20:05 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Günəşin zirvədə doğan anından…

ANA SƏHİFƏ / SİYASƏT
01:41 18.06.2021

 

Bu dəfə Günəş şərqdən doğmadı, Türk dünyasının paytaxtı Şuşadan doğdu. Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycan dünyaya  Günəş kimi doğacaq”.  Tanrı bunu bizlərə nəsib etdi. Biz o Günəşin doğduğunun  şahidi olduq.

Şuşada Türk dünyasının iki böyük oğlu, iki böyük lideri bir-birlərini bağırlarına basdılar. Bu təkcə iki liderin bir-birini  bağrına basmağı deyildi, həm də bir millətin  iki dövlətinin - Azərbaycanın və Türkiyənin bir-birilərini  bağırlarına  basmağı idi.

15 İyunda dünyanın gözü Şuşadaydı - bizi sevənlərin də, sevməyənlərin də.

Vaqif Səmədoğlunun  9 Mayla bağlı bir şeiri var. Deyir, günün bəxtinə bax ey.

İndi 15 İyunun bəxtinə baxın. Bu günün  bəxti iki dəfə gətirib: bir Qurtuluş Günü kimi və bir də Şuşada möhtəşəm o Zirvə  görüşü kimi, iki qardaş  ölkənin liderlərinin imzaladığı “Şuşa Bəyannaməsi” günü kimi.

Mən inanıram, bir gün o bəyannamənin altına Qazaxıstanın da, Özbəkistanın da, Qırğızıstanın da, Türkmənistanın da və Şimali Kipr  Türk  Cümhuriyyətinin də liderləri imza atacaq. Özü də yenə Şuşada.

Bu dəfə Günəş Şuşadan doğdu!

Məmməd Arazın Xudu Məmmədova xitab etdiyi bir şeiri var, şeirdən bir bəndi xatırlamaq istəyirəm:

 

Keçək dərələrin  boğanağından,

Keçək dolayların doğanağından,

Günəşin zirvədə doğan anından

Nur alıb, bu yurda səpələməsək

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

Bir-birimizə gərək olduq və birgə dərələrin boğanağından keçdik. O dərələrin  boğanağını keçərkən o dərələri  şəhid qanları ilə suvardıq. Dolayların doğanağından keçdik. O doğanaqları  da şəhid qanları ilə suvardıq.  Və Nazim Hikmət demiş:

 

Şəhidlərin çiyninə qalxaraq  yüksəliyoruz.

 

Əbülfət Mədətoğlu “Şuşanın yolu” şeirində deyir:

 

Aramsız güllə yağışı bələyir torpağı

dəlib-keçir daşı, otu, ağacı, yarpağı

bir igid sol əli  ilə sıxıb ürəyini -

dizi üstə, qana boyanıb barmağı -

ovcu qan dolu.

Sağ əli ilə tutub bayrağı…

Güclə dayanıb baxır-baxır,

və bağırır:

- İrəli, qardaşlar, irəli,

görünür Şuşanın yolu!..

 

Biz də “İrəli, qardaşlar, görünür Şuşanın yolu” deyən şəhidlərin çiynində yüksələrək  Şuşa zirvəsinə qalxdıq. Və bir millət kimi yenidən Şuşada bir Günəş kimi doğduq.

Sayın İlham Əliyevlə sayın Rəcəb Tayyib Ərdoğan Günəşin Şuşa zirvəsində doğan anından nur alıb təkcə Azərbaycana yox, bütün Türk dünyasına  səpələdilər.

Və hər birimizin içində bir Günəş doğdu.

Abdulla Şaiq bir şeirində deyir:

Hamımız bir günəşin zərrəsiyik.…

İndi hamımız Şuşada doğan  və bütün  Türk dünyasına yayılan o Günəşin zərrəsiyik.

Vaqif Cəbrayılzadə  də hələ 40-45 il bundan əvvəl yazırdı:

 

Türk

min illərin gün işığıdır,

qədər basdırsan,

yenə torpağın üstündə qalar.

 

Min illərin  Gün işığıyıq, bizi  basdırmaq olmaz!

 

Aqil ABBAS,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM