23:08 28 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Haqqın qələbəsini əks etdirən əsər
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:10 12.10.2011

 

2012-ci ildə böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi tamam olacaq. Ötən ilin aprelində Prezident İlham Əliyev bu böyük şəxsiyyətin anadan olmasının 200 illiyi ilə bağlı sərəncam imzaladı. Bu yubileyin müxtəlif tədbirlərlə qeyd olunması nəzərdə tutulan sərəncamda deyilir: "Bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişaf tarixində parlaq səhifə açdı".

Bu sərəncamdan irəli gələn müddəaların yerinə yetirilməsinə ilk və uğurlu cavabı Azərbaycan Teleradio Verilişləri QSC verdi. Mərkəzi televiziyanın "Sabah" studiyasında Mirzə Fətəli Axundzadənin "Mürafiə vəkillərinin hekayəti" komediyası əsasında eyniadlı teletamaşa hazırlanıb. Tamaşanın ssenari müəllifləri İlham Rəhimli və Ramiz Həsənoğludur. Tamaşaya musiqini bəstəkar Ramiz Mirişli yazıb. Oxunan mahnıların mətni şair Fikrət Qocaya məxsusdur. Yeni teletamaşanın keçirilən təqdimat mərasimində filmin yaradıcıları, eləcə də yazıçılardan Anar, Nahid Hacızadə, Azərbaycan Teleradio Verilişləri QSC-nin sədri Arif Alışanov və başqaları çıxış etdilər. Söylənilən bütün fikirlərdə bir məmnunluq duyulurdu ki, teatr və televiziyaların klassikaya müraciət etməsi gözəl bir işdir. Uzun illərdir ki, Azərbaycan televiziyası bu ənənəni ardıcıl surətdə davam etdirir. İstər Mirzə Fətəli Axundzadənin, istər Mirzə Cəlil Məmmədquluzadənin əsərlərinə bugünün gözü ilə nəzər salmaq gərəkliyi unudulmamalıdır. Çünki bu dahilər elə mövzuları əsərlərinə gətiriblər ki, hər zaman insan həyatı, yaşamı üçün mənalıdır. Pislik üzərində yaxşılığın qələbəsi bütün zamanlarda aktualdır. Arif Alışanov onu da bildirdi ki, bu bizim Mirzə Fətəli Axundzadə ilə bağlı ilk işimiz olsa da, onu gələcəkdə yenə də davam etdirmək əzmindəyik. Buna həm mənəvi, həm də maddi gücümüz çatır.

Yaradıcılığa gənc yaşlarından başlayan Mirzə Fətəli Axundzadə XIX əsrin ortalarında bir-birinin ardınca altı komediya yazıb. Müəllifin sonuncu dram əsəri "Mürafiə vəkillərinin hekayəti" komediyasıdır. Bəllidir ki, böyük dramaturqun əsərlərində qaldırdığı problemlər, yaratdığı obrazlar satirik istiqaməti və müsbət idealı, eləcə də bədii xüsusiyyətləri cəhətdən bir silsilə təşkil edir. Bir əsərdə qoyulan ideya, məzmun o birində inkişaf etdirilir, dərinləşdirilir. Adıçəkilən əsər də öz ideya və bədii xüsusiyyətlərinə görə bu silsilə ilə üzvi bağlıdır. Komediyanın mövzusu məmur həyatından götürülmüşdür. Uzaqgörən müəllif komediyanı elə ustalıqla işləmişdir ki, o bu gün də aktual səslənir. Komediyada məhkəmə məmurlarının ictimai eyibləri kəskin tənqid atəşinə tutulub. Hadisələr əsasən Cənubi Azərbaycanda cərəyan edir.

Teletamaşanın süjetinin əsasında belə bir hadisə qoyulmuşdur. Təbrizin varlı tacirlərindən biri olan Hacı Qafur vəfat edib. Ölümü ərəfəsində o öz dövlətini bacısı Səkinə xanıma vəsiyyət edib. Lakin tacirin arvadı Zeynəb məhkəməyə şikayət edərək bütün mirası öz əlinə keçirməyə çalışır. Miras üstə qadınlar arasında ciddi narazılıq baş verir. Nəticədə iki düşmən üz-üzə dayanır. Beləliklə, əsərdə obrazlar iki qütbə bölünürlər. Səkinə xanım nə qədər lirik, dramatik xətlə təsvir edilsə də (bu obrazı gənc aktrisa D.Tacəddin canlandırır), Zeynəb xanım bir o qədər faciəli, ağlar şəkildə (bu rolu da D.Əliyeva yaradıb) diqqət çəkir. Səkinə nə qədər səmimi, nəcibdirsə, Zeynəb, əksinə. Avam, tamahkar, var-dövləti ələ keçirmək naminə hər cür yalana baş qoşan bir qadındır. Mirzə Fətəli Axundzadə bu xanımların hərəsini bir ictimai təbəqənin nümayəndəsi kimi təqdim edib. Ağamərdan (bu rolun da ifaçısı R.Əzizbəylidir) bütün var-dövləti öz əlinə keçirmək üçün hər iki tərəfin vəkillərini pulla ələ almaq istəyir. Bu yolda özü kimi bəd əməl olan Ağakərimdən (rolu Məhərrəm Bədirzadə canlandırır) istifadə edir. O, hər iki tərəfin vəkilləri ilə söhbət edərək işi Səkinə xanımın xeyrinə həll etmək, bununla da bütün paranı özü mənimsəmək arzusundadır. Məhkəmə zamanı işlər tərsinə gedir. Hakim (bu işıqlı obrazı isə Tofiq Hüseynov təqdim edir) hər iki tərəfin vəkillərinə diqqətlə qulaq asır. Doğrudur, məhkəmə üzvləri də Ağamərdan tərəfindən ələ alınmışdı. Onlar da yalana, riyakarlığa yol verirlər. Lakin xeyir şər üzərində qələbə çalır. Əsl həqiqət meydana çıxır. Məlum olur ki, vəkillərin bir qismi doğru, bir qismi isə yalan danışır. Doğru yalanı üstələyir. Nəticədə Hacı Qafurun vəsiyyəti yerinə yetirilir. Demək olar ki, bütün rollar aktyorlar tərəfindən canlı və təbii yaradılmışdır. Həmişə olduğu kimi, bu teletamaşada da A.Mirzəyevin, L.Kərimovun, M.Ağakişiyevanın, S.Rüstəmovun təqdim etdikləri əsas rollar uğurlu alınıb. Epizodlarda A.Salmanov, E.Rəfiyev, A.Şükürov, V.Əliyev, E.Məmmədov, C.Dadaşov, M.Abdullayev və digərləri iştirak edirdilər.

İki hissədən ibarət olan teletamaşanın quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğludur. O, uzun illərdir ki, Azərbaycan televiziyasında çəkilmiş bir sıra teletamaşaların, telefilmlərin uğurlu quruluşçu rejissoru kimi məşhurdur. Həqiqətən də onun quruluş verdiyi ekran əsərlərində həmişə bir orijinal dəst-xətt duyulur, aktyor seçimi uğurlu olur. Təqdim etdiyi hər bir ekran əsəri müəllifinin ideyasını, məqsədini doğru-düzgün açmaq baxımından da diqqət çəkir.

XIX əsrdə yaşayıb yaratmış və o dövrün eybəcərliklərini, əyriliklərini, yalan və fırıldaqlarını gülüş hədəfinə çevirən, satirik yolla onu məhvə çalışan Mirzə Fətəli Axundzadənin "Mürafiə vəkillərinin hekayəti" adlı komediyasını XXI əsrdə ekrana gətirmək o qədər də asan məsələ deyildi. Bu arada gərəkdir ki, klassika ilə müasirliyin vəhdəti ustalıqla yaradılsın. O dövrün libasını saxlamaq, hadisələrin cərəyan etdiyi dövrün bədii tərtibatını vermək olar, amma əsərin aktuallığını canlandırmaq o qədər də asan deyil. Tamaşa boyu hiss olundu ki, müəlliflər bu çətin, amma şərəfli işin öhdəsindən bacarıqla gəliblər. Sanki üzdəniraq məhkəmələrin birində qurulmuş ədalətsiz mühakiməyə baxırdıq. Nə xoş ki haqq qələbə çalır. Bu, XIX əsrdə yaşamış Mirzə Fətəli Axundzadənin arzusu idi. Bu gün də "Mürafiə vəkillərinin hekayəti"nə ekran həyatı verən yaradıcılıq qrupun məqsəd və istəyidir.

Teletamaşanın rəssamı R.Əlizadə, səs rejissorları V.İmanquliyev və R.Mustafayevdir. Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə layiqli töhfə olan yeni teletamaşanın Azərbaycan kino sənətinin gözəl nümunələrindən birinə çevriləcəyinə əminik.

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM