07 Avqust 2021 00:33
971
Səhiyyə
A- A+

Gözəgörünməz virusa qarşı birgə mübarizə aparmalıyıq

 

Ölkəmizin bütün şəhər və rayonlarında Nazirlər Kabinetinin sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq  koronavirus əleyhinə peyvəndləmə və dezinfeksiya işləri yeni mərhələyə qədəm qoyub və bu proses davam etdirilir.

Bəşəriyyətə  meydan oxuyan koronavirus pandemiyası sıravi tibb işçiləri və sahə həkimlərindən tutmuş, elm adamlarının, tədqiqatçıların, infeksionist və epidemioloqların da işini artırıb. Ekspertlərin fikrincə, virusa qarşı mübarizədə hələ tam qələbə əldə edilməsə də, pandemiyanın sonuna az qaldığını güman edənlər çoxluq təşkil edir. Araşdırmalar nəticəsində son günlər müəyyənləşdirilib ki, yeni növ koronavirusun tərkibində olan nuklein turşusu ilk dəfə qapı dəstəyində aşkarlanıb.

Bunu Quancjou Xəstəliklərə Nəzarət Mərkəzi bəyan edib. Mərkəzin məlumatında bildirilir ki, dəhşətli virus xarici mühitdə əşyaların üzərində yerləşir. Bu da onun daha çox yoluxucu olmasına dəlalət edir.

Ona görə həkimlər məsləhət görür ki,  hər dəfə qapı dəstəyinə toxunduqdan sonra əlləri dezinfeksiya etmək və yumaq vacibdir. Bu virus mobil telefon səthi, kompüter və klaviaturaları üzərində də qala bilir. Odur ki, iş yerində, eləcə də evdə əşyalar hər gün dezinfeksiya olunmalıdır.

Tibb elmləri namizədi Şöhrət Qasımov bildirir ki, bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində xüsusi xəbər yayımlanıb: yüksək yoluxuculuğu ilə fərqlənən koronavirusun “Delta” ştammının yayıldığı ölkələrin və ərazilərin sayı iyulun 20-dən 27-dək 8 ölkə artaraq 132-yə çatıb və ümumilikdə “narahatlığa səbəb olan variantlar” kateqoriyasına aid edilən dörd ştammın (“Alfa”, “Beta”, “Qamma” və “Delta”) coğrafiyası “genişlənməkdə davam edir”. ÜST bu qrupa daxil olan dörd ştammın hər birinin bütün dünyada  yayılmasından narahatdır. İlk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar olunan “Alfa” variantı iyulun 27-nə olan məlumata görə, 182 ölkədə (bir həftə əvvəl 180 ölkə idi) mövcud idi. Keçən ilin avqust ayında Cənubi Afrikada aşkar olunan “Beta” variantı hazırda 131 dövlətdə (keçən həftə 130 ölkə idi) mövcuddur, sentyabr ayında Braziliyada aşkar edilən “Qamma” variantı isə yeddi gün ərzində coğrafiyasını 78-dən 81 ölkəyə qədər genişləndirib.

Xatırladaq ki, son bir həftə ərzində dünyada yoluxma hallarının sayı 8 faiz artıb: koronavirusa 3,8 milyondan çox yeni yoluxma halı aşkar edilib. Eyni zamanda ölüm faktlarının sayı 21 faiz artıb, həftə ərzində 69 mindən çox ölüm halı qeydə alınıb. ÜST-ün iyulun 27-nə olan məlumatına görə, pandemiya başlanandan bəri dünyada koronavirusa 194 milyon 608 min 40 yoluxma halı və 4 milyon 170 min 155 ölüm halı qeydə alınıb.  Həkim Rafael Bayramov  deyir ki, virusa qarşı mübarizə məqsədilə ölkəmizdə yanvarın 18-dən başlanan vaksinasiya prosesi bu gün də uğurla davam edir. Hazırda yalnız müəyyən edilmiş poliklinika və xəstəxanalarda deyil, Səhiyyə Nazirliyinin Nərimanov rayonu ərazisindəki 8 saylı şəhər poliklinikasında, Yeni Klinika tibb müəssisəsində, habelə müəyyən ərazilərdə modul tipli xəstəxanalarda da yeni növ koronavirus infeksiyası əleyhinə  növbəlilik  əsasında peyvəndləmə aparılır. Yeni Klinika tibb müəssisəsində peyvəndləmə COVID-19 əleyhinə vurulan  peyvəndə əlçatanlığı təmin etmək məqsədilə təşkil olunub. Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndləri vurulur. Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-dək fəaliyyət göstərir.

Hazırda vətəndaşların virusun mutasiyaya uğramış yeni - “Delta” variantının ölkəmizdə aşkarlanması ilə bağlı narahatlığı artmaqdadır. Yoluxma sayı gündən-günə kəskin çoxalır. Onu da qeyd etməliyik ki, heç bir panikaya əsas yoxdur. Əvvəla, indiki yoluxma sayı 2019-2020-ci illərdəki yoluxma sayındakı artımdan qat-qat təhlükəsizdir. Çünki əvvəlki yoluxmalarda bütün dünyada olduğu kimi, Azərbaycanda da tibb işçiləri virusu yaxşı tanımırdı, törədəcəyi fəsadları bilmirdi, inkişaf etmiş ölkələrin səhiyyəsi də virusun əlində az qala aciz duruma düşmüşdü. Ona görə də ötən il bütün dünyada, eləcə də, ölkəmizdə itkilər çox oldu. İndi virusu tanıyırıq, əhalinin xeyli hissəsi peyvəndlənib, xeyli hissəsi isə virusa yoluxub, sağalıb, immunitet qazanıb və ən əsası yoluxucu virus xəstəliklərinin əsas qanunlarından biri olan yoluxuculuq artdıqca, ölüm faizi azalır.

Həkim R.Bayramov onu da xüsusi vurğulayır ki, əgər virusa yoluxuculuq artırsa, yəni yoluxma sürəti çoxalırsa, demək, o zəifləyir və virusun öldürücülük qabiliyyəti azalır. Artıq elmi cəhətdən də sübut edilib ki, hazırkı “Delta” ştammının yoluxuculuğu çox olsa da, öldürücülüyü əvvəlki - Britaniya, Cənubi Afrika, Braziliya, Çin və sairə ştamlarına nisbətən azdır. Buna görə də mütəxəssislərin fikrincə, narahatlığa heç bir əsas yoxdur. Əgər hazırkı yoluxmalarda xəstəliyi ağır keçirənlərin sayı faiz etibarilə təqribən 5 faiz civarındadırsa, heç bir karantin qaydalarının sərtləşdirilməsinə, panikaya ehtiyac yoxdur və bu o deməkdir ki, artıq bu virusla yaşamağa öyrəşirik. Necə ki, hər il qrip virusuna milyardlarla insan yoluxub sağalır. Amma gərək hər kəs bu mübarizədə birlik nümayiş etdirsin. Operativ Qərargahın tələblərinə əməl etmək, nəinki lazımdır, hətta vacibdir. Hələ də qapalı məkanlarda, əsasən, ictimai nəqliyyatda, kiçik marketlərdə maskasız insanlarla rastlaşırıq. Belə olanda həmin vətəndaşlara qorunmağı xatırlatmalı və qaydalara əməl etməyi tələb etməliyik. Hər bir fərd özünü virusla mübarizədə döyüşə hazır əsgər kimi hiss etməli, həm özünü,  həm də ətrafındakıların qorunmasına yardımçı olmalıdır.

Görünən odur ki, bir ildən artıq müddətdə aparılan dezinfeksiya işlərinə, məsafə gözləmə və gigiyenik qaydalara düzgün əməl edildiyindən, eləcə də ölkəmizin bütün bölgələrini əhatə etməklə aparılan peyvəndləmə işləri uğurla həyata keçirildiyindən əhali arasında koronavirus infeksiyasına yoluxma və ölüm halları nisbətən azalmışdı. Amma mövsümlə əlaqədar bu günlərdə infeksiyanın yoluxma sayında artım müşahidə olunmaqdadır. Azərbaycan dövləti vətəndaşların sağlamlığının qorunmasına diqqət və qayğını hər an gündəmdə saxlayır. Odur ki, insanlar özləri də bu prosesə ciddi nəzarət etməklə infeksiyanın yayılma sürətini minimuma endirməli, peyvəndləmədə fəallıq göstərməli, yüngülləşdirici qaydaların tətbiqinə lazımınca riayət etməlidirlər.

Tibb elmləri namizədi Şöhrət Qasımov ölkəmizdə pevəndləmə işlərinin yüksək səviyyədə aparıldığını  diqqətə çatdıraraq bildirdi ki, məşhur dietoloq Pyer Dükkan klassik üsullarla koronavirusdan qorunmağın yollarından danışarkən özünün, hər gün C vitamini qəbul etdiyini etiraf edib. Deyib ki, vitaminin adi dozası bir qramdır. Virus intensiv dövran etdikdə və ya insanların sağlamlığına şübhə etdikdə onu iki qrama qədər artırmaq lazımdır. Fransız dietoloq boğazında ağrı və ya soyuqdəymənin simptomunu müşahidə edəndə, üç qram C vitamini qəbul etdiyini də bildirib. Bundan başqa, Dükkan soyuq havada burundan nəfəs almağı tövsiyə edir ki, bu da infeksiyanı başlanğıcda dayandırmağa imkan verir. Onun sözlərinə görə, özü üçün faydalı hesab etdiyi məhsulları yeyir: zülallar, yüksək yağ tərkibli balıq, toxum və tərəvəzlər. Həkim karbohidrat qəbulunu məhdudlaşdırıb və sənaye baxımından işlənmiş olan hər şeydən imtina edib. Buna görə virusa yoluxmamaq üçün qorunma tələblərinə, gigiyena qaydalarına əməl etməklə yanaşı, immunitetimizi də möhkəmlətməli, görünməz düşmənə qarşı mübarizə aparmağı davam etdirməliyik.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video