18 May 2012 02:05
349
Mədəniyyət
A- A+

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda ənənəvi «Qız qalası» Üçüncü Beynəlxalq incəsənət festivalı açılmışdır

 

Mayın 17-də İçərişəhərdəki Kiçik Karvansarada ənənəvi "Qız qalası" Üçüncü Beynəlxalq incəsənət festivalının açılış mərasimi olmuşdur.

AzərTAc xəbər verir ki, festival Heydər Əliyev Fondunun təşəbbüsü, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və "Qız Qalası" Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilir.

Tədbirdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov çıxış edərək bildirmişdir ki, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş və paytaxtımızın rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılması məqsədi ilə Bakıda keçirilən i.ncəsənət festivalında bu il 24 ölkədən tanınmış rəssamlar iştirak edirlər. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradacaqlar. O, tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

M.Cabbarov demişdir ki, əvvəlki festivallardan fərqli olaraq nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nə diqqəti cəlb etmək məqsədilə bu il ilk dəfə olaraq İDEA ekoloji kampaniyası çərçivəsində ceyran maketləri hazırlanacaqdır. Həmin maketlər ötən illərdəki müsabiqələrdə iştirak etmiş və artıq festivalın dostları hesab olunan rəssamlar tərəfindən bəzədiləcəkdir. Builki festivalın digər fərqləndirici cəhəti isə Qız qalası üzərində video-mapping texnologiyasının təqdim edilməsi olacaqdır.

Festivalın bağlanış mərasimində Qız qalasının üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun olan Qız qalası maketlərinin proyeksiyası salınaraq rəngarəng görüntülər yaradılacaqdır. Görüntülərin yaradılmasında müasir post-prodakşn videotexnologiyalarından istifadə olunacaqdır. Qız qalası səthinin 3600 görüntülərlə əhatə edilməsi məqsədi ilə abidənin üzərinə 7 müxtəlif nöqtədən 30 proyektor vasitəsilə proyeksiyalar salınacaqdır. Bakı sakinləri və qonaqlar bu rəngarəng görüntüləri mayın 29-dək izləyə biləcəklər.

Festival iştirakçılarını salamlayan SSRİ xalq rəssamı Tahir Salahov, Müasir İncəsənət Muzeyinin rəhbəri Ceyhun Ağakişibəyli və "Qız Qalası" İncəsənət Qalereyasının müdiri Emin Məmmədov son illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizə və incəsənətimizə göstərdiyi qayğı və diqqəti xüsusi qeyd etmişlər.

Bildirilmişdir ki, hər il iştirakçı rəssamların müxtəlif ölkələri təmsil etməsi festivalın əhatə dairəsini genişləndirərək mədəniyyətlərarası dialoqu möhkəmləndirir.

Natiqlər festivala qatılmış rəssamlara uğurlar arzulamışlar.

Qız qalasının qarşısındakı meydanda saat 14:00-dan etibarən ceyran maketlərinin hazırlanmasına və bəzədilməsinə başlanılmışdır.

İndiyədək "Qız qalası" Beynəlxalq incəsənət festivalında dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam iştirak etmişdir.

Latviyalı rəssam Marius Abramaviçius AzərTAc-a müsahibəsində artıq üçüncü dəfədir bu festivalda iştirak etdiyini demişdir. Bakıda belə bir festivalda iştirakından xüsusi zövq aldığını söyləyən rəssam bildirmişdir ki, mən öz həmkarlarımın da bu festivala qatılmasına yardımçı olmuşam.

İlk dəfə Bakıya səfər edən braziliyalı rəssam xanım Silvia Poloto isə indiyədək Azərbaycanda olmamasını təəssüf hissi ilə qeyd etmişdir. Bildirmişdir ki, mən heç vaxt müstəqilliyinin qazanılmasından qısa müddət keçmiş bir ölkənin belə yüksək səviyyədə inkişaf etdiyini təsəvvür edə bilməzdim. Bundan sonra tez-tez Bakıya gəlməyə çalışacağam. Artıq mən burada yeni dostlar da qazanmışam.

Festivala mayın 19-da yekun vurulacaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video