05 Oktyabr 2021 00:28
242
DÜNYA
A- A+

Gürcüstanda yerli seçkilərdə hakim partiya irəlidədir

 

Amma ölkənin böyük şəhərlərinə merlərin seçilməsi ikinci tura qalıb

 

Oktyabrın 2-də Gürcüstanda keçirilmiş yerli idarəetmə orqanlarına seçkilərin ilkin nəticələri məlum olmuşdur. Səslərin yarıdan çoxu hesablandıqdan sonra hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” Partiyası seçkilərdə 47,71 faiz səslə liderlik edir. Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat verib.

Bildirilir ki, ikinci yerdə 31,37 faiz səs toplayan Nika Meliyanın “Vahid Milli Hərəkat” Partiyası qərarlaşıb. Xatırladaq ki, bu partiyanı seçkilər ərəfəsində həbs olunmuş sabiq prezident Mixeil Saakaşvili yaradıb. Üçüncü yeri 7,1 faiz səslə sabiq baş nazir Georgi Qaxariyanın “Gürcüstan uğrunda” Partiyası tutur.

Həmçinin məlum olmuşdur ki, ölkənin ən iri 5 şəhərinin, o cümlədən paytaxt Tbilisinin merliyinə namizədlərdən heç biri 50 faizdən artıq səs qazana bilmədiyindən ikinci tur keçiriləcək.

Əksər seçki məntəqələrində səsvermə prosesini izləmiş müşahidəçilərin qiymətləndirilməsi müsbət olmuşdur. Bəzi avropalı müşahidəçilər müəyyən pozuntuları qeyd etsələr də, MSK-nın iclaslarının ilk dəfə açıq keçirildiyini və birbaşa yayımda efirə verildiyini, bunun nəticəsində prosesin şəffaflığının artdığını vurğulamışlar.

Ümumilikdə seçkilərdə 50 partiya iştirak etmişdir. 1,81 milyondan çox seçici (51,92 faiz) səs vermişdir.

Bu arada Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirmişdir ki, ötən cümə günü Tbilisidə Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin saxlanılması Gürcüstan-Ukrayna münasibətlərinin pisləşməsinə səbəb olmayacaq. Hökumət başçısının dediyinə görə, “həbsxanada özünün düşdüyü ağır vəziyyəti anlayan Saakaşvili indi Kiyevə qaytarılmasını tələb edir. Lakin bu, 6 ildən sonra mümkün ola bilər”.

İ.Qaribaşvili keçmiş prezidentin ölkə sərhədini keçməsinin detallarını açıqlamamış, lakin qeyd etmişdir ki, operativ xidmətlər onu tələyə salmışlar. Hökumət başçısı hesab edir ki, M.Saakaşvilinin tutulması ilə böyük bir təxribatın qarşısı alınmışdır. Yaxın vaxtlarda Gürcüstanın hüquq mühafizə orqanları bunun təfərrüatlarını açıqlayacaq.

“Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili heç vaxt əfv olunmayacaq”. Bu barədə ölkə Prezidenti Salomi Zurabişvili bildirmişdir. Bununla bağlı o demişdir: “Gürcüstanın sabiq prezidentinin tutulması səhnəsi mənə də xoş təsir bağışlamadı, lakin qanunun aliliyi hər şeydən üstündür”.

Xatırladaq ki, oktyabrın 1-də həbs olunmuş Mixeil Saakaşvili Rustavi şəhərindəki 12 saylı həbsxanaya aparılmışdır. Bundan əvvəl siyasətçi bildirirdi ki, yerli idarəetmə orqanlarına seçkilər keçirilən gün Ukraynadan vətənə qayıtmaq niyyətindədir.

Gürcüstan prokurorluğu sabiq prezidenti bir neçə cinayət maddəsi ilə ittiham edir. Onlardan ikisi üzrə M.Saakaşvili artıq mühakimə olunmuş və qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilmişdir.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video