06 Oktyabr 2021 00:44
2474
SİYASƏT
A- A+

Güc və qətiyyətin quruculuq meydanındakı təcəssümü

 

İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin şöhrətini bərpa edir

 

Azərbaycan xalqı əlamətdar hadisə ərəfəsindədir. Bir neçə gündən sonra müstəqilliyimizin bərpasının 30-cu ildönümü tamam olacaq.

Əvvəlki illərdən fərqli olaraq bu dəfə 18 oktyabr tarixini, müstəqilliyimizin bərpa olunmasını daha qürurla, ürəkdolusu qarşılayırıq. Çünki artıq ərazi bütövlüyümüzü də bərpa etmişik. Öz müdrik və müstəqil siyasəti ilə müstəqilliyimizi möhkəmləndirən, sarsılmaz edən Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad edərək, müstəqillik və dövlətçilik tariximizin şanlı qəhrəmanlıq salnaməsini yaratdı.

 

Əhatəli və qürurverici işlər

 

İkinci Qarabağ müharibəsindəki zəfərlə Azərbaycan regiona yeni reallıqlar gətirib. Sözsüz ki, ən böyük reallıq torpaqlarımızın işğaldan azad olunmasıdır. Bu həm də son ikiəsrlik tariximizin əsas hadisələrindən biridir. 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edən Azərbaycan bununla yalnız Ermənistana deyil, dünya erməniliyinə qalib gəldi. Bu zəfərlə onilliklər boyu ermənilərin yaratdığı miflər darmadağın edildi, stereotiplər aradan qaldırıldı.

Bu qələbənin başqa bir reallığı isə Azərbaycanın regionda və dünyadakı nüfuzunu artırmasıdır. Müharibəyə qədər də respublikamız dünya birliyinin nüfuzlu və etimad göstərilən üzvlərindən biri idi. Cənubi Qafqazla bağlı heç bir qlobal layihə Azərbaycanın iştirakı və razılığı olmadan reallaşa bilməzdi. Beynəlxalq enerji təhlükəsizliyindəki söz sahibliyi, qlobal tranzit məsələlərində əsas oyunçulardan birinə çevrilməsi hələ müharibəyə qədər Azərbaycanın nüfuzunu yüksəldən mühüm amillərdir. Vətən müharibəsindəki zəfər isə dövlətimizin nüfuzunu daha da yüksəltdi və indi Azərbaycan dünyada həm də müharibədə qalib gəlmiş ölkə kimi tanınır.

Müharibədən sonra yaranan başqa bir reallıq isə işğaldan azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulmasıdır. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız həm də erməni vandalizminin qurbanı olub. Şəhər və kəndlərimiz yerləyeksan edilib, dağıdılıb, Qarabağın və Şərqi Zəngəzurun təbiətinə, ekologiyasına zərbə vurulub, sərvətlərimiz talan olunub.  Burada 30 ildə baş verənlər Ermənistanın işğalçı siyasətinin mahiyyətini özündə əks etdirir.

Müharibənin başa çatmasından ötən 11 ayda ərazilərin yenidən qurulması istiqamətində görülən işlərin miqyası olduqca əhatəli və qürurvericidir.  Prezident İlham Əliyevin oktyabrın 3-də Tərtər rayonuna səfəri də göstərdi ki, azad olunmuş ərazilərimizin bərpa prosesi sürətli, dinamik və əhatəlidir.

 

Suqovuşandan başlanan quruculuq

 

Ötən ilin oktyabr ayında cəbhədən ilk qələbə xəbəri Suqovuşandan gəldi. “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”, - deyə Prezident İlham Əliyev 2020-ci il oktyabr ayının 3-də özünün rəsmi “Twitter” səhifəsində yazmışdı.

Prezident İlham Əliyev elə həmin gün Madagizin tarixi adını bərpa etdi və Suqovuşan adlandırdı. Milli Məclisin oktyabrın 6-da keçirilən iclasında “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi qəbul edildi.

Xatırladaq ki, Tərtər rayonunun strateji əhəmiyyətli ərazisi olan Suqovuşan 1994-cü ildə düşmən tərəfindən işğal edilmişdi. Suqovuşanın azad olunması Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanılmasına imkan verdi, eyni zamanda Ağdərə və Ağdamı birləşdirən əsas təminat yolu ordumuzun nəzarətinə keçdi. Beləliklə, bu ərazinin işğaldan azad olunması ilə Vətən müharibəsi dövründə ordumuz mühüm yüksəkliklərə yiyələnmiş oldu.

Azad olunduqdan qısa müddət sonra, ötən ilin oktyabr ayında Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanıldı. Bu istiqamətdə avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilmişdi. Lakin uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdı.

Ötən dövr ərzində Suqovuşan və Talışa gedən yollar ən yüksək standartlara uyğun yenidən çəkilib. Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonuna səfəri zamanı bu yolların açılışında iştirak etdi. Ümumi uzunluğu 28,5 kilometr, eni 9 metr olan yol 2 hərəkət zolağından ibarətdir.

Həmin gün daha bir avtomobil yol

unun -  Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan yolunun tikintisinin təməli qoyuldu. Tərtərin Talış kəndindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin etməklə bərabər, bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək. Bu yolun istifadəyə verilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.

İşğaldan azad olunmuş ərazilərin bərpası əsasən infrastruktur sahələrindən başlamaqla kompleks xarakter daşıyır.  Həm yollar bərpa olunur, həm enerji ilə təminat yoluna qoyulur, həm də kənd və şəhərlərin bərpası üçün yeni layihələr icra olunur.

 

Düşmənin vurduğu yaralar sağalır

 

Bir neçə ay əvvəl Laçında Güləbird su elektrik stansiyası istifadəyə verilmişdi. Oktyabrın 3-də isə Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı oldu. Döyüşlər zamanı ermənilər 4,8 meqavat gücündə “Suqovuşan-1” və 3 meqavat gücündə “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşımış, apara bilmədiklərini isə dağıtmışdılar. Hər iki stansiya əsaslı şəkildə yenidən qurulmuş, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənmişdir. “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Həmçinin burada istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkənin yeni çəkilən xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.

Prezident İlham Əliyevin Tərtər rayonuna səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilər sürətlə yenidən qurulur, düşmənin vurduğu yaralar sağalır. Həm də düz bir ilin tamamında azad olunmuş ərazilərimizin bərpası ilə müşahidə etdiyimiz  reallıqlar Azərbaycanın gücünün, qüdrətinin ifadəsidir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video