27 Avqust 2021 01:03
839
İQTİSADİYYAT
A- A+

Həssas əhali qruplarına qayğıkeşlik və xeyirxahlıq nümunəsi

 

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ana xəttində vətəndaş firavanlığının təminatı, sosial cəhətdən həssas qruplardan olan vətəndaşların etibarlı sosial müdafiə sistemi ilə təmin edilməsi dayanır. Bu istiqamətdə aparılan, mənəvi dəyərlərə əsaslanan dövlət siyasətinin icrasında, xüsusi qayğıya ehtiyac duyan şəxslərin  şəfqət, qayğı mühiti ilə əhatə olunmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək humanizm, nəciblik, xeyirxahlıq nümunəsi olan təşəbbüs və layihələri mühüm dəstək rolunu oynayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu barədə yaydığı hesabatda bildirilir ki, sosial sahənin bütün istiqamətlərində bu təşəbbüs və layihələr öz töhfəsini verib və verməkdə davam edir. Hələ 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbə ilə Azərbaycan Ordusu güclü ordular sırasında olduğunu təsdiq etmişdi. Həmin döyüşlərdə yaralanmış hərbçilərimizin reabilitasiyası işinə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən yüksək diqqət və qayğı göstərildi. Fondun “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində qısa zaman ərzində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya və İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin edildilər. 

Valideyn himayəsindən məhrum olan gənclərə qayğıkeşlik həmişə Mehriban Əliyevanın fəaliyyətində mühüm yer tutub. Bunun təzahürü kimi, Heydər Əliyev Fondunun sosial əhəmiyyətli layihəsi olaraq, son illərdə Abşeron rayonunda üç çoxmənzilli yaşayış binası tikilərək dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin istifadəsinə verilib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Məzun evi”  kimi fəaliyyət göstərən həmin binalarda artıq 365 gənc mənzillə təmin olunub.

Mehriban Əliyevanın nəcib layihələrinin bir istiqaməti də sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının bərpasına dəstək məqsədi daşıyır. Onun təşəbbüsü və dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində yaradılan Uşaq Reabilitasiya Mərkəzi həmin kateqoriyadan olan uşaqların reabilitasiya imkanlarının artırılmasında, bu sahədə yüksək standartlara uyğun infrastrukturun formalaşdırılmasında önəmli rol oynayır. Mərkəzdə hər il yüzlərlə  uşağa səmərəli fizioterapevtik üsullarla reabilitasiya xidmətləri göstərilir. Bu qayğıkeşlik sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı müəssisələri də əhatə edir. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun olan, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına da Mehriban Əliyeva tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir. Bunun daha bir göstəricisi kimi Heydər Əliyev Fondu tərəfindən 2010-2012-ci illərdə Naxçıvan, Gəncə və Yevlaxda məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzləri yaradılıb. Həmin mərkəzlər məhdud fiziki imkanlı şəxslərin cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına xidmət edir. Həmçinin sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgilərin təşkili, onların yaradıcılıq imkanlarının dəstəklənməsi, cəmiyyətə tanıdılması fondun fəaliyyət istiqamətlərindən biridir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial sahə ilə bağlı mühüm təşəbbüslərindən biri bu gün artıq Azərbaycanın daha bir brendi kimi tanınan DOST konsepsiyasıdır. Bu konsepsiyanın uğurlu həlli olaraq, Prezident İlham Əliyevin fərmanı ilə 2019-cu il mayın 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və ilk DOST mərkəzi, ümumilikdə ötən dövrdə Bakıda 4 və Abşeron rayonunda 1 mərkəz olmaqla, 5 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə  əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə 152 növdə xidmət innovativ yanaşmalar əsasında “bir pəncərə”dən daha yaxın və əlçatan, tam şəffaf mühitdə, vətəndaş məmnunluğu prinsipinə uyğun təqdim edilir. DOST xidmətlərindən artıq 500 minədək vətəndaş faydalanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu 97,5 faiz təşkil edir. 2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən, Bakıda və respublikanın regionlarında 17 DOST mərkəzi və 47 DOST filialının açılması nəzərdə tutulub.

Heydər Əliyev Fondu tərəfindən həssas qrupların, habelə ahılların yaşadığı sosial xidmət müəssisələrində mütəmadi olaraq nəcib aksiyaların, dövlət himayəsində yaşayanlara fərəhli hisslər bəxş edən tədbirlərin təşkili, həmçinin pandemiya dövründə həmin müəssisələrdəki insanların, o cümlədən yaşlıların yeni növ koronavirus (COVID-19) infeksiyasından qorunması üçün profilaktik tədbirlərin görülməsinə bütün dəstəyin göstərilməsi də yüksək humanizm, şəfqət və xeyirxahlıq nümunələridir.

Eyni zamanda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə, sosial cəhətdən həssas olan əhali qruplarına sovqatlar, ərzaq yardımları paylanılıb. Həmçinin fondun “Regional İnkişaf” İctimai Birliyinin “Sosial bağlar” layihəsi çərçivəsində özünüməşğulluq proqramına önəmli dəstək olaraq, 2018-2020-ci illərdə aztəminatlı 625 ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb.

Bütün bunlar Mehriban Əliyevanın xoşməramlı, nəcib layihələrinin, təşəbbüslərinin yalnız bir hissəsidir və həssas qruplardan olan vətəndaşlara, xüsusi qayğıkeşliyə ehtiyac duyan şəxslərə böyük dəstək olan bu layihələr, təşəbbüslər cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video