10 Oktyabr 2021 01:04
2087
SİYASƏT
A- A+

İkiəsrlik erməni faşizminə 44 gündə son qoyuldu

 

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi düşmənin acı məğlubiyyəti, 30 il idi işğal altında qalan Qarabağın və ətraf rayonların azad olunması ilə başa çatdı.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Vətən uğrunda “İrəli” əmri ilə düşmən üzərinə yeriyən qəhrəman döyüşçülərimiz müharibənin elə ilk günündən mənfurların külünü göyə sovuraraq torpaqlarımızdan qovmağa başladı. Ana torpağı işğalçılardan təmizləmək amalı ilə müqəddəs yürüşə çıxan igidlərimizi, bu haqq yolunda nə düşmənin illərdir işğalda saxladığı torpaqlarımızda yaratdığı hərbi istehkamlar, nə basdırdığı minalar, nə də aşılmaz saydığı səngərləri saxlaya bildi. Qarış-qarış, addım-addım torpaqlarımızı azadlığa qovuşduran cəsur döyüşçülərimiz hünər meydanında əsl cəsarət, qəhrəmanlıq nümayiş etdirərək nə göydə, nə də yerdə düşmənə aman verdilər...… 

 

“Bu qanlı cinayətkar Serjik Sarkisyandır”

 

Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmən hər zaman olduğu kimi, Vətən müharibəsində də faşist xislətinə xas davranaraq çoxsaylı hərbi cinayətlər törətdi. Yenə də günahsız mülki insanları hədəfə almağa başladı, əllərini dinc sakinlərimizin - körpələrin, uşaqların, qocaların qanına buladı.

Əslində, Azərbaycan xalqı erməni vandallarının murdar xislətlərinə yüz illərdir ki bələddir. Xalqımız tarixin müxtəlif dövrlərində bu insan qatillərinin törətdikləri soyqırımları ilə üz-üzə qalıb. 1918-ci ilin mart soyqırımı, 1992-ci ilin Xocalı soyqırımı, əsir götürdükləri soydaşlarımızın başına gətirdikləri müsibətlər yaddaşlardan silinməyib.

Faşist ideologiyalı ermənilər xalqımıza qarşı törətdikləri bu dəhşətli əməlləri ilə daim öyünüb, qocaları, qadınları, uşaqları öldürməklə, xüsusilə də qəddarcasına, insan ağlına sığmayan işgəncələrlə həyatlarına son qoymaqla fəxr ediblər. Hətta xarici KİV-ə verdikləri müsahibələrində, qələmə aldıqları yazılarında bu iyrənc əməllərini dünyaya bəyan etməkdən heç zaman çəkinməyiblər...

Məşhur britaniyalı jurnalist, “Qara bağ” kitabının müəllifi Tomas de Vaalın 2000-ci ildə ovaxtkı Ermənistan prezidenti Serjik Sarkisyandan aldığı müsahibədən kiçik bir hissəyə diqqət yetirək: “Xocalı hadisələrinədək azərbaycanlılar elə bilirdilər ki, biz onlarla zarafat edirik. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq”.

Serjik Sarkisyan tərəfindən səsləndirilən elə bu qandondurucu fikirlərdən də aydın görünür ki, erməni faşistləri hər zaman düşünüblər ki, Azərbaycan xalqına qarşı bu cür vəhşiliklər törədərək onların gözlərini qorxudacaq, tarixi torpaqlarımızın ermənilər tərəfindən zəbt olunmasına göz yumduracaqlar...

Qələbə ilə başa çatan Vətən müharibəmizin birilliyi ərəfəsində Suqovuşan qəsəbəsinə səfər edən müzəffər Ali Baş Komandan İlham Əliyev orada çıxışı zamanı Birinci Qarabağ müharibəsi zamanı əlini günahsız azərbaycanlıların qanına batıran cinayətkar Serjik Sarkisyanın qanlı cinayətləri və xəyanətləri barədə danışdı: “Serjik hərbi cinayətkardır. Bunu təkcə mən demirəm, bölgə ilə tanış olan bütün qərəzsiz və müstəqil politoloqlar, jurnalistlər deyirlər. Britaniyalı jurnalistə verdiyi müsahibədə demişdi ki, Xocalı soyqırımını şəxsən özü törədib. Bunun da izahatını vermişdi ki, azərbaycanlılar bilməlidirlər, Ermənistan ordusu dinc əhaliyə qarşı silah qaldıra bilər. Bu qanlı cinayətkar Serjik Sarkisyandır”.

 

Humanitar atəşkəsləri Ermənistan pozmuşdu

 

Ötən il sentyabrın 27-də ölkəmizə qarşı yenidən təxribata əl atan Ermənistan elə həmin gündən etibarən hərb meydanında duruş gətirə bilməyərək Azərbaycanın qarşısından biabırcasına qaçmağa başladı.

Düşmənə sarsıdıcı zərbə vuraraq sürətlə torpaqlarını azad edən Azərbaycan Ordusu Ermənistan hakimiyyətini atəşkəs üçün yalvarmağa məcbur etdi.

Ümumiyyətlə, döyüşlər başlayandan sonra vasitəçi dövlətlərin köməyi ilə Azərbaycanla Ermənistan arasında üç dəfə humanitar atəşkəs əldə edildi. Amma 2020-ci il oktyabr ayında üç humanitar atəşkəsə Ermənistanın cəbhədən uzaqda yaşayan dinc sakinlərimizi raket atəşinə tutması ilə son qoyuldu.

Dövlət siyasəti terrora köklənmiş Ermənistan yalvarışları sayəsində razılaşdırılıb elan edilmiş humanitar atəşkəs rejimlərini də özü kobudcasına pozaraq gecə-gündüz yaşayış məntəqələrimizi atəşə tutdu. Vandal erməni silahlıları həm cəbhəboyu rayon və kəndlərimizi, həm də cəbhə zonasından uzaq məsafədə yerləşən şəhərlərimizi ağır artilleriya və raket atəşinə tutur, nəticədə içərisində azyaşlıların, qoca və qadınların da olduğu mülki şəxslər yaralanır, həlak olur, evlər və sosial obyektlər dağıdılırdı.

 

Mülki şəxslərimiz qatil ermənilərin hədəfində idi

 

2020-ci il oktyabrın 4-ü səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri münaqişə zonasından kilometrlərlə kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik, çoxsaylı mədəniyyət obyekti olan, turizm mərkəzi və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinə qadağan olunmuş silahlardan istifadə etməklə raket zərbələri endirdi.

Həmin gün Ermənistan tərəfindən Cənubi Qafqazın ən böyük su elektrik stansiyası və su anbarının yerləşdiyi Mingəçevir şəhəri də raketlərlə hədəfə alındı. Hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaq məsafədə yerləşən Xızı və Abşeron da eyni gündə Ermənistan tərəfindən hədəf seçildi.

Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri müharibə boyu həmçinin qəsdən və hədəflənmiş şəkildə Beyləqan və Tərtər şəhərlərini, Füzuli rayonunun Horadiz şəhərini, Bərdə, Ağdam, Ağcəbədi, Cəbrayıl, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini də ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutdular.

Nəticədə dinc əhali arasında çoxsaylı ölən və yaralanan oldu, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan dəydi.

 

“...Ermənilərin qəddarlığının həddi-hüdudu yoxdur...”

 

“...Bu cür vəhşicəsinə həyata keçirilən hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi-hüdudu yoxdur. Üstəlik, Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir. Bu hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək! Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi...”

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəyə növbəti dəfə - 2020-ci il 28 oktyabrda raket hücumu ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edərkən bildimişdi bu fikirləri.

Birinci vitse-prezident həm də onu vurğulamışdı ki, düşmən anlamalıdır ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz: “Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır”.

 

“...Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq”

 

Ermənistanın yuxarıda sadalandığı kimi, əhalimizə qarşı müharibə cinayətləri törədərək, ölkəmizi təxribata cəlb etmək kimi quduz iştahı gözündə qaldı.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev də müharibə ərzində dəfələrlə bəyan etdi ki, biz qisasımızı döyüş meydanında alırıq, biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq.

Oktyabrın 17-də xalqa müraciəti zamanı Prezident İlham Əliyev söylədi ki, Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar: “Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir”.

 

“Bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm”

 

2021-ci ilin 27 sentyabrında Vətən uğrunda canlarından keçən müqəddəs şəhidlərimizin Anım Günündə xalqa müraciəti zamanı Prezident İlham Əliyev bir daha bildirdi ki, Biz Qələbəni döyüş meydanında qazandıq: “Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı”.

Dövlət başçısı söylədi ki, 44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik: “Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

Oktyabrın 3-də Suqovuşan qəsəbəsindəki çıxışı zamanı da müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Serjik Sarkisyan başda olmaqla, Ermənistanın faşist xislətli cinayətkarlarına meydan oxuyaraq bəyan etdi ki, bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm: “Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi”.

2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sürərək Azərbaycanın Zəfəri ilə yekunlaşan Vətən müharibəmiz, həm də son iki yüzillik tariximizdə qazandığımız ən parlaq qələbələrlə tarixə həkk olundu. Öz dədə-baba torpaqlarına qayıtmaq istəyən yüzminlərlə Azərbaycan vətəndaşının yurd həsrətinə son qoyuldu. Tarixin müxtəlif kəsimlərində erməni faşizminin qurbanına çevrilən, soyqırımına məruz qalan soydaşlarımızın qisası layiqincə alındı.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video