05 Sentyabr 2021 01:16
528
SİYASƏT
A- A+

Humanizmin və qarşılıqlı əməkdaşlığın bariz nümunəsi

 

Azərbaycan 30-dan çox ölkəyə müxtəlif təyinatlı yardımlar göstərib

 

Son iki əsrdə xalqların leksikonuna daxil olan ifadələrin daha yadda qalanları böhran, fəlakət, təcavüz, işğaldır. Planetin müxtəlif qütblərində baş vermiş təbiət hadisələri, eləcə də süni problemlər: məhəlli və beynəlxalq münaqişələr, müharibələr, terror və s. nəticəsində zərər çəkmiş insanların üzləşdiyi hallar humanitar yardımlara ciddi ehtiyacın yarandığını üzə çıxarıb. Məhz buna görə 19 Avqust BMT Baş Məclisinin qərarı ilə Dünya Humanitar Yardım Günü kimi qeyd olunur.

BMT Baş Məclisinin qətnaməsi ilə 2008-ci il dekabrın 11-də elan edilmiş Dünya Humanitar Yardım Gününün məqsədi insanları xilas etmək üçün çalışan və bu nəcib əməl uğrunda həyatını itirənlərin xatirəsini yad etməkdir. Bu günün təsis edilməsi 2003-cü il avqustun 19-da İraqda BMT qərargahının bombalanması nəticəsində yardım işçilərinin həlak olması ilə bağlıdır. Keçirilən tədbirlərin məqsədi humanitar yardım işçilərini dünyanın harasında yaşamasından və kimliyindən asılı olmayaraq, təhlükə altında qalan insanlara kömək əlini uzatmağa çağırmaqdır. Bununla humanitar yardım işçilərinin fəaliyyəti və onların üzləşdiyi çətinliklər barədə cəmiyyəti məlumatlandırmağa imkan yaradılır.

Yeri gəlmişkən, 2018-ci ilin mayında BMT Təhlükəsizlik Şurası silahlı münaqişə zonalarında aclığın aradan qaldırılmasına dair qətnamə qəbul edib. Şuranın üzvləri aclıq amilindən müharibə silahı kimi istifadə edilməsini də pisləyiblər. Onlar bütün silahlı münaqişə tərəflərini beynəlxalq humanitar hüquq prinsiplərinə əməl etməyə, beynəlxalq donor təşkilatların ərzaq yardımlarına mane olmamağa, insanları tibbi xidmətdən məhrum etməməyə çağırıblar.

Dünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli isə hesabatın müqəddiməsində yazıb: “Bu sənəddə silahlı münaqişələrlə aclıq arasında birbaşa əlaqə göstərilib. Hesabatda qeyd olunur ki, bizim əməkdaşlar və tərəfdaşlarımız təcili olaraq silahlı münaqişə zonalarında aclıqdan əziyyət çəkən insanlara humanitar yardım çatdırmalıdırlar. Lakin, ilk növbədə, müharibələrə son qoyulmalıdır”.

Təkcə Konqo Demokratik Respublikasında 13 milyon insan kəskin ərzaq çatışmazlığından əziyyət çəkir. İğtişaşların davam etdiyi Cənubi Sudanda isə 5 milyon nəfərin təcili humanitar yardıma ehtiyacı var.

Ötən əsrin doxsanıncı illərinin əvvəlindən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində yurdlarından didərgin düşən yüz minlərlə qaçqın və məcburi köçkünün üzləşdiyi problemləri aradan qaldırmaq üçün ölkəmizdə də humanitar yardımlara ciddi ehtiyac duyulmaya bilməzdi. Çünki bu fəlakət dövlət müstəqilliyinin yenicə bərpa olunduğu illərə təsadüf edirdi. Lakin dövlətimizin hərtərəfli inkişafı nəticəsində Azərbaycan özü bu gün humanitar yardımlar edən donor ölkəyə çevrilib. Son illər Pakistan, Yaponiya, Somali və başqa dövlətlərə birbaşa humanitar yardımlar göstərən Azərbaycanın atdığı addımlar beynəlxalq təşkilatlar tərəfindən böyük xeyirxahlıq kimi dəyərləndirilir. Çünki ölkəmizin və xalqımızın belə xeyirxah addımları həmrəyliyin gözəl nümunəsidir.

Humanitar böhranlar hər il təkrarlanır. Ehtiyacı olanlara, evlərini, sevdiklərini və gəlir mənbələrini itirmiş insanlara yardım edib onların əziyyətlərini azaltmaq üçün birləşənlər az deyil. Belə insanların fədakarlıqları nəticəsində münaqişə və təbii fəlakətlər zamanı insanların həyatı xilas edilir. Əfqanıstanda, Haitidə və başqa yerlərdə fədakarlıq edib vəzifə borclarını yerinə yetirərkən həlak olanların sayı heç də az olmayıb.

Məcburi köçkünlərin təxirəsalınmaz humanitar yardım ehtiyaclarının ödənilməsində, onların yaşayış şəraitinin və iqtisadi perspektivlərinin yaxşılaşdırılmasında Azərbaycan hökumətinin fəallığı bu fəlakətlə üz-üzə qalan Avropa üçün nümunədir.

Təəssüfləndirici haldır ki, dünyada 130 milyondan artıq insanın həyatı humanitar yardımlardan asılıdır. Humanitar yardım tələbatları İkinci Dünya müharibəsindən sonra rekord həddə çatıb. Birləşmiş Millətlər Təşkilatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və qeyri-hökumət təşkilatlarının hesabatlarında humanitar yardım işçilərinə edilən hücumların, onların öldürülməsi və oğurlanması hallarının sayındakı artım göstərir ki, bunun qarşısının alınmaması daha ağır fəlakətlərə gətirib çıxara bilər.

550 milyonluq əhalisi olan Avropa ölkələrinin 800 min nəfər qaçqının problemi qarşısında aciz qalması da uzaq tarix deyil. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində dövlətimiz neçə onilliklərdir ki, 1 milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin öhdəsindən gəlib. Azərbaycana səfər edən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Prezident

İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərini bütün dünyaya nümunə göstərirlər.

10 il əvvəl Azərbaycanın da üzv olduğu Qoşulmama Hərəkatının bu il yaradılmasının 60 illiyi qeyd olunur. Qoşulmama Hərəkatının təməlində sülh, qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallığını və əhəmiyyətini daha da artırıb. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetlərinə tam uyğundur. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib.

Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur. Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir.

Bu il iyulun 13-də Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin onlayn formatda keçirilən aralıq konfransında Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi. Qeyd olundu ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub: “2020-ci il Azərbaycan üçün əlamətdar il olub, çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib. Bildiyiniz kimi, 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb”.

Azərbaycanın beynəlxalq humanitar yardım sahəsindəki fəaliyyəti, əlbəttə, yalnız Qoşulmama Hərakatında göstərdiyi xidmətlərlə məhdudlaşmayıb. Qardaş Türkiyədə baş verən meşə yanğınları ilə bağlı göstərdiyi humanitar dəstək də beynəlxalq miqyasda təqdir edildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı fikirlərini açıqlayarkən dedi: “Meşə yanğınları ilə mübarizəmizə dəstəyini, keçmiş olsun diləklərini, başsağlığını göndərən, kömək etməyə hazır olduğunu bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm. İnşallah, bu çətin prosesi ən qısa zamanda keçəcəyik. Xüsusilə ilk andan etibarən göstərdikləri dəstəyə görə can Azərbaycanın Prezidenti, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm”.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə yanğının ilk günlərindən Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi qardaş Türkiyənin köməyinə göndərildi. Xatırladaq ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “Amfibiya” təyyarəsi, bir helikopter və yüzlərlə yanğınsöndürən maşın, yeddi yüz nəfərdən çox yanğınsöndürən alovlarla mübarizəyə atıldı. Qəhrəmanlıq və fədakarlıq nümayiş etdirən azərbaycanlı yanğınsöndürənlər qardaş Türkiyənin üzləşdiyi təbii fəlakətin aradan qaldırılması üçün əzmlə çalışdılar və istədiklərinə nail oldular.

 

Məhəmməd NƏRİMANOĞLU,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video