00:14 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi yad olunmuşdur
ANA SƏHİFƏ / TƏHSIL
03:10 11.10.2011

 

Oktyabrın 10-u  XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri-şərqşünas alim, tərcüməçi, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın dünyaya göz açdığı gündür. Qədirbilən xalqımız hər il bu günü alimin xatirəsinə ehtiram və hörmət əlaməti olaraq silsilə tədbirlərlə qeyd edir.    

AzərTAc xəbər verir ki, oktyabrın 10-da professor Aida İmanquliyevanın  ailə üzvləri, yaxın qohumları İkinci  Fəxri xiyabana gələrək onun xatirəsini dərin ehtiramla yad etmişlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivləri, Milli Məclisin deputatları, respublikanın qadın ictimaiyyətinin nümayəndələri, tanınmış  elm xadimləri, ziyalılar da  alimin doğum günündə İkinci Fəxri xiyabana gəlmişlər. Görkəmli şərqşünas alimin məzarı üzərinə əklillər və tər gül-çiçəklər düzülmüşdür. 

Mərasimdə AQUPDK-nın sədri Hicran Hüseynova şərqşünaslıq elminin inkişafında böyük xidmətləri olmuş alimin həm elmi, həm də ictimai fikir tarixindəki rolundan, mənalı ömür yolundan və zəngin yaradıcılığından danışmışdır. Bildirmişdir ki, Aida xanım Azərbaycan şərqşünaslıq elminin korifeylərindən biri, yorulmaz tədqiqatçı, həssas, qayğıkeş, nəcib insan idi. Mühacir ərəb ədəbiyyatını dərindən tədqiq etmiş, şərqşünaslıq elmində silinməz iz qoymuş Aida İmanquliyevanın tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin əvəzolunmaz sərvəti, dünya şərqşünaslığı xəzinəsinə daxil olmuş çox dəyərli araşdırmalardır. İyirmidən artıq ölkəni təmsil edən yeni ərəb ədəbiyyatının ən ciddi tədqiqatçılarından biri A.İmanquliyeva tarixə ilk müsəlman şərqşünas alim qadın, ilk qadın ərəbşünas, ərəb mühacir ədəbiyyatının tədqiqatçısı, Azərbaycan ərəb ədəbiyyatşünasları məktəbinin yaradıcısı kimi düşmüşdür.    

Bildirilmişdir ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuş, 132 nömrəli orta məktəbi qızıl medalla bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq fakültəsini müvəffəqiyyətlə başa vuraraq 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. O, ilk azərbaycanlı qadın şərqşünas elmlər doktoru idi. Aida xanım uzun illər Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru olmuşdur. O, öz istedadı və əməksevərliyi sayəsində qısa müddətdə keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatının ən tanınmış mütəxəssislərindən birinə çevrilmişdir.

Aida İmanquliyeva nisbətən qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin ədəbi irs qoyub getmiş, fundamental tədqiqatları ilə təkcə Azərbaycan və sovet şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirmiş, inkişaf etdirmişdir. Onun ərəb məhcər ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilmiş əsərlərdir. Alimin bir çox xarici dillərə tərcümə edilmiş "Yeni ərəb ədəbiyyatı korifeyləri" kitabı onun çoxillik gərgin tədqiqatlarının yekunu, ərəb məhcər ədəbiyyatı haqda yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb alimləri arasında da geniş maraq doğurmuş, görkəmli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Aida İmanquliyeva keçmiş Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biridir. Fədakar alim bu sahədə böyük əmək sərf etmiş, nəticədə belə bir çətin kursun yaradılmasına nail olmuşdur. Onun bu haqda yazdığı məqalələr, beynəlxalq konfrans və simpoziumlarda etdiyi çıxışlar, uzun illər ərzində BDU-nun şərqşünaslıq fakültəsində oxuduğu yüksək səviyyəli mühazirələr yeni ərəb ədəbiyyatının çağdaş dövrdə daha dərindən öyrənilməsi üçün ən gözəl mənbələrdən, mötəbər elmi vəsaitlərdəndir. Professor Aida İmanquliyeva çox az  adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən bir alim idi. 

AQUPDK-nın sədri bildirmişdir ki, komitənin "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" mövzusunda artıq üçüncü  dəfə keçirdiyi müsabiqə ölkəmizdə şərqşünaslıq elminin inkişafına əlavə təkan verəcəkdir. Bu il müsabiqənin münsiflər heyətinə xeyli iş təqdim edilmişdir. Onların arasından seçilmiş üç ən yaxşı işin müəllifi mükafatlandırılacaqdır. H.Hüseynova  vurğulamışdır ki, belə bir müsabiqənin keçirilməsi qərarına gəlməyimiz Aida İmanquliyevanın xatirəsini onun adına və yerinə yetirdiyi şərəfli missiyaya layiq şəkildə qeyd etmək, bu gün də aktuallığını itirməyən zəngin ədəbi irsini qoruyub saxlamaq  istəyindən yaranmışdır. Aida xanım o qədər qeyri-adi, təkrarsız şəxsiyyət olmuşdur ki, onun adı ilə bağlı hər hansı bir tədbir dərin məna və məzmunu ilə seçilməlidir.

Tədbir  AQUPDK-da davam etdirilmişdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM