09:51 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Görkəmli iqtisadçı alim, pedaqoq və ziyalı
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:02 03.02.2012

 

İqtisad elminin inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olan görkəmli alimlərdən biri də Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Qəhrəman Rəsul oğlu Rzayevdir. Onun elm, təhsil sahəsində və istehsalatla əlaqədar geniş miqyaslı işləri ictimai mühitdə daim maraqla qarşılanmışdır.

Qəhrəman Rzayev 1932-ci il fevral ayının 10-da Naxçıvan MR-in Ordubad rayonunun Əndəmic kəndində anadan olmuş və orta təhsilini Ordubad şəhərində almışdır. 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) uçot-iqtisad fakültəsinə daxil olmuş və həmin fakültəni 1954-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra Leninqrad Maliyyə-İqtisad İnstitutu yanında müəllimlər hazırlayan məktəbi qurtarmışdır.

40 ildən artıq öz ixtisası üzrə müxtəlif vəzifələrdə çalışmış Q.Rzayev Binəqədi Boru Təmiri Zavodunda baş mühasib müavini, Bakıda Volodarski adına Maşınqayırma Zavodunda baş mühasib, Azərbaycan Respublikası Dövlət Plan Komitəsində aparıcı iqtisadçı, Azərbaycan KP MK-nın maliyyə-plan və ticarət orqanları şöbəsində təlimatçı, Ticarət Nazirliyində nəzarət-təftiş idarəsinin rəisi, nazirliyin heyvandarlıq və baqqaliyyə malları topdansatışı idarəsində baş direktor və digər müəssisələrdə işləmişdir. Bir faktı xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası keçmiş SSRİ vaxtında bir sıra mühüm ərzaq, heyvandarlıq məhsullarını SSRİ Ticarət Nazirliyinin müəyyən etdiyi bölgülər əsasında müxtəlif respublikalardan və xarici ölkələrdən alırdı. Q.Rzayev həmin illərdə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və digər şəhər və rayonların əhalisinin, xüsusi təyinatlı müəssisələrin göstərilən mühüm ərzaq malları ilə təmin olunmasında xüsusi xidmətlər göstərmişdir. Bununla əlaqədar o, dövlət ticarətinin inkişafında uğurlu işinə görə "Sovet ticarəti əlaçısı" döş nişanı ilə təltif edilmişdir.

Mühasibat uçotu qarşısında qoyulan mühüm məsələlərdən biri müəssisələrdə mövcud olan əmlakın qorunub saxlanması ilə əlaqədar profilaktik metodiki tədbirlərin həyata keçirilməsidir. Q.Rzayev hələ 1977-1981-ci illərdə  Ticarət Nazirliyinin nəzarət-təftiş idarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə əmlakın qorunması və saxlanması ilə əlaqədar hazırladığı təcrübi-metodiki tədbirlər keçmiş SSRİ Ticarət Nazirliyinin 1978-ci ildə Latviyanın paytaxtı  Riqada olan nəzarət-təftiş işçilərinin ümumittifaq elmi-texniki seminarında bəyənilmiş və nazirliyin ticarət və ictimai-iaşə üzrə Mərkəzi Elmi-Tədqiqat İnstitutu tərəfindən dərc olunaraq bütün respublikalarda həyata keçirilməsi tövsiyə olunmuşdur. Qeyd edək ki, Q.Rzayevin həmin seminardakı çıxışı böyük maraqla qarşılanmışdır. Belə ki, bacarıqlı iqtisadçının irəli sürdüyü təkliflər və gördüyü işlər əsasında respublikanın Ticarət Nazirliyinin tabeliyində olan müəssisələrdə əmlakın mənimsənilməsi faktiki olaraq aradan qaldırılmışdı.

Seminarın yekun göstəricisi olaraq qərara alınmışdır ki, Azərbaycan Respublikasının Ticarət Nazirliyinin bu sahədəki iş təcrübəsi bütün respublikalar tərəfindən öyrənilsin və onların işindəki nöqsanlar aradan qaldırılsın.

Q.Rzayev istehsalatda işlədiyi dövrlərdə elmi-pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) aspiranturasını müvəffəqiyyətlə qurtarmış və dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Bir müddətdən sonra Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim vəzifəsində çalışmış və neçə il institutun buraxılış imtahanları üzrə Dövlət İmtahan Komissiyasının sədri olmuşdur. Həmin illərdə Q.Rzayevin mühasibat uçotu və respublika iqtisadiyyatının inkişafı ilə əlaqədar iki monoqrafiyası və bir sıra elmi-metodiki məqalələri nəşr olunmuşdur.

1998-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin uçot-iqtisad fakültəsinin mühasibat uçotu və audit kafedrasında baş müəllim işləyən Qəhrəman Rzayevə 2001-ci ildə dosent elmi adı verilmişdi və o hazırda universitetin professorudur. Q.Rzayev 2005-ci ildə ADİU-nun uçot-iqtisad fakültəsinin dekanı vəzifəsini icra etmişdir. Bir müddətdən sonra o, həmin vəzifədən öz ərizəsi ilə azad edilmişdir.

Universitetdə işlədiyi dövrdə Q.Rzayev daha intensiv elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdu. Hazırda respublika iqtisadiyyatının sərbəst bazar iqtisadiyyatı prinsipləri üzrə inkişafı ilə əlaqədar olaraq, idarəetmənin yeni tələblər səviyyəsində qurulması, mühasibat uçotu prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılması bu sahədə  kadrların hazırlanması keyfiyyətini daha da yüksəltməyi tələb edir.

İnkişaf etmiş ölkələrin peşəkar mühasibat uçotu mütəxəssislərinin araşdırmaları göstərir ki, ölkənin iqtisadiyyatının idarəetmə sistemində istifadə olunan informasiyaların 70 faizindən çoxu ancaq mühasibat uçotu məlumatları əsasında hazırlanır. Bunu nəzərə alaraq Q.Rzayev son illərdə bu istiqamətdə  dərs və metodiki vəsaitlərin, dərsliklərin və tədris proqramlarının hazırlanmasına xüsusi diqqət yetirmişdir. Alim Azərbaycan Dövlət İqtisad Universitetində tədris olunan "Beynəlxalq mühasibat uçotu və audit", "Beynəlxalq mühasibat uçotunun standartları və maliyyə hesabatı", "Mühasibat nəzarəti və daxili auditin metodiki prinsipləri", "Mühasibat uçotu və audit" adlı dərslik və dərs vəsaitləri hazırlamış, Təhsil Nazirliyinin təsdiq etdiyi qrif  üzrə nəşr etdirmişdir. Hazırda həmin dərsliklərdən geniş şəkildə istifadə olunur.

Q.Rzayev tərəfindən nəşrə hazırlanmış bütün dərslik və dərs vəsaitləri üzrə dövlət standartlarına uyğun tədris proqramları tərtib edilmişdir. Professor 2005-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kriminalistika kafedrasının əməkdaşı ilə "Məhkəmə mühasibatı" kitabını hazırlayıb nəşr etdirmişdir. Kitab dərs vəsaiti kimi tövsiyə edilmiş və DİN-in Polis Akademiyasının, respublikanın digər hüquqi təmayüllü tələbələri, müəllimləri, mühasiblər, auditorlar, menecerlər və ekspertlərin istifadəsi üçün nəzərdə tutulmuşdur.

Q.Rzayev 2008-ci ildə mühasibat uçotu ixtisası üzrə yeni - "Mühasibat uçotu və audit" adlı dərslik nəşr etdirmişdir. Bu kitab da Təhsil Nazirliyi tərəfindən dərslik kimi təsdiq olunmuşdur. Yeni nəşr ADİU-da "Mühasibat uçotu və audit" fənni kursunun tədris proqramı və ali peşə təhsili dövlət standartlarına uyğun tərtib olunmuşdur. Kitabdan iqtisadi təmayüllü ali təhsil müəssisələrinin bütün tələbələri, magistrlər, mühasiblər, auditorlar, menecerlər və digər ixtisas sahibləri istifadə edə bilərlər.

Q.Rzayev respublika mətbuatında, elmi jurnallarda daim maraqlı,  məzmunlu elmi-metodiki məqalələrlə çıxış edir. Alim mühasibat uçotu və onun konseptual prinsiplərinə aid 90-dan artıq monoqrafiya, dərslik, dərs vəsaiti və elmi-metodiki məqalənin müəllifidir.

Qəhrəman Rzayev pedaqoji fəaliyyəti dövründə mühasibat uçotu və audit, beynəlxalq iqtisadi münasibətlər, maliyyə ixtisasları üzrə təhsil alan magistr hazırlığı qruplarında "Uçot və hesabatın beynəlxalq standartları", "Beynəlxalq mühasibat uçotu və audit", "Audit işinin təşkili" fənlərini yüksək səviyyədə tədris etməkdədir. O, eyni zamanda göstərilən fənlər üzrə əməli-metodiki məşğələlər aparır, tələbələrin buraxılış, magistr və dissertasiya işlərinə rəhbərlik edir. Nəzərə almaq lazımdır ki, professor Q.Rzayevin fundamental əsərlərinin bir qismi Moskvanın elmi nəşrlərində işıq üzü görmüşdür.   

Q.Rzayev 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illiyinə həsr etdiyi "Nəzarət və təftiş" dərsliyini işləyib hazırlamış və nəşr etdirmişdir. Dərslik elmi ictimaiyyət tərəfindən xüsusi maraqla qarşılanmışdır.

Professor universitetin ictimai işlərində də fəallıq göstərir və həmkarları, professor-müəllim heyəti arasında yüksək nüfuza və hörmətə malikdir. O, təhsil ocağının uçot-iqtisad fakültəsinin elmi şurasının üzvüdür.

Azərbaycan Dövlət İqtisad Universitetində Elmi Şuranın qərarı və  rektorun əmri ilə kafedra müdiri və fakültə dekanı vəzifələrinin seçilməsinin şəffaf və obyektiv aparılmasını təmin etmək üçün xüsusi komissiya yaradılmış və professor Q.Rzayev həmin komissiyanın sədri müəyyən olunmuşdur.

Qəhrəman Rzayevin Böyük Vətən müharibəsi illərində əmək fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, hələ gənc yaşlarından işləməyə başlamış və çalışqanlığına, əldə etdiyi müvəffəqiyyətlərə görə "1941-1945-ci illər Böyük Vətən müharibəsi illərində əməkdə fərqlənməyə görə" medali lə təltif olunmuşdur. 1941-1945-ci illər müharibəsində qələbənin 60 illiyi və 2010-cu ildə qələbənin 65 illiyi ilə əlaqədar olaraq yubiley medalları ilə təltif olunmuşdur.

Q.Rzayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Professional iqtisadçı alim, təcrübəli təşkilatçı professor Qəhrəman Rzayevə uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.    

 

Sifariz SƏBZƏLİYEV,      

ADİU-nun "Mühasibat uçotu" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor

 

Sakit YAQUBOV,

ADİU-nun "Statistika" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM