17 Mart 2012 01:03
346
Mədəniyyət
A- A+

Görkəmli alim Bəkir Nəbiyev son mənzilə yola salınmışdır

 

Martın 16-da görkəmli ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müşaviri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, əməkdar elm xadimi, "Şöhrət" və "İstiqlal" ordenli, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Bəkir Nəbiyev son mənzilə yola salınmışdır.

AzərTAc xəbər verir ki, vida mərasimində hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar,  ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Mərhumun cənazəsi  AMEA-nın binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından, Heydər Əliyev Fondunun kollektivi adından əklillər düzülmüşdü. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər qoyulmuşdu.

Salonda  həzin matəm musiqisi səslənirdi.

Akademik Bəkir Nəbiyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət  xadimləri  axın-axın  akademiyanın binasına gəlir, görkəmli  alimə və gözəl insana son borclarını verirdilər.

 Matəm mitinqini AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq  müasir Azərbaycan ədəbiyyatının  görkəmli nümayəndələrindən olan Bəkir Nəbiyevin  ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərindən danışmış,  onun Azərbaycan ədəbiyyatı  sahəsində elmi məktəb yaratdığını vurğulamışdır. Alim bütün mənalı ömrünü ədəbiyyat elminin, mədəni düşüncəmizin inkişafına sərf etmişdir.

M.Kərimov demişdir ki, Bəkir Nəbiyev çıxışlarında Azərbaycan dilinin bütün zənginliyini, gözəlliyini onu dinləyənlərə asanlıqla  çatdırırdı. O, həm klassik, həm də müasir ədəbiyyat haqqında dəyərli əsərlərin müəllifi idi. Görkəmli alim zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr vermişdir.

Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin görkəmli nümayəndələrindən, Azərbaycan elmi fikrinin qüdrətli simalarından biri idi. Ədəbiyyatın elə bir sahəsi yoxdur ki, Bəkir Nəbiyev orada sözünü deməmiş olsun. Onun ədəbi fikirləri ədəbiyyatşünaslığımız üçün həmişə qiymətli mənbə olaraq qalacaqdır.

M.Kərimov vurğulamışdır ki, görkəmli alimin qoyub getdiyi zəngin ədəbi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcəkdir.

Vida mərasimində çıxış edən AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademiyanın müxbir üzvü Kamal Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, akademik Vasim Məmmədəliyev, AMEA Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, akademiyanın müxbir üzvü Teymur Kərimli Bəkir Nəbiyevin ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən, çoxşaxəli fəaliyyətindən, ədəbi irsinin əhəmiyyətindən  danışmışlar.

Bildirilmişdir ki, Bəkir Nəbiyev XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin  görkəmli nümayəndəsi, yorulmaz tədqiqatçı, fədakar alim və tənqidçi kimi  ədəbiyyatımızın tarixində əbədi qalmaq haqqını qazanmış insanlardandır.

Mərhumun ailəsi adından çıxış edən yaxın qohumu, professor Nazim İmanov  alimin  xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə  və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınmışdır.

Mərhum Fəxri xiyabanda torpağa tapşırılmışdır.

Allah rəhmət eləsin!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video