08 Oktyabr 2020 02:43
2544
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazır


Baş Sərkərdənin hərbi zəfərləri məmləkəti, milləti, vətəndaşı daha da böyüdür


Ali Baş Komandan İlham Əliyev Azərbaycanı on gündür ki, ağladır...

Gözümüzün yaşı sel-su olub gedib...

Amma bu, illərdən bəri tamarzı qaldığımız göz yaşlarıdır, sevinc göz yaşlarıdır, qələbə göz yaşlarıdır!...

Göz yaşlarının ən dəhşətlisi insanın içinə axanıdır. Biz də az qala otuz ildir hər gün gözlərimizdən damcılayıb içimizdə silələnən damlalarda qərq olub gedirikmiş, xəbərimiz yoxmuş. Daxilindəki belə sahilsiz kədər ümmanından qurtulmağa insanın nə boyda ehtiyacı olarmış, İlahi!

Günlərdir, gözlərimizdə muncuqlanan, gülən gözlərimizdə gül açan göz yaşları da bu kədərdən qurtuluşumuzdur…

Elə bizə bəxş etdiyi bu qürur göz yaşlarına görə də Baş Sərkərdəmizə ölənədək borcluyuq, əbədi minnətdarıq...

Adətən, Azərbaycan kişisi ağladığını kimsə görsün istəməz. Dərdindən, öfkəsindən, çarəsizliyindən hönkürəndə də əlləri ilə üzünü qapayar, onu belə bir halətdə görənlərin çoxu isə həmin insanı bu dərdin, öfkənin, çarəsizliyin əlindən almaq acizliyindən utanıb gözlərini yerə dikər: əllərini gözlərindən çəkəndə heç olmasa ətrafdakıların nəzərlərindən daha pərişan olmasın, dost-düşmən yanında özünü zəif görməsin deyə...

İndi isə heç kim göz yaşlarını göstərməkdən utanmır, heç kim bir-birinin dolmuş gözlərinə baxmaqdan sıxıntı keçirmir. Çünki bu, zəfərin ən gözəl nişanəsidir, sevincin, qürurun, fərəhin, gələcəyə inamın qəlbin ən dərinliklərindən gələn sorağıdır və indi insanlarımızın bu hissi paylaşmaqdan böyük ehtiyacları yoxdur...

Günlərdir, Azərbaycan insanı bu duyğusunu paylaşır. Televiziyalarda, radioda, xəbər portallarında yayılan hər rəsmi xəbəri yaxşı mənada gözünə təpir. Kimi görürsən, kimə salam verirsən, dərhal söhbəti rəşadətli Ordumuzun əks-hücum əməliyyatları ilə rəzil düşmənə vurduğu sarsıdıcı zərbələrə gətirir, işğaldan ard-arda azad edilən ərazilərimizdən söz açır, gedişat haqqında daha çox bilmək istəyir, yaşadıqlarını mümkün qədər çox insanla bölüşməklə sevincini, məmnuniyyətini, qürurunu, ümidini daha da böyüdür elə bil...

Birinci Qarabağ savaşı zamanı televiziyadan cəbhə xəbərlərini elan edən hərbi diktor adətən hər xəbər təqdimatından sonra tamaşaçılarla bu cümlə ilə sağollaşardı: "Qələbə müjdəli sabahlaradək”.

Bu adi cümlənin o qədər böyük enerjisi vardı ki, Azərbaycan tamaşaçısı hər axşam ondan yeni bir qələbə müjdəsi gözləyərdi, oxunan xəbərlərin, düşmən üzərində əldə edilən üstünlüklərin məzmunu gözləntilərindəkilərə uyğun olmayanda qüssələnərdi, ümidini növbəti sabaha bağlayardı, o müjdəli sabahların çox tezliklə açılacağına bütün varlığı ilə inanardı.

Hamımızın bildiyimiz obyektiv səbəblərdən əfsuslar olsun ki, o zaman qələbə ovqatını, məğlubiyyət duyğusunun ağır əhvalı əvəzlədi. Düşmən güclü havadarlarının əli ilə torpaqlarımızın 20 faizini işğal etdi. Bir milyona yaxın soydaşımız yurdundan-yuvasından perik düşüb Vətənin başqa səmtlərinə səpələndi, ailələr, həyatlar, talelər param-parça oldu.

Azərbaycan insanı içindəki incikliklə, məyusluqla hətta yavaş-yavaş televiziya ekranı qarşısından da aralanmağa başladı, yaxud itkilərimizi bizə daha aydın xatırladan, xatirələrimizi, yurd yaddaşımızı ovxarında saxlayan proqramlara, görüntülərə, nişanələrə sarıldı.

Şuşadan olan bir dostumuz vardı, həmişə televiziya kanallarında gedən hava proqnozlarını mütləq izləyirdi. Deyirdi, işğal altındakı rayonlarımızın hava şəraitini hər dəfə efirdən elan edəndə xəyalən o torpaqlara yollanıram, oraların havasının istisini-sərinini, yağışını-qarını bir neçə dəqiqə canımda hiss edirəm və ümidlənirəm ki, ora nə zamansa qayıdacağam.

Hətta ümidsizliyin adamın əhədini kəsən vədələrində də Azərbaycan insanı Qələbə müjdəli o sabahlardan əl üzmədi. O sabahın bir gün açılacağına inandı. Biz o sabahın açılmasını düz 27 il gözlədik. Və bundan sonrakı nəsillərimizin də minilliklər ərzində həmişə qürurla xatırlayacaqları gözəl bir payız günü o sabahın dan yeri sökülməyə başladı. Şanlı Ordumuzun cəbhə bölgəsində azğın düşmən üzərində qazandığı hər zəfər, azad etdiyi hər qarış torpaq o sabahın sərin meh kimi ruhumuza vuran, bizi 27 illik qorxulu röyadan oyadan yeni bir qələbə müjdəsidir.

Bu qələbənin üç müəllifi var: bütün çətinliklərə, acılara rəğmən işğalla bir an belə barışmayan, düşmənə qarşı içindəki nifrəti getdikcə böyüdən, ümidini heç zaman itirməyən, seçimini düzgün müəyyənləşdirərək taleyini dürüst əllərə tapşıran və həmrəyliyi, daimi dəstəyi ilə bu əlləri polad kimi sarsılmaz edən Azərbaycan xalqı...

Bu xalqın düşmənə nifrət, Vətənə sevgi hissi ilə yetirib boya-başa çatdırdığı qeyrətli övladlarından təşkil olunmuş müzəffər Ordumuz...

Və ömrünün heç bir məqamında bu Vətənin, xalqın, dövlətin maraqlarını zərrə qədər də olsun yadlara güzəştə getməmiş və Əyyub peyğəmbər səbri ilə bizi Böyük Zəfərə yetirməyə müvəffəq olmuş Ali Baş Komandan cənab İlham Əliyev!..

***

Müharibə dövrünün, təbii ki, öz qayda-qanunları var. Bu, aparılan əməliyyatlar, əldə edilən nəticələr haqqında məlumatların mümkün qədər "xəsisliklə”, hərbi dilə xas qısa, lakonik tərzdə çatdırılmasına da aiddir.

Biz Şanlı Ordumuzun kəndlərimizi, böyük yaşayış məntəqələrimizi, strateji yüksəkliklərimizi işğaldan sadəcə azad etməsi haqqında hələlik ancaq qısa, yığcam xəbərlərlə tanış ola bilirik. Geniş təfərrüatlar, Azərbaycan əsgərinin, zabitinin torpaqlarımızın azadlığına doğru hər addımında yaranan qəhrəmanlıq hekayələrinin çoxu hələ böyük qələbədən sonra bəlli olacaq, dildən-dilə dolaşacaq.

Azad edilən hər kənd, şəhər də hələlik cəbhə xəbərlərində sadəcə statistika kimi görünür. Amma hər yeni bir kəndin işğaldan azad edilməsi nə deməkdir?! Bu, illərdir ağır yük kimi daşıdıqları məcburi köçkün adından qurtulduqları üçün bir-birinə gözaydınlığı verən insanların qəlbindəki toy-büsatdır.

Bu günün həsrəti ilə dünyadan köçən, bəlkə nə vaxtsa sümükləri o torpaqlara qovuşub rahatlıq tapar deyə, doğmalarının əksər hallarda dəmir tabutlarda Vətənin başqa məzarlıqlarında əmanət qəbir kimi torpağa gömdükləri mərhumların şadman ruhudur.

İşğal altındakı qərib yurdlarımızda illərdən bəridir yaxınlarının ziyarətinə, əlinin tumarına, dilinin duasına, gözlərinin yaşına həsrət nigaran qəbirlərin intizarını bitirən ilk cığırlardır.

İllərdir o yerləri heç olmasa bircə dəqiqə görmək ümidi ilə yaşayan ixtiyarların gözlərindəki nisgilin silinərək yerini ümid işığına verməsidir.

Azad edilən hər kəndin hər qarış torpağı onun uğrunda canını fəda edən Azərbaycan əsgərinin qanı ilə yazılmış qəhrəmanlıq dastanıdır.

***

Bu dastanın bir boyu artıq dogma Azərbaycanla yanaşı, Vətən tarixinin ən qədim qatlarından gələn doğma Suqovuşan adına da qovuşmuş cənnət məkanımızda Azərbaycan əsgərinin dövlət bayrağımızı ucaltması anında yazıldı. Hamı kimi qürurla, sevinc dolu göz yaşları ilə izlədim o anları.

Qalib hərbçinin üzü görünmürdü, yaşı, rütbəsi bəlli deyildi, ona sadəcə Azərbaycan əsgəri kimi baxırdım və o anda düşüncələrimdə o əsgərdən güclü kimsə, mənsəb olaraq onun daşıdığı əsgər rütbəsindən üstün nəsə yox idi. Hansı ata-ananın bioloji övladı olmasından, hərbi xidmətə hansı evdən, eldən yollanmasından asılı olmayaraq, o anda o əsgər balamız bütün Azərbaycan xalqına bir övladın öz valideynlərinə yaşadacağı ən böyük fəxarəti yaşatdı, bütün Azərbaycan ailələrinin qürur yerinə çevrildi.

Rəzil düşmənın bayrağını yerə salandan sonra onu təpiklə kənara tullayaraq illərdən bəri ürəyimizdə toplanmış dərd yükünü bir təpiklə yerlə-yeksan etdi, qəlbimizin başında qövr edən yaraya məlhəm qoydu, düşmən bayrağının yerində ucaltdığı üçrəngli aylı-ulduzlu bayrağımızın işığı ilə göstərdi ki, səbrin sonu səlamətmiş, haqq davası aparanların qisası qiyamətə qalmazmış.

Açığını deyəcəm ki, o əsgərin boyuna sevinəndə, mərd duruşundan, cəsur hərəkətlərindən öz qürur payımı alanda özlüyümdə bir qədər də utandım. Niyəsini deyəcəm: yaşlı nəslin nümayəndələri olaraq nə vaxtsa çoxumuzun belə bir əndişəmiz vardı ki, ixtiyarlar dünyadan köçdükcə işğal altındakı yurdlarımızla bağlı xatirələr də korşalacaq, işğal yaraları zaman-zaman sağalacaq və nəsillər təzələndikcə o yurdları yada salanlar da az olacaq. Nə gizlədim, bu qorxu özümün də qəlbimə hakim idi, yeri düşəndə bu barədə düşüncələrimizi həmyaşıdlarımızla bölüşürdük. Amma ordumuzun 2016-cı ildəki Aprel zəfəri zamanı Azərbaycan gəncliyinin coşqusunu, düşmən üzərində qələbə əzmini görəndə bir vaxtlar belə düşündüyümə görə xəcalətimdən özümə yer tapmadım.

Suqovuşanda Ermənistan bayrağına ilişdirdiyi təpiklə ürəyimizdən tikan çıxaran Azərbaycan əsgəri o hissi yenidən xatırlatdı, o əsgərin təmsil etdiyi gənc nəsil haqqında nə vaxtsa belə düşündüyümə görə qəlbimin dərinliklərində o əsgərin timsalında bütün gənclərimizdən dönə-dönə üzr istədim.

Xəyalən onların Vətən qarşısındakı açıq alınlarından, silah tutan, bayraq qaldıran əllərindən, azad edilən torpaqlarımızın müqəddəs tozuna bulaşmış çəkmələrindən öpdüm.

***

Ötən həftə sürücümdən xahiş etmişdim ki, məni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakıdakı yerli qurumlarının, el dilində desək "vayenkomat”ların qarşısına aparsın. Hər birinin qarşısında gənclərin böyük qələbəliyi yaranmış bu qurumların çoxuna baş çəkdim. Azərbaycan bayrağı ilə bəzədilmiş avtomobillərdə, toy-bayrama gedirmiş kimi gəlib toplaşan və döyüşə yollanacağı anı sevinclə, fərəhlə, coşqu ilə gözləyən bu gəncləri gördükcə o binaların hər birinin qarşısında göz yaşları tökdüm...

Nə qədər insan var idi, düşməndən intiqam hissi ilə alışıb-yanan, qələbədə rolunun olmasını istəyən, dərhal əlinə silah alıb cəbhə xəttindəki döyüşçülərimizin köməyinə yetişmək istəyən nə qədər igid görürdüm...

Bir neçəsini söhbətə çəkdim. Aralarında əməlli-başlı narazılıq ovqatında olanları, hətta səbrinə hakim ola bilməyib səfərbərlik görəvliləri ilə mübahisə etmək istəyənləri də vardı. Səbəbisə bu idi ki, döyüşə getmək üçün gəlib könüllü yazılıblar, amma proses qismən səfərbərlik proseduruna uyğun aparıldığından onlara deyilib ki, hələlik gedib gözləyin, lazım olanda özümüz çağıracağıq.

Bu balalarımızın gözlərindəki parıltını, Vətən sevgisini görəndə o an əlimdən gələn yeganə şey onları bir-bir bağrıma basıb, alınlarından öpərək "Qeyrətinizə qurban” demək oldu.

Hamısının qeyrətinə qurban olum!

Hamısını Allah qorusun!

Gəl gör indi bu gənclik əyninə hərbi forma geyinib, əlinə silah alıb döyüş meydanlarında düşmənlə aslan kimi üz-üzə dayananda nələr edir. İllərdən bəri havadarlarına bel bağlayaraq bizə acılar yaşadan, əsəbilərimizlə oynayan düşmənə indi nələr çəkdirir, yağının qoparağını necə götürür, cənab Prezidentimizin də qeyd etdiyi kimi, onları torpaqlarımızdan iti qovan kimi necə qovur.

Əgər bir yurdun gənci onu döyüşə aparmadıqlarına görə etiraz edirsə, əgər bir yurdun gənci döyüşə toya-bayrama gedirmiş kimi yollanırsa, o yurd basılmaz, onun ordusuna qalib gəlmək mümkün olmaz.

İlham Əliyevin qurduğu Azərbaycan bax budur!

İlham Əliyevin formalaşdırdığı Azərbaycan Ordusu bax budur!

İlham Əliyevin milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yetirdiyi Azərbaycanda yetişən gəncliyimiz bax budur!..

***

Ali Baş Komandanın əmri ilə düşmən təxribatlarına qarşı əks-hücum əməliyyatları aparan Azərbaycan Ordusu qəhrəman balamız, qürur yerimiz Mübariz İbrahimovun bir zamanlar şəhid olduğu postu alıb burada bayrağımızı ucaltdı.

Cənab İlham Əliyev gör kimlərin ruhunu şad elədi, gör kimlərin qisasını aldı...

İlham Əliyev iki əsrdən bəridir ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların qisasını aldı, iki əsrdir sürən tarixi dövranı dəyişdi. İlham Əliyev Xocalıda bir gecədə qətlə yetirilən yüzlərlə can parçamızın qisasını qiyamətə qoymadı.

İlham Əliyev həm də Ulu Öndər Heydər Əliyevin ruhunu bir daha şad etdi.

İllərlə davam edən danışıqlar prosesində işğalçı Ermənistanın xaricdəki havadarlarının yerbəyerdən bu çinar vüqarlı Liderin üzərinə yönələn təzyiqlərinin, ona çəkdirdikləri iztirabların, yuxusuz gecələrin, gərginliklərin qisasını gələcəyə buraxmadı. Ulu Öndər siyasət meydanını, bir neçə ay sonra isə fani dünyamızı cənab İlham Əliyevin onun yarım qalmış işlərini başa çatdıracağı ümidi ilə tərk etmişdi.

İlham Əliyev bu gün Ümummilli Liderin ən nisgilli arzusunu reallaşdırır, onun yarım qalmış ən vacib işini, planını tamama yetirir.

Heydər Əliyevin açdığı yeni səhifədə Azərbaycan tarixinin ən şərəfli sətirlərini yazır.

***

Bir çox tarixi romanların müəllifi kimi özümdə zamanı şəxsiyyətlərlə birgə hiss etmək vərdişi formalaşdırmışam. Böyük şəxsiyyətlərimizin tarixdə hansı rolu oynadıqlarını aydın təsəvvür edirəm. Yaxşı bilirəm ki, Uzun Həsən, şah babamız Xətai, Nadir şah, onların sonrakı davamçıları Fətəli xan Xoyski, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdən bəy Topçubaşov və başqa cümhuriyyət qurucularımız, ötən əsrin 60-cı illərinin sonlarına doğru bu şəxsiyyətlərin mənəvi ideallarının tərcümanı kimi dövlətçilik tariximizdə ucalan Heydər Əliyev bu dövlət üçün nələr ediblər, kimdirlər.

İlham Əliyevin xalqımıza bəxş etdiyi bu tarixi qələbə də mahiyyət etibarilə Şah İsmayılın qurduğu mərkəzçi dövlətlə, müsəlman Şərqinin ilk demokratik cümhuriyyəti faktı ilə, Heydər Əliyevin uğurla həyata keçirdiyi müstəqil dövlət quruculuğu ilə bir sırada dayanan tarixi nailiyyətdir!

Günümüzün reallıqlarından baxanda isə, heç kəs inciməsin, onların hamısından daha üstün nəticədir!

Çünki o nailiyyətlərin hər birindən məhz bu nəticəyə doğru yol gəlirdi, İlham Əliyev bu nəticəni bütün böyük şəxsiyyətlərimizin mənəvi övladı kimi qazanıb, onların xeyir-duasını, hər nailiyyətimizdən şad olan ruhlarını duyaraq əldə edib.

***

Orasını da nəzərə alaq ki, cənab İlham Əliyev adi bir düşmənə qalib gəlmir. O, arxasında böyük imperiyaların, dünyanı lərzəyə salan fövqəlgüclərin dayandığı və geopolitik maraqlarını həyata keçirmək üçün onların əlində maşa rolunu oynayan, mənəviyyatsızlığı, həyasızlığı sərhəd tanımayan, comərdlik nədir bilməyən son dərəcə rəzil bir düşmənə qalib gəlir. Bu, iki böyük imperiyaya arxalanan, onlardan dəstəvuz alan düşmən üzərində qazanılan qalibiyyətdir. Güclü yiyələrin üstümüzə qısqırtdıqları itlərin gəldikləri yerə tərəf qovulmasıdır.

İlham Əliyevin bu qələbəsi Azərbaycan tarixindəki böyük gözləntiləri reallığa çevirməklə möhtəşəmliyinə görə dünya siyasətində, dünya sərkərdəliyində, dünya hərb tarixində özünə daim parlaq yer tutacaq. Çünki bu ən incə detalına qədər düşünülmüş, hər bir məqamı böyük strateq səbri, müdrikliyi, əzmi və qətiyyəti ilə nəzərə alınmış bir döyüşün zəfəridir.

Açığını deyək, uzun illər ərzində hakimiyyətə qarşı tənqidlər də səslənirdi ki, niyə həlledici hücuma keçmirik, hər dəfə "Lazım gəlsə” deyirik, bəs nə zaman lazım gələcək. İlham Əliyevsə bizə yaşatdığı qələbələrlə bir daha sübuta yetirdi ki, dövlətin strateji addımları mənim, sənin, bir başqasının istəyinə bağlı deyil. Burada hər bir addımın öz vaxtı, vədəsi var, o məqamı tutmağı bacardınsa, zəfər səninkidir.

Böyük diplomatik səriştəsi ilə həlledici məqamlar ustası olan İlham Əliyev bu dəfə də bacardı. Və bizi özümüzə qaytardı. Azərbaycan xalqını özünəinama, qan yaddaşına, soy-kökümüzdən gələn mənəvi gücə qovuşdurdu.

Burasını da etiraf edək, uzun illərin işğal bədbinliyindən hamımız milli natamamlıq kompleksinə mübtəla olmuşduq. Hər birimizdə müəyyən inamsızlıq kompleksi vardı, elə bilirdik ki, daha o torpaqlar azad olunan deyil, bizə imkan verməzlər, gücümüz çatmaz, nə bilim daha nələr. Şükür dövlətimizin getdikcə artan sosial-iqtisadi imkanlarına, insanlarımızın yüksələn rifahına, bu sarıdan həyatımızda çox şey qaydasında olsa da, həmişə sanki nəsə çatışmırdı. Çatışmayan o dəyər itirilmiş torpaqlarımız, işğal yarasının heysiyyətimizdə zədələyib açdığı boşluqlar idi. Bunu açıq deyə bilməsək də, müəyyən yaxın dost çevrələrində danışırdıq, illərdir bu şəkildə davam edən durumdan gileylənirdik, heç olmasa bununla təsəlli tapmağa çalışırdıq.

İlham Əliyev isə son qətiyyətli addımları ilə bu təəssüratı büsbütün dəyişdi. Bizim özümüzə də, dünyaya da sübut etdi ki, biz əslində dünyanın ən döyüşkən xalqları sırasındayıq. Biz qalib gəlməyi bacaran xalqıq. Biz böyük mənəvi dəyərlərə malik xalqıq.

Neçə gündür Bakı küçələrində addımlayan insanlara baxıram, qalibiyyət sevinci ilə köksü atlanan həmvətənlərimizi seyr edirəm, elə bil adamların qəddi də düzəlib, indi hamımız on gün əvvələ qədər olduğundan da daha şax yeriməyə başlamışıq. Buna çox böyük ehtiyacımız vardı, bu qələbə bizi daha da böyüdəcək, başqa çatışmazlıqlarımızı da aradan götürəcək zaman-zaman...

***

Hamı kimi cəbhə xəbərlərini az qala dörd gözlə izləyirəm. Artıq, demək olar ki, hər gün beş-altı kəndimizi düşməndən təmizləyirik.

Bilirəm ki, bu yazıya nöqtə qoyub əziz dostum Bəxtiyar Sadıqova göndərməyim və onun oxuculara çatması dövtündə də yeni kəndlərimiz işğaldan azad olunacaq. Bu artıq geriyə dönüşü olmayan bir prosesdir.

Artıq Qələbədən başqa yolumuz yoxdur...

Qeydlərimi Azərbaycanın müasir tarixi nailiyyətlərində misilsiz xidmətləri olan Mehriban xanım Əliyevanın bu duası ilə bitirirəm: "Uca Tanrı Ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun. Qarabağ Azərbaycandır!”

Bu, bir ananın duasıdır...

Ana obrazında təcəlla tapmış Vətənimiz Azərbaycanın duasıdır...

Bu Vətənin hər bir övladının duasıdır...

Dualarımız başa varsın!

Qələbə bizimlədir!

Qarabağ Azərbaycandır!..


Hüseynbala MİRƏLƏMOV,

yazıçı-publisist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video