23 Sentyabr 2021 00:48
913
İQTİSADİYYAT
A- A+

İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri üzrə” İşçi Qrupunun iclası keçirilib

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı 2020-ci ilin 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının 16 sentyabr tarixli iclasından irəli gələn vəzifə və tapşırıqların İşçi Qrup tərəfindən icrası ilə bağlı məsələlər müzakirə olunub.

İşçi Qrupunun ötən iclasından keçən müddət ərzində müvafiq ərazilərimizdə enerji təyinatlı infrastrukturun bərpasından irəli gələn tədbirlərin icrası, qəbul edilmiş qərarların həyata keçirilməsi üzrə görülmüş işlər nəzərdən keçirilib və növbəti addımlar müəyyənləşdirilib. İşçi Qrupunun üzvləri tərəfindən ötürücü və paylayıcı elektrik veriliş xətlərinin çəkilməsi, müvafiq yarımstansiyaların qurulması, müəyyən ərazilərdə qaz nəqli sisteminin layihələndirilməsi, istilik təchizatı və s. kimi istiqamətlərdə təqdim edilən məlumatlar dinlənilib, suallar cavablandırılıb.

Şuşa şəhərində strateji obyektlərin elektrik və istilik təminatına dair müzakirələr aparılıb. Elektrik enerjisi infrastrukturunun qurulması istiqamətində görülmüş işlər diqqətə çatdırılıb, elektrik yarımstansiyalarının inşasının davam etdirildiyi vurğulanıb. İstilik təchizatı sisteminin əsasını təşkil edən qazanxanaların əksəriyyətinin elektrik enerjisi ilə işləyəcəyi nəzərə alınmaqla infrastruktur layihələri içərisində elektrik enerjisi ilə təminatın xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub. Cari ilin 19 sentyabr tarixində Şuşa şəhərində strateji obyektlərin elektrik enerjisi ilə təminatı və istilik təchizatı ilə bağlı görülən işlərə yerində baxış keçirildiyi bildirilib və monitorinqin nəticələri barədə təqdimat nümayiş etdirilib, məhəllədaxili və binadaxili istilik sistemləri üzrə görülmüş işlərlə bağlı məlumat verilib. 

Cəbrayıl rayonu ərazisindəki Araz çayının su və energetika ehtiyatlarının Azərbaycan və İran tərəfindən birgə istifadəsinə imkan verəcək “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi üzrə görülən işlər və stansiyaların gələcək istismarına dair məsələlər nəzərdən keçirilib.

İşçi Qrupunun fəaliyyətindən irəli gələn digər cari məsələlər barədə fikir mübadiləsi aparılıb, işçi qruplar arasında koordinasiyanın effektivliyinin artırılması və zərurət yarandıqda birgə iclasların keçirilməsi praktikasına üstünlük verilməsi tövsiyə olunub.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video