26 Iyun 2019 01:40
2089
SİYASƏT
A- A+

Güclülər sırasında yer alan Azərbaycan Ordusu


Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz özünün döyüş qabiliyyətini və imkanlarını sürətlə artırır


21 ildir ki, iyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyevin bu fərmanı tarixi həqiqətin təsdiqi və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm sənəddir.

1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində ulu öndər bu barədə demişdir: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik”.

Ordu ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlətçiliyin sütunlarından biridir. Odur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun vacibliyi hər zaman prioritet məsələlərdən olmuşdur. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir olan ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkünləşdi. Ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.

Ulu öndərin qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoymaqla başlatdığı ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başladı. Başlanğıcını 1993-cü il noyabrın 2-dən - ulu öndərin xalqa müraciətindən götürən və tarixə Heydər Əliyevin ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldılar, eyni zamanda bu birləşmələr 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdilər.

Heydər Əliyev müdrik siyasətçi və böyük sərkərdə idi. Onun Ali Baş Komandanlığı ilə tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam olan zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb edildilər. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası və hərbi təhsil sistemi yaradıldı.

Heydər Əliyevin ölkənin təhlükəsizliyi və ordu quruculuğu ilə bağlı müəyyən etdiyi strateji vəzifələr bu gün də sürətlə yerinə yetirilir.

Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev deyirdi: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Ötən 16 il Azərbaycanda bütün sahələrdə Heydər Əliyev ideyalarının zəfər çalması ilə əlamətdardır. Hər bir sahədəki yüksəliş, inkişaf göstəriciləri ulu öndərin müəyyən etdiyi strateji kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu davamının məntiqi nəticəsidir. Ordu quruculuğu da bu sırada xüsusilə diqqəti çəkir. Bu dövrdə Azərbaycan Ordusu regionun ən qüdrətli hərbi gücünə çevrilib və İlham Əliyevin hələ 16 il əvvəl qarşıya qoyduğu məqsədlər bu gün real həyatda öz təcəssümünü tapır.

Azərbaycanda ordu quruculuğunun müasir standartlara uyğun həyata keçirilməsinin, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasının prioritet vəzifələr kimi müəyyənləşdirilməsi ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Çünki ordu məsələlərinə yüksək diqqət yetirilərək onun gücləndirilməsi Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir. Ermənistanda bunu yaxşı bilir və haqlı olaraq narahatlıq keçirirlər. 2016-cı ilin aprel hadisələri bunun əyani təsdiqi oldu. Atəşkəs rejimi ərzində ayrı-ayrı vaxtlarda cəbhə xəttində düşmən tərəfindən təxribatlar çox olub və bunların hər birinin qarşısı ordumuz tərəfindən qətiyyətlə alınıb. Aprel hadisələri zamanı isə cəbhənin Tərtər və Füzuli istiqamətlərində baş verənlər, yəni erməni hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması zamanı keçirilən hərbi əməliyyatlar Azərbaycan Silahlı Qüvvələrinin gücünün praktik təsdiqi oldu.

Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması və Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin Aprel qələbəsindən sonra növbəti zəfəri oldu. Xalq Cümhuriyyətinin və ordumuzun yaradılmasının 100-cü ildönümünə təsadüf edən bu hadisə cəmiyyətimizin xoş ovqatını daha da artırdı, düşmən üzərindəki qələbə gününün o qədər də uzaqda olmadığını göstərdi. Hər birimiz növbəti dəfə ordumuzdakı qalibiyyət əzminin şahidi olduq.

Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda da görüb. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Və dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar ölkəmizdə də var. Ən müasir tanklar, piyada döyüş maşınları, zirehli transportyorlar, zenit raket sistemləri, artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, taktiki raket və minaatan kompleksləri, ağır odatan sistemlər, pilotsuz uçuş aparatları və digər texnikalar Azərbaycana öz hərbi potensialını əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verib. O cümlədən hava hücumundan müdafiə sistemimiz hava məkanımızı inamlı şəkildə nəzarətdə saxlayır. Bu istiqamətdə ordumuzun döyüş qabiliyyəti ən yaxşı silah istehsalçılarının texnologiyaları ilə güclənib.

Bu gün Azərbaycanın güclü ordusu var. Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilmiş, qarşısında duran bütün vəzifələri həll etməyə qadir, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik qüdrətli, peşəkar və mübariz hərbi gücdür. Ordu quruculuğu prosesi isə davamlıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu işlər səngimədən, dayanmadan, sürətlə və uğurla davam etdirilir. Təbii ki, ölkəmizin iqtisadi inkişafı dərinləşdikcə, dövlətimizin maliyyə imkanları çoxaldıqca ordumuz daha da qüdrətlənəcək. Ən əsası sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Azərbaycan Ordusu öz şərəfli missiyasını layiqincə yerinə yetirəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video