25 Noyabr 2021 00:44
664
İQTİSADİYYAT
A- A+

“Heç vaxt körpülərə qapı qoyulmaz”

 

Biləsuvar şəhərini birləşdirən körpü yenidən qurulur

 

Körpü salmaq qədim zamanlardan savab iş, xeyirxah əməl sayılıb. Yəqin bu səbəbdəndir ki, elə kənd və şəhər tapılmaz ki, körpüsü olmasın. Körpülər həm də salındıqları ərazilərə xüsusi gözəllik gətirir.

Belə körpülərdən biri də Biləsuvar şəhərindədir. Körpü şəhəri ikiyə bölən çayın - Bolhar çayının sahillərini birləşdirir. Yeri gəlmişkən, Biləsuvarda yaşayan dünyagörmüş qocalardan eşitmişik ki, sözügedən çayın əsl adı Bolhar deyil, Bolqardır və bu ad da çox məntiqəuyğundur. Mənbəyini o taydan - Cənubi Azərbaycandan götürən çayın sululuğu qışda dağlara düşən qarın yazda əriməsi nəticəsində artar, aşıb-daşarmış. Çayın adı da bundan (bol qar) yaranmışdır.

Çayın üstündən atılan körpünün yaşı 100-ə qədərdir. Körpü Biləsuvar rayonu, eləcə də cənub bölgəsi əhalisinə uzun illər xidmət etmişdir. Çiyinlərində milyonlarla insanın, tonlarla yükün çəkisi var. Amma illərin təsiri bu körpüdən də yan keçməmişdir. Üstündən o tərəf-bu tərəfə keçən ağırtonlu maşınlar onun qəddini əymişdir. Bir də axı dəmir-beton olsa da belə ömrü, istismar müddəti var.

Son vaxtlar körpüdə yaranan çatlar, əyilmələr açıq-aydın özünü göstərirdi. Üstəlik, körpünün görünüşü Biləsuvar şəhərində aparılan quruculuq işləri ilə uzlaşmırdı. Bu haqda müxtəlif tədbirlər düşünülmüş və fikirlər söylənmişdi. Rayonun yeni rəhbərliyi məsələnin ciddiliyini nəzərə alaraq aidiyyəti təşkilatlarla əlaqə saxlamış, onları körpünün yenidən qurulmasının vacibliyinə inandıra bilmişdir. Mütəxəssislər obyektə baxış keçirərək körpünün əsaslı şəkildə təmir olunması haqqında qərar vermişlər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 10 saylı Xüsusi Təyinatlı İdarəsinin bir qrup işçisi lazımi texniki avadanlıqlarla buraya gəlmiş, işə başlamışdır.

Mühəndis Coşqun Nəcəfov bildirdi ki, əsaslı təmirdən sonra körpü əvvəlkindən möhkəm, müasir və yaraşıqlı olacaq. İndiyədək istifadə olunan körpünün eni 8 metr idisə, yenidənqurmadan sonra 12 metrə çatacaq, həmçinin piyadaların hərəkəti üçün hər iki tərəfdə eni 1,5 metr olan gediş-gəliş yolu yaradılacaq. Körpünün uzunluğu isə 24 metrdir.

Tikintidə 20 nəfər yerli işçi çalışır. Obyekt lazım olan tikinti materialları ilə vaxtında təmin edilir. Körpüsalanlar burada işləri dekabr ayının sonunadək başa çatdırmağı qərara almışlar. İnşaatçıların işə ürəklə, canla-başla yanaşmasını gördükdə haçansa körpü haqqında yazdığım şeirin bu misraları yadıma düşür:

 

Günəş xislətində yaşar körpülər,

Yaxşılıq etməkdən usanmaz, doymaz.

Deyirəm, bəlkə də, buna görədir,

Heç vaxt körpülərə qapı qoyulmaz.

 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video