30 Sentyabr 2021 01:45
1180
CƏMİYYƏT
A- A+

Hüquqi dövlət quruculuğuna mükəmməl töhfə

 

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli Qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı təsis edilərək fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası prokurorluğu orqanlarının ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında mühüm əhəmiyyəti olan, konstitusion statuslu qurum kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında prokurorluğa xüsusi norma həsr edilərək, dövlət idarəetmə sistemində onun yeri və statutu müəyyən edilmişdir. Prokurorluğun hakimiyyət bölgüsü sistemində məhkəmə hakimiyyətinə aid edilməsi ilə onun müasir prokurorluq orqanı və Azərbaycan Xalq Cümhuriyyətinin prokurorluq qurumunun hüquqi varisi olması təsdiq edilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən hüquq islahatları nəticəsində prokurorluq orqanı müstəqil dövlətçiliyimizin maraqlarına sədaqətlə xidmət edən, sivil və demokratik bir dövlət təsisatı kimi daha da möhkəmlənmişdir. Bu da təsadüfü deyildir, dövlət başçısı İlham Əliyevin söylədiyi kimi, “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır”. Bu baxımdan müstəqil dövlətimizin davamlı tərəqqisi prokurorluqdan yan keçməmiş, bu sistemdə adekvat və pozitiv dəyişikliklərin baş verməsini şərtləndirmişdir. Cənab İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla reallaşdırılan hüquqi dövlət quruculuğu konsepsiyasının gerçəkləşdirilməsi sayəsində prokurorluq orqanı ölkədə qanunçuluq rejiminin təminatında daha müasir sima əldə etmişdir.

Vətən müharibəsi gedişində cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı cənab İlham Əliyevin tapşırığı əsasında prokurorluq orqanları tərəfindən erməni silahlı birləşmələrinin törətdikləri cinayət faktları üzrə zəruri istintaq hərəkətləri həyata keçirilmiş, düşmənin beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən şəhərlərimizi və kəndlərimizi raket zərbələri, o cümlədən qadağan olunan silahlarla atəşə məruz qoyması, dinc sakinlərin qətlə yetirilməsi ilə bağlı hadisə yerlərinin (Gəncə, Bərdə, Tərtər və s.) müayinəsinin aparılıb cinayət işlərinin başlanılması təmin olunmuşdur.

Baş Prokurorluq tərəfindən erməni vəhşiliklərinin dünya dövlətlərinin hüquq mühafizə orqanlarına və aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə BMT-nin İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, Avropa Şurasının İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, MDB ölkələrinin üzv dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası və digər beynəlxalq təşkilatlara, eləcə də ayrı-ayrı ölkələrin Baş prokuror və ədliyyə nazirlərinə Ermənistanın törətdiyi cinayətlər haqqında məktublar göndərilmiş və bu proses mütəmadi qaydada həyata keçirilir.

Dövlət başçısının prokurorluğa göstərdiyi yüksək etimadının nəticəsi olaraq onun qarşısında mühüm əhəmiyyətli vəzifələrin icrası qoyulmuşdur. Belə ki, dövlətin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş korrupsiyaya qarşı mübarizə ilə bağlı cinayətlər üzrə ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir. Təqdirəlayiq haldır ki, dövlət başçısının güclü siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri çərçivəsində prokurorluq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Prokurorluq tərəfindən korrupsiyaya qarşı əməli mübarizə ilə yanaşı, həmçinin cəmiyyət həyatında bu neqativ təzahürün aradan qalxması üçün həyata keçirilməsi zəruri olan məsələlərin elmi baxımdan təhlili də aparılır. Respublika Baş Prokurorluğunda Anti-korrupsiya Təlim Mərkəzinın yaradılması məsələsi də problemin həllinə məhz elmi yanaşmanın təzahürüdür.

Onu da qeyd edək ki, son illər ölkənin hüquq sistemində prokurorluğun rolu getdikcə artır və ənənəvi fəaliyyət istiqamətləri ilə yanaşı, bu dövlət təsisatının qarşısında yeni olan vəzifələrin müəyyən olunması prosesi həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının 2016-cı il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin idarəçilik, iqtisadi fəaliyyət qaydaları, əhalinin siyasi, sosial, əmək hüquqları və daha çox ictimai zərər vuran digər inzibati xətalar üzrə inzibati icraatın başlanılması prokurorun müstəsna səlahiyyətinə aid edilmişdir. Prokurorluğun fəaliyyət istiqamətlərində baş verən yeniliklər bu dövlət təsisatının quruluşuna da öz təsirini göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda müstəqil struktur qurumlar kimi Cinayət təqibindən kənar icraatlar idarəsi və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi yaradılmışdır. Baş verən dəyişikliklər prokurorluğa dövlətçiliyin əsas dayaqlarından biri kimi möhkəm inam və etibarın olduğunu təsdiq edir.

Prokurorluq orqanı tərəfindən qanunla üzərinə düşən vəzifələrin layiqli icrası, cəmiyyətdə nüfuzunun yüksəlməsi fəaliyyətində sistemli yanaşmanın rəhbər tutulmasının, digər dövlət orqanları ilə səmərəli işgüzar münasibətlərin qurulmasının müstəsna rolu vardır. Belə ki, prokurorluq orqanlarının daxili işlər, ədliyyə, məhkəmə, xüsusi xidmət və digər hüquq mühafizə orqanları ilə səmərəli birgə fəaliyyətinin nəticəsi olaraq respublikamızda ictimai-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi, cinayətkarlığa qarşı kəsərli mübarizənin aparılması və kriminogen stabilliyə nail olunması təmin olunmuşdur.

Təqdirəlayiq hal kimi qeyd edə bilərik ki, Azərbaycan Respublikası prokurorluğu ilə İqtisadiyyat Nazirliyinin arasında sıx və səmərəli əməkdaşlıq münasibətləri mövcuddur və bu qarşılıqlı əlaqə hər iki orqanın qarşısında duran vəzifələrin layiqincə icra olunmasına kömək edir. Prokurorluğun əməkdaşlıq etdiyi qurumlar arasında müəyyən istiqamətlər üzrə ixtisaslaşmış, habelə elm-təhsil müəssisələri xüsusi yer tutur ki, bu da əslində fəaliyyətə peşəkar yanaşmanın təzahürüdür.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaratmaq və inkişaf etdirmək niyyətlərini özündə əks etdirən memorandum imzalanmışdır. Memorandumda hər iki qurumun real imkanlarına və qarşılıqlı faydalı və ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini birləşdirmək istəklərinə əsaslanan niyyətlər ifadə olunaraq, hər iki dövlət orqanının əməkdaşlarının hüquq, iqtisadiyyat, maliyyə, mühasibat uçotu və vergi sahələri üzrə bilik, ixtisas və peşə hazırlığı səviyyələrinin yüksəldilməsi, müxtəlif aktual mövzular üzrə birgə elmi-tədqiqatların aparılması, innovativ layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, fəaliyyət sahələrinə uyğun məsələlər üzrə məsləhətlərin verilməsi, elmi-metodiki köməyin göstərilməsi, qanunvericiliyin, normativ sənədlərin və onların layihələrinin ekspertizasının, birgə elmi konfrans, seminar, “dəyirmi masa” və digər tədbirlərin keçirilməsi və tərəflərin peşəkar imkanlarının genişləndirilməsi, səlahiyyətləri çərçivəsində müəyyən edilən və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edən digər fəaliyyətin göstərilməsi nəzərdə tutulmuşdur.

Memorandum çərçivəsində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi respublika Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və digər müvafiq strukturlarının dəstəyi ilə hər iki qurumun inkişafına kömək edən layihələr həyata keçirilmişdir.

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi müasir dövrdə əmlakların qiymətləndirilməsi məsələlərinin aktual olduğunu nəzərə alaraq, respublika İqtisadiyyat Nazirliyinin müvafiq strukturlarının və qiymətləndirmə fəaliyyəti üzrə respublikamızın çox tanınmış, özəl sektoru təmsil edən və müvafiq lisenziya, habelə akkreditasiya sənədlərinə malik yüksəkixtisaslı mütəxəssislərinin iştirakı ilə yaxın günlərdə “Aktivlərin qiymətləndirilməsi və onun xüsusiyyətləri” mövzusunda təlimin keçirilməsini planlaşdırmışdır.

Prokurorluğun öz fəaliyyətində elmi yanaşmaya üstünlük verməsinin təzahürlərindən biri də Baş prokurorun yanında ölkənin görkəmli hüquqşünas alimlərinin və hüquqtətbiqetmə fəaliyyəti üzrə zəngin peşəkar təcrübəyə malik olan mütəxəssislərinin təmsil olunduğu Elmi-Məsləhət Şurasının yaradılması və uğurlu fəaliyyətinin təmin olunmasıdır. Elmi-Məsləhət Şurasında respublikada vahid istintaq və məhkəmə təcrübəsinin formalaşması, hüquq normalarının tətbiqi sahəsində yaranan çətinliklər, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müxtəlif hüquqi məsələləri özündə əks etdirən aktual mövzular üzrə müzakirələr aparılır.

Müasir şəraitdə Azərbaycan Prokurorluğunun qarşısında ənənəvi vəzifələr sayılan qanunçuluğun möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğuna və cinayətkarlıqla mübarizəyə dəyərli töhfələrin verilməsi ilə yanaşı, Ermənistan tərəfindən törədilən sülh və insanlıq əleyhinə cinayətlər və bununla bağlı təzminat məsələləri, işğal altında olan müddətdə torpaqlarımızda urbisid aktlarının törədilməsi və s. qanunsuz fəaliyyətlər üzrə müvafiq icraatların aparılmasının, bu əməllərə hüquqi qiymət verilməsinin, cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin və məhkəmə qərarlarının çıxarılmasına nail olunmasının təmin edilməsi kimi dövlət əhəmiyyətli çox mühüm vəzifə dayanır. İnanırıq ki, prokurorluq bu vəzifənin də üzərindən layiqincə gələcək və son nəticədə Ermənistan dövlətinin defoltuna gətirib cıxaracaq beynəlxalq məhkəmə aktının qəbul olunmasının əsas iştirakçılarından biri olacaqdır.

 

Mirəli KAZIMOV,

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi,  baş vergi xidməti müşaviri, hüquq üzrə elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video