15:16 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hesablama Palatası hesabat verdi
ANA SƏHİFƏ / PARLAMENT
03:04 07.04.2012

 

Aprelin 6-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirildi. Gündəlikdəki məsələləri müzakirə etməzdən əvvəl bu günlərdə Bakıda keçirilmiş Avronest Parlament Assambleyasının ikinci sessiyası və cari məsələlərlə bağlı fikirlər səsləndirildi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Avronest Parlament Assambleyasının sessiyasında iştirak edən erməni deputatlar mətbuata açıqlamalarında Azərbaycan Prezidentinin ermənilər haqqında "faşist" ifadəsi işlətdiyini deyiblər: "Cənab Prezident çıxışında dedi ki, Xocalı soyqırımı barbarlıq aktı və faşizm təcəssümüdür. İndi əgər onlar bu sözləri özlərinə götürürlərsə, deməli, faşistdirlər". Avronest Parlament Assambleyasının sessiyasının yüksək səviyyədə təşkil olunduğunu deyən Oqtay Əsədov bildirdi: "Biz bir daha göstərdik ki, Azərbaycan hər bir beynəlxalq təşkilatın tədbirinə ev sahibliyi etməyə qadirdir". Milli Məclisin Sədri onu da qeyd etdi ki, yüksək səviyyədə təşkilatçılığa baxmayaraq, erməni deputatlar yenə də bir bəhanə tapdılar və son gündə bəzi narazılıqlar yaratdılar.
İclasda deputatlardan Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Siyavuş Novruzov, Aqil Abbas Avronest Parlament Assambleyasının sessiyasının ölkəmizdə keçirilməsini və təşkilini yüksək qiymətləndirdilər. Avronest Parlament Assambleyasının sessiyasını mühüm siyasi hadisə kimi dəyərləndirən deputatlar bu mötəbər tədbirin nəticələrinin Azərbaycan üçün uğurlu olduğunu dedilər. Həmçinin qeyd edildi ki, Azərbaycan bu sessiyanı yüksək səviyyədə təşkil etməklə elə bir nümunə göstərdi ki, başqa ölkələr buna çatmaq üçün çox səy göstərməlidirlər.
İclasda çıxış edən deputat Elman Məmmədov bildirdi ki, ermənilərin Bakıda bir qəbiristanlığının dağıdılmamasına az qala and içirdik: "İşğal altındakı ərazilərdə və Ermənistanda azərbaycanlıların minlərlə qəbiristanlığı dağıdılıb. Xocalıda, Qaradağlıda soyqırımı törədənlərə nə ad vermək olar? Bir xalqa ki, əli azərbaycanlıların qanına batmış S.Sərkisyan rəhbərlik edir, deməli, elə onun özü faşistdir. Buna başqa nə ad vermək olar?"
Deputat Asim Mollazadə də erməni mətbuatında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ilə bağlı yazılanlara toxunaraq dedi ki, Xocalıda hərbi cinayət törədənlər beynəlxalq tribunala cəlb olunmalı və onların əməllərinə hüquqi qiymət verilməlidir: "Bizim məhkəmə-hüquq sistemi bu istiqamətdə çalışmalıdır. Dünyaya bu məsələ ilə bağlı ciddi müraciət etməliyik. Xocalı qətliamı ilə bağlı beynəlxalq tribunalın yaradılması üçün Avropa parlamentlərinə üz tutmalıyıq".
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq İsa Əli oğlu Nəcəfovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında məsələyə baxıldı. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bununla bağlı məlumat verdikdən sonra deputatlar məsələyə müsbət münasibət bildirdilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsini şərəflə yerinə yetirəcəyinə and içən İsa Nəcəfov ona göstərilən etimada görə Milli Məclisə təşəkkürünü bildirdi. Qeyd edək ki, İsa Nəcəfovun Konstitusiya Məhkəməsinin hakimi kimi səlahiyyət müddəti bu ilin martında başa çatmışdı.
İclasda Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı da dinlənildi. Hesablama Palatasının sədri Heydər Əsədov çıxış edərək bildirdi ki, Hesablama Palatasının 2011-ci ildəki fəaliyyəti barədə hesabat "Hesablama Palatası haqqında" qanunun və Palatanın Daxili Nizamnaməsinin tələblərinə uyğun hazırlanmışdır. Hesablama Palatasının 2011-ci ildəki fəaliyyəti qeyd edilən normativ hüquqi aktlara, Palatanın müvafiq normativ sənədlərinə və təsdiq olunmuş illik iş planına əsasən həyata keçirilmişdir. Hesabatda Hesablama Palatasının illik fəaliyyətinin nəticələri, o cümlədən 2011-ci ilin İş Planında  nəzərdə tutulmuş nəzarət tədbirlərinin və ekspert-analitik tədbirlərin icra vəziyyəti, dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üzrə müvafiq qanun layihələrinə, dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə, dövlət büdcəsi və DSMF-nun büdcəsinə dəyişikliklər edilməsi haqqında qanun layihələrinə hazırlanmış rəylərin xülasələri,  habelə Palatanın cari fəaliyyətinin təşkili üzrə görülmüş işlər əks etdirilmişdir.
Müzakirələr zamanı deputatlardan Elmira Axundova, Vahid Əhmədov, Fazil Mustafa, Fəzail Ağamalı, Zahid Oruc, Fəzail İbrahimli, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə və Siyavuş Novruzov hesabatla bağlı fikirlərini, rəy və təkliflərini bildirdilər. Milli Məclis Sədrinin müavini Bahar Muradova deputatların hesabata laqeyd olmadığını, Hesablama Palatasına böyük inamlarının olduğunu dedi. Hesablama Palatasının sədri Heydər Əsədov deyilənlərə münasibət bildirdikdən sonra hesabat nəzərə alındı.
Parlament "Azərbaycan Respublikasının Avstraliya İttifaqında (Kanberra şəhərində) səfirliyinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinə də müsbət münasibət bildirdi.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Serbiya Respublikasında E-763 avtomobil magistralının Ljiq-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası hökuməti arasında Kredit Sazişi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsini müzakirəyə təqdim etdi. Komitə sədrinin sözlərinə görə, bu kredit sazişi göstərir ki, Azərbaycan artıq borcverən bir ölkəyə çevrilib.
Sənədin Azərbaycanın milli maraqlarına cavab verdiyini deyən Ziyad Səmədzadə dedi ki,  sazişin şərtlərinə əsasən Azərbaycan Serbiyaya 15 il müddətinə, faiz dərəcəsi illik 4 faiz olmaqla 308 milyon avro kredit ayıracaq. Bu məsələ ilə bağlı deputatlar fikirlərini bildirdilər. Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bu kredit sazişinin siyasi və iqtisadi baxımdan ölkəmizin maraqlarına tam cavab verdiyini diqqətə çatdırdı. Bildirdi ki, bu saziş həm də Azərbaycan şirkətlərinin beynəlxalq təcrübə qazanması və iş adamlarımız üçün yeni imkanların açılması deməkdir.
Qanun layihəsi təsdiq olundu.
Günün ikinci yarısında Milli Məclisdə "Yol hərəkəti haqqında" qanun, Mülki Məcəllə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinin müzakirəsi başladı. Qanun layihəsi ilə bağlı məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, hər üç sənədə edilən dəyişiklik və əlavələr nəqliyyat vasitələri ilə bağlıdır. Onun sözlərinə görə, "Yol hərəkəti haqqında" qanuna ediləcək dəyişikliyə əsasən hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda yolda radarın mövcudluğu barədə məlumat verən servis nişanı və ya həmin yolda icazə verilən sürət həddini göstərən "Maksimum sürətin məhdudlaşdırılması" nişanı quraşdırılmalıdır.  Belə servis nişanı və ya 3.24 nişanı  yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.
Yeni dəyişikliyə əsasən, yol polisləri avtobus sürücülərini küçənin ortasında saxlaya bilməyəcək. Şəhərdaxili (rayondaxili) sərnişin daşımaları ilə məşğul olan sürücü qaydaları pozduqda, yol polisi əməkdaşı ona qayda pozuntusunu elan etdikdən və dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda tərtib edə bilər. Bu dəyişiklik müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq məqsədi daşıyır. 
Sonra Əli Hüseynli gündəlikdə olan Mülki Məcəlləyə nəzərdə tutulan dəyişikliklə bağlı məlumat verdi. Onun fikrincə, bu dəyişiklik də nəqliyyat vasitələrinin istifadəsi ilə bağlıdır. Mülki Məcəlləyə edilən dəyişikliklərə görə, nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ nəzərdə tutan etibarnamələrin müddətinin azaldılması nəzərdə tutulur. Qanun layihəsində qeyd olunur ki, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Mülki Məcəlləyə bununla bağlı edilən dəyişikliklərin 2012-ci il oktyabrın 1-dən qüvvəyə minməsi təklif olunur.
İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliyə gəlincə isə Əli Hüseynli bildirdi ki, bu dəyişikliklər sanksiyaların artırılması ilə bağlıdır. Bütün bunlar yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınmasına yönəlib. Bundan sonra cərimələr konkret göstəriləcək. Avtomobildə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə cərimənin məbləği 15 manatdan 40 manata qaldırılıb. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmaya görə cərimələrin məbləği artırılıb. Hərəkət sürətini 10-30 km/saat həddində aşmağa görə 20 manat (hazırda 15 manatdan 20 manata qədərdir), 30-60 km/saat həddində aşmağa görə 100 manat (hazırda 20 manatdan 40 manata qədərdir), 60 km/saat həddindən artıq aşmağa görə 150 manat (hazırda 40 manatdan 60 manata qədərdir) miqdarında cərimə müəyyən edilib.
İclasda bu məsələ ilə bağlı müzakirələr aparıldı. İlk olaraq deputat Vahid Əhmədov sualla müraciət etdi: "Son vaxtlar istər "Yol hərəkəti haqqında" qanuna, istərsə də İnzibati Xətalar Məcəlləsinə çoxlu dəyişikliklər edilir. Ancaq sözügedən qanunlara edilən bu dəyişikliklərdən və cərimələrin artırılmasından sonra monitorinqlər aparılırmı, cərimələrin artırılması inzibati xətaların qarşısını alırmı, yoxsa bəzi insanlar üçün əlavə rüşvət mənbəyi yaradırıq?"
Bu sualın cavabında Əli Hüseynli bildirdi ki, sözügedən qanunlara dəyişikliklər ediləndən sonra inzibati xətalarla bağlı cərimələrin, rüsumların dövlət büdcəsinə ödənilməsi istiqamətində çox müsbət tendensiya müşahidə olunmaqdadır. Komitə sədrinin sözlərinə görə, xüsusilə son bir ildə məlum dəyişikliklərdən və cərimələrin artırılmasından sonra inzibati xətalarla bağlı cərimələrin, rüsumların təxminən 80 faizi dövlət büdcəsinə ödənilib.
Sonra çıxış edən deputatlar Fazil Mustafa, Qüdrət Həsənquliyev, Etibar Hüseynov layihədəki əlavə və dəyişiklikləri müsbət qiymətləndirdilər. Ancaq deputatlar hesab etdilər ki, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə, ümumiyyətlə, ləğv edilməlidir. Eyni zamanda yol hərəkəti qaydalarını pozan piyadalara qarşı tətbiq edilən sanksiyaların artırılması da məqsədəuyğundur. Deputatlar Musa Qasımlı və Eldar İbrahimov isə yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması üçün cəzaların daha da sərtləşdirilməsinin vacib olduğunu söylədilər. Onların fikrincə, bununla bağlı təbliğat işləri də aparılmalıdır. Deputat Çingiz Qənizadə isə hesab edir ki, öncə sürücülük mədəniyyəti formalaşmalıdır, əks halda cərimələrin sərtləşdirilməsi də buna kömək etməyəcəkdir. 
Deputat Mübariz Qurbanlı isə bildirdi ki, hazırda bütün dünyada yol hərəkəti qaydaları ilə bağlı problem mövcuddur. ABŞ və Avropanın bir neçə ölkəsində bunun qarşısını texniki yeniliklər vasitəsi ilə alırlar. Əksər ölkələrdə isə nəqliyyat vasitəsinin çoxluğu belə problemlərin yaranmasına səbəb olur.
Yeni dəyişikliklərə münasibət bildirən Milli Məclis Sədrinin müavini Bahar Muradova isə diqqətə çatdırdı ki, cərimələrin sərtləşdirilməsi daim müsbət effekt verib. Onun fikrincə, ölkədə qəza şəraiti yaradan avtomobil sürücülərinin əksəriyyəti nisbətən aşağı sosial təbəqədən olan insanlardı: "Onlar həm də bu sahədə lazımı biliyə, savada malik deyillər. Belələri demək olar ki, Rusiya istehsalı olan "Jiquli" markalı avtomobillərlə hər gün qəzalar törədirlər. Fikrimcə, Rusiyadan gətirilən köhnə avtomobillərin ölkəyə daxil olmasını məhdudlaşdırmalıyıq".
Milli Məclis Sədrinin birinci  müavini Ziyafət Əsgərov bildirdi ki, hər 3 qanunun çox böyük fəlsəfəsi var. Bunların hamısının mənası sürücülərimizin təhlükəsizliyinin təmin olunmasıdır. Azərbaycanda hər bir insanın layiqli həyatının təmin edilməsi dövlətin ali məqsədidir.
Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Gündəlikdə duran sonuncu sənəd isə "Mədəniyyət haqqında" qanun layihəsi idi. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov yeni hazırlanmış qanun layihəsi ilə bağlı geniş məlumat verdi. Onun sözlərinə görə, yeni qanun Azərbaycan Konstitusiyasının 40-cı maddəsi ilə təsbit olunmuş mədəniyyət hüququnun təmin olunması məqsədilə dövlət mədəniyyət siyasətinin əsas prinsiplərini, dövlət mədəniyyət fəaliyyətinin formalarını və təşkilati, hüquqi və iqtisadi əsaslarını, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərin hüquqlarını və vəzifələrini, həmçinin mədəniyyət işçilərinin statusunu müəyyən edir, mədəniyyətin ayrı-ayrı formaları üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Komitə sədri bildirdi ki, yeni qanun layihəsi 9 fəsil və 46 maddədən ibarətdir. Layihənin 42-ci maddəsi "şou-biznes və multimedia" adlanır. Bu maddədə bildirilir ki, şou-biznes (kütləvi əyləncələr industriyası) və multimedia (fotoqrafiya, audio, video, kompyuter, internet və s.) istehsalı Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənir.
Qanun layihəsi ilə bağlı müzakirələr başlandı. İlk çıxış edən Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, sənəddə bəzi çatışmazlıqlar və boşluqlar var. 10 ildən sonra hazırlanan yeni qanun mükəmməl olmalı və Azərbaycanın mədəniyyətini bütünlükdə özündə dolğun əks etdirməlidir. Onun fikrincə, qanun layihəsində bir sıra qeyri-müəyyənliklər və uyğunsuzluqlar var: "Bu qanun layihəsi yenidən işlənilməli, qanunvericiliyə uyğunlaşdırılmalıdır".
Sonra çıxış edən deputatlar İlyas İsmayılov, Elmira Axundova, Leyla Abdullayeva, Asim Mollazadə, Mübariz Qurbanlı, Jalə Əliyeva qanun layihəsində bəzi çatışmazlıqların olduğunu söyləyərək iclasda səslənən dəyərli təkliflərin qanun layihəsinə daxil edilməsini məqsədəuyğun hesab etdilər. Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov isə səslənən əksər təkliflərin ikinci oxunuşda nəzərə alınacağını və mükəmməl bir qanun layihəsi hazırlanacağını bildirdi.
Çıxışlardan sonra qanun layihəsi səsverməyə çıxarıldı və ilk oxunuşda qəbul edildi.

Rəşad CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV,
Fərman BAĞIROV (foto)
"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM