13 Iyul 2019 01:55
1553
SİYASƏT
A- A+

HEYDƏR ƏLİYEV epoxasından İLHAM ƏLİYEV erasına


14 iyul Böyük tarixi dönüşün parolu, 15 iyun müstəqil dövlətçiliyin əbədi məşəlidir


Bəşəriyyət bütün tarixi boyu dahilərin çiyinləri üstündə irəliyə doğru inkişaf etmişdir. Böyük dühalar mənsub olduqları ölkənin gələcək inkişaf yollarını əvvəlcədən görə bilmiş, həmin ali məqsədə çatmaq üçün xalqı mübarizəyə səfərbər etməyi bacarmış, ən çətin ictimai-siyasi proseslərə rəhbərlik missiyasını uğurla həyata keçirmişlər. Uzaqgörənlik, möhkəm siyasi iradə, aydın milli mövqe və dönməz mübarizə əzmi belə tarixi şəxsiyyətlərin əsas xüsusiyyətlərini təşkil edir.

Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizin taleyində və inkişafında müstəsna dərəcədə böyük rolu və xidmətləri olan qüdrətli tarixi şəxsiyyətdir. Azərbaycan Respublikasının 50 illik böyük bir inkişaf dövrü Ulu Öndər Heydər Əliyevin adı, rəhbərliyi, mübarizəsi və dövlətçilik idealları ilə üzvi surətdə əlaqədardır. Heydər Əliyev Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri və müstəqil dövlətçiliyinin rəmzidir.

Görkəmli dövlət xadimi Heydər Əliyev 14 iyul 1969-cu il tarixdə Azərbaycan Respublikasında dövlət rəhbərliyinə gəlmişdir. Bu tarix Azərbaycan Respublikasının taleyində böyük dönüşün və yeni bir epoxanın başlanğıcı olmuşdur. Azərbaycanda böyük inkişaf və intibah da həmin şərəfli tarixdən başlanmışdır.

Xalqın və ölkənin taleyindəki roluna və əhəmiyyətinə görə 14 iyul 1969-cu il tarixi yalnız 15 iyun 1993-cü il tarixi ilə müqayisə oluna bilər.

14 iyul 1969-cu il 15 iyun 1993-cü ilin möhkəm təməlidir.

14 iyul 1969-cu il hadisəsi Azərbaycan xalqını iqtisadi-mədəni gerilikdən, o vaxta qədərki torpaqlarımızı itirilmə təhlükəsindən xilas etmiş, ərazi bütövlüyümüzə təminat vermiş, ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilmişdir.

Bu mənada 14 iyul 1969-cu il Azərbaycanın salnaməsinə tarixi dönüş ili kimi daxil olmuşdur.

Tarixi Dönüş ili Milli Qurtuluş ilinin bünövrəsidir.

Tarixi Dönüş ilində Azərbaycanda tarixin axarı dəyişdirilərək iqtisadi-mədəni gerilikdən böyük inkişafa doğru qəti dönüş etmişdir. Milli Qurtuluş ili də Azərbaycan tarixinin dönüş ilidir. Məhz 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası real parçalanma və vətəndaş müharibəsi təhlükəsindən xilas olaraq, müstəqil dövlətçiliyin möhkəmləndirilməsinə doğru dönüş etmişdir.

15 iyun Milli Qurtuluş hadisəsi olmasa idi, ölkəmizdə hansı fəlakət baş verərdisə, 14 iyul hadisəsi də olmasa idi, xalqımızın gerilikdən, tənəzzüldən, böhrandan xilası mümkün olmayacaqdı.

14 iyul ölkəmizdə Böyük tarixi dönüşün paroludur.

15 iyun da Azərbaycanda müstəqil dövlətçiliyin əbədi məşəlidir.

İnkişaf etmiş Azərbaycan 14 iyul 1969-cu ilin övladıdır.

Müstəqil Azərbaycan 15 iyunun yetirməsidir.

14 iyul 1969-cu il Azərbaycan dövlətçiliyinin simasında Heydər Əliyev dühasının doğuluşu, 15 iyun 1993-cü il görkəmli dövlət xadiminin müstəqil Azərbaycanda yenidən böyük siyasətə qayıdışının tarixi faktıdır.

Azərbaycan Respublikasının gələcək taleyində ölkə kommunistlərinin 5 avqust 1969-cu il plenumu böyük tarixi hadisədir. Həyati gerçəklikləri, xüsusən də sovet dövründə ənənəsi olmayan cəmiyyətdəki nöqsanların və çatışmazlıqların açıq surətdə bəyan edilməsi və çıxış yollarının göstərilməsi 5 avqust plenumunun keçmiş sovet dövlətinin ictimai-siyasi gedişatında fərqli bir baxışın ifadəsi olduğunu göstərir.

5 Avqust Plenumu Azərbaycan Sovet Respublikasının rəhbəri Heydər Əliyevin dövlətçilik strategiyasının uzunmüddətli möhtəşəm proqramıdır.

5 Avqust Plenumunun siyasi qərarları Sovet Azərbaycanının inkişafını və müstəqilliyə doğru inkişafının strategiyasını müəyyən etmişdir. Azərbaycan inkişafın sonrakı bütün mərhələlərində həmin strategiyanın işığında inamla irəliyə doğru yol gedərək çətinlikləri dəf etmiş, böyük tərəqqi və yüksəlişə nail olmuşdur.

Eyni zamanda Heydər Əliyevin şəxsi taleyində də 14 iyul 1969-cu ildə mühüm bir tarixi dönüş baş vermişdir. O, məhz həmin tarixi hadisə ilə dövlət təhlükəsizliyi orqanlarından geniş mənada dövlət idarəetməsinə keçmiş, ölkə miqyaslı liderə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyev sovet hakimiyyəti illərində - 1969-1982-ci illərdə Azərbaycan Respublikasını keçmiş Sovetlər İttifaqındakı müttəfiq respublikalar arasındakı axırıncı yerlərdən ən qabaqcıl mövqeyə yüksəltmişdir. Həmin dövrdə ölkədə bütün sahələr - kənd təsərrüfatı, sənaye, nəqliyyat, elm, təhsil, mədəniyyət, ədəbiyyat və incəsənət, səhiyyə, rabitə sürətlə inkişaf etdirilmiş, Azərbaycanda böyük intibah baş vermişdi. Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi düşünülmüş tədbirlər Azərbaycanın müstəqilliyində mühüm rol oynamışdır.

Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində və Siyasi Büronun üzvü kimi 1982-1986-cı illərdəki çoxcəhətli və səmərəli fəaliyyəti bu böyük siyasətçini dünya miqyasında əsl rəhbər şəxsiyyət kimi tanıtmışdır. Sovetlər İttifaqı miqyasında ən məsuliyyətli qərarların qəbul edilməsində Heydər Əliyev obyektivlik və uzaqgörənlik nümayiş etdirmiş, ölkədə gedən proseslərin ümumi inkişafa, çoxmillətli dövlətdə yaşayan xalqların maraqlarına və rifahına xidmət etməsinə xüsusi diqqət yetirmişdir.

Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü (1990-1993-cü illər) çətin və keşməkeşli bir tarixi mərhələ olmaqla bərabər, həm də Naxçıvanda xilaskarlıq missiyası həyata keçirməsi və dövlət müstəqilliyi uğrunda mübarizə illəri kimi Azərbaycan tarixinə daxil olmuşdur.

Həyatı və fəaliyyətinin Naxçıvan mərhələsi Heydər Əliyevin müstəqillik dövrünün liderliyi mərhələsinin böyük başlanğıcıdır.

Hələ sovet hakimiyyəti illərində ölkəmizi fərqli bir istiqamətdə inkişaf etdirərək, çətin şəraitdə milli mədəniyyəti və ədəbiyyatı, mənəvi dəyərləri dirçəltməyə, ictimai-tarixi dərketmə şüurunu oyatmağa nail olmağı bacarmış Heydər Əliyevin taleyin hökmü ilə yaşayıb-işləməli olduğu Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti xalqın və ölkəsinin əsl lideri olduğunu bir daha isbat etmişdir.

Üçrəngli Azərbaycan bayrağının ölkəmizin dövlət rəmzlərindən biri kimi qəbul edilməsi, SSRİ-nin saxlanılması məqsədi daşıyan referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsinə nail olması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi haqqında sərəncam verməsi Naxçıvan mərhələsinin ölkə miqyaslı hadisələrlə zəngin olduğunu nümayiş etdirir.

Heydər Əliyevin xalqın tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı və 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasına rəhbərlik edərək, ölkəni dərin siyasi-iqtisadi böhrandan çıxarması, cəmiyyətin bütün sahələrində geniş islahatları uğurla həyata keçirərək böyük dönüşə və dirçəlişə nail olması onun xalqı və ölkəsi qarşısındakı tarixi xidmətidir. "Əsrin müqaviləsi”nin dahi müəllifi olan Heydər Əliyev əsrin əfsanəsinə çevrilmişdir. Müstəqillik dövründə ölkəmizi Avropa Şurasının miqyasına çıxarması sovet dövründə respublikanı Siyasi Büro səviyyəsinə çatdırması kimi şərəfli bir xidmətdir.

Heydər Əliyev, sözün əsl mənasında, Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycan ölkəsinin böyük qurucusudur. Uzaqgörən dövlət rəhbəri kimi Heydər Əliyev özündən sonrakı böyük gələcəyin də möhkəm təməllərini yaratmışdır. O, azərbaycançılığı dövlət ideologiyası kimi qəbul etdirməklə ölkəmizdə dövlətçilik maraqları ilə milli mənafelərin tarazlığına və vəhdətinə nail olmuşdur.

Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən həm sovet dövründə, həm də müstəqillik mərhələsində mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynamış və dünyanın böyük liderlərindən biri kimi böyük şöhrət qazanmışdır. O, hələ sovet hakimiyyəti illərində Azərbaycan xalqının milli mənafelərinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün qətiyyətli addımlar atmışdır.

Heydər Əliyev sovet dövründə Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldıran görkəmli siyasi xadimdir. Məhz onun xidmətləri sayəsində Azərbaycan keçmiş Sovetlər Birliyində hərtərəfli şəkildə inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin qurulması və möhkəmləndirilməsi də Heydər Əliyevin adı və mübarizəsi ilə üzvi surətdə bağlıdır. Bütün bunlara görə Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri kimi böyük tarixi ad qazanmışdır.

Heydər Əliyev - Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin idarəçilik təcrübəsinə malik olan nadir tarixi şəxsiyyətidir, xalqın və ölkənin taleyində xüsusi rolu olan görkəmli dövlət xadimidir, xilaskarlıq missiyasını həyata keçirmiş qüdrətli liderdir.

Heydər Əliyev - Azərbaycanda dövlət müstəqilliyinin banisidir.

Cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş böyük xidmətləri onun adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir. Müstəqil dövlətin siyasi prioritetlərinin önə çıxarılması, yeni idarəetmə strukturunun formalaşdırılması, daxili sabitliyin yaradılması, beynəlxalq aləmdə dostlar və tərəfdaşların tapılması, iqtisadi sahədə islahatların həyata keçirilməsi, dövlət ideologiyasının formalaşdırılması Heydər Əliyevin həll etdiyi ümumdövlət miqyaslı vəzifələrdir. Dövlətçilik baxımından mühüm əhəmiyyətə malik olan həmin vəzifələrin sırasında azərbaycançılıq ideologiyası, ədəbiyyat siyasəti, elm və təhsil konsepsiyası mühüm yer tutur.

Beləliklə, Azərbaycanda 1969-2003-cü illəri əhatə edən tarixi dövr Azərbaycan tarixinin Heydər Əliyev epoxası dövrüdür. Azərbaycanın dövlət müstəqilliyi ideyasının hazırlanması, inkişaf etdirilərək həyata keçirilməsi və qurulub daha da möhkəmləndirilməsi Heydər Əliyev epoxasının tarixi nailiyyətidir.

Böyük dövlət xadimi Heydər Əliyev üçün ədəbiyyat və incəsənət azərbaycançılığın, milli şüurun inkişaf etdirilməsinin əsas hərəkətverici qüvvəsi funksiyasını daşımışdır. Heydər Əliyev dövlət rəhbərliyinin bütün mərhələlərində ədəbiyyat və incəsənət məsələlərinə xüsusi əhəmiyyət vermişdir. O, uzaqgörən görkəmli dövlət xadimi kimi həm Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsinə böyük qayğı göstərmiş, həm də bu mühüm sahələri istiqamətləndirmişdir. Heydər Əliyevin aşağıdakı sözləri onun ədəbiyyata dərindən bələd olması ilə yanaşı, həm də cəmiyyətin inkişaf etdirilməsində bu mühüm işə nə qədər dərindən əhəmiyyət verdiyini göstərməkdədir: "Azərbaycan ədəbiyyatı həmişə öz xalqının həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini əbədiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır”.

Ədəbiyyata xalqın taleyinin və tarixi yaddaşının əks-sədası kimi baxan Heydər Əliyev bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi əhəmiyyət vermişdir. Bu prinsiplər Heydər Əliyevin ədəbiyyat və incəsənət siyasətinin konseptual əsaslarını təşkil etmişdir. Azərbaycan ədəbiyyatının böyük klassiklərinin və görkəmli yaradıcılarının dövlət səviyyəsində yubileylərinin keçirilməsi, əsərlərinin nəşri, dünya dillərinə tərcümə olunması, tamaşaya qoyulması geniş mənada milli-mənəvi özünüdərk proseslərinin genişlənməsinə, azərbaycançılıq anlayışının daha da möhkəmləndirilməsinə xidmət etmişdir. "Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileyi beynəlxalq aləmdə böyük əks-səda doğuran mühüm ədəbi-mədəni hadisə olmuşdur. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibəti ilə görkəmli dövlət xadimi Heydər Əliyevin bəyan etdiyi aşağıdakı sözlər müstəqil Azərbaycan dövlətinin ədəbiyyat və incəsənət siyasətinin əsasını təşkil edir: "Bu yubileyi keçirərkən biz xalqımızın özünü tanımasını təmin edəcəyik və etməliyik. Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. Şübhəsiz ki, bu yubileyin keçirilməsi indiki nəslin... tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə necə töhfələr verdiyini dərk etməsinə şərait yaradacaq və hər bir azərbaycanlıda, ilk növbədə, gənc nəsildə milli iftixar, vətənpərvərlik hisslərini daha da yüksəldəcəkdir. Bunun özü müstəqil Azərbaycanda bizim üçün çox gərəkli bir amildir”.

Görkəmli Azərbaycan yazıçı və şairlərindən Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rüstəm, Süleyman Rəhimov, böyük incəsənət xadimlərindən Qara Qarayev, Müslüm Maqomayev, Rəşid Behbudov, Fikrət Əmirov və Tahir Salahova Sovetlər İttifaqının ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi Azərbaycan tarixinin Heydər Əliyev epoxasının parlaq hadisəsidir.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın bədii mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin qüdrətli bilicisi və vurğunu idi. O, ədəbiyyatı, təsviri sənəti, xalq yaradıcılığını çox sevirdi. Azərbaycanın tanınmış yazıçı və şairləri, rəssamları, heykəltəraşları, memarları, istedadlı xalça ustaları onun ən çox qiymətləndirdiyi sənətkarlar cərgəsində xüsusi yer tuturdu. Bu bağlılıq təsadüfi olmayıb, Ulu Öndərin böyük vətən sevgisinin, azərbaycançı baxışlarının parlaq təzahürü idi. Ulu Öndərin görkəmli Azərbaycan yazıçılarından Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Anar, Fikrət Qoca, Sabir Rüstəmxanlı və başqalarına göstərdiyi böyük diqqət və bir çox hallarda onları xüsusi çətinliklərdən xilas etməsi bu yaradıcı ziyalılara göstərilən ehtiramdan başqa, həm də ölkəmizdə milli şüurun, müstəqillik idealının formalaşdırılmasına, müdafiə olunmasına dəstəyin ifadəsi idi.

Böyük dövlət xadiminin Azərbaycan rəssamlarından Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Oqtay Sadıqzadə, heykəltəraşlardan Ömər Eldarov, Tokay Məmmədov, Mirəli Mirqasımov, xalçaçı sənətkarlardan Lətif Kərimov, Kamil Əliyev və başqalarının yaradıcılıq fəaliyyətinə bəslədiyi münasibət tarixi hadisələrə çevrilmişdir. Heydər Əliyevin təsviri sənət əsərləri haqqındakı təcrübəli ustad sənətşünas kimi dəqiq mülahizələri, elmi-nəzəri təhlilləri daim sənət adamlarını heyrətləndirmişdir. Ulu Öndər milyonlarla insanın qəlbində yaşadığı kimi, rəssam və heykəltəraşlarımızın da yaddaşında unudulmaz işıqlı izlər qoymuşdur. Ona görə də sənətkarlarımız daim Heydər Əliyev mövzusuna müraciət edir, xüsusi bir sevgi ilə bu dahi insanın kamil obrazını yaradırlar.

Azərbaycan incəsənətində Heydər Əliyevin obrazını yaradan sənətkarlardan Tahir Salahov, Ömər Eldarov, Oqtay Sadıqzadə, Kamil Əliyev, Eldar Mikayılzadə, Hüseynqulu Əliyev, Ülviyyə Həmzəyeva, Natiq Əliyev, Akif Əsgərov, İlham Mirzəyev, Həbibə Allahverdiyeva, Cavid İsmayılov, Həmzə Sadıqov, Eldar Zeynalov, Məmməd İbrahimov və bir çox başqalarının yaratdıqları möhtəşəm heykəllər və çəkdikləri bənzərsiz rəsm əsərləri yaddaşlara yazılmışdır. Bu əsərlərdən hər biri Ulu Öndərin bədii obrazını yeni-yeni fərqli təcəssüm formalarında əks etdirir.

Bu da çox əhəmiyyətlidir ki, bu gün Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinin rəssamları və heykəltəraşları da azərbaycançılığın daim canlı, əbədi simvolu olan Heydər Əliyev mövzusuna müraciət edirlər. Hazırda dünyanın bir çox xarici ölkələrində Heydər Əliyevin adını daşıyan parkların, xiyabanların mövcud olduğunu görür, onun əzəmətli heykəlləri ilə qarşılaşırıq. Azərbaycanla yanaşı qardaş Türkiyədə, eləcə də Rusiya, Ukrayna, Gürcüstan, Rumıniya və digər ölkələrdə böyük azərbaycanlı dövlət xadimi Heydər Əliyevin heykəllərinin ucaldılması xalqımızda milli qürur hissləri doğurur.

Azərbaycan musiqi sənətinin inkişafında da Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. O, Azərbaycan musiqi mədəniyyətinin böyük yaradıcıları olmuş dünya şöhrətli bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Niyazi Tağızadə, məşhur müğənnilər Müslüm Maqomayev, Rəşid Behbudov, Lütfiyar İmanov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və başqalarının sənətinə yüksək qiymət vermiş, onların əsərlərinin beynəlxalq aləmə çatdırılmasına geniş üfüqlər açmışdır.

Teatr və opera sənətinin yüksək inkişaf mərhələsinə çatdırılmasında da Heydər Əliyevin böyük xidmətləri tarixi hadisə səviyyəsində qiymətləndirilməyə layiqdir. Heydər Əliyev epoxası Azərbaycan incəsənətinin məşhur rejissorlarını və aktyorlarını meydana çıxarmışdır.

***

Azərbaycan elminin inkişaf etdirilməsində də Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Görkəmli dövlət xadimi cəmiyyətin inkişafında elm faktoruna xüsusi əhəmiyyət verdiyi üçün ölkədə elmin inkişaf etdirilməsini həmişə diqqət mərkəzində saxlamışdır. Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə Azərbaycanda Elmlər Akademiyasının fəaliyyəti genişləndirilmiş və ölkəmizin maraqlarına doğru istiqamətləndirilmişdir. Azərbaycan Elmlər Akademiyasında yaradılmış xüsusi konstruktor büroları ölkənin təbii resursları və elm adamlarının səmərələşdirici ideyaları əsasında istehsalat yönlü problemlərin həllinə geniş yol açmışdır. Bu, dövlət mülkiyyətinə və planlı təsərrüfata əsaslanan sosializm cəmiyyətində bazar iqtisadiyyatı əsasında elmi proseslərin formalaşdırılması demək idi. Həmin istiqamətdə həyata keçirilmiş elm-istehsalat prosesləri fundamental və tətbiqi elmin nailiyyətlərinin ölkənin inkişafında özünəməxsus yer tutmasını şərtləndirmişdir.

XX əsrin 70-80-ci illərində Azərbaycanda ən müxtəlif sahələr üzrə böyük elmi məktəblər yaranmışdır. Əvvəlcə ölkə miqyasında ön mövqeyə çəkilən elm xadimləri məqsədyönlü dövlət siyasəti nəticəsində keçmiş Sovetlər İttifaqı miqyasında qəbul olunan görkəmli alimlər kimi tanıdılmışdır. Onların adı və fəaliyyət dairəsi ilə bağlı olan elm sahələrinin inkişaf etdirilməsi üçün zəruri maddi-texniki baza yaradılmış, siyasi dəstək verilmişdir. Nəticədə görkəmli elm xadimlərinin layiqli davamçıları yetişmiş, yeni elmi nəsil formalaşdırılmışdır. Bu isə öz növbəsində müxtəlif istiqamətlər üzrə elmi məktəblərin yaranması ilə nəticələnmişdir.

Qeyd edilən dövrdə Azərbaycanda yarımkeçiricilər fizikası - selen məktəbi, molekulyar biologiya - fotosintez məktəbi, geologiya - yer elmləri məktəbi, neft kimyası və aşqarlar kimyası, riyaziyyat, nəbatat, torpaqşünaslıq, kristalloqrafiya məktəbləri yaranıb inkişaf etmişdir.

Azərbaycanda şərqşünaslıq, ədəbiyyatşünaslıq, dilçilik-dialektologiya, tarixçi-mətnşünaslıq məktəblərinin yaratdıqları çoxcildlik elmi nəşrlər, ölkə əhəmiyyətli ümummilli problemlərə həsr olunmuş monoqrafiyalar, aktual mövzularda keçirilmiş elmi konfranslar respublikadakı siyasi-ideoloji mühitin daha da qüvvətlənməsinə, milli şüurun dirçəldilməsinə xidmət etmişdir. Ulu Öndər Heydər Əliyev görkəmli elm xadimləri Ziya Bünyadovun, Abbas Zamanovun, Xudu Məmmədovun həyatı ilə bağlı ciddi problemləri nəinki aradan qaldırmış, onların hərtərəfli fəaliyyətləri üçün geniş meydan yaratmışdır. Ölkə maraqlarına həsr edilmiş elmi əsərlərin respublika Dövlət mükafatına layiq görülməsi, ölkədə beynəlxalq simpoziumların təşkili də respublika miqyasında elmin inkişafına ciddi təkan vermişdir. Nəhayət, ölkə rəhbəri Heydər Əliyevin təqdimatı əsasında 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Sovetlər İttifaqının ən mühüm ordenlərindən olan "Xalqlar dostluğu” ordeni ilə təltif olunması aparılan məqsədyönlü dövlət siyasətinin mühüm yekunu idi.

Müstəqillik illərində də Azərbaycan elminin yenidən milli dövlətçilik maraqları əsasında inkişaf etdirilməsi ölkəyə ikinci dəfə rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə üzvi surətdə bağlıdır. Ulu Öndərin 21 sentyabr 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasında respublika ziyalıları ilə görüşündəki tarixi nitqi geniş mənada elmin, ziyalılığın və akademik qurumların xilas edilməsi ilə əlaqədar səsləndirilmiş tarixi bəyanatdır: "Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. ...Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. ...Akademiyanın fəaliyyətini tənqid də etmək olar. ...Ancaq ümumən götürdükdə şübhəsiz ki, elmin inkişaf yoluna yüksək qiymət verməli, onu əldə saxlamalı, yüksək qiymətləndirməliyik. Dağıtmaq asandır, qurmaq, yaratmaq çətindir. ...Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycan elmi inkişaf etməlidir”.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli sərəncamı ilə ölkənin baş elmi mərkəzinə Milli Elmlər Akademiyası statusu verilmiş, həmin yolla bu akademik qurumun fəaliyyətində ölkə və dövlət maraqları üstündə köklənmiş yeni epoxa başlanmışdır.

Müstəqillik illərində, akademiyada genişmiqyaslı islahatların həyata keçirilməsi ölkəmizin elmini yeni mövqelərə çıxarmış, dünyada tanıtmağa yol açmışdır.

***

Hazırda Azərbaycan Respublikasında Heydər Əliyevin müstəqil dövlətçilik təlimi, azərbaycançılıq ideologiyası dünyada dəyişən və inkişaf edən reallıqlarla, zənginləşən yeni proseslərlə birlikdə ölkəmizdə yaradıcı şəkildə ardıcıl olaraq həyata keçirilir. Beləliklə, müasir zamanda möhkəm bünövrələr, böyük sütunlar üzərində yeni və möhtəşəm Azərbaycan qurulur.

Prezident İlham Əliyevin çoxcəhətli, məqsədyönlü və yorulmaz fəaliyyəti, dövlətçilik işinə çoxaspektli düşünülmüş yanaşmaları, analitik təfəkkürü, müdrik siyasəti, dərin düşüncəsi ilə müstəqil Azərbaycan dövlətçiliyinin yeni epoxası formalaşır.

Artıq hər kəsə yaxşı məlumdur ki, milli mənafenin, dövlətçilik maraqlarının daim üstün tutulması Prezident İlham Əliyev siyasətinin təməl prinsipidir. Dövlət başçısı İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli bucaqlardan ifadə olunan siyasi yanaşmaların hamısı Azərbaycançılıq fəlsəfəsində, Azərbaycanın hərtərəfli inkişafı naminə aparılan qlobal işlərdə tamamlanır. Yeni tarixi mərhələdə də Azərbaycançılıq bu böyük və müdrik siyasətin nüvəsini təşkil edir.

İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini müəyyən edən, təzə istiqamətlər açan, yol göstərən, bələdçilik funksiyasını həyata keçirən görkəmli dövlət xadimidir.

Bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi məharətinin, qəti və aydın mövqeyin olması müstəqil dövlətin inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır.

Bu mənada yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi, qətiyyət və geniş elmi dünyagörüşü özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və böyük siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.

Böyük sürətlə yeniləşən Bakı şəhəri, xüsusi templə inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr - Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars Dəmir İpək yolu, hər gün müasirləşən Azərbaycan cəmiyyəti məhz Heydər Əliyev siyasi kursunun yaradıcı şəkildə, ardıcıllıqla davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir.

Prezident İlham Əliyev - müstəqil dövlətçilik təliminin inkişaf edən yeni epoxa ilə şərtlənən yeni dövrünün lideridir.

İlham Əliyev - Azərbaycanın sınanılmış yolu olan Heydər Əliyev yolunun böyük magistrallardakı qüdrətli sükançısıdır.

Prezident İlham Əliyev müasir Azərbaycan reallığında özünün tarixi mərhələsini, İlham Əliyev erasını yaratmışdır.

İlham Əliyev erası - Azərbaycana böyük tarixi nailiyyətlər qazandırmış, yeniləşməkdə olan Azərbaycanı inkişaf etmiş yeni Azərbaycana çevirmiş yeni mərhələdir.

İlham Əliyev yeni dünya düzənində Azərbaycana başucalığı gətirən, ölkəmizin nüfuzunu artıran böyük siyasətçidir.

Azərbaycanın yeni tarixi epoxadakı inkişaf etməkdə davam edən müasir həyatı Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin konkret əməli nəticəsidir. Bakının az qala hər gün, hər həftə keçirilən genişmiqyaslı böyük və əhəmiyyətli tədbirlərə layiqincə evsahibliyi etməsi də Azərbaycanın dünyada söz sahibinə çevrilməsinin real göstəricilərindəndir.

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü statusunda fəaliyyət göstərməsi, beynəlxalq miqyaslı qərarlara imza atmaq, dünyaya müraciətlə bəyanatlar səsləndirmək haqqı qazanması Prezident İlham Əliyevin müdrik siyasətinin təntənəsidir.

Böyük uğurla Avropa Oyunları keçirmiş müstəqil Azərbaycan dövlətinin İslam Oyunlarına da bacarıqla evsahibliyi etməsi ölkəmizin Prezidentinin qlobal siyasi baxışlarının əhəmiyyətli göstəricisidir.

Multikulturalizm ilini dünyaya əks-səda salan mühüm tədbirlərlə və real nəticələrlə başa vuran Azərbaycan Respublikasının 2017-ci ildə bəyan edilmiş İslam Həmrəyliyi ilinin düşünülmüş addımlar atması dövlətimizin uzaqgörən siyasətinin reallıqlarının parlaq ifadəsidir. Ölkəmizdə qüvvətli multikultural və tolerantlıq mühiti yaratmaq Prezident İlham Əliyevin birgəyaşayış modelidir. 2019-cu ili İmadəddin Nəsimi ili elan etməsi Prezident İlham Əliyevin ədəbi-tarixi keçmişimizin, böyük şəxsiyyətlərimizin, milli-mədəni sərvətlərimizin inkişaf etdirilməsinə dövlət səviyyəsində göstərdiyi diqqətin və qayğının parlaq əməli ifadəsidir.

Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanda və Tərtərdə qazandığı böyük zəfərlər, torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində atılmış addımlar Prezident İlham Əliyevin adı ilə bağlı qəhrəmanlıq nümunələridir. Bütün bunlar Prezident İlham Əliyevin müasir dövrün görkəmli liderlərindən biri olduğunu əyani şəkildə təsdiq edir və Azərbaycançılıq ideallarının sabahına daha inamla baxmağa tam əsas verir.

Azərbaycan Respublikası görkəmli dövlət xadimi Heydər Əliyevdən İlham Əliyevə qədər məsuliyyətli və şərəfli yol keçmişdir.

Heydər Əliyev epoxası - Azərbaycanda şanlı tarixin və işıqlı böyük gələcəyin möhtəşəm vəhdətidir.

İlham Əliyev erası - müstəqil Azərbaycan dövlətinin müasir dövrünün lideri və bundan sonrakı həyatının hərəkətverici qüvvəsidir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasını qətiyyətlə və yaradıcılıqla irəli aparan qüdrətli dövlət xadimi kimi çoxcəhətli yorulmaz fəaliyyəti ilə ölkəmizin sabahına gur işıq salır.

Müstəqil Azərbaycan dövləti milli-mənəvi dəyərlərlə bəşəri idealların vəhdəti işığında daha böyük gələcəyə doğru inamla yol gedir.

Heydər Əliyev epoxası və İlham Əliyev erası keçən möhtəşəm 50 ildə Azərbaycan xalqının tarixi taleyinin və böyük gələcəyinin şansıdır.

Heydər Əliyev epoxası - İlham Əliyev erası davam edir, yaşayır, inkişaf edir və qalib gəlir.

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video