08 May 2021 01:49
1879
SİYASƏT
A- A+

Hərbi Qənimətlər Parkı düşmənə gözdağıdır

 

“Dəmir yumruq” siyasəti Ermənistanın hərbi bazasını darmadağın edərək diz çökdürüb kapitulyasiya aktına imza atdırmışdır

 

“Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir lövhə düzəltmişdilər göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb...”

Bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 12 aprel 2021-ci ildə Bakıda Hərbi Qənimətlər Parkının açılışında söylədi. “Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır”, - deyən dövlət başçısı onu da bildirdi ki, əslində, bu hərəkət Ermənistanın Azərbaycana, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular: “...Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, mif yaratmağa çalışırdılar ki, guya, Ermənistanın məğlubedilməz ordusu var. Azərbaycanlılar isə şəxsi maşınlarını qoyub, öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq və bu lövhə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya qənimət kimi götürülmüşdür. Hələ müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik...”

Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra, yəni noyabrın 11-də Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu da demişdir. Dekabrın 10-da keçirilən Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirildi. Məhz həmin günlərdə dövlət başçısı Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürmüşdü. Digər sahələrdə olduğu kimi, bu dəfə də sözdən əməli işə keçid özünü çox gözlətmədi: qısa müddət ərzində Bakıda açıq səma altında salınan nadir parkın aprelin 12-də açılışı oldu və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Hərbi Qənimətlər Parkının ilk ziyarət bileti təqdim edildi.

Ötən il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam Vətən müharibəsi Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarılmaqla hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvəsi öz mövqeyini tərk etdi. Onların döyüş mövqelərində qoyub qaçdıqları atıcı silahlar, ağır texnika, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar Azərbaycan Ordusu tərəfindən qənimət kimi götürüldü. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalarından biri düşməndən qənimət götürülən 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə idi. Həmin qara lövhənin də Hərbi Qənimətlər Parkında nümayiş etdirilməsi təsadüfi deyil. Vətən müharibəsində döyüş həm də informasiya cəbhəsində davam edirdi. Dünya ictimaiyyəti və beynəlxalq kütləvi informasiya vasitələri münaqişə bölgəsi haqqında son məlumatları ən etibarlı, birinci mənbədən - Azərbaycan Prezidentindən alırdılar. Qələbə tvitləri, xarici aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət mətnlər parkın ərazisindəki videozalda nümayiş etdirilir.

Parkın ərazisindəki hər bir element demək olar ki, nadirdir. Buradakı oturacaqların alt hissəsi qənimət kimi götürülmüş mərmi yeşiklərindən düzəldilib. Parkın ərazisindəki işıqlandırma sistemi mərmilərin ərintilərindən, tullantı qutuları isə tank mərmisinin barıt atıcısının futlyarından hazırlanıb.

Hərbi Qənimətlər Parkının ən maraqlı hissələrindən biri 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən sədlərdir. Sanki döyüş meydanı rəmzi olaraq parka köçürülüb. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən ibarət idi. Otuz il ərzində möhkəmləndirilən həmin mövqelərin daxilində isə yaxşı təchiz edilmiş döyüş postu, əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri görünür.

Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır. Bura gələn hər ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Parkda nümayiş etdirilən qənimətlər sırasında KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla, tırtıllı ağır texnika da var ki, hər biri işlək vəziyyətdədir! Düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları (PDM), 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər eksponatları da burada görmək mümkündür.

Parkın açılış mərasimində iştirak edən polkovnik Babək Ələkbərov, “Vətən Müharibəsi Qəhrəmanı” kapitan Ramazan Hudulov, kapitan Nurlan Məmmədov, eləcə də “Vətən Müharibəsi Qəhrəmanı” mayor Gündüz Səfərli öz çıxışlarında haqlı olaraq vurğuladılar ki, döyüş meydanında göstərilən şücaət nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan Vətən müharibəsi Ali Baş Komandanın başçılığı altında Zəfər təntənəsi kimi qeyd edilir: “Qarabağ Azərbaycandır!”

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video