09 Iyun 2021 22:08
422
CƏMİYYƏT
A- A+

Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib

 

Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç ilə bağlı cinayət işi üzrə iyunun 9-da Yasamal Rayon Məhkəməsində növbəti məhkəmə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında yerli və xarici media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə təqsirləndirilirlər.

Təqsirləndirilən şəxslər cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, tərcüməçi və vəkillərlə təmin olunub.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında ittiham aktı elan olundu. İttiham aktına əsasən, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın azərbaycanlı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanılması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən edilib. Belə ki, istintaqa müəyyən olunub ki, Ermənistan Respublikasının vətəndaşı 1969-cu il təvəllüdlü Lüdvik Mkrtiçyan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistandan gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib, onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyulunda Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürülərək azadlığı qanunsuz olaraq məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 1999-cu il sentyabrın 13-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyənləşdirilib.

Lüdvik Mkrtiçyan 2020-ci il oktyabrın 20-də Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

İstintaqla Alyoşa Xosrovyanın 5 azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyənləşdirilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprelində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma “Dağlıq Qarabağ respublikası”nın “müdafiə naziri” Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illərdə əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi qaydada döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 2020-ci il oktyabrın 3-də Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mayın 20-də iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bu cinayət işi üzrə özlərini qismən təqsirli saydıqlarını deyən Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan zərərçəkmiş şəxslər dindirildikdən sonra məhkəmədə ifadə verəcəklərini bildiriblər.

Məhkəmədə zərərçəkən qismində ifadə verən Bərdə rayon sakini Qərib Vəliyev 1999-cu ildə yaralı vəziyyətdə əsir götürüldüyünü, əvvəlcə Şuşa həbsxanasında saxlanıldığını, sonra isə Laçına gətirildiyini deyib. Bildirib ki, əsirlikdə saxlanıldığı müddətdə çoxsaylı işgəncələrə məruz qalıb. O, Lüdvik Mkrtiçyanı hərbi formada gördüyünü və Azərbaycan dilində səlis danışa bildiyini qeyd edib. O, hərbçi olmasının öyrənilməsindən sonra daha ağır işgəncələrə məruz qaldığını deyib.

Zərərçəkən qismində ifadə verən Hüseyn Cavid isə 1994-cü ildə Ağdamda əsir düşdüyünü qeyd edib. Ağdamda, Xankəndidə, Şuşa həbsxanasında saxlanıldığı müddətdə çoxsaylı işgəncələrə məruz qaldığını, nəticədə görmə qabiliyyətini itirdiyini bildirən Hüseyn Cavid deyib: “Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan əsir düşmüş azərbaycanlılara dəhşətli işgəncələr verirdilər. Başıma dəmirlə vurdular, məni döydülər və qarın altında basdırdılar. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri məni o vəziyyətdə görməsinlər deyə, məni qala divarından aşağı atdılar. Sonra Şuşa həbsxanasının arxasında bir gün ərzində məni qarın altında bağlı vəziyyətdə saxladılar. 1995-ci il martın 21-də - Novruz bayramı günü bu adamlarla birlikdə bir neçə nəfər bizi sıraya düzdülər və döydülər. Onlardan biri mənə “Qarabağ sizindir, ya bizim?”, - deyə sual verdi. Mən “bizimdir” dedikdən sonra var qüvvəsi ilə dəyənəklə gözümün üstündən vurdular. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələrindən gizlətmək üçün məni “karser”də xlorlu suya saldılar”.

Məhkəmə prosesi zərərçəkənlərin ifadələrinin alınması ilə davam edib.

Növbəti məhkəmə iclası iyunun 16-na təyin olunub.

Xatırladaq ki, bu cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası iyunun 2-də keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video