29 Dekabr 2019 01:29
3432
SİYASƏT
A- A+

İlham Əliyev dayağımız, Mehriban xanım ümid çırağımızdır


"Yuxuda gördüm ki, yeni mənzilə köçmüşük, birdən qapı döyülür və Prezident evimizə qonaq gəlir. Səhər durub yuxumu evdəkilərə danışdım...

Allaha and olsun ki, heç üstündən bir həftə keçmədi yuxum çin çıxdı. Qapımız açıldı və İlham oğlumla, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov içəri daxil oldu. Gözlərim yaşardı, özümü güclə saxladım. Qabağına gedib bağrıma basdım Prezidentimi. Halımı soruşub əllərimdən öpdü, sanki dünyanı mənə bağışladı...

Düzünü desəm, gözləmirdim... Bu, bizim üçün unudulmaz bir an oldu. Ölkə rəhbərinin evimizə gələrək mənzilin açarlarını təqdim etməsi, ailəmiz üçün ən böyük hədiyyə oldu. 75 yaşım var, indiyədək Prezidenti yalnız televizorda görmüşdüm. Amma onunla görüşüb söhbət edərkən elə bildim ki, çoxdan ailəmizin bir üzvüdür. Hələ də o günün xoş təəssüratındayam”.

Fevralın 5-də Şamaxıda baş verən zəlzələnin ziyan vurduğu mənzillərdən biri də 75 yaşlı Xuraman Həsənovaya məxsus ev idi. Mənzilləri tam yararsız hala düşən Həsənovlar ailəsi müvəqqəti olaraq sığınacaqlarda yerləşdirilmişdi. Təbii fəlakətdən 10 ay sonra, dekabrın 5-də Prezident İlham Əliyev bu ailəyə tam təmirli, yeni mənzil hədiyyə etdi.


"Bu, mənim üçün xoşbəxtlikdir”


Həsənovlar ailəsi, xüsusən də Xuraman nənə hələ də dövlət başçısının qəfil yeni evinə gəlməsinin, onu ziyarət etməsinin xoş təsiri altındadı. Şamaxıya səfərimiz zamanı Xuraman nənə ilə görüşümüzdə buna bir daha şahidlik etdik. Həqiqətən də üzü nurlu ağbirçək ananın sevincinin həddi-hüdudu yoxdur. Yeni mənzillərində xoşbəxt günlərini yaşamağa başlayan Xuraman nənə dövlət başçısı ilə görüşün xoş xatirələrini bizimlə də bölüşdü:

"Bilirsən, oğlum, bu mənim üçün xoşbəxtlikdir. Çünki ölkənin rəhbəri təsadüfən 75 yaşlı Xuramanın evinə gəlir, çayını içir, dərdiylə, vəziyyətiylə maraqlanır, səmimi söhbət edir. Təsəvvür edin ki, zəlzələdən sonra ən ağır vəziyyətdə yaşayırdıq. Ev yox, eşik yox. Və qəfil Prezident Şamaxıya gəlir, insanlara təsəlli verərək deyir ki, narahat olmayın, tezliklə yeni mənzillər tikiləcək. Bu dövlət hər bir vətəndaşının qayğısına qalır, onu sahibsiz qoymur. Necə ki, qoymadı da...

Hörmətli Prezidentimə dedim ki, bir əhdim olub. Heç vaxt özümə heç nə arzu etməmişəm. Ancaq həyatda uşaqlar üçün nəsə arzulamışam. Bu evlər belə vəziyyətə düşəndə ancaq bir arzumu dilə gətirib dedim ki, ya Rəbbim, əgər mənə belə bir şey qismətdirsə, Prezidentlə görüşüm olsun. Həmin günü Allah mənə qismət etdi. Sevincimin həddi-hüdudu yoxdur”.

Beş övlad böyüdən Xuraman nənə deyir ki, Azərbaycan xalqı xoşbəxt xalqdır, ona görə ki, İlham Əliyev kimi səmimi, qayğıkeş, darda qalana hayan olan, kimsəsizə əl tutan, bayrağımızı ucaldan Prezidenti var. Hər kəs ən azından televiziya vasitəsi ilə görür ki, Prezident və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva necə xeyirxah işlər görürlər, vətəndaşın qayğısına qalırlar. Prezidentimiz himayədarımız, qayğıkeşimiz, Mehriban xanım ümid çırağımızdır”.

Prezidentlə söhbətini ömrünün bu çağında ona verilən ən böyük hədiyyə kimi qiymətləndirən ağbirçək ana qəzetimiz vasitəsilə cənab İlham Əliyevə ismarıc da yolladı:

"Bir daha söyləyirəm, xöşbəxt xalqıq ki, Allah bizə belə rəhbər qismət edib. Belə rəhbər üçün nə qədər alqış etsək, dua oxusaq yenə də azdır. Dərdimizə şərik olan, qayğımızı çəkən Prezidentimiz, var olun. Çox hörmətli Prezidentimiz, siz Azərbaycanımızın fəxrisiz, qürurumuzsuz, Mehriban xanım da sizin ən böyük dəstəkçiniz, dayağınızdır. Allah sizi bu millətin üstündən əskik etməsin. Bu xalq sizə arxalanır və sizə ümidlidir. Etdiyiniz yaxşılıqları Allah övladlarınızın qarşısına çıxarsın, balalarınız, nəvələriniz gözünüzə çıraq olsun. Ömrüm boyu duaçınız olacam. Tanrı sizi xətadan-bəladan qorusun”.

Həsənovlar ailəsi ilə çay süfrəsi ətrafında əyləşən dövlət başçısı onların vəziyyəti ilə maraqlanıb, görülən işlərdən söhbət açıb. Xuraman nənənin oğlu Fərdar Həsənov deyir ki, bu gəliş onlar üçün həqiqətən də gözlənilməz olub: "Bilirdik ki, cənab Prezidentin diqqətindəyik. İki dəfə Şamaxıya gəlib vəziyyətlə maraqlanmışdı, tapşırıqlar vermişdi ki, ilin sonuna qədər bütün mənzillər tikilsin. İnsanlar Yeni ili təzə mənzillərində qarşılasınlar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da sağ olsunlar, gecə-gündüz çalışdılar. Zəlzələ nəticəsində dağılan evlər onsuz da bərbad vəziyyətdə idi. Yaşayışa yararlı deyildi və istismar müddəti bitmişdi. İndi mənzil şəraiti əladır. Hər bir şəraiti - istilik sistemi, qazı, suyu, işığı var. Hər bir avadanlıqla təchiz edilmiş geniş otaqlar yaşayış üçün tələbata tam uyğundur. Sağ olsun dövlətimiz, Prezidentimiz ki, insanlara əvvəlkindən də möhtəşəm evlər tikib verdi”.


Saray nənə: "İlham, oğlum, ömrün uzun, canın sağlam, başın həmişə uca olsun”


Prezident Şamaxıda keçirdiyi görüşdə zəlzələdən bir gün sonra rayona səfərini və evi qəzalı duruma düşən Saray nənə ilə ilk görüşünü, bir aydan sonra Mehriban xanım Əliyeva ilə birlikdə ağbirçək ana üçün tikilən yeni mənzildə qonaq olduğunu da xatırladı. Bunu dövlətin vətəndaşına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirdi.

Bu gün yeni mənzilində nəvələri ilə xoşbəxt ömür sürən Saray nənə də Prezidentə duaçıdır. Deyirlər qocaldıqca yaddaş zəifləyir. Amma ağbirçək ana hələ də o günləri dəqiqliyi ilə yadında saxlayır.

Deyir ki, Prezident ona cəmi bir aya əvvəlkindən daha yaxşı ev tikdirib: "Ay bala, hər gün Allaha dua edəndə deyirəm ki, İlham oğlumu, Mehriban qızımı qoru, ya Rəbbim. Yetimə, kasıba, kimsəsizə hayandılar, dayaqdılar...

Çarəsiz ana idim, evim dağılmışdı. Ölüm arzulayırdım özümə, İlham oğlum gəldi, təsəlli verdi, dayağım oldu. Dedi tezliklə təzə ev tikdirəcəm. Ağbirçək ana kimi sözümü yerə salmadı. 1 aya dağılan evimin yerində elə gözəl ev tikdirdi ki...

Bu, Prezidentin bizə böyük hədiyyəsidir. Bizə bu gözəl şəraiti yaratdıqlarına görə ömür boyu Əliyevlər ailəsinə minnətdaram.

Demişdim gələndə xanımını da gətir. Bu sözümü də yerə salmadı. Mehriban qızımı da gətirdi, qonağımız oldular. Qızım dedi ki, İlham səndən o qədər danışıb ki, tələsirdim səni görməyə. Elə adı kimi özü də mehribandı, istiqanlıdı. Allah onların hər ikisinə uzun ömür versin. Baxıram, televizorda görən kimi əllərimi qaldırıb dua edirəm. Deyirəm, İlham, oğlum, Allah səni var eləsin, ömrümə ömür qatdın, başımı uca tutdun. Ömrün uzun, canın sağlam olsun, oğlum!”


Prezident qayğısı


Təbii fəlakətdən 10 ay ötür və indi Şamaxıda tam başqa ab-hava var. Şahidi olduğumuz mənzərə - Xuraman və Saray nənənin xoş sözləri, yeni mənzillərinə köçən insanların sevinci, tikinti-quruculuq işlərinin davam etməsi həqiqətən də bizdə xoş təəssürat yaratdı.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən rayon mərkəzindəki Şəhriyar, Təbriz, Salman Mümtaz, Azadlıq və Səttar Bəhlulzadə küçələrində sakinlər üçün tikilən mənzillərin böyük hissəsi istifadəyə verilib.

Prezidentin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən ümumilikdə 580 yaşayış evi tikilib. Bundan başqa, Şamaxı şəhəri ərazisində müxtəlif səbəblərdən yerində tikintisi mümkün olmayan 132 fərdi yaşayış evinin sakinləri üçün hündürmərtəbəli yaşayış binası tikilir. Bunlardan 4 mərtəbəli 44 mənzilli və 5 mərtəbəli 20 mənzilli yaşayış binası hazırdır. 5 mərtəbəli 110 mənzilli binanın tikintisi dekabr ayının 31-də yekunlaşacaq. Onu da əlavə edək ki, yalnız Şamaxıda deyil, zəlzələdən ziyan çəkmiş Ağsu və İsmayıllı rayonlarında da yeni evlər tikilir, həmçinin bərpa işləri aparılır.

Bütün bunlar Prezident qayğısının əyani təzahürüdür. Kimliyindən, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın problemi cənab İlham Əliyevin diqqətində və nəzarətindədir. Vətəndaşlarla səmimi görüşlər keçirməsi, onların problemlərini dinləməsi və həll olunması üçün müvafiq göstərişlər verməsi, bağışlamaq böyüklüyü cənab İlham Əliyevin ölkə rəhbəri kimi hər zaman insanların yanında olduğunu, siyasətinin mərkəzində vətəndaşın dayandığını bir daha təsdiq edir.

Bütün bunlar deməyə əsas verir ki, daim vətəndaşla birgə olmaq Prezidentin həyat amalına çevrilib. Bu isə xalqın Prezidentə olan etimadını gündən-günə daha da artırır.

Rəşad BAXŞƏLİYEV,

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video