16 Oktyabr 2021 01:04
1262
SİYASƏT
A- A+

Hadrut qəsəbəsi də qısa zamanda büsbütün yenidən qurulacaq

 

44 günlük müharibədə Qarabağın istənilən yaşayış məntəqəsinin işğaldan azad edilməsi uğrunda gedən hər döyüş qəhrəmanlıq salnaməsi kimi şanlı tariximizin unudulmaz səhifəsidir. Bu baxımdan Prezident İlham Əliyevin Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında Hadrutun azad edilməsini bütün döyüşlərdən fərqli, xüsusi məna daşıyan hadisə kimi qiymətləndirməsi təbiidir.

Həqiqətən də, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan unikal bir döyüş idi. Bu əməliyyatın uğurla başa çatması ordumuza müharibə səhnəsində ciddi üstünlük qazanmağa və düşməni ildırım sürəti ilə darmadağın etməyə imkan yaratdı. Maraqlı bir fakt: Ermənistan ordusunda 10 mindən çox fərarinin 1500-ü Hadrutda döyüş mövqelərini qoyub qaçan erməni əsgərlərinin payına düşmüşdür. Məhz bu döyüşdə erməni hərbi maşınının onurğa sütunu qırıldı və beyni qıc olub iflic vəziyyətinə düşdü. Məhz Hadrutda onlar faciəvi məğlubiyyətin qaçılmaz olduğunu anladılar.

Ali Baş Komandan Hadrut əməliyyatının Ermənistan rəhbərliyinə və Ermənistan ordusuna qəfil zərbə kimi təsir etdiyini belə ifadə etmişdi: “Onlar gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək, doğrudan da, çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik”.

Əməliyyatın ən böyük uğuru ondan ibarət idi ki, Azərbaycanın silahlı qüvvələri düşməni nəzərdə tutulduğu kimi ən az itkilərlə məğlub etdi. Buna baxmayaraq, Ermənistan rəhbərliyi Hadrutu itirdikdən bir neçə gün sonra da qəsəbənin onlarda olduğunu bəyan edir, bunu “təsdiq” edən “süjet”ləri həvəslə tirajlayırdılar. Hətta hamını inandırmağa çalışırdılar ki, bu, məğlubiyyət yox, taktiki geriləmə əməliyyatıdır. Bu məqamda dövlət başçısının ermənilərin yalanları və saxtakarlığı haqqında söylədikləri yerinə düşür: “Onların tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı”.

Belə bir reallığa, daha dəqiq desək, saxtakar imiclərinə baxmayaraq, ermənilər yenilməz orduya, müstəsna real gücə, hərbi və intellektual üstünlüyə malik olduqlarına yenə də arxayın idilər. Əmin idilər ki, Azərbaycan Ordusuna qalib gəlmək “müdrik”liyi, “qədim”liyi və “döyüşkən”liyi ilə öyünməkdən bezməyən Ermənistan üçün bir stəkan su içmək qədər asandır. Lakin Ermənistan ordusu işğal etdikləri ərazilərdən geri çəkildikcə acizlikliklərini anladılar və Azərbaycan Ordusunun yenilməz gücünü dərk etdilər.

Məhz bu amilə görə Ali Baş Komandan hesab edir ki, Hadrut əməliyyatının həm strateji, həm tarixi, həm mənəvi-psixoloji baxımdan çox böyük əhəmiyyəti vardır. Dövlət başçısı çıxışında ermənilərin işğal altındakı torpaqları heç vaxt özlərinə doğma saymadıqlarına, işğal müddətində heç nəyi dəyişdirmədiklərinə, bu ərazilərdə kütləvi səfalətin hökm sürdüyünə, 30 ildə erməni diasporasından yığılan pulların necə və hara xərcləndiyinə diqqət yetirdi: “Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Onu vurun 30 ilə, görün təxminən nə qədər pul edir. Mən indi bütün bu bölgələrə gedirəm - Hadrutda da, Hadrutun kəndlərinin bir çoxunda da, Xocalının Çanaqçı, Sığnax kəndlərində də olmuşam. Azıx olsun, Tuğ olsun, Susanlı olsun və başqa kəndlər - hamısı bərbad vəziyyətdədir. İndi bizim inşaatçılar bəzi kəndlərə gedirlər, təhlil aparırlar ki, binaların 95 faizi yararsız vəziyyətdədir. Bəs yığılan bu milyardlar hara gedib? Deməli, Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq, dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər”.

Bu gün Hadrut yenidən qurulur - dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkilir, “Hadrut” yarımstansiyası tikilir, dağıdılmış evlərin əvəzində yeniləri inşa olunur, müasir infrastruktur yaradılır və s. Dövlət başçısı Hadrutu nikbin gələcəyin gözlədiyini bildirmişdir: “Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Artıq binaların təmiri ilə bağlı ilkin görüntülər var və eyni zamanda qəsəbədə müşahidə olunan bu səliqəsizlik adamı incidir. Qəsəbəni bu gündə təsəvvür etmək mümkün deyil. Ona görə biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik”.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video