04 Fevral 2021 00:45
885
Səhiyyə
A- A+

Hər kəs qaydalara məsuliyyətlə yanaşmağa davam etməlidir

 

Dünyanı çənginə alan koronavirus sərt karantin tədbirlərinə, müalicə metodlarına və peyvəndlənmə prosesinin başlanmasına rəğmən, hələ də yayılmaqda davam edir. Artıq bu təhlükəli infeksiyaya yoluxanların sayı 103 milyon, ölənlərin sayı 2,3 milyon nəfərə çatıb.

COVID-19 virusuna ən çox yoluxma yenə də ABŞ-da qeydə alınıb. Daha sonra bu sırada Hindistan, Braziliya, Rusiya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Türkiyə, Almaniya, Kolumbiya və Argentina gəlir.

Bu bir həqiqətdir ki, dünya pandemiyadan qurtulmayınca, tək bir ölkənin ona qalib gəlməsi mümkün deyil. Pandemiyanın tamamilə aradan qaldırılması üçün kütləvi immunitetin formalaşması lazımdır. Bunun üçün də ən əlverişli yol vaksinasiyadır. Artıq dekabrdan dünyanın 50-dən çox ölkəsində COVID-19 əleyhinə peyvəndləmə aparılır. Təxminən bir ay yarım vaxt keçdiyinə görə peyvəndin yan təsirləri ilə bağlı araşdırmalar aparılır. İndi bütün ölkələr peyvənddən sonrakı yan təsirləri ciddi şəkildə izləyir, mütəxəssislər nəticələri təhlil edirlər. Sevindirici odur ki, hazırkı dövrədək aparılan vaksinləmə prosesi zamanı ciddi yan təsirlər aşkarlanmayıb. Bəzi faktlar olsa da, onlar araşdırılaraq peyvəndlə bağlılığının olmadığı müəyyənləşdirilib. Mütəxəssislər hesab edirlər ki, peyvəndin uzunmüddətli təsirinin öyrənilməsi üçün müəyyən qədər zamana ehtiyac var.

Yan təsir kimi daha çox vaksin vurulan yerdə yüngül ağrı, həssaslıq hiss edilə, bir-iki gün sonra qızdırma müşahidə oluna bilər. Bu, bütün peyvəndlərdə qeydə alınır və ciddi yan təsir hesab olunmur.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının sözlərinə görə, peyvəndlər haqqında indiyədək məlum olan faktlar onların ölüm və ağır xəstələnmə hallarını azaltmasıdır. Bu səbəbdən vaksinlərin ilk olaraq səhiyyə işçiləri və yaşlı vətəndaşlara tətbiqi tövsiyə edilir: “Peyvəndlərin yoluxmanı azaltmasına dair tam məlumat yoxdur. Bu məlumatlar qarşıdakı dövrdə əldə olunacaq. Pandemiyanı sadəcə peyvəndlə nəzarətdə saxlamağa dair də kəskin sübut yoxdur. Koronavirus pandemiyasını nəzarət altında saxlamaq üçün mövcud olan bütün vasitələrdən istifadə etməyə ehtiyac var. Peyvəndlə ölüm hallarının qarşısını almağa və səhiyyə sisteminin üzərinə düşən yükü azaltmağa çalışırıq. Bir müddətdən sonra peyvəndin pandemiyanın dinamikası üzərində təsirini çox yaxşı anlayacağıq”.

H.Harmancı deyib ki, Azərbaycanda dekabrın sonlarından, xüsusilə son həftələrdə koronavirusa yoluxma hallarında azalma müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının belə bir meyarı var: aparılan testlər arasında pozitiv nəticələrin payının 5 faizdən az olması ictimai səhiyyə tədbirlərinin yumşaldılmasına izin verir. Son həftələrdə pozitiv nəticələrin payı 5 faizdən az oldu və hətta bir neçə dəfə yoluxma sayı ikirəqəmli ədədlərə endi. Bunlar yaxşı xəbərlərdir və hökumətin aldığı yumşalma qərarlarının səbəbidir. Lakin çox arxayınlaşmamalıyıq. Çünki koronavirusun yeni mutasiyasının xüsusiyyətlərinin öyrənilməsi istiqamətində tədqiqatlar davam edir: “Koronavirus çox sürətlə mutasiya edən virus olmasa da, biz onun yeni növlərinin çıxacağını istisna etmirik. Koronavirus dünyada qaldıqca onun yeni mutasiyalarının üzə çıxması qaçılmazdır. Bizim üçün önəmli olan yeni variantın daha çox xəstələndirmə, daha çox öldürmə qabiliyyətinin öyrənilməsini, əlimizdə olan diaqnostik testlərin onun aşkarlanması üçün yetərli olmasını, peyvəndin yeni növə qarşı təsirini bilməkdir. Hazırda bu suallara cavab axtarılır. İlkin tədqiqatlara görə, “Britaniya ştammı”nın daha çox yoluxdurucu olması, mövcud testlər vasitəsilə aşkarlana bilməsi və hazırlanan peyvəndlərin həmin ştamma qarşı təsirli olması müəyyənləşib”.

Ölkəmizdə vaksinasiya prosesinə yanvarın 18-dən start verilib. Bu ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsi ilə başlanılıb və mərhələli şəkildə həyata keçirilir. Proses genişləndikdən sonra ölkədə vəziyyətin daha da yaxşılaşacağına ümidlər çoxdur. Prezident İlham Əliyev də Azərbaycan Televiziyasına müsahibəsində ölkədə aparılan vaksinləmə prosesindən danışarkən həyata keçirilən işləri müsbət qiymətləndirib. Dövlət başçısı Azərbaycanın Cənubi Qafqazda vaksinasiyaya start verən ilk ölkə olduğunu qeyd edib: “Eyni zamanda yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Biz COVAKS təşəbbüsünün üzvüyük və COVAKS xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq. Amma onların bəzilərinin icrası indi yubanır, yəqin ki, bax dediyim bu səbəblərə görə. Eyni zamanda biz artıq 4 milyon doz vaksin sifariş etmişik və onların artıq Azərbaycana gəlməsi təmin edilib, Çin istehsalı olan vaksinlər. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün deyə bilərəm ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar, əlbəttə ki, bu, vaksinasiya sahəsində də bizim səmərəli işimizin təzahürüdür”.

Vaksinasiya üçün randevunun götürülmə qaydası da açıqlanıb. COVID peyvəndi üçün randevu götürülməsi təlimatında bildirilib ki, “randevu.its.gov.az” saytından qeydiyyatdan keçmək üçün vətəndaş şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN məlumatı daxil edilir. “Tibb müəssisəsi” bölməsindən vaksinasiya aparılan məntəqənin adını həm ünvana, həm də məntəqə adına görə axtarmaqla seçim edilir. Məntəqə seçimindən sonra peyvənd olunacaq tarix və saat seçilir, həmçinin məlumatlandırma üçün mobil nömrə qeyd olunur. Təsdiq edildikdən sonra mobil nömrəyə SMS vasitəsilə bildiriş göndərilir. Təlimatda qeyd edilib ki, vətəndaş qeyd edilən randevu vaxtını və ya məntəqəni dəyişmək istədikdə göstərilən prosesi yenidən icra etməlidir. Gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir.

“Vaksinasiyanın ilk dozası üçün randevu götürüldükdə avtomatik 2-ci doza üçün də 28 gün sonra həmin müəssisəyə və həmin saat aralığına randevu seçilir. İlk dəfə randevu götürən şəxs ikinci dəfə randevunu dəyişmək istədikdə əvvəlki vaksinasiya randevuları ləğv edilib yenisi ilə əvəz edilir. Seçilən məntəqədə randevu limiti dolan tarix və ya saat aralıqları passiv edilir və seçilməsi mümkün olmayacaq”, - deyə təlimatda qeyd olunub. Özünü, ailəsini, ətrafdakıları qorumaq istəyən hər kəs könüllü şəkildə müraciət edərək peyvənd edilə bilər. Peyvənd cəmiyyətimizin bu bəladan qurtulması və əvvəlki həyatımıza dönmək üçün yeganə ümid yeridir.

Hazırda Azərbaycanda epidemioloji vəziyyət nisbətən stabildir və müəyyən yumşalmalara gedilib. COVID-19 infeksiyasına gündəlik yoluxma sayının 4 mindən düşməsi və rəqəmlərin 100-200 arasında dəyişməsi şübhəsiz ki, tətbiq edilən məhdudiyyətlərin və vətəndaşların qaydalara məsuliyyətli yanaşmasının nəticəsidir. Lakin bu, heç də arxayınlaşmağa səbəb olmamalı, mövcud vəziyyəti qoruyub saxlamaq üçün qaydalara riayət edilməlidir. İnfeksiyaya yoluxanların statistikasında yaranan sabitlik hələ virusun aradan qalxması demək deyil. Unutmamalıyıq ki, nə dünyada, nə də Azərbaycanda pandemiya bitməyib. Məhdudiyyətlər götürüldüyü zaman istər-istəməz rəqəmlər yenidən artacaq. Ona görə də hər kəs qaydalara məsuliyyətli yanaşmağa davam etməlidir. Məhz bu zaman mövcud vəziyyəti olduğu kimi saxlaya bilərik.

 

Xəyalə MURADLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video