Görkəmli şərqşünas-alim, gözəl müəllim, fədakar ana Aida İmanquliyevanın nurlu xatirəsi ürəklərdə yaşayır
Bu gün görkəmli alim, Azərbaycanda ilk qadın şərqşünas elmlər doktoru, professor Aida İmanquliyevanın anadan olmasından 82 il ötür. Qısa, lakin mənalı ömür sürmüş Aida xanım bu gün də şərqşünas-alim, istedadlı pedaqoq, incə qəlbə malik insan, fədakar ana olaraq xatırlanır.
AZƏRTAC professor Aida İmanquliyevanın doğum günündə onun həyat yolunun və elmi fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi qızıl medalla bitirib. Bu gün həmin məktəb Təhsil Kompleksi kimi fəaliyyət göstərir. Təhsil müəssisəsinin direktoru, Əməkdar müəllim Sara Xanlarova deyir: “Məktəbin ən böyük dəyəri onun məzunlarıdır. Məzunlar haqqında məlumat toplayanda biz məktəbin arxivini araşdırdıq, Aida xanımın oxuduğu illərin sinif jurnallarını əldə etdik. Çox maraqlı bir fakt ortaya çıxdı: Aida xanımın bütün təhsil illəri ərzində bir dənə də dördü yox idi. Yəni bu insan yalnız əla qiymətlər alıb. Bu, artıq insanı xarakterizə edən bir cəhətdir”.
1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil almış Aida İmanquliyeva bu ali məktəbin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasında aspirant olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında oxuyub. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. O, istedadı, zəhmətsevərliyi sayəsində kiçik elmi işçidən şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlib. Hazırda bu instituta rəhbərlik edən akademik Gövhər Baxşəliyeva deyir: “Aida xanım böyüklə böyük idi, uşaqla uşaq. Yəni hərənin öz dili ilə danışırdı. Heç kimin xətrinə dəyməməyə çalışırdı, amma eyni zamanda, öz tələbkarlığını azaltmırdı və hazırladığımız elmi-tədqiqat işləri yüksək səviyyədə olmalı idi. Çox müdrik insan idi, insanları başa düşürdü, duyurdu və çalışırdı mümkün köməkliyi eləsin. Onunla elə sadəcə ünsiyyət zamanı biz çox şey öyrənirdik”.
1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib və çox keçmədən bu ixtisas üzrə professor adı alıb.
Üç fundamental monoqrafiyanın (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının sədri olub. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.
Bu barədə danışarkən mərhum akademik Vasim Məmmədəliyevin sözləri yada düşür: “Aida xanım beynəlxalq aləmdə dünyanın görkəmli alimləri tərəfindən bütün şərqşünaslıq mərkəzlərində məhcər ədəbiyyatının ən sanballı tədqiqatçısı kimi qəbul edilir. Onun əsərlərindən tez-tez istifadə olunur, çıxış nöqtəsi kimi ona müraciət edilir və Aida xanımın fikirləri məhcər ədəbiyyatının ayrı-ayrı problemlərini öyrənmək üçün əsas mənbə rolunu oynayır. ... Məhz Aida xanımın rəhbərliyi dövründə, onun təşkilatçılığı sayəsində Şərqşünaslıq İnstitutunun coğrafi hüdudları çox genişləndi, beynəlxalq əlaqələri gündən-günə artdı. Aida xanımın təşəbbüsü ilə Azərbaycanda simpoziumlar çağırıldı. O, həmin simpoziumların həm təşkilatçısı, həm də əsas məruzəçilərindən biri idi. Bu da Aida İmanquliyevanın beynəlxalq elm aləmində nüfuzundan irəli gəlirdi”.
Sankt-Peterburq Universitetinin professoru Olqa Frolovanın Aida xanımla bağlı xatirələrindən: “Mən onunla ilk dəfə Tiflisdə beynəlxalq elmi konfransda görüşdüm. Tədbirə müxtəlif ölkələrdən xeyli alim gəlmişdi. Aida xanımın gözəlliyinə ilk baxışda heyran oldum. Sonra biz digər şəhərlərdə keçirilən tədbirlərdə görüşdük. Bütün ərəb dünyası alimləri professor Aida İmanquliyevanın əsərlərini oxuyur və onu ehtiramla yad edirlər. Onlar məhz bu əsərlərdən öz yaradıcılıqları, Afrika, Asiya və demək lazımdır ki, dünyanın bütün ölkələrinin yazıçılarını öyrənmək, başa düşmək üçün güc alırlar”.
Aida xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən şərqşünas alimlər sırasında Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Kudelin, Sankt-Peterburq Universitetinin professoru Anna Dolinina, keçmiş SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun professorları İsaak Filştinski, Valeriya Kirpiçenko, İrina Bilık və başqalarının adlarını çəkmək olar.
Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına da böyük diqqət yetirirdi. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdi.
Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub.
Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, bütövlükdə müasir Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır.
Bir alim kimi Aida İmanquliyevanın fəaliyyət dairəsi geniş və çoxşaxəli idi. O, həmçinin ərəb ədəbiyyatından bəzi nümunələri - Mixail Nuaymənin, Mahmud əz-Zahirin, Məhəmməd Dibin, Sahib Camalın, Süheyl İdrisin, Macid Zeyyib Ğənəmanın hekayələrini Azərbaycan dilinə tərcümə edərək həmin əsərlərin poetik ruhunu, məna və məzmununu olduğu kimi saxlayıb.
Aida İmanquliyeva həm də unudulmaz müəllim kimi yaddaşlarda əbədiləşib. Tələbələri həmişə onu ehtiramla yad edirlər. 132-134 saylı Təhsil Kompleksinin müəllimi Gülnarə Məmmədova: “Aida İmanquliyeva mənim müəllimim olmuşdu. Hər dəfə bu məktəbə daxil olanda mən onun sözlərini xatırlayıram. O mənə deyirdi: “Gülnarə, mən bilirəm ki, sən bizim məktəbimizin ənənəsini davam etdirəcəksən, ərəb dilini sevərək uşaqlara öyrədəcəksən”. Çox sevinərdim ki, mənim şagirdlərim arasında da Aida İmanquliyevanın davamçıları olsun. Bilirsiniz, hər insan, hər müəllim yadda qalmır”.
Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov: “O zaman Aida xanımın gəlib Şərqşünaslıq fakültəsində mühazirə deməsi o qədər də adi hadisə deyildi. Elmlər Akademiyasından alimlər nadir hallarda gəlib mühazirə oxuyurdular. Gənc nəsillər və təcrübəli mütəxəssislər arasında münasibət də fərqli şəkildə formalaşırdı. Müəllimlərdən “yaz”, “qeyd elə”, “dedim, yadında saxla” kimi ifadələri eşitmişdik. Aida xanım isə başqa bir mədəniyyət gətirdi. Yəni o, elə bil elmi fəaliyyətini auditoriyada davam etdirirdi və bizi mübahisələrə, müzakirələrə dəvət edirdi. Bəzi hallarda da elə olurdu ki, nəyinsə üstündə təkid etmək, öz fikrini yuxarıdan aşağı yönəltmək əvəzinə biz onun tərəfindən müəyyən güzəşt, müəyyən başqa fikirlə razılaşmaq kimi halları görürdük”.
Geniş elmi fəaliyyəti ilə yanaşı, Aida xanımın gözəl, nümunəvi ailəsi olub və o, cəmiyyət üçün ləyaqətli övladlar böyüdüb. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiridir. Milyonların məhəbbətini qazanmış Birinci vitse-prezident Mehriban Əliyevaya məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti anası - nəcib, istedadlı, məğrur və son dərəcə gözəl qadın olan Aida İmanquliyeva aşılayıb. Mehriban xanım deyir: “Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Onun yoxluğunu hər zaman hiss edirəm”.
Onu yaxından tanıyanlar deyirdilər ki, Aida xanım mehriban, əliaçıq, həddindən artıq səxavətli qadın idi. Kasıb tələbələrin cibinə pul qoyardı. Diplom işlərində kağız alınmasına, çap edilməsinə yardım edərdi. Hətta o zaman qıt olan dərmanları tapıb gətirməklə neçə-neçə insanı həyata qaytarmışdı. Özü də bunların hamısını təmənnasız edərdi.
Aida xanımın xatirəsi ürəklərdə daim yaşayır. Əsərləri dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Onun bu gün də aktuallığını qoruyub saxlayan əsərləri, monoqrafiyaları ərəb ədəbiyyatını araşdıran gənc alimlər üçün əsas istinad qaynağıdır.
Hesab edirik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın anası Aida xanım haqqında dedikləri bu qeydlərimiz üçün ən yaxşı sonluq ola bilər: “Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir. Eyni zamanda, o, Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin, islam aləmində yayılmasına nail olmuşdur. Bu gün müstəqil Azərbaycanda, demək olar ki, Aida xanımın bütün arzuları artıq reallıqdır və respublikamız müsəlman ölkələri islam dünyası ilə nəinki elmi, mədəni əlaqələr, həm də ən yüksək səviyyədə iqtisadi, siyasi əlaqələr qurub. Bütün bu sahələrdə Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndidə silah-sursat aşkarlanıb
29 Mart
Azərbaycan neftinin qiyməti 89 dolları ötüb
29 Mart
Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq
29 Mart
Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır
29 Mart
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
29 Mart
ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb
29 Mart
Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb
29 Mart
Paşinyan separatçıları hədələdi
29 Mart
Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi
29 Mart
İçdiyi hərbi anda sadiq qaldı
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!