23 Noyabr 2021 19:56
575
CƏMİYYƏT
A- A+

Hicran Hüseynova: Uşaqlar mənsub olduqları xalqın, dövlətin ən böyük və qiymətli sərvətidir

 

Uşaqlar təkcə bu və ya digər ailənin gələcəyi deyil, bütövlükdə mənsub olduğu xalqın, dövlətin ən böyük və qiymətli sərvətidir. Buna görə də uşaqlar üçün yaradılmış şərait həm də həmin dövlətin qüdrətinin göstəricisidir. Əfsuslar olsun ki, hazırda dünyada hüquqları pozulan kifayət qədər uşaq var. Uşaqların həyatına və firavanlığına təhlükə yaradan qüvvələrə təkcə erkən uşaqlıq dövründə təsadüf olunmur. Onlar getdikcə daha müdafiəsiz olur, çünki çox vaxt hüquqlarından, o cümlədən təhsil, ictimai-siyasi həyatda iştirak etmək, habelə sağlamlığa ziyan vurulması hallarından müdafiə olunmaq hüquqlarından məhrumdurlar. Uşaqların fundamental hüquqlarının təmin edilməsi, o cümlədən uşaqların maddi, mədəni və mənəvi inkişafı üçün imkanlardan istifadə etmək hüququ, xəstə, əlil və ya valideynlərdən məhrum olmuş uşaqlar üçün qayğının göstərilməsi hüququ, çətin vəziyyətə olduqda kömək üçün müraciət etmək hüququ, iqtisadi istismardan azadlıq və sosial məsuliyyət hissini aşılayan tərbiyə almaq hüququ, uşaqların silahlı münaqişələrə cəlb edilməsinə, digəri isə uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasının qarşısının alınmasına dair bir çox bəyannamələr qəbul olunub. XX əsrin 20-ci illərindən başlayaraq hazırkı dövrə qədər qəbul edilmiş bəyannamələr, konvensiyalar, sazişlər və digər normativ–hüquqi aktlar uşaq hüquqlarının müdafiəsi üçün zəruri beynəlxalq hüquqi bazadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynova söyləyib.

Komitə sədri qeyd edib ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsinin tarixi 100 ildən də çoxdur. Hələ XX əsrin əvvəllərində uşaq hüquqlarının qorunması ilə bağlı dövrün maarifpərvər və xeyriyyəçiləri, sahibkarları və onların həyat yoldaşları tərəfindən bir sıra mühüm addımlar atılmışdı. Azərbaycanlı qadınlardan Liza Muxtarova, Sona Tağıyeva və başqaları cəmiyyətin ən fəal üzvləri sırasına daxil idilər. 1905-ci ildən məşhur uşaq həkimi Y.Y.Gindesin rəhbərliyi altında “Bakı uşaq ölümü ilə mübarizə cəmiyyəti” fəaliyyətə başladı. Cəmiyyətin məqsədi yüksək uşaq ölümünə şərait yaradan bütün səbəblər ilə mübarizə, cinsindən, sosial vəziyyətindən və dini əqidəsindən asılı olmayaraq, hər yaşdan olan bütün uşaqların düzgün fiziki inkişafına qayğı göstərməkdən ibarət idi. 1911-1916-cı illərdə azərbaycanlı qadınların iştirakı ilə “Uşaq və yeniyetmələrin dostları” cəmiyyəti də fəaliyyət göstərirdi. O dövrdə “Uşaq evi”, Uşaq dünyası” cəmiyyətləri sahibsiz qalmış uşaqlara və başqalarına kömək təşkil etməyə çalışırdı. 1919-cu ildə Uşaqları Mühafizə Liqası ədliyyə nazirliyi qarşısında uşaq məhkəməsinin təsis edilməsi haqqında vəsatət qaldırdı. Məqsəd məhkəmənin köməyi ilə valideyn və qohumlarını itirmiş uşaqları cinayət mühitindən təcrid etmək və onları etibarlı əllərə tapşırmaq idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra uşaq hüquqlarının qorunması sahəsində də bir sıra mühüm qərarlar qəbul edilmişdir. Bunların sırasında ən vacibi uşaqların, xüsusi ilə də qızların təhsil alması, 16 yaşınadək uşaqların işləməsinin qadağan olunması, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması idi. Və xüsusən də erməni təcavüzündən, Birinci Dünya müharibəsindən əziyyət çəkən uşaqları müdafiə etmək, onların cəmiyyətə inteqrasiyası istiqamətində çox önəmli tədbirlər həyata keçirilirdi. Hələ o zaman valideyn və qohumlarını itirmiş uşaqları cinayət mühitindən uzaqlaşdırmaq üçün Uşaqları Mühafizə Liqası uşaq məhkəmələrinin yaradılmasına çalışırdı. Əlbəttə ki, bu Yuvinal ədliyyə sisteminin yaradılması sahəsində ilk addımlar idi. Biz bu sahədə də Avropanın qabaqcıl ölkələri ilə eyni sırada dayanırıq. Azərbaycanda həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılır. Hətta müstəqilliyimizə çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə nail olmağımıza baxmayaraq, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uşaq siyasəti, cənab Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilib. Azərbaycan uşaq hüquqlarının müdafiəsi sahəsində bütün mühüm Konvensiyalara qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş Konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır. Eyni zamanda, yeni çağırışlar və reallıqlardan irəli gələrək də bir çox qanunlar və dövlət proqramları qəbul edilir. Xüsusilə də “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” devizini irəli sürən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsili, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir.

Hicran Hüseynova bildirib ki, hazırda alimentin ödənilməsi ilə bağlı problem var. Əgər biz statistikaya nəzər salsaq görərik ki, alimentin alınması işləri ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar son 18 ildə 43,9 dəfə artım olmuşdur. Əgər 2001-ci ildə alimentin alınması ilə bağlı məhkəmə qərarlarının icrasının sayı 2260 idisə, 2020-ci ildə bu rəqəm 99 min 213-ə çatmışdır. Bir çox ailələr aliment ödəmək problemi ilə üzləşirlər. Borclu tərəf ödənişdən yayınır. Bir çox hallarda gəlirini gizlədir (rəsmi işləmir, ancaq gəliri var). Bəzən borclu kiçik məbləğ ödəyir (məsələn, 200 manat əvəzinə 20 və ya 50 manat, qismən ödənişlər edir). Çox vaxt borclunun özü alimentin ödənilməsini valideyn borcunun bir hissəsi kimi qəbul etmir, məhkəmə qərarının icrasına hər cür müdaxilə edir. Lakin valideyn, dərk etməlidir ki, boşanmaq, onu ata kimi vəzifə və öhdəlikdən azad etmir. O hər zaman övladının qayğısına qalmalıdır. Burada əsas məsələ uşaqlara layiqli həyat yaşatmaq, onların hüquqlarını qorumaq və eyni zamanda borclunun məsuliyyətini stimullaşdıracaq bir sistem yaratmaqdır. Qeyd edim ki, bununla bağlı, beynəlxalq təcrübə var və bir çox ölkələrdə - İspaniya, İsveç, Latviya, Estoniyada Aliment Fondu yaradılmışdır. Rusiya və Qazaxıstanda müzakirələr aparılır. Aliment fondu pensiya fondu kimi təşkil oluna bilər: fond alimentin vaxtında və tam ödənilməsinə zəmanət verir və vergi orqanları aliment idarəçisindən bu fonda gəliri tutmaq hüququ və öhdəliyi alır; fondun xərcləri gəlirləri üstələdikdə, dövlət büdcəsi kəsiri maliyyələşdirməli olacaq. Aliment fondunun formalaşma mənbəyi dövlət büdcəsindən əlavə alimentin ödənilməsi vaxtı keçmiş günlərə görə ödəməyən şəxslərdən alınan cərimələr ola bilər. Bundan əlavə, aliment ödəməkdən yayınan şəxslərin reyestrinin yaradılmasını təklif edirəm. Belə bir reyestrə daxil edilməsi o demək olacaq ki, davamlı borcunu yerinə yetirməyən şəxsə qarşı gücləndirilmiş tədbirlər görüləcək. Bu, büdcənin yükünü azaldacaq və əlavə gəlir əldə etməsinə səbəb olacaqdır. Aliment Fondu ancaq problemli alimentləri əhatə edəcəkdir, bu təsisat işlək mexanizmdir. Əlbəttə ki, bu sahədə qanunvericilikdə də bəzi əlavələrin edilməsinə ehtiyac yaranır. Aliment Fondunun yaradılması yuxarıda qeyd etdiyim kimi, həm uşaqları müdafiə edəcək, həm də dövlətin iqtisadi yükünü azaldacaq.

“Təcrübə göstərir ki, ataların daha fəal emosional iştirakı uşaqların inkişaf və rifahına müsbət təsir göstərir. Lakin kişilər çox zaman valideynlik məzuniyyəti hüququndan istifadə etmirlər. Səbəblər müxtəlifdir: kifayət qədər ödəniş edilmir, onların karyera perspektivinə mənfi təsir edə bilər və ya ümumilikdə sosial münasibətlər buna birmənalı yanaşmır. Ümumdünya Siyasət Təhlili Mərkəzinin məlumatlarına görə ödənişli analıq məzuniyyətinə təminat verən ölkələrin xüsusi çəkisi son 20 ildə 89%-dən 96%-ə qalxıb, atalıq məzuniyyətini təmin edən ölkələrin xüsusi çəkisi isə 21 faizdən 52 faizə yüksəlib. Qeyd edim ki, atalıq məzuniyyətinin tətbiqi təkcə inkişaf etmiş və Avropa ölkələri ilə məhdudlaşmır. Məsələn, dünyanın 53 ölkəsində aparılan təhlillər göstərir ki, atalıq məzuniyyəti təminatı ilə qadınların məşğulluq səviyyəsi arasında güclü müsbət əlaqə var”, - deyən deputat diqqətə çatdırıb ki, Azərbaycan qanunvericiliyində uşağın dünyaya gəlməsi ilə bağlı atalara təqvim ilində bir dəfə həyat yoldaşı hamiləlik və ya doğuşla bağlı məzuniyyətdə olan işçinin ərizəsi əsasında ona 14 təqvim günü müddətinə və ya ailə, məişət və digər sosial məsələlərin həlli üçün 7 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilir. Atalıq məzuniyyətinin “rəsmiləşdirilməsi”, onun yeni qanunvericilik norması kimi tətbiq edilməsi və məzuniyyət götürən şəxsin əmək haqqı səviyyəsinə yaxın səviyyədə ödənilməsi zəruridir. Ödənişsiz məzuniyyətə dair mövcud təminat əlverişli deyil, çünki ailə büdcəsinə əlavə təzyiq yaradır və heç vaxt istifadə edilmir. Halbuki, yeni uşaq dünyaya gətirən qadının doğum sonrası psixoloji və fiziki çətinliklər keçirən zaman ən çox həyat yoldaşına ehtiyac duyur. Bəzi ailələrdə uşağa qulluq etmək üçün dəstək olmur və ya maddi imkan yetərli olmur ki, kənardan dəstək alsın. Bu zaman yenə də qadına və uşağa ən böyük dəstək verən kişidir. Ailənin böhran dövrlərindən biri də doğum sonrası yaranan yeni vəziyyətdir. Bu çətin və mürəkkəb dövrü qadın və kişi, həm da ana və ata olaraq birgə keçirəndə ailənin təməli daha möhkəm olur. Buna görə də qanunvericilikdə “atalıq məzuniyyəti”nin ödənişli olması ilə əlavənin edilməsi və bunun büdcədə nəzərdə tutulması təklif olunur.

Deputat qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi sahəsində bir çox işlər görülməlidir. Məsələn, məhkəmə-hüquq sistemində (ədliyyə sistemində) uşaq psixoloqlarının olması mühüm əhəmiyyət kəsb edir. Bu, nə üçün lazımdır? Bəzən qadının himayəsində azyaşlı uşaq olur və çoxuşaqlı anadır, o uşağını harasa qoya bilmir, o zaman məhkəməyə gəlmək və öz hüququnu müdafiə etməkdə çətinliklə üzləşir. Və ya boşanma, yaxud digər hallarda uşaqların iştirakı lazım olur, bu zaman həmin uşağın psixoloji dəstəyə ehtiyacı yaranır. Ona görə də hər bir məhkəmədə 1 uşaq psixoloqu ştatının təyin edilməsi məqsədəmüvafiq olardı.

“Müasir dövrdə uşaq və yeniyetmələrin davranışları, insanlar arasındakı ünsiyyət problemləri, ailə-daxili münasibətlərdəki xoşagəlməz hallar uşaqların formalaşmasına, psixoloji vəziyyətinin dəyişməsinə mənfi təsir göstərir”, - deyən komitə sədri diqqətə çatdırıb ki, bu mənada məktəblərdə psixoloji xidmətin göstərilməsi çox yaxşı haldır. Təcrübə də göstərir ki, məktəblərdə psixoloq və sosial işçilərin sayı şagird və tələbələrin sayı ilə nisbətdə çox azdır. Bu isə göstərilən psixoloji xidmətin keyfiyyətinə təsir edir. Buna görə də məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidinin artırılmasına ehtiyac vardır. Ümummilli lider Heydər Əliyev hər zaman deyirdi: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”. Dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Bu məqsədə nail olmaq üçün isə hər birimiz məsuliyyətimizi dərk etməli, fəaliyyətimizi artırmalıyıq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video