyyəti ilə danışıqları uzatmağa, yaranan "reallıqla” Azərbaycan tərəfini barışdırmağa çalışdı.

* Düşmənin silahlanmasına, işğal ərazilərində möhkəmlənməsinə, buraya xaricdən yeni ermənilərin gətirilərək kütləvi surətdə məskunlaşdırılmasına göz yumdu!

* Azərbaycan dövlətinin, Prezidenti İlham Əliyevin bütün xəbərdarlıqlarına soyuq yanaşdı.

Bunlardan ruhlanan ermənilər isə nəinki özlərini işğal etdikləri ərazilərin sahibi kimi aparırdılar, hətta "yeni torpaqların işğalı üçün yeni müharibə” ilə hədələməyə başlamışdılar.

***

İlham Əliyev və zaman göstərdi ki, Azərbaycan Ali Baş Komandanının sözləri sadəcə hədə-qorxu yox, ciddi xəbərdarlıqlar imiş!

17 il mənasız sülh danışıqlarına, ermənilərin ərköyünləşdirilməsinə və qudurdulmasına dözən, sona qədər torpaqları sülh yoıu ilə, ATƏT-in hazırladığı baza prinsiplərinə əsasən həllinə çalışan Azərbaycan rəhbəri, nəhayət Ermənistanın növbəti hərbi təxribatına əks-hücumla cavab verdi!

Beləliklə, 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqının Vətən müharibəsi başlamış oldu!

Bu müharibə tarixə XXI əsrin yeni müharibə nümunəsi kimi düşdü!

Bu müharibə Ermənistanın darmadağın edilməsi, diz çökdürülməsi ilə nəticələndi!

Bu müharibə Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, ərazi bütövlüyünün bərpasına səbəb oldu!

Bu müharibə İlham Əliyevin adını tarixin qızıl səhifələrinə "İtirilmiş əraziləri geri qaytaran dövlət başçısı” kimi yazdı!

İlham Əliyev dedi və etdi: düşməni müqəddəs torpaqlarımızdan həmişəlik qovdu!

Üstəlik Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin əvəzini çıxaraq bütün şəhidlərimizin, viran qoyulmuş yaşayış məskənlərimizin də qisasını aldı!

***

İlham Əliyevin möhtəşəm qələbəsinin başlıca səbəbləri hansılardır?

Bu suala birlikdə cavab tapmağa çalışaq!

Əvvəlcə qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu qələbəyə uzun yol gəlmiş, bir neçə mühüm sahədə - qüdrətli dövlət, güclü ordu quruculuğu ilə yanaşı, beynəlxalq təşkilat və qurumlarla, diplomatiya sferasında, habelə informasiya cəbhəsində də yorulmadan çalışmışdır.

Diqqət yetirdikdə görürük ki, İlham Əliyev Azərbaycana rəhbərliyə başladığı ilk günlərdən daim düşünülmüş, uzaqgörən siyasət yeritmiş, məqsədə çatmaq yolunda həmişə hesablanmış, ölçülü-biçili addımlar atmışdır.

Həm ölkə, həm də beynəlxalq miqyasda İlham Əliyevin gördüyü işlər, eyni zamanda bir neçə məqsədə xidmət etmişdir.

Məsələn, Azərbaycanın karbohidrogen ehtiyatlarının ixracının şaxələndirilməsi, qeyri-ənənəvi marşrutla dünya bazarına çıxarılması təkcə ölkəyə küllü miqdarda valyuta vəsaiti gətirmirdi. Eyni zamanda özünün təhlükəsizliyinə də qarant yaradır, qarşılıqlı maraqların təmini hesabına yeni dostlar qazandırırdı.

Başqa sözlə, güclənən Azərbaycan güclü dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq yaradırdı.

Başqa bir misal, idmanın inkişafı Azərbaycan gəncinin sağlamlığına, pis vərdişlərdən uzaqlaşmasına kömək göstərir.

Eyni zamanda idman müstəqil Azərbaycanın dünyaya yeni təqdimatında, müsbət imicinin formalaşdırılmasında uğurlu vasitə rolunu oynayır.

Azərbaycan gənci müxtəlif arenalarda keçirilən idman yarışlarında qalib gələrək dövlət bayrağını qaldırır, himnini səsləndirir.

Ölkəmizdə keçirilən idman yarışlarına gələnlər paytaxt Bakı və xalqımızla yaxından tanış olur, şəxsi təəssürat qazanır.

Yarım milyardlıq televiziya seyrçisi olan "Formula-1” yarışlarının izləyiciləri indiyədək tanımadıqları Azərbaycan, Bakı haqqında yeni məlumatlar əldə edirlər.

Beləliklə, idman yalnız idman olaraq qalmır, xalqları, dövlətləri, insanları bir-birlərinə tanıdır, yaxınlaşdırır.

Turizm də onun kimi.

İnsanlar gəzməyi, görməyi, yeni ölkələrlə tanış olmağı çox sevirlər.

Razı qaldıqları yerlərə yenə dönə-dönə gəlirlər.

Bu həm də yaxşı gəlir mənbəyi sayılır və bir çox dövlətin büdcəsinə turizm hesabına hər il xeyli vəsait daxil olur.

Azərbaycana gələnlərin sayı da ilbəil artır.

Turizm axını yalnız Xəzərin qumlu sahilləri, gözəl təbiət mənzərələri və mətbəximizlə bağlı deyil.

Xalqımızın mehribanlığı, gülərüzlüyü, tolerantlığı da mühüm rol oynayır.

Müsəlman ölkəsinə gələn turistlər burada müasir insanların yaşadığının, bütün dinlərə və millətlərə hörmətlə yanaşıldığının, demokratik dövlət qurulduğunun şahidinə çevrilirlər.

Ötən əsrin 90-cı illərində ermənilərin dünyaya təqdim etməyə çalışdıqları "zavallı milləti incidən” "vəhşi”, "qaniçən” müsəlmanların yaşadığı Azərbaycanın mövcud olmadığını gözləri ilə görürlər.

***

Hər bir rəhbər xalqının içindən çıxır.

Yaxud, hər bir xalq öz rəhbərinə bənzəyir.

Hamıya bəlli həqiqətlərdir!

Xüsusən dünya birliyinə yeni qoşulan ölkələrin tanınmasında rəhbər faktoru mühüm əhəmiyyətə malikdir.

Bu sarıdan Azərbaycan xalqının bəxti gətirib.

Hər cür müqayisə qüsurludur - demişlər.

Odur ki, heç bir müqayisə aparmayacağıq!

İlham Əliyevin iti ağlı, dərin zəkası, aristokrat davranışı, parlaq və sinədəftər nitqi, xarici dilləri mükəmməl bilməsi və sərbəst danışması, jurnalistlərlə yüksək səviyyəli ünsiyyəti və digər mənəvi keyfiyyətləri onu artıq dünya çaplı siyasi liderlər səviyyəsinə yüksəltmişdir.

Xalqını təmsil edərək ucalan rəhbərimiz, xalqını da məharətlə ucaldır!

Uğurlu rəhbərin nüfuzu, öz növbəsində, xalqın nüfuzuna çevrilir.

Eyni rakursdan yanaşırıq.

İlham Əliyev BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik etdi.

Bu hüququ özünün yaratdığı yeni Azərbaycanla birlikdə qazanmışdı.

Əvvəla, Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edən müddətdə mövcud imkandan istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ problemini bir daha, həm də obyektiv və beynəlxalq hüquqa uyğun şəkildə dünya dövlətlərinin diqqətinə çatdırdı.

İkinci, sədrliyi dövdə dünyanı düşündürən, narahat edən məsələ və problemlərin müzakirəsinə nail olaraq ölkəmizə çoxlu dost qazandırdı.

Yaxud, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etdiyi dövrdə islam dövlətlərinin yaxınlaşmasına, əməkdaşlıqlarının güclənməsinə şəxsi töhfələrini verdi.

Eyni zamanda həm islamın, həm də Azərbaycanın sülhsevər, tolerant din olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Daha bir misal: Azərbaycanı humanitar forumların keçirildiyi mərkəzə çevirən İlham Əliyev təkcə ölkəmizdə dünyanı qayğılandıran problemlərin müzakirəsinə, onların həllinə dəyərli təkliflər verilməsinə nail olmur, həm də həmin forumda iştirak edən dünyanın görkəmli siyasətçilərini və dövlət xadimlərini, məşhur simalarını Azərbaycanın dostuna çevirir.

Ən nəhayət, yaxınlarda BMT-nin Təhlükəsizlik Şurasında Etmənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk qrupu üzvlərinin təklifi ilə yeni qətnamə qəbul etmək istəyirdilər.

Ölkəmizin maraqlarına xidmət etməyən qətnamə!

Lakin bu məkrli sənəd qəbul olunmadı!

Çünki Qoşulmama Hərəkatına rəhbərliyi dövründə İlham Əliyev bu quruma üzv dövlətlərin maraqlarını təmin edən bir sıra addımlar atmışdı, onların çoxuna Azərbaycan dövləti öz yardımını göstərmişdi.

Dost ölkələr isə bu məqamda Azərbaycanın maraqlarının qorunmasına öz dəstəklərini verdilər.

***

Hərbi əməliyyatların başlandığı ilk günlərdən bütün dünya gördü ki, Azərbaycan Ordusu həqiqətən dünyanın ən güclü orduları sırasında yer tutmağa layiqdir.

O, təkcə ən müasir silahlarla silahlanmayıb, həm də yeni taktika ilə vuruşur.

Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunu yaradanda vahid məqsəd güdmüşdür:

Erməni işğalçılarını ölkə ərazisindən qovub çıxarmaq, minimum itki ilə maksimum nəticə əldə etmək!

Bu vəzifəni yerinə yetirən İlham Əliyev Azərbaycanın yeni müharibə tarixini yazdı!

Öz gücü, siyasəti, qurucusu olduğu ordusu ilə ölkəmizin ərazi bütövlüyünü təmin edərək tarixə qüdrətli dövlət başçısı, mahir sərkərdə, qətiyyətli rəhbər kimi düşdü!

Ən əsası dediyini etdi!

Sözünün imzası qədər mötəbər olduğunu bir daha sübuta yetirdi!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video